Bəs sən necə sevirsən? - Yeni Şeirlər

Tarix:21-04-2019, 20:55 Baxış Sayı:263

Bəs sən necə sevirsən? - Yeni Şeirlər
MANERA.AZ Xuraman Hüseynzadənin yeni şeirlərini təqdim edir:

Səni soruşmaq istəyirəm...

Görüş yerləri
bağçamızdakı rəngbərəng çiçəklərin
ləçəkləri olan
arılardan soruşmaq istəyirəm səni.
Bağçanızdakı güllərin ləçəklərindən öpəndə
Bizim çiçəklərin ətri çökürmü onlara?

Sizin həyətin tozunu bizə gətirən
bizim həyətin tozunu sizə aparan
küləklərdən
soruşmq istəyirəm səni-
ətrini o tozlara qarışdırıb
gətirə bilərlərmi mənə?

Məni sevdiyini söylə külək əsəndə
əzizim,
necə ki mən pıçıldayıram küləklərə
səni sevdiyimi.
Bilirəm ki, o pıçıltım
qarışacaq tozlara
bələnəcək
adamların külək əsdikcə
ovxaladıqları gözlərinin yaşına...

Son ünvanı sən olacaqsan-
ürəyin olacaq
gözlərin olacaq,
sevgilim...

Səni yaxıb-yandırsa da,
tale kimi qaraltsa da
bax günəşə, doyunca bax,
qorxma...
Səni öpüb yorulanda
mənə qonaq gələcək,
üzünü,
gözlərini öpdüyü zər telləriylə
öpəcək mənim üzümü,
gözlərimi,
isidəcək ürəyimi.

Dadacaq sevgini,
sevgi dolu olacaq günəş,
əvvəl sənin,
sonra mənim
ürəyimə dolacaq günəş...

Dənizə vurğun qağayılardan
qışın qarında,
şaxtasında
vətənini tərk etməyən sərçələrdən,
sahibini qoruyan itlərdən
soruşmaq istəyirəm səni.
Öyrətdilərmi sənə etibarlı olmağı,
sevdiyinə xəyanət etməməyi?

Səni,
yalnız səni soruşmaq istəyirəm
gördüklərimdən...
Yaxşılardan
yaxşı nə varsa öyrənməyini istəyirəm,
sevməyini istəyirəm,
sevməyini...

Bəs sən necə sevirsən?

Sən məni
mən səni sevən kimi yox
başqa cür sevdin...
Amma sevdin, bilirəm...

Elə ki yadıma düşürsən
dərdlərimi unuduram
harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi...

Adamlar gəzir şəhərdə
tək-tək, iki-iki, üç-üç, bir az da çox...
Təklər bu zaman tənha olur
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və daha çoxların arasında
gözlərim gəzir səni
Yerə dağılan mirvari boyunbağının dənələrini
gəzən kimi...
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?

Qağayılar gölə gəlməz
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var
mənim vətənim sənin gözlərindi
özümü axtardığım, özümü gəzdiyim gözlərin
baxıb, baxıb özümdən bezdiyim gözlərin
hər yerdə səni görmək istəyirəm
qoy qərib desinlər, didərgin desinlər, eybi yox...
Mən səni belə sevirəm
bəs sən necə sevirsən?

Nə deyim ki başqa?

Küçəmiz darıxdı
sənin ayaq izlərindən ötrü
otları uzanan küçəmizdə,
mamırları çoxalan küçəmizdə
təkcə
bir cüt ayaq izi azaldı
sən gedəndən

qara it hürməyi tərgitdi
xallı pişik adamlara yovuşmağı
çiçəkləri darıxıb-darıxıb soldu
biz ayrılandan

telefonumu toz əsir alıb
küçəmizi alaq
ürəyimi tənhalıq
ruhumu sükut
Nə deyim ki başqa
geriyə dönəsən?..

Dəniz qağayıları sevən kimi…

Bir-birimizə gecikdik
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən
birimiz gecikəydik
təsadüfən rastlaşaydıq
qağayıya dönəydik
görüşəydik dəniz yurdumuzda
zaman bu zaman olmazdı
illər də bu illər
nə sən ruhuna xəyanət edəydin
nə də mən
sevəydik bir-birimizi
qağayılar dənizi
dəniz qağayıları sevən kimi…

Bir ovuc arpa...

Anasının qoynuna sığınan körpə kimi
buludların arxasına sığınıb ay...
Otağımda sükut var
sanki səssizliklə boyanıb divarlar
hərdənbir səslər qopur gecənin bağrından
Hardasa uzaqdlardan gəlir gecəyə keşik çəkən
itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.

Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin...

Yorğun külək

Külək səbrsiz - səbrsiz elə əsir...
İllərlə qürbətdə can çürüdən
qəribdi sanki
evinə çatmağa tələsir.
Hardasa bir ağacı ayırır torpağın bətnindən,
çiçək-çiçək ümidləri
qırılır ağacın...
Bir-birinə calanmış, yamanmış
elektrik naqillərinin
qırılıb başına düşəcəyindən qorxur
sağ ayağını
indi düşmənin at oynatdığı yurda əmanət edən
Səməd kişi...
Düşmən gülləsindən qoruduğu canı
nazik bir telə qurban verəcək?
Bir ayağa qalıb ümidi
onu da
əsən yelə qurban verəcək?

Dərsini bilməyən uşaq kimi
tir-tir əsir külək...
Kimdən qorxur,
nədən qorxur?

Qorxduqca
daha da qorxulu olur...
Küləyin şiddəti artdıqca
artır həyəcanı, artır təşvişi,
qoltuq agacıyla asfaltı döyə-döyə
evinə tələsir Səməd kişi...

Gənc şair

Səhər açılar
oyanarsan günəşdən öncə
bir siqaret yandırarsan
tüstüsü ah-nalə kimi ərşə qalxar
nimdaş paltarını
köhnə ayaqqabılarını geyib
çıxarsan evdən
ruh bədəndən çıxan kimi
kirayədə yaşadığın evin
yoxsulluğu, hüznü çökər üzünə
tələsərsən iş yerinə
yolda qarşına çıxan dilənçiyə
pul verərsən
ürəyinə mərhəmət basarsan daş yerinə...
Yazarsan, pozarsan
Fikrin, dərdin dolanbaclarında
Azarsan
Günorta bir az kolbasa
Yanında araq
nahar edərsən
özünü məmləkətinin şairi sanaraq.
Axşam düşər
Ayaqlarını sürüyə-sürüyə
dönərsən evinə...

Səni tənhalıq qarşılayar
yoxsulluq sarılar boynuna
külqabı yolunu gözləyər
qədəh həsrətini çəkər
bir də köhnə kompüter...
Ağ səhifə salamlayar səni
dərdlər yığışar başına
nə təzə çay
nə isti yemək gələr qarşına.
Cırıq, sökük paltarını
Yamayan, yuyan da yox,
Dörd divardan savayı
Səni heç duyan da yox
əllərin klavyedə gəzər ağır-ağır
sevgilinin saçlarında gəzər kimi
lüt-üryan iynə el-aləmi bəzər kimi
bəzərsən söz ilə ağ səhifəni...
Sevgidən yazarsan
Yazarsan o şair könlündə
azandan, itəndən,
yazarsan torpaqdan
yazarsan vətəndən
əsərsən, coşarsan arada
bilmərsən kim üçün
yaradıbdı səni
yaradan...
Və gecə düşəndə
Taleyinin qara rəngilə
ərşə çəkilər yuxun
bir az da artar qəmin
bir az da artar qorxun...
Girərsən buz kimi yatağa
Soyuqluq
boynuna dolayar qolunu
tənhalıq qoxlayar ətrini,
narahat yuxular gözləyər yolunu.

Gənc şair
yazarsan, yazarsan,
sözlərdən bir ocaq qalarsan
köz qalmaz ocağında
qocalarsan
gəncliyin qucağında...

Ağ kağızlar

Yenə qapıda
bir üzündə işıqpulu yazılmış kağız
kasıblığa təslimiyyət bayrağı kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
mən zəif deyiləm
qaranlıqdan yox
qaranlığı aydınlatmaq üçün
gələn ağ kağızlardan qorxuram
qaranlq rəngində
zülmət rəngində
ölən ümid rəngindəki ağ kağızlardan...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ