Qəlbsiz qadının rəsmi - Hekayə

Tarix:16-02-2019, 16:23 Baxış Sayı:437

Qəlbsiz qadının rəsmi - Hekayə
Hər gün səhər yeməyindən sonra Amin sakini olduğu uşaq evinin həyətinə çıxardı.

O, digər uşaqlarla oynamağa çox da həvəs göstərmirdi. Onlara uyğunlaşa bilmirdi. Sanki onların arasında sıxılırdı. Bir az qapalı uşaq idi Amin. Təkliyi sevirdi.

İri, qara gözlərini uzaq bir nöqtəyə zilləyib, tez-tez fikrə gedərdi. Ağ, zərif əllərini çənəsinə dayayıb xəyala dalmaq onun ən sevimli məşğuliyyəti idi. Hərdən kağız, qələmlərini götürüb müxtəlif rəsmlər çəkərdi. Aminin yaxşı əl qabiliyyəti vardı. Bir-birindən gözəl rəsmlər çəkirdi. Çəkdiyi rəsmlər uşaq evinin divarlarından asılmışdı. Amin hər zaman xəyalında "Onu" çəkirdi. Amma bu dəfə yeni əsərini kağız üzərində yaratmaq istəmədi. Xəyalında canlandırdığı qadının rəsmini təbaşirlə narın torpağın üstünə həkk etdi. O, torpağın üzərinə hər gün xəyalında canlandırdığı qadının şəklini çəkmişdi. Bu Qadın onun anası idi...

Daha sonra yerə oturub, şəkildəki qadının saçlarına sığal çəkməyə başladı. Barmaqlarının ucu ilə onun iri alnına toxundu. Və yenə xəyallara daldı. Sonra isə başını şəkildəki qadının köksünün üstünə qoydu. Amma bununla da kifayətlənmədi. Başmaqlarını çıxarıb bir kənara atdı, şəklin yanına uzandı. Sanki anasına qısılmışdı Amin. Amin pıçıltı ilə danışırdı: "Gözəl anam, yolunu gözləyirəm. Gəl, məni apar. Mən ancaq sənin yanında xoşbəxt ola bilərəm.. İsti əllərini, isti nəfəsini duymaq istəyirəm, mən sənsiz darıxıram"...

Uşağın gözlərindən yaş sel kimi axırdı. Amin özünü anasının isti qucağında hiss edirdi. O ayağa durmaq fikirində deyildi. Ana həsrəti çəkən uşaq sanki o rəsmi qucaqlayaraq anasını yanında hiss edirdi. Tərbiyəçi Aminin yaş torpağın üstündə uzandığını görəndə, onun yanına qaçdı. Bir müddət duruxdu. Elə bildi ki, uşağa nəsə olub. Dərhal onu qaldırmaq istədi. Amma Amin anasının "isti qucağından" ayrılmaq istəmirdi. O: "Mənə toxunmayın. Bu qadın mənim anamdır. Onu heç kimə verməyəcəm. Anam mənimdir. Mən ondan ayrılmaq istəmirəm" - deyib, göz yaşları axıdırdı.

Müəllimə də Aminə qoşuldu. İndi o da göz yaşlarını boğa bilmirdi..

Amin müəlliməsinə sığınıb, belə deyirdi: "Anam gələcək. Bir gün mütləq gələcək. O, bir gün məni burdan aparacaq. Biz birlikdə xoşbəxt olacağıq. O məni böyük evə aparacaq, xoşbəxt ailəm olacaq. Mənim anam, anam, ana hardasan?”- deyirdi.

Uşağın göz yaşları isə yerdə çəkdiyi rəsmin yarısını yuyub aparmışdı. Yerdə qəlbsiz bir qadın qalmışdı...

Leyla NAMAZOVA

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ