Sabir Rüstəmxanlı: "Dahilərin yorğun əlləri…"

Tarix:24-03-2015, 21:22 Baxış Sayı:672

Sabir Rüstəmxanlı: "Dahilərin yorğun əlləri…"
Ədəbiyyatın gözü itidir, hər şeyi görür, dəyərləndirir, minilləri aşıb gələn saf bir duyğuyla sevir, sevdirir, insan ömrünün vəfasızlığına, dərdin tükənməzliyinə yanır, yandırır; tarix boyu davam edən inadkarlıqla insanlığın yüksəlişinə, dünyanın xilasına çalışır.


Ədəbiyyatın çeşidli adlar altında dövrləşdirilməsi şərtidir. Əslində, son 150 illik Azərbaycan ədəbiyyatının ən başlıca özəlliyi Milli Varlığımız Uğrunda Mübarizədir! Müxtəlif izmlər və ədəbi cərəyanlar işin üslubi və formal tərəfidir, ifadə tərzləri müxtəlif olsa da, mahiyyət birdir.

Di gəl, bu qədər yazı, qəzet, dərgi, saysız-hesabsız kitab, qəhrəmanlıqla sürdürülən qələm savaşı, bu qədər, Mirzə Cəlil demiş, maarif topu yatmış vicdanları tam oyada, milli ləyaqət duyğusunu dirildə, cəhalət dumanını dağıda, fanatizmi durdura bilmir. 150 ildir xalqının qayğısını çəkə-çəkə qayğı görməyən dahilərin yorğun əlləri bu millətin ruhuna Vətən Sevgisi toxumu səpir, danabaşları danə başlara çevirməyə çalışır, şeyxnəsrullahçılığın, qurbanəlibəyliyin, ustazeynallığın, iblisliyin, ərəbpərəsliyin, farspərəstliyin, ruspərəstliyin kökünü kəsmək istəyir, tarixin böyük qəhrəmanlıq ənənələrinin, milli birlik və türklük şüurunun dirçəlişi uğrunda mübarizə aparır.

Təəssüf! İtkilərlə, məğlubiyyətlərlə barışmaq psixoloğiyası hələ də davam edir. Özəlliklə ruh və mənəviyyatda, yaşam və düşüncə tərzində gəlişmə azdır. Bir ömürdür eyni dərdləri yazırıq; ümid müstəqilliyəydi, ancaq elə bil daşa-divara deyilir yazıçı sözü. Bir görünməz divar kəsib milli özünüdərkin, özünə dönüşün, dövlət dilinə sayğının, milli soyada dönməyin, öz adına, tarixinə, hafizəsinə sahiblənməyin, qorxaqlıqdan, boyun əyməkdən xilas olaraq, nəfsinə sahib çıxaraq, hürr və ədalətlə yaşamağın yolunu...

"Biz niyə beləyik?" 26 il öncə yazdığım bir yazının başlığıydı. Ancaq bu, M.F.Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Əli bəy Hüseynzadədən başlayaraq bütün böyüklərimizi düşündürmüş sorudur...

Bəlkə bütün işğalların, parçalanmaların, assimilyasiya və yadlaşdırma siyasətləri üçün sınaq meydanına çevrilməyimizin səbələrindən biri də budur. Bizi öyrənirlər, zəif yerlərimizi müəyyənləşdirib ordan vurur, ordan dağıdırlar.

Burda əsərləri dövrünün güzgüsü olan Lev Tolstoyun "Hacı Murad"ından bir səhnə düşür yadıma. Yazıçı müşahidəsinin və xırda bir epizodla tarixə işıq tutmaq qabiliyyətinin dahiyanə örnəyidir: "...Ertəsi gün Hacı Murad Vorontsovun yanına gələrkən knyazın qəbul otağı adamla dolu idi. ...Alayın ticarət işlərinə xəyanət etdiyindən məhkəməyə verilmək qorxusu olan alay komandiri də burda idi; ölkə daxilində araq alıb-satmaq hüququnu dövlətdən satın almış zəngin erməni də burada idi; doktor Andreyevskinin təhti-himayəsində olan bu adam müqavilə müddətinin uzadılmasını xahiş etməyə gəlmişdi; olub-olmazını əlindən çıxarıb müflis olmuş gözəl milli geyimli gürcü knyazı da burada idi; o da kilsənin ixtiyarından çıxmış torpaqlardan ona pay verilməsini xahişə gəlmişdi; Burada bir nəfər də xan var idi, onun da gəlməkdən məqsədi ancaq bundan ibarət idi ki, sonra evinə qayıdanda knyazın yanında olduğunu nağıl eləsin!"

Klassika budur! Ancaq adamı heyrətləndirən Tolstoyun bu bir abzasda Qafqazın bütün o dövrkü durumunu, Qafqaz xalqlarının xarakterini göstərə bilməsindən daha çox, milli "xarakterlərin" davamlılığı, mühafizəkarlığı, xəstə bir inadkarlıqla zamana meydan oxuyaraq dəyişilməməsidir. 21-ci yüzildə də, 19-cu yüzildə olduğu kimi, rus yenə bizim düşmənlərimizə silah paylamağında, erməni ticarətlə varlanmağında, gürcü müflis olsa da milli geyimini qorumasında, xanların nəvə-nəticələri olan bizlər də əli cibində lovğa qurubəyliyimizdə və iş görməkdənsə, boş danışıqla vaxt keçirməyimizdə...

Biz niyə beləyik?
Gərək bu sualı hər gün səsləndirək və cavabını axtaraq!..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ