manera.az
manera.az

Ömür Allah möhlətidir - Nadir Azayoğlunun şeirləri

Ömür Allah möhlətidir - Nadir Azayoğlunun şeirləri
Manera.az tanınmış şair Nadir Azayoğlunun şeirlərini təqdim edir:


***
1992-nin mayı.
Laçınsızlığın ilk günləri.
Anamla görüşəndə ağladı...


Sənin göz yaşını görəndə bildim,
Araz niyə qəmli axırmış,anam.
Dünyanın göyərmiş "qara daşı"ndan,
Sənin göz yaşların ağırmış,anam.

Arxa göz dikərsən,dəhnə sovular,
Diri arzuların ölü diğular,
O dəli nərəli,dəli oğullar,
Demə,bilməcəymiş,nağılmış,anam.

Bu dərd boyumuza biçilibdisə,
Bu yurd sərhəd-sırhəd kiçilibdisə,
Çaylar addım-addım keçilibdusə,
Demək,ömrümüzə yağırmış,anam.
1992. aprel.

BƏSİMDİ

Səndən nə gözləyib,nə umasıydım?!
Sən elə mənimçün haxsan ,bəsimdi.
Bahar həvəsinlə payız ömrümə,
Bənövşə baxışı baxsan bəsimdi.

Hər gün bir “məclisdə” min qat enən var,
Hər gün bir ünvandan geri dönən var,
Sənin sevdiyin var, səni sevən var,
Sən ki gözü-könlü toxsan bəsimdi.

Daş altda çiçək var,ətrinə hayıf,
Ovunmaz,oxşanmaz xətrinə hayıf,
Şerimin bir-iki sətrini sayıb
Bir ətək qayğıdan çıxsan bəsimdi.

Bir belə haxsızlıq,bu şər içində,
Nadirin bir nisgil bişər içində
Belə başı pozuq bəşər içində,
Bütövsən bəsimdi,sağsan bəsimdi.

BALALARIMA

Nə baxırsız gözlərimə ümidlə,
Axı sizə nə almışam təzə, nə?
Ya sən oğlum bir oğul tək geyinə,
Ya sən qızım bir qız kimi bəzənə.

Ta bu saz da qəm gətirir ay oğul,
Zil pərdəsi bəm gətirir ay oğul.
Gözümüzə nəm gətirir ay oğul,
Mən nə deyim bu mən günlü saza, nə?

A qız balam, bu ümidli baxışlar
Hələ bilməz tale deyən yoxuş var.
Bir çəmənə nəğmə deyir yağışlar,
Bir çəmənə dolu düşür, yaza nə?

Üzür məni zəvzəklərin cəfəngi,
Quduzlaşıb yalaq güdən süləngi.
Yəhərlərdən uca durur üzəngi,
Köhlən dünya kimlərindi, bizə nə?

GÖRDÜK

Duyğusuz olmadıq, kar yaşamadıq,
Dünyanın hər nəyi varıdı, gördük.
Yurd-yuva nisgili, yaylaq həsrəti,
Gözlərdə qocaldı, qarıdı, gördük.

Ölüm nə idi ki, yaman əyildik,
Goru geymədik ha, gora geyildik.
Ayaqlar altında, kor ha deyildik
Gedən namusdu, arıdı, gördük.

Bizə daş atdılar, daşa bax – dedik,
Gözlərdən süzülən yaşa bax – dedik.
Buna ömür dedik, yaşamaq dedik,
Bu ömür min ahu-zarıdı, gördük.

Sonu görünmədi bu bəhsəbəhsin,
Doğrahadoğranın, bu kəshakəsin.
Biz kimik, nəçiyik bilən nakəsin
Gen dünya başına darıdı, gördük.

OLAMMADIM

Əli boş qayıtdım, ürəyi dolu,
Təntimiş bulud tək boşalammadım,
Gözümdə qəriblik duyan maralın,
Gözündə bir damla yaş olammadım.

Havalı gəzirəm haçandı,- dedim,
Qoymayın, ürəyim uçundu, – dedim,
O daşa, torpağa Laçındı – dedim,
Torpaq olammadım, daş olammadım.

Qarabağ həsrəti qəlbimdə qəhər,
Dözdüm ağrılara, dözdüm birtəhər.
Dərədə xəlvəti açılan səhər,
Zirvədə qaralan qaş olammadım.

Cökə çiçəkliydi, çiçəyi ballı,
Arısı, beçəsi, böcəyi hallı,
Güneydə bir yaz ki, xalısı xallı,
Quzeydə mürgülü qış olammadım.

Dinmə Azayoğlu, dəmin yeriydi,
Vüsalın həsrətə qənim yeriydi,
Haqqın dərgahına dönüm yeriydi,
Heyif bir əcələ tuş olammadım.

AĞRI

Çəkilib gedəsən özün özündən,
Kəsilə ayağın bu yer üzündən
Bir də düşməyəsən Tanrı gözündən,
Bir də bu torpağa qayıtmayasan.

Dizin göynəməyə hər addım başı,
İtə qayaların çopur yaddaşı.
Gəzəsən göylərin quş qanadında,
Ordanca süzəsən yurdu,yurddaşı.
Bir də bu torpağa qayıtmayasan.

Nəyin var çəkilə haqq ayağına,
Bir üz sənin ola,bir üz Allahın.
Nələr çəkdiyini kimdə bilməyə,
Bir özün olasan,bir öz Allahın.

Bir də doğmaları didərgin düşən,
Eli yağmalanmış Türkmən yurdları,
Bir də hikgəsindən qovrulub bişən
Qaratel gecədə elat Qurdları

Ulaşa-ulaşa üstünə gələ.
Yaralı çiban tək göz-göz olasan,
Korun-korun yanıb köz-köz olasan,
Mələklər çığrışıb tüstünə gələ.

Kölgə tək yenəsən çay qırağına,
Azadlıq nə imiş? Fərqi deyəsən.
Viranə yurdlara,kar kahalara
Bəxtəvər-bəxtəvər şərqi deyəsən
Bir də bu torpağa qayıtmayasan.


***
Mənim gözlərimdə göyərçin ahı,
Mənim hənirtimdə durna səsi var.
Başımın üstündə xeyir allahı,
Yolumun üstündə şər nəfəsi var.

Başımdan basan var,dilimdən sıxan,
Tanrı bəndəsinə qənim ki olmur.
Bir vaxt yel əsəndə əlimdən çıxan
Əllərim yetəndə mənimki olmur.

Qara qasırğadı hər düşən axşam
Hərdən yollarıma qan qusur səhər.
Dərdini cütləyən cütçü qardaşam,
Arxamca çəkirəm ömrü bir təhər.

Bir təhər yaşamaq ölümdən betər,
Hələ çoxlarını güman sürüyür,
Görmüşdük torpaqda gül-çiçək bitər,
İndi torpaq üstə insan çürüyür.

Baxdığım ümidlər gözümdə zəlil,
Getdiyim yolların sonu uğursuz,
Mənim ki ürəyim özündə deyil,
Ay yetim arzular,hardan doğursuz?!

Qara bulud oldum, daşa dammadım,
Siz bulud ömrümə bir daş atdınız.
Mən ötən ömrümü yaşadammadım,
Bəlkə qalanını siz yaşatdınız.


***
Nazim Əhmədliyə

Əllərin cibində,
Cibin əllərində,
sozalan ümidlərin içində,
bilirəm üşüyürsən
Üzü Laçına tərəf
Bakının bir küncündə.

Mən də üşüyürəm, qardaş
sənin qədər.
Mənim də sinəm doludu
Sinən qədər

Ayağımız altdan çəkiblər
Gözümüz çəkən yolları.
Ruhumuz ac-yalavac qurd kimidi,
Köksümüz xaraba qalmış yurd.
Deyirlər Laçına qar yağır,
Ürəyimdə bir şaqqıltı var.
Yəqin əkdiyim tutun
barını çırpanlar
qarını çırpmadılar.

YAZIQ

Bu il də qələm götürdüm,
silah götürə bilmədim
Əllərim yazıq.

Bu il də VƏTƏN dedim,
kəfən deyə bilmədim
Dillərim yazıq.

Çaylağına seli gələr,
Yaylağına Eli gəlməz
çöllərim yazıq.

Sahibi sərdən düşən,
Aşıb yəhərdən düşən,
Yolu şəhərdən düşən
Ellərim yazıq.

GƏLİR

Ağ günlərə ağı dedik
Dalınca qarası gəlir.
Günün günorta vədəsi
Qapıya yarasa gəlir.

Öz içinə sıxılmışa,
Kölgəsinə yıxılmışa,
Bu məmləkət dağılmışa
Dərdlərin sarısı gəlir.

Mehlər ötür ağı-ağı,
Çiçəklərin ölən çağı.
Gül əkdiyim bu torpağın
Əlimə yarası gəlir.

OLMUR

Bu yollara pisdi demə,
Yoldu,izdi -pisi olmur.
Ömür Allah möhlətidir,
Heç avandı,tərsi olmur.

Qəlb var, haqqı çözüləsi,
Qəlb var, haxdan üzüləsi.
Hər nə varsa: dözüləsi,
Hər nə varsa”nə”si olmur.

Qaldıq ömrün harasında?!
Yarıdıqmı, yarısın da,
Tanrı-bəndə arasında
Vallah umu-küsü olmur.

GETSİN

Bu dünyanı kiprik-kiprik
gözlərində uyut getsin.
Dünya səni unudubsa,
sən də onu unut getsin.

Odun olma ocağında,
Buz bağlama sazağında.
Nə vecinə, qucağında
beşik getsin, tabut getsin.

Uğuru yox,sayası yox,
Bundan artıq boyası yox,
İsməti yox,hayası yox
bir gözələ tay tut,getsin.

YAŞAMIŞAM

Mən nə ölçüyə gəlmişəm,
nə biçimdə yaşamışam.
Varlığımı heç biliblər,
Öz “heç”imdə yaşamışam.

Açıq-aşkar vuran olub,
Gizli tələ quran olub.
Mən dərdimə sarvan olub
öz köçümdə yaşamışam.

Vaxt olub göyüm laxlayıb,
Vaxt olub suyum axmayıb
Mən bu dünyaya baxmayıb,
Öz içimdə yaşamışam.

ŞÜKÜR

Yurddan köçdün, ya qəbirdən,
O da, bu da köçkünlükdü.
Səhvmi, düzmü? – ta qədimdən
Derlər dünya beşgünlükdü,
Yaşasan, beşinə şükür!

Ayrılıq var – aydınlıqdı,
Hər işdə bir xeyir olur!
Biz kimik ki? – qul, qaravaş.
Fərman verən deyir – OLUR,
Ərzin padşahına şükür!

Bitmədi qos-qoca qəmlər,
Neçə dərdin yaşdaşıyıq.
İçimiz qəbir-qəbirdi,
Biz hamımız başdaşıyıq,
Tanrının daşına şükür!

YARIYIB

Kimi dünyanın çoxundan,
Kimi azından yarıyıb.
Kim taleyin qapızından,
Kim də nazından yarıyıb.

Biri gözünün yaşından,
Biri bəxtinin daşından,
Biri ömrünün qışından,
Biri yazından yarıyıb.

Sevdalısa yer adamı,
Çəkər göylər sarı qanı.
Hər yaranan Yaradanın
Bircə sözündən yarıyıb.


"təki sən səslə məni"
bu mahnını sevənlər üçün


Gələməzsən,yox

Sənsiz bir yalquzağın,
Yaraları sızıldar.
Ruhu qapını döyər,
Pəncərəndə quzuldar
Biləməzsən,yox

Duyğun daş-daş ləklənib,
Cingildəməz qulağın.
Bilsən necə təklənib
Qapındakı qonağın
Güləməzsən, yox

Sən ki qalsam qucağım,
Ölsəm mənə kəfəndin.
Derdin; ayrılıq qəfil
gəlsə ölləm,Əfəndim.
Öləməzsən,yox

Bir vaxt balın,pətəyin,
Bir vaxt şirin dilindim.
Ağzı yansın fələyin,
Ta yadından silindim
Diləməzsən,yox

Yenə səhər açılır
Yaralarım üzünə.
Gümanım yox"təki sən
səslə"gəlləm sözünə
Gələməzsən,yox.



***
- Yadında olar-
Yadındolar?!
Siyah tellərinçün
ağca güllər
bitirən torpaq,-
bax o torpaq qədər...

Yadındolar?!
Əllərinin nazından sürüşüb
Həkərinin sularına
can verən yarpaq,-
bax o yarpaq qədər...

Bir də hənirtimizi
hənirtisində itirən bulaq
bax o bulaq qədər
sevmişdim səni.

Səni o torpaq qədər,
Elə o yarpaq qədər,
Hələ o bulaq qədər
sevsəm də,
indi əllərim
nə qara günlü Laçına,
nə də ağca güllü saçına
yetəndi.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031