Sən bunu heç vaxt bilməyəcəksən...

Tarix:3-02-2019, 13:00 Baxış Sayı:153

Sən bunu heç vaxt bilməyəcəksən...
Simran Qədimin hekayəsi

Rüstəm axşam evə gəldi, duş qəbul edib mətbəxə keçdi. Özünü çox yorğun hiss edirdi, ona görə də dostlarla yığışmağa-filan həvəsi yox idi, bir az oturub yatacaqdı.

Yay olduğundan arvadıyla oğlu rayona – qaynatasıgilə getmişdilər. Tək-tənha səssizliyə nə qədər qulaq asacaqdı ki. Yorğun idi, çünki gün boyu xəstələri qəbul etmişdi. Bir yandan da bütün gününü korlayan səhər eşitdiyi xəbəri başından ata bilmirdi, özündən ixtiyarsız sinirləri gərilirdi. Bu xəbərin ona heç bir dəxli olmasa belə...

Rüstəm şəhərdə az-çox tanınan psixoloq idi. Xəstələr rahatca problemlərini danışırdılar, hamının dərdi də qalaqlanıb onun üstünə yığılırdı. Kimsə fikirləşmirdi ki, bu qədər problemi eşitmək həkimin özünə necə təsir edər? Pasiyentlər danışa-danışa özləri yüngülləşirdilər, bu isə ona heç də yaxşı təsir etmirdi. Üstəlik, hər gün eyni şey: tezdən durub işə get, xəstələri qəbul et, axşam evə gəl.

Soyuducudan hazır yeməyi çıxarıb onu qaz plitəsinə qoydu, yeməyin qızmasını gözləməyə başladı. Əlbəttə ki, eşitdiyi xəbərin ona heç bir aidiyyatı yox idi. Tanımadığı adam – orta yaşlı hansısa fəlsəfə müəllimi intihar etmişdi. Görünür, nəsə dərdi varmış, ya dünyanın ağırlığına tab gətirə bilməyib, baş götürüb gedib. Bu, Rüstəm üçün tez-tez işdə qarşılaşdığı, televizorda eşidib, internetdə oxuduğu “gündəlik” bir xəbər idi. Psixoloq kimi, belə mövzular işinin bir parçası, bəlkə də əsas hissəsi sayılırdı. Amma nə olsun, nə qədər alışsa da, bu cür xəbərləri qulaq ardına vurmağı bacarmırdı. Heç cür bacarmırdı. Çünki söhbət tamam başqa bir məsələdən, başqa bir mətləbdən gedirdi...

Rüstəm yeməyini yeyib, çayını içib mətbəxi səliqəyə saldı, iş otağına gəlib kürəyini kresloya söykədi. Axır, çətin bir qərar veribmiş kimi, dərindən nəfəs alıb əlini telefonuna atdı, çoxdan idi danışmadığı tələbə yoldaşını yığdı. Telefonu açar-açmaz yoldaşı çoxmənalı tərzdə dilləndi:

- Nə əcəb zəng vurmusan, hardan yadına düşdüm yenə?
Rüstəm özünü o yerə qoymayıb qımışa-qımışa dedi:
- Mən də yaxşıyam, Fazil. Sən necəsən?
- Mən bilirəm niyə zəng vurmusan. Özün başa düşdün də...

Rüstəmin Fazillə yoldaşlığı on dörd il öncəyə dayanırdı. Söhbətləri pis tutmurdu, bir-birlərini yaxşı başa düşürdülər. Amma universiteti bitirəndən sonra çox elə tez-tez görüşmədilər. Altı ayda, ildə bir dəfə zəngləşərdilər, ya yox.

- Necə yəni, dostuma zəng edə bilmərəm ki? Dedim görüm neynirsən?
- Hə də, aydındı... Mən yaxşıyam. Sən də yaxşısan ümid edirəm ki. Bütün günü isə fikirli olmusan yəqin.
- Niyə? – Rüstəm yenə özünü o yerə qoymayıb qımışdı.
- Yaxşı da, ələ salırsan məni?

Araya sükut çökdü. Rüstəm mövzunu dəyişib ayrı şeylərdən danışmağa başladı. Guya sadəcə ürəyi istəyibmiş, elə səbəbsiz-filansız telefonu götürüb zəng edib. Ancaq psixoloq kimi çox gözəl bilirdi: heç nə boş yerə deyil, atılan hər addımın səbəbi olur.
- İntihar xəbərini eşitdin, dura bilməyib məni yığdın. Nə vaxt tərgidəcəksən, bilmirəm. Mən deyiləm də sən axtaran adam. Əl çək məndən, qardaş!
- Əşşi, bunun nə dəxli?! De görək, o biri uşaqlardan xəbər varmı? Əlaqə qurmusanmı kiminləsə?..

Az sonra Rüstəm danışıb qurtardı, telefonu bir kənara qoyub yenə fikrə daldı. Sonra kompüteri açıb Facebook-a, elektron poçtuna girdi. Sosial şəbəkələr, yeni çıxan cürbəcür proqramlar – Facebook, Twitter, İnstagram... İnsanlar vaxtlarını bunlara xərcləyir. Nə ailə, nə dostlar, nə də bir şey oxuyub savadlanmaq. Kim daha çox virtuallaşsa, o qədər irəli atılacaqmış kimi, hamı real dünyadan qopub virtual aləmə keçib. Rüstəm xəstələrinə həmişə deyirdi: boş informasiyalardan uzaq qaçsınlar. Nə qədər olar axı?! Kimsə kimisə bıçaqladı, hardasa iki avtomobil toqquşdu, ya biri özünü çaya atdı. Yenə eşitdiyi həmin o intihar hadisəsi...

Rüstəm xeyli elektron poçtunda qurdalanıb, məktublara cavab yazdı, reklam xarakterli olanları sildi. Köhnələrə nəzər salıb, onlardan da lazımsızlarını silməyə başladı. Həmişə belə edirdi, gərəksiz yazışmaları saxlayan deyildi. Silə-silə lap əvvəlki məktublara gəlib çıxdı. Bəziləri vacib yazışmalar idi: “Aha, bu qalsın, bunlar gərək ola bilər.” Əli apardı və dalbadal səhifələri çevirib lap axırıncı saxladığı məktuba çıxdı. Düz on il öncə, universitetin sonuncu kursundaykən ona gələn məktub! Məktub heç nə ifadə etməyən, çox güman ki, bir dəfə üçün açılan saxta poçt ünvanından göndərilmişdi.. “Oxumeni” istifadəçi adıyla, “Oxumeni!” başlığıyla.

Rüstəmin qaşları çatıldı. Kompüteri keçirib durmaq istədi, amma niyəsə ayağını saxlayıb tərpənmədi yerindən. Fazil düz deyirdi: intihar xəbəri, yada düşən məktub, sonra da ona zəng etməsi. Sanki kimsə robot kimi onu yönləndirirdi.

Mausun oxunu on il idi ki, silmədiyi məktubun üstünə gətirib dərindən nəfəs aldı, onu açdı. “Salam, əziz dost...” – məktub bu cümləylə başlayırdı. Gözlərini bir anlıq yumub nəfəsini tutdu. Bir, iki, üç... Rüstəm gözlərini açdı, yerini rahatlayıb özündən ixtiyarsız, uzun illərdən sonra həmin məktubu təzədən oxumağa başladı...

Salam, əziz dost!

Mən bu məktubu yazmamışdan qabaq çox fikirləşdim, çox götür-qoy edib, axır bir qərara gəldim. Və budur, artıq ürəyimdən keçənləri sənin üçün yazıram. “Sən” deyə müraciət edirəm, çünki belədə fikirlərim daha səmimi alınır. Bir şeyi qeyd etmək istəyirəm ki, məktubuma cavab yazmaq lazım deyil. Sən heç məni tanımırsan da. Bəlkə amansız bir caniyəm, ya ağlını itirmiş bir dəli, yaxud da ömrünün son günlərini yaşayan xəstə bir qoca. Fərq etməz!

Mən sadəcə bu məktubu sənə göndərən bir insanam, insan!..
Yəqin məktubu oxuyan kimi, tez əlini klaviaturaya aparıb çalışacaqsan ki, nəsə yazasan. Ola bilsin, sonra hamıya şübhəylə yanaşıb, kim olduğumu tapmaq istədin. Bəlkə də ömrünün axırınacan yadından çıxmayacam. Amma əbəs yerə, bəri başdan deyirəm ki, biləsən: Bu haqda başını çox yorma! Əgər bacarsan yazdıqlarımı oxuyandan sonra sil getsin, bir də bu məsələyə qayıdıb araşdırma aparma. Sanki heç belə bir şey olmayıbmış kimi...

Əziz dost, mən bezmişəm!

Nədənmi, niyəmi? Hər şeydən və hər kəsdən! Dünyanın halından - bitmək bilməyən savaşlardan, tökülən qanlardan, puç olan həyatlardan. Heç nə edə bilmədən bunları izləmək məcburiyyətində qalıram. Elə əl-qolumu sallayıb boş dayanmaqdan bezmişəm! Bugünkü durum məni çox sıxır. Amma neyləyə bilərəm ki, əlimdən heç nə gəlmir axı! Mən öz-özümə suallar verirəm: İnsanlar daha nə qədər bir-birlərinin qanına susayacaqlar? Beləmi vəhşi, amansızıq biz? Dünya yaranandan bu yana eyni şeylər təkrarlanır: insan insana rəqibdir, hamı bir-biriylə savaşır. Təkcə son yüz ildə baş verənləri yadına sal: iki dünya müharibəsi, irqi, dini qarşıdurmalar, terror aksiyaları, soyqırımlar...

Biz əvvəllər qılıncla vuruşurduq, indi isə onları əvəz edən tanklar, başımıza yağan bombalar var. Bəs bu daha da qorxulu deyilmi? Axı dünyanı məhv edə biləcək təhlükələrdən, məsələn, nüvə silahlarından necə sığortalanmışıq? İnsanlıq yaşamaq üçün həmişə daha yaxşı şərait qurmağa çalışır, amma sülhə nail ola bilmir. Əmin-amanlığın olduğu bir dünya nə zaman yaradılacaq bəs? Ya heç yaradıla biləcəkmi ki?..

Əziz dost, mən hər şeyi çox gözəl başa düşürəm. Az-çox insan xislətindən də xəbərim var, onun psixologiyasında gedən proseslərdən də. Şüur dəyişmədikcə, şübhəsiz, insanlığın dərdi bitən deyil. Bu qədər zülmə yol versək də, geriyə nəzər salmaq istəmirik, törətdiyimiz əməllərə baxmaqdan qorxuruq sanki. Birdən necə əzazil olduğumuz ortaya çıxar. Amma görməzdən gəlməklə nə düzələr axı?

Mən bezmişəm. Ən qlobal dünyəvi problemlərdən tutmuş, ən kiçik insani münasibətlərə qədər gördüklərimdən. Elə bir gün gələcəkmi ki, xislətimizə qarşı çıxa bilək? İnsan üçün əsas məsələ şüurundakı qüsurları aradan qaldırmaqdır, nə olur olsun beynimizin sərhədlərini aşmalıyıq. Deyirik, ağlımız bizi idarə edir, əslində isə şüuraltımız tərəfindən əsirlikdəyik. Bizi yönləndirib harda, necə davranmalı olduğumuzu diktə edən şüuraltımız tərəfindən!

Uşaq olanda düşünürdüm ki, mən böyüyənə kimi hər şey düzələcək. Axır fikirləşilib bir çıxış yolu tapılar, insanlar cənnəti qurarlar bu dünyada. Axı dönüb-dönüb eyni səhvləri necə təkrarlamaq olar? Bu qədər faciələrdən sonra nələrsə də mütləq dəyişilməliydi. İnsan ağlı bu dərəcədəmi zəifdir yəni? Amma yanılırmışam, biz səhvlərimizdən nəticə çıxara bilmirmişik.

İnsanların simasızlığından, ikiüzlülüyündən bezmişəm. Çoxları maska taxmadan nəinki evdən çıxır, heç otaqlarından o yana belə addım atmırlar. Aynada özlərinə baxmaqdan da çəkinirlər hətta. Əsl simaları görünər, iki, üç yox, daha çox sifətlə yaşadıqları məlum olar birdən. Biz maraqlar uğrunda hər şeyə gedirik, əvəzində insanlığımız itir. Hamının başı öndəkini dala çəkib, özünü irəli atmağa qarışıb. Sanki həyatın tək mənası bundaymış kimi.

İnsan necə özünə qarşı amansızdırsa, təbiətə qarşı da zor tətbiq edir. Ekologiya korlanır, qlobal istiləşmə baş verir. Geyimdən tutmuş qidaya, hətta insanın özünə kimi hər şeyin saxtasını düzəltməyə çalışırıq. Yer əhalisinin sayı çoxalır, bu isə dünyaya daha yaxşı hökm etməyimiz anlamına gəlmir. Əksinə, qlobal dünya ağzını açıb insan selini udmağa can atır. Nə qədər etiraf etmək istəməsək də, gərək bir şeyi boynumuza alaq: biz həyatda yaşamağı bacarmırıq.

Əziz dost, sən indi mənim bu dünyadan çox çəkdiyimi fikirləşirsən. Amma yox, mən çox gözəl ömür sürmüşəm, günüm-güzəranım yağ-bal içində keçib. Sadəcə bir insan kimi, insanlığın halına yanır, ədalətsizliklərə, naqisliklərə dözə bilmirəm. Sanki böyük bir məngənə arasındaca məni əzirlər... “Bir insanın dərdi bəşəriyyətin, bəşəriyyətin dərdi isə bir insanın dərdi olmalıdır”, deyilənə görə. Ancaq reallıq belə deyil. İnsan xisləti bunun ziddinədir çünki.

Bəs belə bir dünyada yaşamağa dəyərmi? Bəlkə də yanılıram, həyatda yaxşı insanlara da rast gəlmək olar. Bununla belə, mən bezmişəm, yaşamaqdan təngə gəlmişəm artıq. Çətin də olsa, özüm üçün bir qərar verdim və indi bu qərarımı səninlə bölüşmək istəyirəm. Deməli belə...
Mən ömrümü intihar etməklə bitirəcəm...

Sənin də hiss etdiyin kimi, yavaş-yavaş məktubumun sonuna doğru yaxınlaşıram. Son, bütün insanlar üçün eynidir onsuz da, hər şeyin axırında bir nöqtə olur. Mən sadəcə bu nöqtəni bir az tez qoyacam. Tək istəyim ürəyimdəkiləri bölüşmək idi. Kimisi son sözlərini ailəsinə, dostlarına deyir, kimisi də heç nə demədən səssiz-səmirsiz çıxıb gedir. Mən də belə bir yol tutdum.

Yəqin sabah internetdə, televizorda gözün məni axtaracaq. Amma lazım deyil, istəmirəm ki, kim olduğum bilinsin. Ona görə də bu addımı nə vaxt atacağımı açıqlamayıb gizli saxlayıram. Bu, sabah da ola bilər, birisi gün də. Bir il, beş il, ya on il sonra da.

Əziz dost, yekun olaraq vaxtını itirib yazdıqlarımı oxuduğuna görə, sənə dərin minnatdarlığımı bildirirəm. Nə yaxşı ki, dərdimi bölüşüb qismən də olsa, yüngülləşə bildim. Əlvida!

Rüstəm məktubu oxuyub dərindən köks ötürdü, başını kreslosuna söykəyib gözlərini yumdu. Bir xeyli heykəl kimi donub tərpənmədən dayandı. On saniyə keçdi, iyirmi saniyə keçdi. Otuz, qırx, əlli...

Qısa, konkret cümlələrlə qələmə alınmış qeyri-adi bir mətn! Bu nə idi belə? Sadəcə zarafat, ya çox ciddi şəkildə yazılmış son məktub?.. Rüstəm psixoloq kimi, özünü öldürməyə hazırlaşan adamın bu cür məktub yazmasına inanmırdı. Heç o vaxt da inanmamışdı. Hansısa yazıçı dünyanın problemlərini o yan-bu yana çevirmişdi sanki. Ölməmişdən qabaq kim belə bir şey yazmaq istəsin ki? Niyə bunu tanımadığı adama göndərmək fikrinə düşsün? Bir yandan da ağlını itirib özünü öldürməyə hazırlaşan adamdan hər şey gözləmək olar. Belə biri əlinə silah alıb insanları qıra da bilər, qarnına bomba bağlayıb haranısa partlada da.

On il öncə Rüstəm məktuba dəfələrlə cavab yazıb eynən müəllifin dediyi kimi, onunla danışmağa çalışdı. Amma səs çıxmadı. Xəbərlərdə gözü onu axtardı, dost-tanışlarla müzakirə edib, çoxlarından şübhələndi. Həmin günlərdə intihar xəbərinə rast gəlmədi, sonralar isə bilə bilmədi ki, eşitdiyi xəbərlərin məktubu yazan adamla əlaqəsi varmı.

Rüstəm o ərəfələr yoldaşlarıyla dünyanın problemləri haqda çox danışmışdı. Əsas da Fazillə. Onu çox çək-çevirə salsa da, heç nə alınmamışdı. Fazil haqlı idi: hər dəfə intihar xəbəri eşidəndə bu məktub, dolayısıyla da o, yada düşürdü. Deyəsən, elə doğrudan da, ömrünün sonuna kimi bu haqda düşünəcəkdi.

Rüstəm axır gözlərini açdı. Ekrana yaxın oturub əlini klaviaturaya apardı, on ildən sonra həmin poçt ünvanına böyük hərflərlə tək bir cümlə yazdı: “SƏN KİMSƏN?” Bir müddət nəzərlərini ekrandan ayırmadan gözlədi, gözlədi... məktub ünvana çatmışdı, ancaq cavab yox idi.

Durub qonaq otağına keçdi, televizoru açıb kanalları çevirdi. Birində saxladı, xəbərlər gedirdi. Az sonra yenə həmin o fəlsəfə müəlliminin xəbərini verdilər. Rüstəm hirslə televizoru keçirib pultu masanın üstünə qoydu, iş otağına geri döndü.

“Bəlkə də elə Faziliydi, boynuna almır əclaf. Boynuna almır!..”

Kompüteri söndürmək istəyəndə dözmədi: brauzeri açıb təzədən poçtuna girdi. Bəlkə nəsə cavab olardı. Və... nə qədər gözlərinə inanmasa da, on ildən sonra həmin ünvandan məktub vardı. Kimsə cavab yazmışdı ona!

Rüstəm həyəcanla məktubu açıb öz-özünə dedi:
“Ən azından sağdır, nəsə göndəribsə, deməli sağdır!”

Cavabı oxudu: qaşları çatıldı, yumruğu düyünləndi. “SƏN KİMSƏN?” sualına gələn cavab çox qısa idi, eynən onun kimi böyük hərflərlə tək bir cümlə yazılmışdı:

“SƏN BUNU HEÇ VAXT BİLMƏYƏCƏKSƏN...”

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ