Gün qızmamış - Gənc şairin İLK hekayəsi

Tarix:5-07-2019, 14:22 Baxış Sayı:66

Gün qızmamış - Gənc şairin İLK hekayəsi
Manera.az gənc şair Məhəmmədin " Gün qızmamış" hekayəsini təqdim edir:

Nənəm Elmiraya həsr edirəm

- Mahir, dur, oyan, a bala, oyan, get çörək al, gəl, gün qızmamış gedək o tutu da çırpaq, sonra istidən macal olmayacaq.

...Gülgəz arvad elə o vaxtdan cəlddi, çevikdi. Həmişə evdə kişi işinə də qaçıb, qadın işinə də.

Hər səhər günəşlə bərabər oyanır, elə, gecələr də gecənin lal sükutuyla yuxuya gedir. Dəqiq, halal adamdı. Nə kimsədə bir qəpiyini qoyar, nə də kiminsə qəpiyi qalar onda. Arada deyir, heyif ki, Allah məni kişi yaratmayıb...

Budur, gözlərini ovuşdura-ovuşdura Mahir çıxdı otaqdan.

- Ay nənə, tut vaxtıdır?! Qoy yataq, axşam sərinində çırparıq. Qaçmır ki tut.

- A bala, axşam da evə yığılmırsan, gəl, sən canın, gəl, çırpaq, bəhməz bişirəcəm. Qaraciyərə xeyirdi, hər dərdin dərmanıdı. Deyirsən ki, mədəm ağrıyır axır vaxtlar. O bəhməzdən 2-3 qaşıq ağzına alsan, bədənində nə var, çıxıb gedəcək. Hələ get, çörək al, gəl.

Mahir ürəyində deyinə-deyinə əl-üzünü yuyub, getdi çörək dalınca. Onsuz da ayaqları anadangəlmə əyri olan Mahir, yuxulu-yuxulu lap "səkkiz yazırdı" yolda...

- A gəlin, a gəlin, o ağ tül var haa, sərgidə, gətir onu bəri, Mahir gəlsin, çıxsın, gedək o tutu çırpaq.

Heyifdi, a bala, tökülüb gedir, Allahın verdiyi ruzidi...

Yenə dilləndi Gülgəz arvad.

Elə o vaxtdan bağçanın əkin-biçininə, təmizliyinə özü baxır. Tez-tez günün qızmarında başında yaylıq, alnından tər tökülə-tökülə ağacları bir-bir sulayır, otdan-çayırdan təmizləyir bağçanı...

Meyvələr yetişən kimi də yığıb mürəbbəliyi mürəbbə edir, kompotluğu da kompot...

Gün yavaş-yavaş qızır daha, yarım saatdan çoxdur gedib Mahir...

Gülgəz arvad:

- A gəlin, harda qaldı bu uşaq? Bir küçəyə çıx, gör gəlirmi? Nə yaman uzun çəkdi bunun iki çörək almağı?

Nailə xala:

- Ana, yəqin, dostlarıyla rastlaşıb orda, ləngiyir. Harda olsa gələr...

Nailə xala evin gəlinidi. Anasıdı Mahirin.

Uşaqla uşaqdı, böyüklə böyük. Mehriban adamdı, heç kəsin xətrinə dəyməz. Nə vaxt görsən can deyib, can eşidər.

Gülgəz arvad:

- A bala, daha bir saat oldu, harda qaldı bu bivec? Noldu görən?! Buna deyirlər e uşağa buyur, dalınca yüyür.

Halbuki, Mahirin artıq 18 yaşı var, ancaq yenə nənəsinin gözündə ərköyün bir uşaqdır.

Sığışmadı Gülgəz arvad, çıxdı küçəyə. Küçədə heç Mahirin qaraltısı da yoxdu hələ.

- Ay Məzi, a bala, bir mağaza tərəfə get, velosipedin var, gör Mahir ordadımı? Çağır, gəlsin evə.

Qonşunun uşağına buyurdu Gülgəz arvad. Məzi getdi Mahirin arxasınca.

Gülgəz arvadın qaşı çatıldı, sağ əlini çənəsinə dayaq edib, dayandı darvazanın qabağında.

Artıq gün qızdı, isti adamın təpəsini deşir, daha tut çırpmaq qaldı ya axşamüstünə, ya da sabaha.

Gülgəz arvad darvazanın qabağında o yana, bu yana gəşt edir, deyinir:

- Belə uşaqmı olar, bir dəfə vaxtında gedib , vaxtında gəlməz, bir işin qulpundan tutmağa canı çıxır. Bax, kimə qoşulub, hara gedib görən?!

Çox keçməmiş Məzi təngnəfəs qayıtdı, günün altında yazıq uşaq pomidor kimi qızarmışdı...

- Ay Gülgəz nənə, yoxuydu orda Allah haqqı, hər tərəfə baxdım.

- A bala, orda bir camaatdan soruşaydın dana, görüblərmi orda?

Daha bu günün qızmar vaxtında təzədən mağaza tərəfə qayıtmağa halı yox idi Məzinin...

Mızıldaya-mızıldaya nəsə deyib getdi evlərinə.

Yaman narahatdı Gülgəz arvad, Mahirin telefonu da yoxdu ki, zəng eləsin, halı olsun...

Tövşüyə-tövşüyə özü getdi nəvəsinin arxasınca.

Getdi o tərəfdə də camaatdan soruşdu, bir nəfər gördüm demədi...

Daha irəli getməyə canında hal qalmamışdı. Dişi bağırsağını kəsə-kəsə, qorxu içində qayıtdı evə.

Hardadı axı Mahir?!

Gəldi, oturdu taxtına, dikdi gözünü darvazanın bozumtul qapısına, düşünür:

Görən başına nə iş gəldi bunun?! Hara yoxa çıxdı?! Kimə qoşuldu, hara getdi?!

Uşaq da deyil ki, deyim başını yozub oğurladılar nəvəmi. Allah iraq eləsin.

Neyləyim mən, ay Allah?! Harda qaldı bu uşaq?!

Düşünə-düşünə ayaqlarındakı yamyaşıl damarlara da baxır... Bəzən mənə elə gəlir ki, bu yaşıl damarlar öz rənglərini bağın-bağçanın yaşıllığından götürüblər.

Axı ömrü boyu Gülgəz arvad bağçaya qulluq edib...

Alnından tər tökülə-tökülə Mahir girdi qapıdan.

Gülgəz arvad bilmədi, əsəbini töksün nəvəsinin üstünə, yoxsa 2 saatdır harda olduğunu soruşsun.

Mahir bir dərin of çəkib, çörəyi gətirib stolun üstünə atdı, getdi üzünün tərini yumağa...

Gülgəz arvad əsəbini birtəhər boğdu:

- A bala, hardasan iki saatdı, qadan alım?!

- Ay nənə, aşağıda Sənəm arvad əylətdi. Heç xeyir şey olsa, məni çağırmazlar. Tut çırpırdılar, köməyə çağırdı. O da bəhməz bişirəcək.../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ