Hüseyn Cavid: ortaq türk dili və feminizm məsələləri

Tarix:13-06-2019, 21:12 Baxış Sayı:156

Hüseyn Cavid: ortaq türk dili və feminizm məsələləri
Sevinc QƏMBƏRLİ,
filologiya üzrə fəlsəfə doktoru


Hüseyn Cavid fenomeni kəşf olunduqca dəyəri artan bir xəzinədir. Onun istər şəxsiyyəti, həyat yolu, istərsə də şeir və qəzəlləri, poema və dramları ilə hər dəfə yenidən və yaxından tanış olduqca heyran olmamaq mümkün deyil. Müəllifin əsərlərinin ideyası, mövzusu və obrazları kimi, dili də Azərbaycan ədəbiyyatı üçün bir yenilikdir, təkrarsız və orijinaldır.

Mustafa Haqqı Türkəqul Hüseyn Cavidin dili haqqında yazmışdır: “Yaradıcılığının ilk dövrlərində, bilxassə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair, sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və demək olar ki, bu işdə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmış və bu iki şivə arasındakı məsafəni qısaltmışdır...Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir.Şimali və Cənubi Azərbaycan, Türkiyə və Türküstan və s.türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun və anlamasın.

Hələ XI əsrdə bütün türk ellərini qarış-qarış gəzib onların işlətdikləri inciləri-sözləri toplayıb nizama salan, onların arasındakı fərqləri ortaya çıxaran, damğa və xəritələrini, məişət və mətbəxini və s. əks etdirib böyük ensiklopediya-lüğət yaradan Kaşğari o zaman nüfuzlu ərəb dili ilə atbaşı gedən türk dili haqqında belə demişdir: “Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur. Böyük türkoloq-ensiklopedist bu tövsiyəni türk olmayanlara versə də, bütün dünya türklərinin beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda, habelə gündəlik həyatda ünsiyyət saxlayarkən bir-birini başa düşəcəkləri ortaq dilə ehtiyacları vardır. Hüseyn Cavid hələ bir əsr əvvəl bu ehtiyacı böyük həssaslıqla duymuş və fəaliyyətini bu istiqamətdə qurararaq tutarlı addımlar atmışdır. Tofiq Hacıyev bu məsələləri geniş təhlil edərək fikrini gözəl ifadə etmişdir: “Müxtəlif coğrafiyadan olan türkün türklə türkcə danışmasında xüsusi bir mənəvi-psixoloji hissiyyat doğmalığı duyulur”.

“XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı türk birliyi üçün “işdə, fikirdə, dildə bir” ideyasını irəli sürdü. XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə, bir olmaq, bir məsləyə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı. Müxtəlif türkcələrin leksik materialından, Türkiyə türkcəsinin qrammatik şəkilçilərindən geniş istifadə edən İsmayıl bəy Qaspıralının təsis etdiyi və olduqca geniş oxucu kütləsi qazanmış “Tərcüman” qəzetinin dilindən nümunələr: “Gəncə şəhərindən “Qafqaz” qəzetəsinə yazıyorlar: şəhər idarəsinə əꞌzalar saylandı (11 fevral 1894, №6); “Türkmaniya valisi jeneral Kuropatkinin hümmətilə Tədean nam məhəldə türkmənlərə məxsus şəfaxana təꞌsis edilmiş. İşbu şəfaxana altı adamlıq olub türkmən üsulu gizçadırlardan ibarətdir (17 mart 1896, №11). Göründüyü kimi, Cavidin dili ortaq türk dili ideyasının reallaşmasına xidmət edən “Tərcüman”ın, “Füyuzat”ın dili ilə yaxından səsləşir. Həmin dövrdə prosesin içində olub ona ürəkdən bağlanan böyük ədib yazıb yaratdığı bütün əsərləri ilə bu ideyanın gerçəkləşməsinə xidmət göstərmişdir.

Azərbaycan və Türkiyə türkcələri oğuzcalar olaraq yaxındır, eyni qrupdan olan tükcələrdə anlaşma daha sərbəstdir. Bu yaxınlığı böyük dövlətçilik ustası, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev riyazi dəqiqliklə düsturlaşdırıb: “Biz bir millət, iki dövlətik”. Elbrus Əzizov bu yaxınlığı belə izah etmişdir: “Müxtəlif türk dilləri və dialektlərinin izoqloss təşkil edən bəzi xüsusiyyətləri həmin dillərin formalaşmasında iştirak etmiş eynicinsli tayfa dilləri ilə bağlı olaraq meydana çıxır. Bu, bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən qaynayıb-qarışması ilə, miqrasiyalarla bağlıdırsa, digər tərəfdən, müxtəlif dialektlərin eyni bir kökdildən nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır.”

Azərbaycan mətbuatının babası Həsən bəy Zərdabi böyük ideoloq İsmayıl bəy Qaspıralının təbliğ etdiyi ümumi türk dili ideyasına rəğbətlə yanaşaraq yazırdı: “...Tərcüman 30 ildir çıxır. Bu otuz ilin müddətində hər tərəfin müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun (“Həyat” qəzeti, 11 yanvar 1906, №9). O dövrdə Azərbaycan mətbuatının güclü simalarından olan Əli bəy Hüseynzadə də bu ideyanı təbliğ edərək onun həyata keçməsi üçün əlindən gələni etmişdir. XX əsr Azərbaycan ədəbiyyatı tarixinin mərhələlərini təhlil edərkən N.Cəfərov yazmışdır: “I mərhələdə Azərbaycan ədəbiyyatı özünün ən mürəkkəb, ən ziddiyyətli bir tarixini yaşamışdır, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının, dünyagörüşünün tarixində heç zaman bu qədər tendensiya qarşılaşması, ideya döyüşləri olmamışdır. Görünür ona görədir ki, həmin mərhələnin ən çox inkişaf etmiş, ən geniş yayılmış ədəbi janrları publisistika, dramaturgiyadı. Həmin dövrdə ənənəvi janrlardan uzaqlaşıb dramaturgiya ilə məşğul olan yazarların əksəriyyəti kimi Hüseyn Cavid də, eyni zamanda, publisist idi. Qələmini publisistika sahəsində də uğurla sınayan ədibin “Şərqi-Rus” qəzetində məqalələri, “İrşad” qəzetində, Əli bəy Hüseynzadənin redaktorluğu ilə işıq üzü görən “Füyuzat” dərgisində şeirləri dərc olunmuşdur. Müəllif “Çiçək sevgisi” şeirini rəğbət bəslədiyi “Ədibi-möhtərəm Əli bəy Hüseynzadəyə” həsr etmişdir:

Əfəndim, annəciyim! Şöylə saçdığın nə?
-Saqın,
Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.
Səninçin iştə bir az sonra pəmbə, mavi, sarı
Gözəl çiçəklər açar həpsi; anladınmı?


Hesab edirik ki, burada müəllifin Əli bəy Hüseynzadənin uğrunda mübarizə apardığı arzusunun, ortaq türk dili ideyasının rüşeym və toxumlarının, sonralar gözəl çiçəklər açacağına olan böyük inamından söhbət gedir. Bu fikir I Türkoloji qurultayda da geniş müzakirə olunmuş və Azərbaycan Respublikası müstəqillik qazanandan ta bu günə qədər də həm dilçilərin, həm də digər sahələrdən olan elm adamlarının diqqət mərkəzində qalmaqdadır. Bu mövzuya həsr olunmuş müzakirələr, seminarlar təşkil olunur, dissertasiyalar, məqalə və kitablar yazılır. Aysel Qəribli bu haqda olan butün yanaşma və fikirləri ümumiləşdirərək belə qənaətə gəlmişdir: “Məlum olduğu kimi, bu gün “ortaq türkcə”, yaxud “bütün türklər üçün ortaq ünsiyyət vasitəsi” adlandırılan problem XIX əsrin sonu-XX əsrin əvvəllərində “ümumtürk ədəbi dili” yaratmaq idealı kimi meydana çıxmışdır. ...Türklər üçün ortaq ünsiyyət dili məsələsi artıq, demək olar ki, həll olunmuşdur: bu funksiyanı Türkiyə türkcəsi yerinə yetirməyə başlamışdır. Lakin bu, türk dillərinin müstəqil inkişaf stixiyasına nəinki qarşı dura, hətta hər hansı şəkildə mane ola bilməz”.
Hüseyn Cavid: ortaq türk dili və feminizm məsələləri
Hüseyn Cavidin yaradıcılığı bir tərəfdən də Türkiyə-Azərbaycan ədəbi əlaqələrini əks etdirmək baxımından son dərəcə səciyyəvidir. Onun pyeslərinin əksəriyyətində hadisələr Türk-Turan dünyasında cərəyan edir və qəhrəmanlar bu dünyadan seçilmiş igid türk oğul və qızlarıdır. “Qoca bir türkün vəsiyyəti” şeirində biz bütün varlığı ilə böyük türk dünyasına bağlı olub nəbzi, ürəyi türk milləti, türkçülük üçün vuran qocaman, müdrik bir insanın səsini, nəsihətini dinləyirik:

İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,
İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur.
Yer yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tarixiniz baş ucundan hərgiz əskik olmasın.
“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası,
Birər aydın səhifədir, hər türk gərək anlasın.


Qadın mövzusu Hüseyn Cavid yaradıcılığının önəmli xətlərindən birini təşkil edir. Nəinki vətənində, eləcə də bütün Şərqdə qadınların hüquqsuzluğu, savadsızlığı, tapdalanıb əzilməsi böyük sənətkarı hər zaman düşündürərək narahat edirdi. Cavid anlayırdı ki, cəmiyyətin rifahı qadınların rifahından asılıdır. Belə ki, öz hüquqlarını anlayıb müdafiə edə bilməyən, elmdən, təhsildən uzaq, köməksiz, asılı qadınlardan bunu gözləmək ağılsızlıq olardı. Belə vəziyyətdə qadınlar heç vaxt cəmiyyət üçün xoşbəxt, sağlam ruhlu və düşüncəli, layiqli vətəndaşlar yetişdirə bilməzdilər. Şairin rəğbət bəsləyərək şeir həsr etdiyi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dediyi kimi: “Bir qadının savadlı olması, bir ailənin savadlı olması deməkdir”. Ona görə də Hüseyn Cavid bütün varlığı ilə hayqıraraq qadınlara müraciət edirdi:

Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyırıl!
Qəhrəmanlar kibi qavğaya atıl!
Fəzlü irfanla mücəhhəz olaraq
Cəhli yıq, qəfləti yaq, iczi bıraq!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!

Ədəbiyyatşünas Yaşar Qarayev Hüseyn Cavidin qadınlara həsr etdiyi əsərlərini təhlil edib haqlı olaraq bu qənaətə gəlmişdir ki:“...ümumbəşəri problemlərdə bədbinlik göstərən şair, feminizm məsələlərində sanki bu bədbinlikdən silkinib çıxır, bəşəriyyətin xilas yolunu qadına məhəbbətdə, qadın gözəlliyində, qadın sevgisində görür. Cavid dühasının böyüklüyü ondadır ki, onun bu çağırışları, bu fikirləri bir əsr əvvəl olduğu kimi bu gün də öz aktuallığını saxlamaqdadır. Bu gün də cəmiyyətimizdə bu sözlərə, bu çağırışa ehtiyacı olan qadınlar çoxdur.

Qadının taleyi dahi şəxsiyyəti daima düşündürmüş, onun taleyi həmişə şairi kədərləndirmişdir. Gördüyümüz kimi, Cavidin sevə-sevə yaratdığı qadın qəhrəmanlar həmişə paklığı, saflığı, gözəlliyi təbliğ etmişdir. Müəllif gələcəkdə dramlarında qoyub həll edəcəyi bir çox məsələlərin proqramını şeirlərində vermişdir. Bu baxımdan şairin ürəyi yana-yana Şərq qadınlarının hüquqsuzluğuna olan etirazını ifadə etdiyi, yüksək hiss-həyəcanla qələmə alıb onu düşündürən sualları verib cavablandırdığı “Şərq qadını” şeiri xüsusilə diqqəti cəlb edir:

Bən nə idim? Şərqin əzilmiş qadını!
Yoq, bən artıq sürünən heç deyilim,
Parçalanmış da qaranlıqdan örülmüş kəfənim.
Gəmirilməz beynim,
İştə, ən şanlı üfüqlərdə uçan
Şərqin azadə, gülər bir qızıyım;
Uca həşmətli fəzalardan aşan
Pəmbə bir yıldızıyım!..


Dahi sənətkarın ilk iri həcmli əsəri olan bir pərdəli “Ana” (1910) dramında bəşəri analıq məhəbbəti şəxsi qisas duyğusuna qalib gəlir. Müəllif başqa əsərlərində də (“Qız məktəbində”, “İlk bahar”, “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində və s.) cəfakeş, fədakar ana obrazını təsvir etmişdir. Bu əsərə qədər dünya dramaturgiyası təcrübəsində belə bir obraza rast gəlinməmişdir. Görkəmli ədəbiyyatşünas Məmməd Cəfər “Ana” dramını Azərbaycan ədəbiyyatında ilk mənzum dram hesab etmişdir. Müasir dövrdə Cavid yaradıcılığının tədqiqatçılarından Şəmil Sadıqov bu əsərə yüksək dəyər verərək qeyd etmişdir ki: “Ana” Cavidin yeganə pyesidir ki, klassik faciənin zaman, məkan və hərəkət vəhdəti tələblərinə cavab verir. Əsərdə məkan və zaman dəyişmədiyi üçün hərəkət, dinamika və dramatizm daha güclüdür”. Artıq bu əsər onun gələcəkdə böyük dramaturq olacağından xəbər verir. Çox təəssüf edirik ki, bu gün dahi sənətkarın qələmindən çıxan əsərlərin hamısı ilə tanış ola bilmirik. Turan Cavid bu haqda yazaraq aşağıdakı əsərlərin adlarını çəkmişdir ki: “...1937-ci ildə NKVD nümayəndələrinin evimizdən apardığı “Attila”, “Çingiz”, “Telli saz”, “Şəhla” və “İblisin intiqamı” faciələri...

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında qəhrəmanı qadın olan ilk faciənin müəllifidir. Cavidə qədər bu mövzuya müraciət edib müxtəlif janrlarda əsərlər yazan sənətkarlar çox olmuşdur, lakin faciə janrında qadın hüquqsuzluğu mövzusunu ədəbiyyatımıza gətirən ilk sənətkar Hüseyn Caviddir. “Maral” (1912) pyesinin mövzusu Azərbaycan qadınlığının faciəsidir. Elə buna görə də ilk variantda əsərin adı “Zavallı qadın” olmuşdur. Maralın onu “süslü kəşanə”də, zər-ziba içində saxlayan əri Turxan bəyə olan nifrətinin səbəbini ədəbiyyatşünas Şəmil Sadıqov belə izah etmişdir: “Maralın gənclik arzularının puça çıxması. Arzuları ilə real gerçəkliyin üst-üstə düşməməsi. Maral qızıl qəfəsdə nalə çəkən, nə yolla olur-olsun azadlığa çıxmaq istəyən bir bülbülü xatırladır”. Bütün bu hiss və düşüncələrin üstündə oynayaraq onu pis yola sürükləyən Arslan bəyə olan məhəbbəti son məqamda Maralın faciəsinə səbəb olur.

Ərtoğrul Cavid 1939-cu ildə yazmışdır: “Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar”.Çox təəssüf ki, həyatının ən gözəl çağlarında, yaradıcılığının ən məhsuldar dövründə xalqımız, ədəbiyyatımız, mədəniyyətimiz Hüseyn Cavidin simasında öz dahi sənətkarının, vətənpərvər oğlunun itkisini yaşamalı oldu. Nizami Cəfərov o dövrdə baş verən hadisələri ürək yanğısı ilə belə şərh etmişdir: “...yüksəlişdə olan milli hisslər, ideyalar boğulmuş, repressiya illərində Azərbaycanın 50 mindən artıq övladı güllələnmiş, 100 mindən çox insan Qazaxıstana, Sibirə sürgün edilmişdir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz kimi böyük ədəbiyyat, mədəniyyət xadimləri məhz həmin illərdə sovet kommunist ideologiyasının qəzəbinə tuş gəlmişlər. Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı araşdırılıb öyrənildikcə dəyəri artan, bitib tükənməyən qiymətsiz bir xəzinədir. Dahi sənətkar hər zaman qədirbilən xalqının qəlbində və yaddaşında yaşayacaqdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ