Bu yol məhəbbətdi, bu yol məşəqqət - ŞEİRLƏR

Tarix:13-03-2019, 10:30 Baxış Sayı:158

Bu yol məhəbbətdi, bu yol məşəqqət  - ŞEİRLƏR
MANERA.AZ Gülnarə İsrafilin şeirlərini təqdim edir:


Göylər saçlarımın duvağı

Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir göy üzünün rəngini mənə.
Bir göy qurşağıyla yallı oynayaq,
Çal sakit havada cəngini mənə.

Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.

Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq qucağıma mən.

Götür gözlərimə göy qurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.

Sinəmiz üstünə daş aparmışıq

Köhnə damımızın qapısı qırıq,
Çəkib örtmək üçün cəftəsi yoxdu.
Döşəmə üstündə rahat gəzmirik,
Tol çəkib atamız, taxtası yoxdu.

Bu həmənki bağdı, həmənki yaylaq,
Nənəm cəhrə qurub yun əyirməyir.
Kürsü çörəyinə həsrət qalmışıq,
Qonşu çörək üçün qapı döyməyir.

Daha yığılıbdı yaslarımız da,
Toyumuz mağarda çalınmaz olub.
Bəxti gətirməyən qız-gəlinlərin,
Adına ad gəlib, alınmaz olub.

Bu dağın daşı da köçüb aşağı,
Nə qədər, dünyada köç maşını var?!
Atam at əvəzi bir eşşək minib,
Qonşu harınlayıb, üç maşını var...

Bu nədir, Allahım, bu nədir belə?
Kişinin üzü də tarımlanıbdı.
Yetimin malını yemək düşməyib,
Malı yeyən kəslər qarınlanıbdı.

Gəlib çiynimizə ili yükləyib,
Zamandan sadəcə yaş aparmışıq.
Dünyanın gözünü tapdalayıb da…
Sinəmiz üstünə daş aparmışıq.

Gedən payız gələn ilə eynidir

Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindir.
Bu həyatın yolu, dərdi ayrıdır,
Bu həyatın ələyi də dərindir.

Qarsaladı, təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.

Aləmində, aləm sirli, gün sirli,
Cəld taleyin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.

Qara saça ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.

Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdür qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.

Elə istəyirəm

Elə istəyirəm qığılcım axsın,
Parlasın gözümün yaşı yerinə.
Çiynim bu dünyanın yükü altında,
Əzilib getməsin boşu yerinə.

Elə istəyirəm küləklər əssin,
Çiçəklər dayansın dodaq-dodağa.
Bu öpüş qanadlı mələyə dönsün,
Aparsın məndən də məni uzağa.

Elə istəyirəm nağıl danışsın,
Hər gecəm gündüzü yatırmaq üçün.
Sinəmdə doğulmuş körpə arzunu,
Qızılgül içinə batırmaq üçün.

Elə istəyirəm buludlar kimi
Ağlayım, quruyan dodaqlar üstə.
Baharda ağacda tumurcuqlayım,
Gizlin-gizlin açım budaqlar üstə.

Elə istəyirəm torpaq ağlayım,
Tökülsün gözümdən torpaq adamlar.
İçimdə göyərən, içimdə ölən,
Bir-bir yerə ensin yarpaq adamlar.

Elə istəyirəm torpaqdan bitim,
Yeriyim, yeriyim, uzanım göyə.
İçimdə göyərən, içimdə ölən,
Yarpaq-adam kimi ölməyim deyə.

Yerin çilələri

Qara qarğaların qarıltısına
Dan yeri gərnəşir, səhər oyanır.
Üfüq duaların həzinliyinə
Bir əl mürgüləyir, şəhər oyanır.

Sinirlər canlanır xoruzun banı,
Ömür cavanlaşır saata qədər.
Deyəsən, hardasa varıydım axı,
İndi yaşadığım həyata qədər.

Gecənin bir tutum halı da yoxmuş,
Gündüzlər inada qərinələnir.
Göyün ucqarında ulduz qıyımı
Yerin mərkəzinə işıq dilənir.

Günəş göy üzündə sarı yarpağa
Bürünüb payızın ətirin verir.
Qənim kəsilərək insan insana,
Bir yolluq min qışın tətilin verir.

Yerin çilələri bitmir ki, bitmir,
Yazın yorğanından yastıq döşənir.
Gecənin canına ulduzlar ləkə,
Dünyanın dişində gündüz gövşənir.

Yol

Bu yol xarabalıq, bu yol abadlıq,
Yolun ortasında ölüm oyanıb.
Kim deyir başlanğıc doğum ilidi?
Yolun lap sonunda ilim dayanıb.

Bu yol məhəbbətdi, bu yol məşəqqət,
Ayağım torpaqda sırsıralanıb.
Yolun üzündəki mənim göz yaşım,
Yolun ürəyində sirr sıralanıb.

Bu yol qara geyib, bu yol ağ geyib,
Əvvəli, ortası, sonu ağappaq.
Yolun kiprikləri, yolun saçları,
Yolun sinəsidi qapqara bir dağ.

Bu yol arzuların budağı kimi,
Bu yol günahların otağı kimi,
Bu yol dirilərin ölüm ayağı,
Bu yol ölülərin torpağı kimi.

Yolun gözləri də qarmaqarışıq,
Yol yaman sarılıb kipriklərimə.
Yol mənim saçımda xınalanıbdı,
Gedirəm bu yolu geyib əynimə.

Könlümə ebru çək

Könlünə ebru çək baxışlarımı,
Boşuna gözəlim, gülüm, demə, keç.
Əl-ələ tutmadan tutaq əl-ələ,
Boz ömrü rəngləyək, silim demə heç.

Səni bənd-bənd yazım, şeirbəşeir,
Sallanaq bir ağac budağına söz.
Uşaqlıq şəklimdə təbəssüm qalıb,
Götür, dodağımdan yanağıma düz.

Təmizlə lallığın qırışlarını,
Axım tozlu ömrə, şəlalə axım.
Səndə güzgülənim, səndə daranım,
Səndə ürkək-ürkək camala baxım.

Xoşlansın günümüz sığalbasığal,
Yazaq özümüzdən, qərinə yazaq.
Üzdə hamı sevər, hamı sevilər,
Gəl biz sevgimizi dərinə yazaq.

Niyə gəlmişəm ki...

Çölüm səs etməyə içimə bənddir,
Hayım harayımda ilğımım gedir.
Geri qayıtmışam bu köhnə kəndə,
Sözüm ələf-ələf, dırmığım gedir.

Evimin himini sel ovxalayır,
Dəlik-deşik olur evimin dalı.
Bu bahar güllükdə bənövşə yoxdur,
Bu bahar ayrıdır çəmənin şalı.

Çardaqda qaranquş yuvası boşdur,
Toyuq-qaz yumurta üstündə yatmır.
Bu kəndin məktəbi uşağa acdır,
Uşağı, cavanı, qocası artmır.

Gözü yaşlı qalıb Qəmər xalanın,
Ərşi silkələyir duası, ərşi!
Niyə gəlmişəm ki bu köhnə kəndə?!
Nəyimə gərəkdir, nəyimə, əşi...

Qayıdım o səsli-küylü şəhərə,
Kiminsə itinin toyuna gedim.
Yan alım hamının getdiyi səmtə,
Fitnəyə, fəsada, oyuna gedim.

Bahar göyərə

Xəzri küləyi dərd uğuldadıqca,
Nəfəsim sinəmdə yavaş qabarır.
Alça çiçəkləyir, çiçəkliyini
Külək üfrümünə dartıb aparır.

Nəfəsim bənövşə, yaz ətirlidir,
Yazın gəlişini qucaqlayıram.
Məni büküm-büküm edəndə külək
Səpib puçur-puçur uçuqlayıram.

Nərgizlər dolaşır ümidlərimə,
Ən son ümid yeri çiçəkləməkdir.
Körpəm doğulmur heç, iməkləmir heç,
Günlərim doğulmaq, iməkləməkdir.

İli yola salan gözüm acışır,
Sevginin ürəkdə sancısı tutur.
Torpaq oyananda buğda boyludur,
Partlaq yerlərinin ağrısı tutur.

Yazın torpaq ətri yetir ki, yetir,
Qışdan qaçıb gedən qaranquş gələ.
Qayadan seçilə xına daşları,
Yerdən bahar çıxa, bahar göyərə.

Boşluq

Başını dizimə qoy bircə axşam,
Pozsun sükunəti daş görüntülər.
Doldursun ömrümün naxış yerini,
Rəngsiz, dalğa-dalğa boş görüntülər.

Diz çöküm nazının yetimliyinə,
İstəyim bir qarın yemək qədərdir.
Dünya qış günüdür, tutumu yoxdur,
Həyat həyliyində gəlib gedərdir.

Yaşayım özümü, bir gün, bir saat,
Dəqiqə alnımda qırış yerimdir.
Çoxu qarğışladı, ahını aldım,
Əlləri boş qalan alqış yerimdir.

Suala tutma heç, sual doludur,
Cavabı sinəmdən qopan hər ahda.
Yığdığım qarğışın heçliyindəyəm,
Düşdüyüm boşluğu görmür Allah da.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ