Polis maşınında dərsə gedən müəllim

Tarix:9-02-2019, 13:51 Baxış Sayı:163

Polis maşınında dərsə gedən müəllim
Manera.az şair, müəllim Emin Piri ilə müsahibəni təqdim edir:

Qısa tanışlıq

Emin Sabir oğlu Piriyev. 1986-cı ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşam. Sumqayıt şəhərində "Şərq” liseyində oxumuşam. (indiki 35saylı məktəb) Ağdamda tağım komandiri olmuşam ( leytenant). Xızı rayonu, Türkoba kənd Ümumi məktəbinin müəllimiyəm.

Üç ildir, müəllimliklə məşğulam. Əvvəllər saytlar, qəzetlərlə əməkdaşlıq edirdim. Doğrusu, yoruldummu deyim, yoxsa başqa maraq sahələri axtardımmı deyim, bilmirəm. Onda gördüm ki, müəllimlərin işə qəbul imtahanına hazırlaşıram. Beləcə imtahan verdim. Maksimal bal 60 idi, 56 bal topladım.


Müqəddəs hədiyyə

Kimdən soruşsan deyəcək ki, müəllimliyi müqəddəs sənət olduğuna görə seçdim. Və yaxud xalqı aydınlatmaq və.s. Kiminsə günahını almaq istəmirəm, amma deməzdim ki, məndə tam olaraq belədir. Dediyim kimi başqa sahə axtarırdım, Şəhər mühiti isə məni sıxırdı. Uzaq durmaq, həm işləmək, həm də ucqar bir yerdə mütaliə etmək, yaradıcılıqla məşğul olmağa ehtiyacım yaranmışdı. Diplomum da buna imkan verdiyinə görə uzaqlaşa bildim. Amma indi deyə bilərəm ki, işlədiyim bütün sahələrdən ən hüzurlusu elə bu imiş. Başqaları dəyər verməsə belə özünü dəyərli hiss edirsən. Aldığın bir manat pul belə sənə müqəddəs hədiyyə kimi görünür. Ailəmizdən elə də çox müəllim olmayıb. Amma babam əlli ilə yaxın kənddə müəllim işləyib.

İlk dəfə müəllimliyə Siyəzən rayonunun dağ kəndlərində başladım. Orda yaşayırdım. Müəllimlərlə kirayə ev tutmuşduq. Düzü, mənə adrenalin kimi görünürdü. Qışın əksər ayları qar, odunla qızdırılan ev.

Elə kənd məktəbləri var ki, şəhər məktəblərindən həm şəraitinə, həm də tədrisinə görə üstündü. Eləsi də var ki, XXI əsrə hələ qədəm qoya bilməyib. Sadəcə deyə bilərəm ki, kənd məktəblərində, xüsusən, kiçiklərində hamı bir-birinə qohum olur, ayrıca başqa bir doğmalıq olur. Şəhərlə müqayisə tam olaraq doğru deyil. Əksinə kənd uşaqları ilə işləmək daha maraqlı, eyni zamanda daha rahatdı. Məncə şəhərdə daha çox yorulardım. Kənddə hələ də müəllimə hörmət daha çoxdur. Şəhərdə otağa girib dərsə başlayırsan. Amma bəzi kəndlər var ki, sənin əsas işlərindən biri odun peçiylə ilgilənməkdir. Fərqli şəraitlər, fərqli fəaliyyətlər ortaya çıxara bilir.

Dərs, zarafat...

Özümüz məktəbli olanda qorxurduq ki, nəsə deyərik, müəllim vurar, və yaxud kobud söz deyər. Mən şagirdlərlə zarafatlaşıram da, dərsi də keçirəm. Diktator olmağıma, özümü müqəddəsləşdirməyimə ehtiyac yoxdur. Döyməyə gəldikdə isə sizcə döyən müəllim bunu mətbuata açıqlayarmı? Məktəbdə zor tətbiq etməyin müdafiəçisi olmaq sadəcə gülməlidir. İndi müasir dövrdü, facebookda məni izləyirlər, bayramlarda, şeirlərimlə bağlı, və yaxud hardasa dərc olunanda yazırlar.

Cinayətkarla dərsə gedən müəllim

Siyəzəndə dağ kəndi olduğundan daha maraqlı hadisələr olurdu. Bir dəfə məktəbin qabağında durmuşduq, canavar məktəbin qabağına gəlib quzunu belinə atıb getdi. Bu tip şeylər məndə qorxu yox, maraq yaradır. Səhər vaxtı kəndə marşrut işləmir. Belə olduğu halda 5-6 km-lik yolu piyada getməli olursan. Amma sağ olsun, yerli camaat, yolda birini görəndə maşınla kəndə aparır. Yəni pulsuz-parasız. Beləcə kamaz, motosiklet, minik maşını, nə gəldi minib gedirəm. Bir növ avtostopla.

Bir dəfə tezdən gedəndə dəhşət yağıntılı idi, özümsə donurdum. Bir maşın da qabağıma çıxmırdı. Polis maşını gördüm, özümü qabağına atdım. Maşının arxasında saxlanılanlarçün yer olur, yəni cinayətkarçün. Dedilər, qabaqda polislərdi, arxada cinayətkar, səni necə aparaq. Dedim canini buraxın, məni aparın. Lazımdısa onun yerinə lap məni tutun. Bir neçə zarafatımdan sonra razılaşdılar. Nə isə, axırda polisin biri düşdü, onun yerində oturdum. Geri qayıdıb məni kəndə apardılar.
Polis maşınında dərsə gedən müəllim
Üç-dörd sinifli şagird

Şəhər mühitində marşrutlardan istifadə etdiyimə görə bəzi yerlərin qaydasını bilmirdim. Misalçün, biz tərəfdə avtobusa ön qapıdan minmək olmaz. Yəni, xanımlarla üz-üzə gəlməyəsən deyə. Hətta arxada nə qədər basabas olsa da, yer olmasa da, yenə arxa qapıdan minməlisən. Bu mənimçün yenilik idi. Kənd yerlərində elə məktəblər var ki, cəmi 30-40 şagirdi var. Hətta bəzi kəndlərdə 20 şagirdli məktəblər də var. Elə siniflər olur ki, cəmi 3-4 şagirdi olur. O şagirdlərin əslində bəxti gətirib. Hazırlığa getmədən rahatlıqla məktəbdə yüksək hazırlıq keçə, heç bir xərc, əlavə vaxt itirmədən istədiyi yerə qəbul ola bilərlər.

Ad günündə pul yığan müəllim

Müəllim və digər insanlar qarışıq cəmiyyətlik problemdir. Bizim cəmiyyətdə hörmət peşənin gəlirindən aslıdır. Hazırda müəllimlər digər sahələrdən aşağı maaşlı olduğuna görə təbii ki, belə olacaq. Misalçün, prokurorun maaşı bir neçə yüzdür. Amma hamı bilir ki, onun gəliri nə qədərdi. Təbii ki, prokuroru qoyub müəllimə hörmət etməyəcək. Müəllimlər var ki, onlar da bəzi vəzifə sahibi kimi rüşvət ala bilər. Amma onlar qədər deyil. Yəni söhbət müəllimin pul yığmağında da deyil. Kim daha çox pul yığa bilirsə, ən hörmətli də odur. Söhbətin kökünü cəmiyətin qeyri leqal pullara hörmətində görmək lazımdır. Xüsusən də onun məbləğində. Eyni zamanda bəli, xüsusən, şəhərdə eşitdiyim hadisələr adamın tükünü ürpədir. Müəllim ad gününə görə şagirdən pul yığırsa buna ad verməyə çəkinlik çəkirəm. Sadəcə iyrənclikdir.

Dərsdən əlavə repetitorluqla məşğul olmuram. Mən işlədiyim məktəb kiçik məktəbdir. Yəni istəsən belə elə bir hazırlıq prosesi olmur. Uşaqlar elə dərsdə öyrənsələr bəsləridir. Ara-sıra məşğul olmuşam. Düzü başqa planlarım var. Ola bilsin, şəhərdə kurslardan birində yenidən başlayacam.

Bütün peşələrdə sıxıntılar, problemlər olur. Bu bütün peşələrdə olur. Problem bircə bankdır ki, dərsi pozur, dərs vaxtı zəng edir ki, krediti gətir, ödə! (gülür)

Son

İxtisasım tarixdir. Ədəbiyyat olsaydı, oxuyardım. Amma belə arada tarixlə bağlı ola bilir. Onlar onsuz da daha çox sosial şəbəkələrdən, mediadan oxuyurlar. Özümün şeir oxumasına ehtiyac qalmır. Həm öz maraqlarım naminə şagirdləri öz təbliğatıma alət etməyi sevmirəm. Özləri bir peşə sahibi olub ondan sonra mənim yaradıcılığımla maraqlansa olar.

Xüsusi, ayrı-seçkilik etmək istəməzdim. Hərəsinin öz yeri var. Amma mənim dərsimi öyrənən hər şagird mənə doğmadır../adalet.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ