Ömür şəkil - həyat da ki, sərgidir | Şeirlər

Tarix:8-02-2019, 16:37 Baxış Sayı:187

Ömür şəkil - həyat da ki, sərgidir | Şeirlər
Ömür şəkil - həyat da ki, sərgidir...

Ömür şəkil, həyat da ki, sərgidir,
Yaşayanın yaşadanı sevgidir.
Hər üzüntü bir acını bərkidir,
Hər nə olsa yaşayırsan, dözürsən,
Yavaş-yavaş qocalıram deyirsən.

Ömür ötüb yaş üstünü alanda,
Bəyaz dərdlər birçəyinə dolanda,
Gülüşlərin qəmzəsində solanda.
Dodaqların öz yerində əsərsə,
Yavaş-yavaş qocalıram deyirsən.

Baxışların kipriyini danlayıb,
Göz yaşını yanaq özü yanlayıb.
Hər ağrını ürək duyub, anlayıb,
Bircə sözdən uşaq kimi küsərsə,
Yavaş-yavaş qocalıram deyirsən.

Ayın, günün illərindən bezəndə,
Alın üstə qırış izlər düzəndə.
Yaşıdların övladıyla gəzəndə,
Gözaltından sənə baxıb gülərsə,
Yavaş-yavaş qocalıram deyirsən!



***
Yenə könül pəncərəmdən,
Sənli günlər sızıb, damır.
Düşünmə ki, yoxam deyə,
Kimsə məni xatırlamır...

Unutmaq nə, söylə bilim,
Hansı yükü daşıyıram?
Bilirəm, sən ölməmisən-
Axı mən də yaşayıram.

Şəkillərin günəş kimi,
Nur çiləyir otağıma.
Təbbəsümün yanğı dolu,
Nənni deyir qulağıma.

Ömür ötür yavaş-yavaş,
Həsrətini gün-gün əkir.
Addımının izlərinə,
Kipriklərim şəkil çəkir.

Oxşadıqca daş üzünü,
Əsib, qəribsədim yaman.
Ovuclarım qucaqladı,
Köksünü sildiyim zaman.

Əcəlin duz bassa belə,
Həsrətimin yarasına.
Ağrılarım pıçıldayar,
Məzarının qarasına.



***
Bu gün bir ayrı darıxdım,
İçim birdən əsdi yaman.
Baxışımda gizlənəni,
Qovmağa tələsdi zaman .

Ovucların xiffətinə,
Göz yaşlarım yetişmədi.
Al yanağın iffətinə,
Kirpiklər də bitişmədi.

Addımlarım bir irəli,
Bir də geri iməklədi.
Ayaqlarım hövsələli,
Yerişimi kötəklədi.

Süründükcə dizin-dizin,
Parçalandım,tikələndim.
Xatırladım ikimizi,
Düz içimdən silkələndim...

Yer axtardım ovunmağa,
Duman yatdı ürəyimə.
Nə göy gəldi ovutmağa,
Nə Yer çatdı gərəyimə.

MƏRYƏM ƏLİYEVA

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ