Küçələr kölgəsindən tanıyır adamı - Yeni Şeirlər

Tarix:4-05-2019, 22:17 Baxış Sayı:194

Küçələr kölgəsindən tanıyır adamı - Yeni Şeirlər
MANERA.AZ Tural Turanın yeni şeirlərini təqdim edir:

Kəsin tanrının əlini

Özünüz yaza biləcəksinizsə alın yazınızı,
Kəsin alnınızdan tanrının əlini.
Kəsin ki, muxtariyyətinizə müstəqillik ala biləsiniz.
Ana yasanızı təzədən yazın alnınıza...

Tanrını sevdiyim qızın gözlərində tapmışdım,
ayaqlarında da dəfn elədim...
Dünyadakı axırıncı tanrı da
son nəfəsimlə can verəcək...

Təbiətin beşinci fəsli ölümdür,
yorulanda dayandırın vaxtınızı,
dadı damağınızda qalsın dünyanın...

Evlisinizsə, siz də bir tanrısınız,
öləndə də ölümsüzlüyünüzə inandırın
uşaqlarınızın anasını.
Çünki uşaqlarınız da analarına inanır...

...Bütün qiyamətlər pəncərələrdən başlayır,
Evinizə pəncərə qoymayın,
pəncərə şəkli çəkin təsəlli üçün...
Ölməyə pilləkan yaxşıdır,
Qəbrinizi də yataq otağınızda qazdırın,
Xəyanətsizlikdən əmin olmaq üçün...
29 aprel 2019
Bakı



***
Küçələr kölgəsindən tanıyır adamı,
qapılar yerişindən.
Güzgülərsə baxışlarından...
Bircə qəbirlər tanımır adamı,
bir də tanrı...
Həmişə tanımadıqlarımız sahib çıxır bizə.
Xoşbəxtlik son nəfəsdən başlayır
Çünki bir daha onu görə bilməyəcəksən.
Görə bilmədiklərinə özənir adam...
28 aprel 2019


***
Dünyanın ilk sözü gülüşdür,
hələ də bütün dillərdə eyni yazılır.
Göz yaşlarının hərflərini
tanrı da kəşf etməyib hələ...
Göz yaşları quruyanda ölür adamlar,
göz yaşları quruyanda
qəbirlərin üstünü ot basır.
Hər səhər ağlamağı məşq edin,
bəlkə ölmədiniz.../kulis.az/
26 aprel 2019

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ