manera.az
manera.az

Tərcümənin bəzi problemləri | MANERA.AZ

Tərcümənin bəzi problemləri | MANERA.AZ
Bəşəriyyətin mədəni inkişafında tərcümənin çox böyük rolu var. Bugünkü həyatımızı elm və texnikanın nailiyyətlərindən təcrid olunmuş halda düşünmək qeyri-mümkündür. Tərcümə sayəsində və onun vasitəsilə bir ölkənin əhalisi digər bir ölkənin əhalisinin həyatı, adət və məişət ənənələri, ədəbiyyatı, tarixi və elmi nailiyyətləri haqda müəyyən məlumatlar əldə edirlər. Tərcümə edilmiş bir sıra bədii ədəbiyyat bəzən milli ədəbiyyatın ayrılmaz bir hissəsinə belə çevrilir. Məsələn: Min bir gecə nağılları, Kəlilə və Dimnə, Qabusnamə, Yevgeni Onegin, Hamlet, Otello və s.

Çoxmillətli Azərbaycanda da tərcümə məsələsi çox böyük əhəmiyyət kəsb edir. Rus, yəhudi, ləzgi, avar və eləcə də bir sıra Avropa, Amerika və Asiya xalqlarının müxtəlif əsərləri və dünya klassik ədəbiyyatının nümunələri Azərbaycan dilinə tərcümə edilmiş və bu ənənə bu gün də davam etməkdədir. Eyni zamanda Azərbaycan klassik ədəbiyyatının, müasir Azərbaycan yazıçı və şairlərinin də əsərlərinin müəyyən bir qismi müxtəlif dillərə tərcümə edilmişdir.

Tərcümənin böyük siyasi əhəmiyyəti var. Bununla əlaqədar ölkəmizdə tərcümə mərkəzi yaradılmış, tərcümə işinə həsr olunmuş müxtəlif beynəlxalq konfranslar, simpoziumlar keçirilir və yüksək keyfiyyətli tərcüməçi yetişdirmək məqsədilə Azərbaycan Dillər Universitetində böyük bir tərcümə fakültəsi fəaliyyət göstərir.

Tərcümənin qarşısına qoyulan tələb çox yüksəkdir. Tərcüməçi çox dərin savada malik, hərtərəfli inkişaf etmiş bir fərd olmalıdır. Bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olan hər bir tərcüməçi yaxşı yazıçı və yaxşı şair səviyyəsində olmalıdır.

Elmi-texniki ədəbiyyatı tərcümə edən şəxs, təbii ki, bu sahəni yaxşı bilməlidir. İctimai-siyasi, qəzet materiallarını tərcümə edən isə müasir beynəlxalq hadisələrdən geniş məlumatı olmalı və eləcə də ölkələrin dövlət quruluşunu, onların inkişaf səviyyəsini, iqtisadiyyatını, mədəniyyətini, ədəbiyyatını kifayət qədər yaxşı bilməlidir. Sadaladığımız sahələrə aid məlumatı olmayan tərcüməçi müəyyən səhvlərə yol verə bilər və ölkənin milli koloriti, ünsiyyətdə dil mədəniyyəti haqda, ümumiyyətlə, ölkə barədə səhv təsəvvür yaradar. Bu isə tərcümədə təbii ki, yolverilməzdir.

Bəzən tərcüməçi bilmədiyi sözləri lüğətdən tapıb onları tərcümə etdiyi dilin cümlə quruluşuna uyğun şəkildə ardıcıllıqla düzür. Bu da, şübhəsiz, müsbət nəticə verə bilməz. Müxtəlif dillərdə işlədilən cümlələrdə söz sı/ası, məhz həmin dilə xas olan səpkidə qurulmalıdır. Ona görə də tərcümədə həmin dilin cümlə quruluşuna, söz sırasına xüsusi diqqət verilməlidir və yalnız bu prinsip əsas götürülməlidir.

Tərcüməçi hər iki dilin qrammatikasını yaxşı bilməli, eyni zamanda zəngin söz ehtiyatına malik olmalıdır.
Tərcüməçi lüğətdən düzgün istifadə etməyi bacarmalıdır. Bəzi dillərdə sözlərin çoxmənalılığını nəzərə alıb, lüğətdə verilmiş sözlərin arasından, məhz lazımi sözü seçmək əsas şərtdir. Bəzən tərcüməçi düşünmədən lüğətdə rast gəldiyi sözün elə ilk tərcümə variantını səhvən işlədir. Bu da bir çox hallarda yerinə düşmür və cümlənin mənasını tam anlaşılmaz edir.

Tərcüməçi cümlədə verilmiş aparıcı fikri düzgün təyin etməyi bacarmalıdır. Bu, tərcümədə ən əsas məsələlərdən biridir. Əks halda tərcümə anlaşıqlı olmayacaq.

Bununla bağlı ingilis dilində belə bir ismi birləşməyə nəzər salaq:
The new men cotton shirt enterprise.

Burada nüvə, yəni aparıcı fikir “The new enterprise ” - dır. “Yeni müəssisə” “Kişilər üçün pambıq parçadan köynək istehsal edən” fikri isə adı çəkilən müəssisənin hansı istiqamətdə fəaliyyət göstərdiyini açıqlayır.

Göründüyü kimi, tərcüməçinin filoloji, həm dilçilik, həm də ədəbiyyat sahəsi üzrə dərin biliyi olmalıdır, çünki o, tərcümə zamanı bir çox problemləri, bir çox məqamları geniş filoloji bilgilər əsasında həll etməli olur. Bu sahədə geniş biliklərə malik olmaq tərcüməçini müəyyən dil xətalarından qoruya bilər. Əgər tərcüməçi Azərbaycan ədəbi dilinin normalarını yaxşı bilirsə, o həm xarici dillərə xas olan müxtəlif söz birləşmələrini və ifadələri olduğu kimi saxlayacaq, həm də Azərbaycan dilinə xələl gətirməyəcək.

Tərcüməçi hər iki dili dərindən bilməlidir. Yalnız belə halda o, hər iki dildə olan uyğunluqları və ya uyğunsuzluqları nəzərə ala bilər və tərcümənin nəticəsi uğurla bitər. Təbii ki, heç bir nəzəriyyə tərcüməçiyə resept halında verilə bilməz. Tərcümə yaradıcılıq işidir və hər bir tərcüməçi bu işə fərdi yanaşır. Tərcümə prosesində hər bir tərcüməçi fərdi qərarlar qəbul edir. Amma bütün bunlar orijinaldan uzaqlaşmağa gətirib çıxarmamalıdır.

Tərcüməçilik çox çətin peşədir. İkinci bir dili öz ana dili qədər dərindən bilən bir adam tapmaq yəqin ki, çox çətindir. Həmin dilin qrammatikasını, leksikasını, fonetikasını, üslubunu və üslubiyyatını o dilin daşıyıcısı qədər dərindən bilmək çox çətindir, bəlkə də qeyri- mümkündür. Lakin tərcüməçi ildən-ilə püxtələşir, onun tərcümə duyumu artır, müəyyən təcrübə və bacarıq əldə edir. O tərcüməçi adətən daha çox müvəffəqiyyət qazanır ki, eyni müəllifə daha çox müraciət edir. Bəlkə bu ona görədir ki, o çox zaman tərcümə üçün seçdiyi ədibin ruhuna və zövqünə uyğunlaşır, onun yaşadığı mühiti, ictimai və siyasi əhatəni, yaşadığı ölkənin adət və ənənələrini daha yaxından öyrənir, daha dərindən duyur və müəlliflə bir növ həmrəy olur.

Tərcümə haqqında fikir yürüdənlərin hamısı tərcüməçidən tərcümə etdiyi əsərin dilini yaxşı bilməyi, öz ana dilini isə çox mükəmməl bilməyi tələb edirlər. Təbii ki, tərcüməçi öz ana dilinin incəliklərini, ruhunu və varlığım duyduğu qədər başqa bir dili duya bilməz. Tərcümə prosesində mütərcim özünün əqli, psixoloji, elmi və mədəni qabiliyyətini ortaya qoyur. Onun özünün şəxsiyyəti və mədəni səviyyəsi tərcümə işində əsas amillərdən biridir. Tərcümə prosesində mütərcim yeri gəldikdə müxtəlif qərarlar qəbul edə bilər. Bu, illərdən bəri yığılan təcrübənin nəticəsidir. Çünki orijinaldan bir addım belə uzaqlaşmamaq son nəticədə hərfi tərcüməyə gətirib çıxara bilər.

Bu baxımdan tərcüməçi həm nəzəri cəhətdən hazır olmalıdır, həm də lazım gəldikdə, sərbəst qərar qəbul etməyi bacarmalıdır. Bu, tərcüməçinin yüksək peşəkarlığını əks etdirən bir amildir. O, tərcüməni həm müəllifin fikrindən uzaqlaşmadan orijinala uyğun bir şəkildə, həm də tərcümə olunan dilin normalarını pozmadan yerinə yetirməlidir.

Qeyd etdiyimiz kimi, bədii tərcümə zamanı tərcüməçinin yaradıcılıq imkanları daha genişdir. Bununla bağlı ingilis dilində bir cümləyə nəzər salaq :

He asked Jane to come before summer.

1. O, Ceyndən xahiş etdi ki, yaydan əvvəl gəlsin.
2. O, Ceyndən xahiş etdi ki, yazın axırında gəlsin.

Verilmiş tərcümələrin hər ikisində fikir düzdür və təhrif yoxdur. Bu tərcüməçinin öz üslubudur. Həm yaz, həm də yay fəsli yumşaq və istirahət ediləsi bir dövrdür. Buna görə də hər iki variantdan birini seçmək yerinə düşər.

İndi isə əvəzetmə (substitusiya) metodundan istifadə edərək “summer” sözünü “winter” sözü ilə dəyişək:

He asked Jane to come before winter.
O, Ceyndən xahiş etdi ki, qış düşməmiş gəlsin.

Qış ayları soyuq və sərtdir, istirahət üçün o qədər də münasib deyil. Ona görə də biz bunu “O, Ceyndən xahiş etdi ki, qışdan əvvəl gəlsin” deyil, “qış düşməmiş “ kimi tərcümə etdik. Digər tərəfdən, bu tərcüməçinin fantaziyasından, düşüncə və təsəvvürünü ifadə etmək tərzindən asılıdır. Daha bir cümlə:

She stood over her son and watched him wolfing his meal.

3. Ana oğlunun başının üstündə durub, onun necə acgözlüklə yediyinə tamaşa edirdi.
4. Ana oğlunun başının üstündə durub, onun yeməyin üstünə canavar kimi atıldığına tamaşa edirdi.

Bu cümlədə “to wolf’ feli sadəcə “yemək” kimi tərcümə edilməməlidir. Burada yeməyin üstünə uşağın canavar acgözlüyü ilə atılması təsvir olunur.

Düşünürük ki, birinci variant daha münasibdir.

Yaxud: “Little pitchers have long ears”, cümləsində tərcüməçi təbii ki, uşaqların qulaqlarının uzunluğundan söhbət açmır, cümləni məna yönündə tərcümə edir: “ Uşaqlar həmişə böyüklərin söhbətinə qulaq asmağı xoşlayırlar”.

Daha bir misal: She was told the news.

Bu cümlədə aparıcı fikir “ the news” sözünə yönəlir: “bu xəbər”. Buna görə də onu vurğulamaq üçün cümləni məhz ondan başlamaq lazımdır.

“Bu xəbəri ona çatdırdılar".

Bütün cümlələrin ölçüsünü, yəni uzunluğunu olduğu kimi saxlamağa ehtiyac yoxdur. Tərcüməçi bəzən iki cümləni birləşdirə və ya bir cümləni iki cümlə ilə ifadə edə bilər. Bəzən isə verilmiş bir fikri aydınlaşdırmaq məqsədilə kifayət qədər xırdalaya bilər. Məsələn: Suggestions are welcome.

Əgər hər hansı bir təklifiniz varsa, buyurun söyləyin. Biz onları dinləməyə hazırıq.

Bəzən tərcüməni sözlərin antonimi ilə vermək mümkündür. Məsələ: Seeing is believing. Tərcüməsi: Öz gözümlə görməsəm inanmaram.

Daha bir misal: He did not believe it untill he saw the ruined farm. O yalnız uçurulmuş fermam gördükdən sonra buna inandı.

Elmi-texniki və qəzet materiallarının tərcüməsində eləcə də rəsmi sənədlərin tərcüməsində mütərcim orijinala daha çox bağlı olur. Buna görə də burada dəqiqlik mühüm rol oynayır. Bu növ tərcümələrdə tərcüməçi çoxlu sayda terminlərlə üzləşir ki, burada ondan xüsusi bilik tələb olunur. O, tərcümə etdiyi sahəni çox yaxşı bilməsə də, ən azı bu sahədən kifayət qədər məlumatı olmalıdır. Əks təqdirdə yol verdiyi səhvlər böyük xətalara gətirib çıxara bilər. Belə tərcümələrdə tərcüməçidən son dərəcədə diqqət və dəqiqlik tələb olunur. Maraqlıdır ki, elmi-texniki ədəbiyyatda tələb olunan dəqiqlik bədii tərcümədə
tətbiq edilərsə, bu da son nəticədə səhvə gətirib çıxarar və tərcüməçi istər-istəməz hərfi tərcüməyə yuvarlanar. Çünki elmi-texniki tərcümədən fərqli olaraq, bədii tərcümə sırf yaradıcılıq işidir. Bədii tərcümədə tərcüməçi çox vaxt məhz dəqiqlikdən qaçmaqla və özünün seçdiyi ifadə tərzi ilə gözəl tərcüməyə müvəffəq olur. Bu, onun peşəkarlığından və məharətindən asılıdır.

Elmi-texniki tərcümənin dili ilə bədii tərcümənin dili arasındakı fərqli yanaşmanı qeyd etdik. Bədii tərcümədə olan rəngarəngliyi və emosionallığı burada tam dəqiqlik əvəz edir. Terminlər dəqiqliklə seçilir və ifadə olunmuş fikrə heç bir dəyişiklik edilmir.

Lakin lazım gəldikdə elmi-texniki materialların tərcüməsində də cümlə bölünə bilər, yaxud iki cümlə birləşdirilə bilər. Məsələn: We can admit that a new page in the history of pumping stations of all Baku water-pipelines has been opened. Now comes the time of modern technologies introduction. (Absheron Joint-Stock Regional Water Company, Baku 1999, page 11). Tərcüməsi: Deməliyik ki, Bakı su kəmərinin nasos stansiyalarının tarixində müasir texnologiyaların tətbiqini xarakterizə edən yeni bir səhifə açılır.

Yaxud: We 'd like to State Kapital Bank as

an agent for the State, participates in one of the most vital programs within the framework of the Decree of the Prefident of the the Azerbaijan Republic dated 05 August, 2003 “On measures for upgrading the pension system in the Azerbaijan Republic”. (Contact, Baku 2 (25) 2005 , page 49).

Tərcüməsi: Qeyd etməliyik ki, Kapital Bank dövlət bankı olaraq daha bir mühüm proqramın həyata keçirilməsində bilavasitə iştirak edir. Söhbət “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” ölkə başçısının 5 avqust 2003-cü il tarixli fərmanının icrasından gedir.

Elmi-texniki tərcümədə lakonikliyə daha çox üstünlük verilir. İnversiya vasitəsi ilə sözönülərdən və artikllərdən mümkün qədər az istifadə olunur. Eyni prinsip rəsmi sənədlərin tərcüməsində də nəzərə çarpır.
Rəsmi məktublarda isə əksinə, ələlxüsus, ingilis dilində təmtəraqlı ifadələrə daha çox üstünlük verilir.

Məsələn: “Xahiş edirik müvafiq sənədləri dekabr ayında bizə göndərəsiniz”, cümləsinin tərcüməsi: “You are kindly (hətta, most kindly) requested to send us the respective documents in December

Daha bir misal: “Sizə bildiririk ki,haqqında yazdığınız sənədlər noyabr ayında göndərilmişdir”. Tərcüməsi:” We bring to your kind notice that the respective documents were sent in November ”.

Rəsmi sənədlərin tərcüməsində tərcüməçidən daha çox diqqətli olmaq tələb olunur. Burada anlaşılmazlıq yolverilməzdir. Bu mətnlər demək olar ki, sözbəsöz tərcümə edilir. Məsələn: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən götürülmüş mətnin əsli ilə onun tərcüməsinə nəzər salaq:

‘‘The Security Council shall, where appropriate, utilise such regional arrangements or agencies for enforcement action under its authority”.

‘‘Təhlükəsizlik Şurası yeri gəldikdə elə razılaşmalardan və ya orqanlardan istifadə edir ki, onlar yalnız Təhlükəsizlik Şurasının rəhbərliyi altında hərəkət etmək məcburiyyətində qalsınlar ”.

Burada tərcümə dəqiqdir. Çünki istər məzmun, istərsə də forma olduğu kimi saxlanılmışdır.

Nizamnamənin Azərbaycan variantı ola bilsin ki, bir qədər ağırdır və o qədər də axıcı deyil. Amma dəqiqdir və kifayət qədər anlaşıqlıdır. Bu üslub rəsmi sənədlərin tərcüməsinə xasdır.

Qəzet materialları və ictimai-siyasi xarakterli mətnlər daha rəngarəng olur, çünki burada müxtəlif aspektlərə toxunulur. Məlumat xarakterli və eləcə də informasiya xarakteri daşıyan məqalələr adətən bir qədər yığcam, quru və işgüzar yönümdə olur.

Məsələn:

Taking part in the discussion with the President will be the new Secretary of State, the Defence Secretary and the special assistant to the President for National Security Affairs. ( Daily Worker, 1961)

Yeni təyin olunmuş dövlət katibi, müdafiə naziri və milli təhlükəsizlik işləri üzrə prezidentin xüsusi köməkçisi prezidentlə birgə bu müzakirələrdə iştirak edəcəklər.

Yə ya:

Prezidentlə birgə bu müzakirələrdə yeni təyin olunmuş dövlət katibi, müdafiə naziri və milli təhlükəsizlik işləri üzrə prezidentin xüsusi köməkçisi də iştirak edəcəklər.

Azərbaycan dilində verilmiş hər iki variant məqbuldur, çünki, hər iki cümlə orijinalda verilmiş fikri olduğu kimi əks etdirir. İctimai-siyasi mətnlərdə də, qəzet materiallarının tərcüməsində də orijinaldan kənara çıxmaq olmaz. Burada da rəsmi sənədlərin tərcüməsində olduğu kimi dəqiqlik gözlənilməlidir.
Oçerklər və məqalələr, adətən, daha emosional tərzdə yazılır. Elə ictimai-siyasi mətnlər də bu qəbildəndir. Bu emosionallığı tərcüməçi mümkün qədər saxlamalıdır. Əlbəttə ki, burada “tərcümə dilinin” də daxili imkanlarından çox şey asılıdır. Bəzən tərcüməçi orijinala həddən ziyadə aludə olur ki, bu da son nəticədə tərcümənin çətin anlaşıqlı olmasına gətirib çıxarır. Oxucu mətni asanlıqla başa düşməlidir. Yalnız belə tərcümə müvəffəq sayıla bilər. Bu məqalədə biz tərcümədə yalnız bəzi problemlərdən söhbət açdıq.

Tərcümə prosesində bütün bu dediklərimiz son nəticədə tərcüməçinin öz öhdəsinə buraxılır.

Vaqif Nağıyev,
filologiya üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930