Səhərlər sevgi nəğmələriylə açılarsa...

Tarix:7-07-2019, 11:33 Baxış Sayı:74

Səhərlər sevgi nəğmələriylə açılarsa...
Malik Atilayın "Yalnızlığı adıyla çağır" kitabı haqqında

Gənc şair Malik Atilayın ilk şeirlər kitabı işıq üzü gördü. "Yalnızlığı adıyla çağır" adlı kitabda şairin seçilmiş şeirləri toplanıb.

Ona tənhalıq da deyilir, yalqızlıq da, təklik də. Amma kitabın adıyla bağlı ən doğru məsləhət Malik Atilaya aiddir. Yalnızlıq yalnız, yəni tək olmaqdır...
Malik Atilay hələ gəncdir. Onun ilk şeirlər kitabını nəşr etdirməyi həm uğurlu, həm də məsuliyyətli addımdır. Uğurludur ona görə ki, o, bu yolda israrlıdır, ədəbiyyata, poeziyaya böyük marağı və sevgisi var. Və bu yoldan geri durmaq, çəkilmək fikri yoxdur. Məsuliyyətlidir ona görə ki, bu yola çıxdınsa, dayanmaq, geriyə dönmək mümkün deyil. Əlbəttə, ilk kitabını oxucuların ixtiyarına verən Malik Atilay özünün poetik potensialına bələddir, özünə arxayındır, bilir ki, bu yola çıxdısa, heç bir maneə onun qarşısını kəsə bilməz.

Heç bir sözlə izahı mümkün olmayan hisslər var ki, yaranması insanla eyni vaxta təsadüf edir. Bəşəri hissləri sözlə ifadə etməyi bacarandır əsl şair... Sevgi dedikdə ilk ağlımıza gələn "Leyli və Məcnun" olur. Hisslərin sözlə uğurla ifadə edilməsidir bu... Malik Atilay da poetik ovqatını uğurla ifadə edən şairdir:

Bir gün sevgi nəğmələriylə
açılacaq səhərlər
Bir gün Ayla günəş birlikdə işıqlandıracaq
Havasız meyxana küncləri kimi
Ümidsizlikdən nəm çəkib
Acı tütünə qarışmış həyatımızı

Təbiət poeziyanın yaranmasına stimul verən şərtlərdəndir. Şeirimizin ənənələrindən gələn bir məqam - fikrin rəng, söz, təbiət gözəllikləri ilə ifadə edilməsi Malik Atilayın da şeirlərində qabarıqdır. "Ağappaq dalğalar" şeirindəki kimi:

Bahar təbəssümlə gəlir Bakıya
Uşaqlar qorxmasın deyə
Üzündə
əlindəki iynədən dəfələrlə böyük
təbəssümlə gələn tibb bacısı kimi...

"Heç nə dəyişməyəcək" şeirində şairin təbiətə sevgisinin yeni təsvirini görürük:

...Günəş çıxacaq
Külək əsəcək
Yağış yağacaq
Çiçəklər gözlərin kimi açılacaq səhərə...

Daha sonra şair Ayla günəşin postda bir-birini əvəz edən əsgərlər kimi yer dəyişəcəyini deyir:

Ulduzlar da hər gecə gördüyün yerdə olacaq
Bəzən bulud da
İşığı tutmaq istəyən uşağın əli kimi
Keçəcək ulduzların qarşısına...
Və hamı kimi mən də gedəcəm
İnan ki, heç nə dəyişməyəcək.


"Yarımçıq bəstə" şeirində də onun təbiətə poetik sevgisini görə bilirik:

Qar yağır
Çılpaq budaqlara dəyib
Hansısa yarımçıq bəstəni pıçıldayır külək
Bu gün yaşamağa da
Ölməyə də gözəl səbəblərim var...

Ölməz şair Mikayıl Müşfiq də küləkləri bəstəkara bənzətmişdi...

Mikayıl Müşfiq də bakılı idi, Malik Atilay da bakılı balasıdır. Gilavarı, xəzrini "Küləklər şəhərində" dünyaya göz açanlardan yaxşı kim anlada bilər ki?

Kulis.az saytına müsahibəsində kitabın adını əvvəlcə!Diqqət! Diqqət! Darıxır Bakı..." qoymaq istədiyini deyən Malik Atilayın həmin şeirindən bir parçaya diqqət yetirək:

Mavi səmanın üzünə qırmızı
ləkə kimi yayılır günəş
Bu gecə də yaşadı dustaq
Süpürgəçi yenə hər kəsdən əvvəl
oyadır küçələri,
Gecənin səsi kəsilib
Şəhərin sinəsinə rəngarəng
pişiktək oturan işıqlar
Oyadır məktəbləri,
Oyadır metroları,
Oyadır adamları
Zülmətin çürük və qara
dişlərindən səhərə çıxır
Amma yenə də
Bakı darıxır...

Səhərlər sevgi nəğmələriylə açılarsa...
Malik Atilayın Bakı sevgisi onun şeirlərində qabarıq hiss olunur. "Səfər çantası" şeirinə diqqət yetirək:

Getdiyiniz yerlərə
Bir az həsrət aparın ürəyinizdə
Sinənizdə Xəzər qoxulu bir nəğmə çırpınsın
Ruhunuzu əmanət edin İçərişəhərə.
Şeirin məğzi son misralarda məlum olur:
Qara gözləriylə ürəklərə yanğın salan qızın
Xəyalını da qoyun səfər çantanıza
Qürbətdə gecələr
Ağır olur deyirlər


Onun Bakı sevgisini göstərən misralarda Xəzər xüsusu yer tutur:

Bahar güllü qollarını dolayır
şəhərin boynuna
Xəzər ağappaq dalğalarıyla
salam göndərir bahara...


Eyni sözləri "Uşaq şəhər" şeiri haqda da deyə bilərik:

Bakının başı üstündə
Mavi Xəzərə inad
Dolaşır qara buludlar
Qapıları döyür xəzri

Xəzərin mavi rənginə əks olan qara buludların dolaşdığı şəhərin hündür binaların əlindən inildədiyini deyir şair...

Malik Atilay yeniliyi sevən şairdir. Bunu onun "Son akkordlar" şeirində daha aydın görmək olur:

Ölümə bərabər bir günün
Son akkordlarını vurarkən
Payızın yağışlı bir gecəsində
Səni xatırlayıram
Pazltək yığıram səni
Aha, əllərin
Gözlərin də burdadı
Bu ayaqların
Bu çiyinlərin
Dodaqların burda
Saçların burda
əllərin əl yelləyir uzaq dünənlərdən...

Min illər, milyon-milyon insanın ürəyindən keçib getmiş, hərəyə bir cür təsir edib bir cür duyğulandırmış əbədi hisslər, insan yaşantılarının solmaz rəngləri, fəsillər, xatirələri Malik Atilayın da diqqətini çəkir, onu düşündürür:

Çıxar xəyallarının ayağından,
İlk dəfə ayaq açan uşaq qorxusu ilə yeri
Arzularından nərdivan düzəlt
Qalx göylərə

Dərin müşahidə qabiliyyəti olan şair, gördüklərini şeirə çevirməyi bacarır. "Ümidin nəğməsi" şeirinə nəzər yetirək:

Gecə növbəsindən çıxıb evinə gələn adam
Oturub bir küncdə dizlərini ovuşdurur
Qurumuş barmaqlarıyla silərək
yaşlı gözlərini
Dizinin üstündə
Uyutmaq istəyir canındakı ağrıları...


Malik Atilay şeirə münasibəti, diqqəti ilə seçilir. "Abort edilmiş güllələr" şeirinə diqqət yetirək:

Günlərin birində
Ölüm qusan silahlar susacaq,
Küçələrdən barıt iyi gəlməyəcək daha
Silahların bətnindən abort ediləcək
bütün güllələr.


Şairlərin diqqətini çəkən və daim misralar vasitəsilə əleyhinə olduqlarını bildirdikləri müharibə mövzusu onun da şeirlərində əks olunur. Bu şeirində o, günlərin birində uşaqlar rahat oynasın deyə, dəbilqələrdə çiçək, səngərlərdə ağac əkməyə gedəcəklərini deyir. Və şeirin sonunda minaların tikanlar kimi təmizlənəcəyini bildirir şair.

Kitabı ilə bağlı müsahibəsində ona şeiri sevdirən dayısı şair Rövşən Naziroğlu olduğunu deyir M.Atilay...

Onun şeirlərinin əsas mövzularına həm də tənhalar, kimsəsizlər və qadınlar daxildir:

Qocalar evi
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm
Altını bulayan qadın buğlanan gözləriylə
görür ölümü.

Şeir aləmində ölçü-biçinin itdiyi, yaxşının pislə qarışdığı, tərəzinin əyildiyi bir vaxtda Malik Atilayın öz şeirini yazıb, öz poetik aləmini tapa bilməsi böyük uğurdur. Malik Atilayın ilk kitabında poetik səviyyədə, obrazlı, bədiiliklə deyilən şeirlərin həmişə belə üstünlük təşkil edəcəyi sonrakı şeirlərindən, sözə nə qədər ciddi yanaşmasından və daxili potensialından asılı olacaq. Şeirlərin lirik ovqatı, səmimi havası sübut edir ki, Malikin sözə, şeirə bağlılığı, elə-belə, ötəri, sadəcə şeir yazmaq həvəsi deyil. "Üzündə gülüş yaradacaqsa, qorxularının üzərinə get, sulara danış bütün dərdlərini" misrasının ovqatını davam etdirsək, şeirlərində öz söz dünyasında üzləşdiyi çətinlikləri sulara danışdığını hiss etmək mümkün olacaq.
Malik Atilay hissləri, yaşantılarını poetik dillə anlada bilir: "Ehtimallar" şeirində olduğu kimi:

...Ola bilər ki, sənin gördüyün
yuxunun eynisini mən
də görmüşəm
Eyni qışqırıqla oyanmışıq yuxudan
Bilmək olmaz eyni yağışda islanıb
Eyni qızdırmayla gəzmişik bəlkə...


"Yol" şeiri əsl sevginin nə demək olduğunu anladır:

Sevmək getməməkdir.
...Məndən və hər şeydən bezib getsən
Arxanca baxmaram
Özümə bələdəm
Bircə dəfə gözüm sürüşsə getdiyin yola
Durub gələrəm arxanca...


Şair ilk olaraq yaranacaq şeirin əhval-ruhiyyəsini yaradır, sonra poetik sözünü deyir. Sözün rəngi də qövsi-quzeh kimi rəngini həmin zaman tapır.
"Rəsm albomları" şeirində şair yay-qış bacası tüstülənən evlərin, o kiçik evlərdə ilk sevgilərin, ilk qorxuların qaldığını deyir rəsm albomlarında:

Biz qaldıq
Gülüşümüz qaldı rəsm albomlarında
Təbəssüm yeməyin yağı idi
Sildik dodaqlarımızdan böyüdükcə

Malik Atilayın ilk kitabına uğurlar arzulayır və ondan yeni, bugünkü ədəbiyyatımızın ruhunu daha dolğun əks etdirən şeirlər gözləyirəm../edebiyyatqazeti.az/

Xuraman HÜSEYNZADƏ
Səhərlər sevgi nəğmələriylə açılarsa...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ