Qaranlıq otaqlardakı Tural Turan

Tarix:5-02-2019, 19:24 Baxış Sayı:162

Qaranlıq otaqlardakı Tural Turan
Nemət MƏTİN

Hələ IX əsrdə Pavsani “Elladanın təsviri” ndə yazırdı ki, II əsrdə Fespiyada Hesiodun adı ilə bağlı olan torpaqlara sahiblik edən bir icma mövcud idi və bu icmanın üzvləri şairlə bağlı yerli rəvayətləri toplayıb saxlayırdılar və qonaqlara “Zəhmətlər və günlər” poemasının rəsmi əlyazmasını göstərirdilər.

Qədim dövrlərdən bu yana şərqdə, qərbdə, cənubda, şimalda, bir sözlə hər yerdə şeir qoşanlar, şairlər olub. Dərs vəsaitlərində və lüğətlərdə şeir sözü belə izah olunur: "Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir. Həqiqi şeir ciddi ədəbi-poetik qanunlar əsasında yaranır. Ahəng, qafiyə, ölçü, bölgü şeirin təşkilinin ən əsas əlamətlərindən hesab olunur. Şeir sözü (yunanca stikhos) cərgə, düzülüş, qayda-qanun mənasını verib, ölçülü, ritmik, güclü emosional nitq deməkdir". Hələ də bir çoxları üçün bəhanə olan M.Füzulinin qəzəlinin sonluğunda yer alan fikir var. Üst qatda aşiqlərçün, alt qatda isə ariflərçün yazan ustad deyirdi ki:

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.


Burada əsas fikir gözəllərin vəfasızlığı olsa da, şairlərin yalançı adlandırılması ajiotaj doğurur. Mənim fikrimcə, ürək arabir aldanmağı sevir. İnsan ürəyi hərdən ağıla tabe olmağı üstün tutur. Şirin söz, gözəl təsvir həqiqəti əks elətdirməyəndə də bəzən vacib və lazım olur.

Şeir var, qulaq asanda yatırsan,
Şeir var, ayağa qaldırır insanları.
(B.Azəroğlu)

Bu günlərdə üz cizgilərindən Cəfər Cabbarlıya bənzəyən, Mikayıl Müşfiq kimi çılğın fikirləri olan, amma özü kimi fərqli şair Tural Turanın şeirlər kitabını oxuyuram. Kitabını mənə bir ay öncə hədiyyə etsə də, oxumaq üçün ruhumun şeirə aclığını gözləyirdim. O gün yetişdi. İnsan hər şeydən bezən zaman, insanlara nifrət edən gün şeirə üz tutur. Romantikayla cilalanmış poeziya durğunluqla örtülmüş reallığı unutdurur. Başqa bir aləmə düşürsən. Orada ağ qanadlı mələklər arfada musiqi ifa edir, həzin səsli su pəriləri mahnı oxuyur, kentavrlar isə musiqidən meyxoş olub asta-asta rəqs edirlər.

Tural Turan;n geniş təxəyyül gücünü, böyük mütaliə bazasına sahib olmasını az-çox görmüşəm. Bütün bunlar onun şeirlərinə də yoluxub. Məsələn:

Əslində
bütün qadınların tanrılığı
alnındakı qırışlardan başlayar...


Və ya:

...Aparın ölkənin bayrağın asın
şairlər özünü asdığı yerdən

Qaranlıq otaqlardakı Tural Turan
Tural Turanın şeirləri əsasən müharibə, mübarizə, qadın, tanrı mövzularını əhatə edir. Bir də şeirlərində ümid var. Dualar qəbul olacaq, aclar tox olacaq, tanrıya çatacaq insan, müharibələrdə körpələr ölməyəcək...Murakami deyir ki, özün yazdığına inanmasan, şübhə duysan, oxucu onu hiss edəcək. Artıq sən oxucunu inandıra bilməyəcəksən. Tural Turan yazdıqlarına inanan şairdi.

...hara ölürsünüz yavrular,
gələn müharibədə ana olacaqsınız!


Və ya:

qadınsız yaşaya bilmir bu evin döşəməsi...

Kitabda diqqətimi çəkən bir neçə məqam oldu. Şair şeirlərində yeniliklər etməyə can atır, özünü yeni üfüqlərdə sınamağa çalışır. Kitabda “Yalnızlığın gündəliyi” və “ İkinci foto” şeirləri həm çap, həm də əlyazma kimi təqdim olunub. Maraqlı addımdır. Şeirlərin sonluğunda ayların başqa adla əvəzlənməsi yenilikdi. Şeirin ahənginə təsir edir. Bunu da alqışlayıram.

Bəyənmədiyim bir neçə nüans oldu. Tanrı, qadın mövzuları çoxluq təşkil edir. Gələn kitabda işlənməmiş mövzuların çoxluğunu görmək xoş təəssüratı artırardı. Bir də şeirlərdə çıxış yolunu göstərmək gözəl olardı. Məsələn: Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri kimi və ya Xəlil Rza Ulutürkün “Silahlan” şeiri kimi. Amma fərqli olsun, öz üslubunda, öz damarından...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ