Metro terminalının sevgisi - Orxan Həsəninin hekayəsi

Tarix:9-02-2019, 12:51 Baxış Sayı:66

Metro terminalının sevgisi - Orxan Həsəninin hekayəsi
“Beləliklə, hər şey yuxuyla başladı”
Edqar Keret. “Yalanlar dünyası”

“Qadın qəzəblə qışqırıb: “Axmaqlar!” Və fəhlələr ordan uzaqlaşmağa hazırlaşarkən, belə deyib: “Oğlum öldü və bir göyərçinə çevrildi”.
Eduardo Qaleano. “Qadınlar”

Birinci dəfə iyirmi yaşımda öldüm. Hər şey qəfil baş verdi və heyrətdən genişlənib az qala əlliqəpiklik boyda olan gözlərimdən xəstə bir sızıltı keçdi. Zəif bədənim ölümün bihuşedici dadını hiss edən an səyriməyə başladı, damar-damar olmuş sifətim buz soyuğu özünə çəkdi. Hündür körpüdən lil, bullanıq suyu üstündə çör-çöplə qabağına qatıb aparan çaya yıxıldım. Məni kimsə itələdi, ancaq bilmirəm kim. Suda çırpına-çırpına, ləhləyə-ləhləyə boğuldum. Lilli su həbəşi dodaqlarımı yarıb keçidi, zəif, incə boğazımın qısılmağına məhəl qoymadan ağciyərimə, mədəmə doldu. Ölüm anımda içimi nəhayətsiz bir genişlik duyğusu sardı. Hər yan dümağ, gözqamaşdıran işığa bürünmüşdü, daha sonra zil, qatı qaranlıq...

İçimə yığılan nəhayətsiz genişlik duyğusu çəkiləndən və yerini zil, qatı qaranlıq alandan sonra, təxmin edirəm, başqa bir aləmə keçid elədim. Ruhum soyuq bədənimdən yağdan tük çıxan kimi ləzzətlə çıxmışdı. Mən geniş, divarları görünməz salonda idim. Tavan və döşəmə şəffafdı. Bura kürsüdən, kürsünün üstündə səliqəsiz yığılan dairəvi püşk toplarından, bir külfət adamın asta-asta əyləşdiyi paralel masalardan ibarətdir. Mən elə düşündüm ki, biz səhradayıq, ətraf ucsuz-bucaqsız genişlik idi, ancaq istilikdən əsər-əlamət yoxdu. Daha sonra kürsüdə bir adam göründü və diqqətlə zilləndiyi yaşıl dəftərdən adlarımızı oxumağa başladı. Hamı buradaydı. O, şəhadət barmağını hərəkətsiz duran püşk toplarına çəkdi və astadan dedi:

- Diqqətlə baxın. Sizin gələcək taleyiniz onların içində gizlidir.

Düzü, heç nə anlamadım. O, püşk toplarını bir-bir qırmızı, zərli torbanın içinə atdı və qarışdırdı. Torbadan çıxan püşklə siyahıdakı adamları tutuşdurur; budur, beləcə sizin bundan sonrakı həyatınızın hansı bədəndə keçəcəyi məlum oldu. Adı tutuşdurulan adamlar qalxır və dümağ, gur işığın arası ilə uzanıb yoxa çıxan cığıra qoşulurlar, asta-asta duman içində itən kimi itirlər, nəhayətsiz genişlik onları udur. Siyahıda adım səslənəndə qəfil məni həyəcan bürüdü. Əlimi cibimə gizləmək istədim, ancaq ciblərim yox idi.

- Orxan Həsəni! - Zərfi oxudu və gözlərimə dikilib bir nəfəsə dedi - Siz bundan sonrakı həyatınıza metro terminalı olaraq davam edəcəksiniz.

***

İkinci həyatıma metro terminalı olaraq başladım. Yerin altında lal-dinməz, tərpənməz dayanmaq məni şiddətlə darıxdırır. Metal səthimin gur işığı şirə kimi canına çəkməyini, istiliyin qarmaqarışıq naqillərimin arasında gəzişməyini hiss edirəm. Yəqin ki, bu qəbir əzabından daha dəhşətlidir. Ah, kaş hamı kimi mən də çürüyüb torpağa qarışardım! Zavoddan Bakı metropoliteninə aparan yolda tozlu pəncərədən şəhəri izlədim. Bircə dəfə də olsun şəhər üzü görməmişəm. Yurdum arı vızıltılarının ətrafı bürüdüyü göy-çəmənlər, sal qayaların bağrında yuva quran qartal qanadlarının altı və salxımlarından ətli meyvələr sallaşan yaşlı ağacların kölgəsi idi. Dümdüz asfalt, səkilər, insanlar, hamısı məni həyəcanlandırır, bu zaman elektrik naqillərimin əsdiyini ana bətnində körpə tərpənişi kimi duyuram. Nəhayət, məni o dərin çuxura saldılar. Tək deyiləm. Dostlarım da var. Onlar iki nəfərdir. Biz hərdən söhbətləşirik. Qaradinməz olsalar da, elə də pis oğlan deyillər. Dediyinə görə, Anton təyyarədən paraşütlə atlanıb, təəssüf, paraşüt açılmayıb. Rafiq isə Qarabağ müharibəsində minaya düşüb, ayaqlarının ikisini də itirib, qanaxmadan ölüb. O, hərdən özü-özünə mızıldanır:

- Hər iki ayağımı itirmişdim. İndi isə düz dörd ayağım var. Cəhənnəmə ki, qoy heç yana tərpənməyək.

Mən isə darıxa-darıxa deyirəm:

- Elə bil bu gün dünənin təkrarıdır. Baxın, adamlar necə də bir-birinə bənzəyir. Dəhşətdir!

***

Bir aydan sonra bu amansız darıxmağı kəsib doğramaq, baş qatmaq üçün oyunlar kəşf etməyə başladıq. Kassamızdakı qəpikləri hərəkətə gətirir, qırıq-qırıq səslər çıxarırıq. Eyni anda təkrar olunan səslərdən ritm yaranır. Hə, onu da deyim ki, həftədə bir dəfə boz geyimdə, papaqlı adamlar gəlir, açarı kassanın kilidi üstə çevirir, yığılan qəpikləri, kağız pulları kassa qarışıq götürüb aparırlar. Başqa kassa qoyurlar və biz bir neçə gün bədənimizdəki yad parçaya öyrəşməli oluruq. Bu zaman özümü boş və mənasız hiss edir, şiddətlə darıxıram. Yox! Bunu heç kimə deməyin, biz yeni üsul tapmışıq. Qəpiklərdən bəzilərini kassaya yox, içimizdəki gizli, boş hissəyə yola salırıq və beləliklə, gecə əyləncəmiz davam edir. Çık, Tak. Tuk və s.

Günlərin bir günündə səhərin alatoranında mənə bir qadın yaxınlaşdı, metro kartına pul vurdu və necə gəlmişdisə, eləcə də tələsik yoxa çıxdı. Bu hadisə hər gün eyni saatda günlərlə, aylarla davam etdi. Onun saçı dağınıq idisə, deməli, bayırda külək əsirdi. Bu gün Bakıda əməllicə həngamə qopacaqdı və mən bütün gün həmin küləyin vıyıltısını öz içimdə dəfələrlə təkrar edəcəkdim. Yox, əgər yaşıl, iri düyməli paltosunun çiyinlərini yaş görsəm, deməli, bayırda yağış vardı, bu zaman ağacların yaşıl yarpaqlarına vuran, yarpaq üstə gölməçələnən damcıları nöqtə-nöqtə hiss edəcəkdim. O vaxt bütün gün mənim içimdə yağış yağacaq, hər tərəfi sel-su aparacaqdı. Çiynində qoruyub gətirdiyi qar dənəsindən, çiyinlərini bir-birinə sıxmağından, ya ağzından çıxan isti buxardan sitilliyərdim.

Hə, bizim bu dilsiz-ağızsız dostluğumuz aylarla davam etdi. Mən artıq gecələr oyunlar oynamırdım. Dostlarımla kəlmə də kəsmirdim. Uydurduğumuz əyləncələrin hamısını tərgitmişdim. Bircə o qadın haqqında düşünür və qadının mənə düşündürdüyü yağış, külək, şəhər, səkilər, ağaclar üçün darıxırdım. Hisslərim aliminium tellərin arasından kəsik-kəsik keçən elektrik enerjisinə bənzəyirdi və hərdən bu metal bədənimin içində cövlan eləyən hisslərdən qorxurdum. Kənardan görən olsa deyərdi: “Gör necə bədbəxtdir. Dünya dayandığı yerdən ibarətdir”- amma yəqin ki, içimdə birdən-birə baş qaldıran qəribə hisslər mənə özgə aləmlərin qapısını açırdı. Qorxunun xoşbəxtliyimə gücü çatmırdı.

Qızın atdığı qəpikləri kassaya yola salmırdım. Onları saxlayırdım ki, gecələr qoxusunu hiss eləyim, qəpiyin üstündə naxış kimi qalan əl izlərini öz içimə köçürüm, soyuğunu və getdikcə dəmir əsginasın içimdə istiləşməyini hiss eləyim. Kağız pullara hopan onlarla qoxudan onunkunu seçib çıxara bilirdim. Bu qoxu mənə yağışı xatırladırdı, hər tərəfi sel su aparırdı, dəli bir külək ağacları döyür, şelə yarpaqlarını havada oynadırdı, ya da hava əməllicə isti idi, onun ağappaq boynundan muncuq kimi tər damcıları axıb sinə düyməsinin altında yoxa çıxırdı.

Dostum Antonun da dediyi kimi və hər şey gözlənilməz anda baş verdi. Adi səhərlərdən biri idi. Qadın gəlmədi, sonrakı səhər də gəlmədi və ondan sonrakı səhər də. Onu bir daha görmədim. Nə çiynindəki nəmişliyi, nə saçındakı küləyin çəkilməyən ətrini, nə də ki, ağappaq boynundan muncuq kimi tər damcılarının axıb sinə düyməsinin altında yoxa çıxmağını. Və bununla sanki, bir daha nə yağış yağdı, nə külək əsdi, nə də adamlar təri dabanından çıxa-çıxa dəhşətli istidən qorunmaq üçün bir kölgəlik gəzdilər. Özgə aləmlərə açılan qapı birdən çak eləyib örtüldü. Qadın bətnimdə körpə kimi qoruduğum üstünə əl izi hopmuş qəpikləri, qoxusunu onlarla qoxunun içindən çəkib çıxardığı kağız pulları qoyub bir dəfəlik itdi. Və hekayəmin ən dəhşətli anları bundan sonra başladı.

Amansız darıxmaq məni büsbütün bürüdü. İçimdə yorğan içində eşələnən kimi eşələnir, özümə bir yer tapa bilmirdim. Məndən də, əziz oxucum, səndən də, burda səssiz-səmirsiz dayanıb taleyin onlara biçdiyi ömrə boyun əyən dostlarımdan da əvvəl axıb gedən həyatla aramdakı sonuncu tellər qophaqopdaydı. Və həmin amansız gecələrin birində elektrik naqillərimdən keçib bütün əzalarımda hiss olunan kədər məni bir anda yıxdı. Müqavimət hissimi itirdim və özümü elə qüvvətlə sıxdım ki, elektriklərin çırtıltısını eşitdim, bu an qısaqapanma baş verdi, yanan naqillərdən çıxan qatı tüstü məni bürüdü, bəyazlığın içində görünməz oldum. Yanan naqillərin qoxusu içimdə aylarla saxladığım əsginaslara hopan qadının qoxusunu yox elədi. Qəfil partlayışla öldüm. Bətnimdə körpə kimi qoruduğum qəpiklər dığırlana-dığırlana ətrafa yayıldı. Çık, tak, tuk. Kağız əsginasları od götürdü. Bir neçə saniyə havada uçuşdular və asta-asta quş lələyi kimi yerə qondular, kül oldular.

***

Mən yenidən həmin salondayam. Püşkatmadır. Kürsüdəki adam adımı ucadan çağırır.

- Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı dar otaqda, heç kimlə ünsiyyət qurmadan hekayə yazaraq keçirəcəksiniz.

Mən indi həmin eni, uzunu beş addımı keçməyən pəncərəsiz, dar otaqdayam. Başımın üstünü kəsdirən qara kapşonlu, uzun plaşlı adam hər səhər məndən bir hekayə təhvil alır. Burda çox darıxıram, ona görə daha yaxşı hekayələr uydurmaq istəyirəm və hərdən o qadını düşünürəm. Burda, çoxdandır, yağış yağmır../525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ