"Latın sükutu"ndakı səslər və rənglər - Rəvan Cavid yazır

Tarix:21-04-2019, 20:38 Baxış Sayı:193

"Latın sükutu"ndakı səslər və rənglər - Rəvan Cavid yazır
Səslərin sözlərə, sözlərin cümlələrə çevrilməsi yeni tarixin başlanması, sivilzasiyaların növbəti önəmli mərhələyə keçməsi, bəşəriyyətin sənət gözünün açılması, insan amilinin və təhtəlşüurunun özünü təsdiq zamanının gəlib yetişməsi üçün ən vacib başlanğıc oldu.

Təbiətdəki mütləq harmoniya elementi olaraq səslər zaman-zaman bəzi şeyləri yerbəyer etdi. Xüsusən də insan - tanrı modelinin yaranmasında dil faktorunu meydana gətirdi. İnsanların bir coğrafiyadan kənarlaşması, dillərin və mədəniyyətlərin yaranması məhz homosapiensin özünü müstəqil ifadəsiylə başlanğıc götürdü. İnsanların fərqli coğrafiyalarda fərqli mədəniyyətlərə sahiblənməsi sənət konteksində özgələşməni və çeşidliliyi ön plana çəkdi.

Şərq insanı üçün səslər ritmlərə, bu ritmlər isə sənətə çevrildi - poeziyadan söhbət gedir.

Əslində, poeziya nümunələrinə bütün ölkələrin ən qədim ədəbiyyatlarında rast gəlirik. Mifoloji elementlərin təsviri bəsdir ki, biz rahatlıqla bunu deyə bilək. Şərqdə isə bu ənənə, bu ədəbi hadisə köhnəlmədi və öz yerini digər janrlara asanlıqla vermədi. Şərq şeiri yeni çağlara təslim olmaq istəmədi. Şərq insanı özünü poetik simvollarla ifadə etməyi sevir. Məsələn, dünyanın ən gözəl sevgi dastanları Şərqdə olub. Şərq insanı üçün duymaq, hiss etmək şeirlə başlayıb.

Şeir səs hadisədi. Bu günün dünyasında ədəbiyyatın çiynində daşıdığı yükləri şeirlərə aid edib onların ruhunu bu qədər tünd rənglərlə bəzəmək istəməzdim. Ona görə, şeiri ədəbiyyat deyil, səs hadisəsi kimi təqdim edib, məhz bu ifadədən yola başlayıram.
"Latın sükutu"ndakı səslər və rənglər - Rəvan Cavid yazır
Bu baxımdan Fuad Cəfərlinin "Latın sükutu"nda yeni bir səs eşidə bilərik: Fuada xas.

Öncə oradan başlamaq lazımdır ki, Fuad Cəfərlinin özünə məxsus lüğəti var. Onun şeirlərindəki sözlər içindəki səsləri ifadə etməkdən başqa, həm də digər şairlərə bənzəməyən metaforalarla seçilir. Bu da şeirlərdəki mənaların fərqli yozumlarına səbəb olur. Yəni şeirlər polifonikdir. Oxucunun fərdi müşahidəsinə buraxılır. Bu xarakter şairin oxucularının az olacağına işarədir. Şeirlər tamamilə populizmdən uzaq, qeyri-kütləvi və oxucusu ilə intellektual yadlıq yarada biləcək səviyyədədir. Simvolistik və süjetli olması isə epik çalarları artırır ki, bu da ənənəvi şeirə bağlı oxucunu şairdən uzaq sala bilər. Bir sözlə, şeirlər sənət konteksində daha yüksək etapdadır, nəinki şair-oxucu əlaqəsində. Hətta demək olar ki, Fuad Cəfərli üçün, ümumiyyətlə, oxucunun nə oxuyacağı maraqlı deyil. Seçdiyi sözlərin təcrübəli oxucunu təəccübləndirməsinə baxmayaraq, həm də onu eyni situasiyaları fərqli dillə düşünməyə vadar edir. Bu, onun orijinallığıdır. "Latın sükutu" toplusu ilk bu səciyyəvi xüsusiyyətinə görə bənzərsizdir. Sənətin kütlə üçün yox, elə sənət üçün olduğunun tərəfindədir.

Fuad Cəfərli ifadə etmək istədiyi mətləbi poetik yox, epik rənglərlə verə bilir. Buradan da şeirlərin təkcə poeziya nümunəsi yox, həm də nəsr nümunəsi olduğu arqumentinə rahatlıqla keçə bilirəm.

Şeirlərin bir çoxsu esse təəssüratı yaradır. "Adəm sağ olsaydı...", "Qara pianoda cavanlaşmaq", "Əslində, ədalət Roma..." və bir neçə bu qəlibdə şeirlər var ki, daha çox, esse kimi qavranılır. Bu şeirlərin alt qatındakı məna yükü şeirin (və ya essenin) səsində ağırlıq yaradır və nə qədər şair poetik olmağa çalışsa da, bu, alınmır.

Şair "heç vaxt ölməyəcək adamlar"ın arzusundadır. Bu arzu özünü çılpaq şəkildə kitabın sonlarında daha aydın göstərir.

...izsiz-soraqsız adamlar doğulur,
heç vaxt ölməyəcək adamlar...


Və ya "Damımız bulud" şeiri bütövlükdə bu anlayışa cavab verir. Şeirin misralarından eşidirik ki, insanlar artıq günəşi, küləyi duya, sevə bilmir, ağlaya bilmir, göy üzü onlardan çox uzaqdadır. Həm də torpağın üzərində əbədi yaşamağa məhkumdurlar.

Sosial problemlərin incə simvolları var şeirlərdə. Sənətin, ədəbiyyatın hələ də xilas yolu olduğuna kəmgüman yanaşma Fuadı narahat edir:

"bircə sən inanırdın mənim şair olacağıma..."

"ümidlər anama bənzəyir,
gecələr üzümə qapı açar,
səhərlər dualarla yola salar. "


Və ya

"mən işığa həsrət bir kənd gecəsi"

Yenidən Qərb və Şərq poeziyasının fərqinə qayıtmalıyam. Yuxarıdakı misralar bunu tələb etdi.

Yaşanmışlığın təsviri və kimyası. Şərq şeiri sadəcə baxmağı və onu sarsıdan amilləri təsvir etməyi bacarır. Qərb şeiri isə hadisə yerində özünü xəfiyyə kimi aparır. Mövcud durumun ən xırda detallarını öyrənməyə çalışır. Süjet qurur.

Fuad Cəfərlinin şeirlərində hər ikisi var. Gözümüzdən gizlənməyə çalışan mətn arxası süjet və bizi şairin orijinal səsiylə ovsunlamağa çalışan poeziya.

Şair müxalifliyi, etiraz, yeri gələndə üsyan, ədalətsizliyə, irqçiliyə, müharibələrə hirs, üzüntü, şairin obyektivindəki döyüş kadrları bizi də onun qədər narahat etməyə başlayır. Sosiallığın fərdi təhtəlşüura vurduğu ən sarsıdıcı zərbələri görmək olur Fuadda. Bir cümləsi bəsdir ki, onun nə qədər narazı, eyni zamanda, tanıdığı hadisələrinin təəccüblü olmayan tərəflərini bizə də göstərsin:

"Sevincləri qısa olan şəhərdə
xəyal qurmazlar"


Bu misra alınıb! İstər bədii həlli olsun, istər məna yükü olsun, hər şey yerindədir. Və bu misradan yola çıxıb şairin ümumişlək olmayan səsini yenidən eşidə və arzularını dinləyə bilərik.

"cəftə və ya kilid olan yerdə qapıdan
küsməzlər..."


Eyni səs, eşitdiniz?

Şəkil detalları, tarix (bəzən məqsədli şəkildə təhrif olunması - anoxronizm), çətir, qaranlıq, Günəş şeirlərin əsas ədviyyatlarıdı.

"Utanmağa uzaqlardan deyil,
Özümdən başladım..."


Pessimist görünməsinə baxmayaraq, kifayət qədər realist detal olan "Bir ataya muştuluq" şeiri fərdin özünü aşması prosesi haqqında ən yaxşı şeirlərdən ola bilər. "Hekayəm"də, "Bakıda gecə olmaq"da, "Saman çöpü"ndə də eyni mövzu və təsvirlərdir.

Müxtəlif dövrlərdə Azərbaycan şeirində fərqli səslər eşidilib, sözün fərqli rəngləri görünüb. Məncə, ən yeni ədəbiyyatmızda Fuad Cəfərli imzası ilə də bu səsləri duya, belə rəngləri sezə bilərik./525.az/

Rəvan CAVİD

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ