Unutma eynəkli qız - Məlik Cahanın şeirləri

Tarix:8-01-2019, 18:41 Baxış Sayı:191

Unutma eynəkli qız - Məlik Cahanın şeirləri
MANERA.AZ nakam istedadlı gənc şair Məlik Cahanın şeirlərini təqdim edir:

***
Səndən sonra beləyəm mən
Ömrüm-günüm qarmaşadı
Bir quyunun içindəyəm
Gələn-gedən bir daş atır..

Nə gücüm var, nə hünərim,
Çıxdı getdi sevdiklərim..
Sən gedəli kirpiklərim
Yanaqlarıma yaş atır..

Həsrətin yanğısı sərtdir,
Dözmək olmur, qiyamətdir
Yoxluğun elə bir dərddir
Nə öldürür, nə yaşadır..

Səni bağışlayıram

Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.

Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.

Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.

Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.
Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.

Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə.

Eynəkli qız...

“Dodağının boyası
Gün batışı qırmızısı.
Boyu bir yetmiş iki (1.72)
sarı-gümüşü saçlar...”
Metrodan çıxan kimi
sənə zillənir “aclar”.
Və sən də hiss edirsən ki,
gözlərinə gedən yolda tıxac var.

Sənə dost məsləhəti,
hər zaman biraz saxla
sevginin yanında kin.
Çox danışanlardan və
çox susanlardan çəkin.
Fırtınaya hamilə
hər sükut,eynəkli qız.
Bir də güvən ipini
tarım tut,eynəkli qız.

Üzünə gülən kəslər
arxanca danışdılar.
Təhqirə də keçdilər,
sərhədi də aşdılar.
Bilirsən,bunlar biraz
LƏYAQƏT məsələsi.
Səni düşünənlərin,
Səni təhqir etməsi,-
-“Pişik-ət” məsələsi.
Zəmanəmiz korlanıb,
korlanıb,eynəkli qız.
İnsanların içindən
insanlıq oğurlanıb,
nə qalıb,eynəkli qız?

Unutma eynəkli qız,
insanları qudurdur
təbəssüm,səmimiyyət.
Sən xitab formasını
‘siz’dən ‘sən’ə dəyişmə.
Haramıza yaraşır
məsafəsiz ünsiyyət?!
Dünən kimi bu gün də
vakuumlu oksigensiz
beyinlər yetişdirir
silindirik cəmiyyət.

Tərgit inam hissini.
İnandığın çox şeyin
sonunda peşmanlıq var
onsuzda,eynəkli qız.
İnsanların sifəti
bir deyil..iki deyil..
Sonsuzdur,eynəkli qız.

Bir də səni and verirəm,
“Sən əzizlərin ölmüşü...”
Soyuğun olsa,kimsənin pencəyini geyinmə,
üşü,doyunca üşü.
Şərəfsizə bir pencək də ümid olar,
vicdanında çat olanlar
pencək ilə geyindirər,xəyalında soyundurar.
Bax aa,səni and vermişəm
“Sən əzizlərin ölmüşü...”
Üşü,donunca üşü.

Bax,dost kimi deyirəm,
mən hamıdan qaçıram,
sən də qaç,eynəkli qız.
Zəmanəmiz korlanıb...
Gözlərini dörd aç,
dörd aç,eynəkli qız.



* * *
Məndən yaşlı şəkillər var evimizdə,
zaman-zaman baxır anam,
baxır atam..
Şəkillərin yaş fərqləri böyüdükcə
qocalmaqdan qorxur adam..

Həyatdı bu..
Uşaqlıqdan qocalığa axıb gedir,
axır hər gün..
Divardakı o tablodan iki nəfər
otuz ilin ötəsinə baxır indi,
baxır hər gün..

Çox hirsliyəm mən zamana..
Səni belə tez-tələsik
qocaltdığı üçün,ana.

Mən də bir gün qocalacam..
Sonra qalxıb göy üzünə
buludlara qoşulacam,
bu dağların qarı kimi.
Bir gün ağ günə çıxacam,
anamın saçları kimi..

İndi sənin nəyinəm?..

Yalnızlıqda son həddəyəm,
öz-özümlə danışıram.
Daha səni gözləmək də əbəsdir,
indi səni unutmağa çalışıram,
Xəyalının göndərmişəm
göy üzünün doqquzuncu qatına.
Amma məni tanıyırsan,
hərdəmxəyal adamam.
Bir də gördün ayaqlarım
gəlib sizin küçənizə yenə də.
Bir də gördün sığınmışam
yetim kimi pəncərənin altına...

Məndən olsa hislərimi
açıq-açıq deyərdim.
Bilirsən ki,səmimiyəm,xanım qız.
Amma məni tanıyırsan,
biraz da lal adamam.
Bir də gördün poçt qutusu
dolub ağızbaağız..

İndi böyük hərflərlə DARIXIRAM..
mənimçün elə budur
betərin də betəri..
Məndən də çox əllərim
darıxır əllərinçün.
Çiyinlərim darıxır
saçlarından ötəri..

Biraz sözü üzə deyən adamam
Sən ki,məni tanıyırsan,bilirsən.
Hislərini gizlətməyin adı yox,
mənə qalsa,sən də məni sevirsən.

İndi elə darıxıram,
küçənizin başında
boş küçəyə qucağımı açmışam.
Gecə saat biri keçir,iki olur,üç olur.
Bir də gördün hər şey üçün gec olur...

Sentyabr..
Hava isti,amma ki mən üşüyürəm,
olmadığın hər Sibir kimidi.
Qışa qədər bir şərf toxu
darıxanda isti-isti geyinəm.
Tükənmişəm,yorub məni
dilimdəki suallar.
Heç bilmirəm ürəyimin
yaddaşına necə yazım adını.
Heç bilmirəm,indi sənin nəyinəm..



* * *
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.

Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.

Öyrəşir...Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur...

Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...

Dağınıq hislər...

Bu gecə bir rəsmdən boylandın mənə tərəf,
Sən susdun..Mən də susdum..
Xatirələr danışdı.
Qəlbimin sızıltısı üstələdi yenə də
zibil revmatizmanı.
Artıq nəm divarların
qoxusuna alışdım..

Qanadsız quş kimiyəm,
yıxılmışam kolluğa
çırpınıram eləcə..
Vuruşarkən ölümlə,
mənə güc verən cümlə:
“Harda olsa,gələcək..”

Tut kədərin əlindən,
Əraf körpüsünədək
apar ötür,qayıt gəl.
“Xoşbəxtlik”lə “Xoşbəxtik”
arasında gizlənən
balaca ‘l’ hərfini
ordan götür,qayıt gəl...

Bayaq səni soruşdu
toxunduğun kitablar.
İndi o kitabların
sənin dodaqlarında oxunmaqdı istəyi..
Bayaq səni soruşdu
sığındığım dörd divar :
“Xəbər var?”
“Yoxdur” deyə bilmədim..
Bayaq səni soruşdu
qapının çöl dəstəyi..

Bu gecə bir rəsmdən boylandın mənə tərəf,
Sən susdun..Mən də susdum..
Xatirələr danışdı.
İkimiz də itirdik;
sən məni..mən hər şeyi..
Qürurumuz sevgimizdən ağır gəldi,heyif ki..
Nə sən dedin,
nə mən dedim “bağışla.”

İtirdikcə silirəm
öz xoşbəxtlik rəsmimi.
Öncə anamı sildim,
daha sonra atamı..
İndi səni silirəm ,
-Sonradan tanıdığım
ən dəyərli adamı..

Zamanla unudaram
həsrətinin dadını.
Səndən geriyə qalar
bu şeir,bu əl yazma.
Sənin gözün nəm çəkər,
mənimsə ayaqlarım.
Səni qürur incidər,
məni də revmatizma.

Bax belə,qürurlu qız..
Verdiyin ağrılardan
şeir hazırlayıram.
Bir də yadında saxla,
unutma,gəlməsən də
sənə qürurun boyda
sevgi arzulayıram...



* * *
Eşitdim ki,dünən məni soruşmusan
Dostlarımdan.
Sən nə əcəb? Səndən belə...
Maraqlandın mənlə belə?!

Soruşmusan ki,necəyəm,
Mən necəyəm?
Necə olum?
Sən gedəni itirmişəm xoşbəxtliyi,
Sən gedəni...
Elə bil ki,nəsə çatmır yaşamağa,
Elə bil ki,tərk eləyib ruh bədəni.

Dünən məni soruşmusan,
Mən necəyəm?
Heç bilmirəm hansın deyim,hansın sayım...
Danışmağı bacarmayan rəsimlərin,
Bir qıraqda siqaretim,
Bir qıraqda içki payım...

Bir də yaman soyuq bu gecələr,
Üşüyürəm,
Qızınmağa bəs eləmir soyuq çayım,
Nə də sənli düşüncələr...

Dünən məni soruşmusan,
Mən necəyəm?!...
Necə olum?
Ağlamıram əvvəlki tək,
Ağlamağın nə faydası?
İllər boyu düşün-düşün,
Elə düşün,
Düşünməklə lap dəyişsin görünüşün.

İllər boyu saxla yası,
Yox mənası.
Gec də olsa anlamışam,
Ağlayanda taleyimə ağlamışam.

Mən necəyəm?
Necə olum?
Yenə gecə hücüm çəkir üzərimə,
Yenə təkəm.
Nə olsun ki,xəyalın da gəlir-gedir,
Ruhum təkdir...
Nə olsun ki,işıqları söndürmüşəm?
Nə olsun ki,qaranlıqdır,sakitlikdir...

Artıq yuxu gələn deyil,
Sən gedəni
Mən yuxumu öldürmüşəm...
Nə olsun ki,əynimdədir gecəliyim?...
Mən necəyəm?
Necə deyim?
Vallah yoxdur necəliyim...

Eşitdim ki,dünən məni soruşmusan.
Evliyəmmi,yoxsa ki,yox?
Sevmişəmmi səndən sonra?
Sən soruş ki yaşamışam səndən sonra?
Nə bilimeee,çox heyif,çox...
Heyif,sənlə keçirtdiyim o günlərə,
Böyütdüyüm ümidlərə...
Xəyallara,arzulara,
Heyif,sənli fəsillərə...
Çox heyif,çox...

Ən pisi də unutmadım sözlərini,
Unutmadım dizlərimdə yatmağını
Kədrini atmağını
Unutmadım...
Unutmadım gözlərini,
Baxışını,
Unutmadım gözlərinə hər baxanda,
Ürəyimə məhəbbətin axışını...
...İndi yoxsan,əllərimi tutmamısan.
Sənsiz soyuq bir otaqda,
Tir-tir əsən dizlərimdə yatmamısan.
Artıq yoxsan...
Nə olsun ki,rəsmlərin gülümsəyir?
Nə olsun ki,onlar məni tərk etməyib?
Sən etmisən...
Şah damara həsrətini yeritmisən...
İndi söylə,axı necə gülümsəyim?
Şəkillərdə gülən qıza,
İllər öncə dediyimi necə deyim?
Necə deyim...
Səni sevirəm hələ də...
Mən necəyəm?
Necə olum?
Bildiyin kimi,belə də...


* * *
Bilirsən də ,uman yerdən küsərlər,
sən gedəli mən də səndən küsmüşəm,
başqa da bir umacağım yerim yox.
Sən də getdin,hamı kimi əzizim...
Sən də getdin,qaldım özüm-özümə,
yıxılanda tutacağım yerim yox.

Sən gedəli veyl-veyl gəzirəm,
tərk etdiyin o küçəni hər gecə.
Darıxıram yavaş-yavaş,
bir az-bir az ,əzizim.
Bircə Allah şahidimdir
gəlməyinçün hətta boyun almışam,
ocaqlara nəzir-niyaz , əzizim.

Səndən sonra hər gün bir az ölürəm,
sən gedəli xatirələr hər gün yeyir,
ürəyimi,hislərimi,düşüncəmi,beynimi...
Əşşi , nə isə ,mənə fikir vermə sən,
bu gün-sabah payız gedir,qış gəlir.
Qurban sənə,
gəlməsən də qalın geyin əynini...



* * *
Qorxma sağalacaqsan,
Qorxmalı nə var axı,
bir-iki damcı qandı.
Bilirsən,bu ağrılar
bir az da qorxudandı.

Sən xəstə deyilsən ki,
analizin cavabı indi mənfi gələcək,
sən də çıxıb gedərsən.
növbədə qalanların
təlaşlı gözlərinə
baxıb , baxıb gedərsən..

Bu da ilk diaqnozun:
"Qanın çox aşağıdı,
immunitetin zəifdi"
Boşboğaz nəzarətçi
səsli-səsli düşünür:
"Cavan qızdı,heyifdi".

Fikir vermə onlara ,
boş-boş danışırlar da.
Qorxma , sağalacaqsan.
keçəçək bu başağrı,
keçəçək bu öskürək, -
- Acı , quru öskürək..

Analizin cavabı həkimin əlindədi:
"Qanı mənfi ikidi,
xəstəliyi müsbət..." ..

...Qismət...

Bu qızın göz yaşları
yanağında iz salır.
Bu qızın göz yaşları
indi dizinə döyür.
Anası ağı deyir,
anası sinə döyür.

Öskürəyin əlindən
indi yarımçıq qalır
yalvarış da,tövbə də.
Qalx ayağa sarışın,
get ölümü qarşıla.
Qalx ayağa sarışın,
indi mənəm növbədə...



* * *
Bu günlər səndən çox
ölümü düşünürəm
mən bu qəmin içində.
Daha taqətim də yox,
balaca sərçə kimi
qoruyam əllərini
əllərimin içində.

Unut məni , əzizim,
məncə,doğrusu budur
elə sənin üçün də.

Bu günlər səndən çox
ölümü düşünürəm,
mən səni unuduram.
Yaman bədbin olmuşam
nə bir xəyal qururam,
nə də arzu tuturam.

Ölürəm bildirmədən,
ölürəm aram-aram...

Bu günlər səndən çox
ölümü düşünürəm,
"İndi öləcəm qəfil"
Heç vaxt indiki kimi
sərsəri düşüncələr
tapmamışdı hədəfi.
Bu günlər düşünürəm
bir azca bu dünyanı,
bir az da o tərəfi...

Çevriliş..

Toxunsan qanayacaq,
yaram qabıq bağlamır,
-sarğısızdı..
İnqilabçı ruhla etiraf edirəm,
səni mənə gətirməyən çevriliş də,
inqilab da uğursuzdur..

Səndən sonra ruhu ölüb şəhərin,
sən gedəli boşluq qalıb içimdə,
o boşluq sənin yerindir.
Mənə görə
bu şəhərin ən dəyərli mənzərəsi
elə sənin gözlərindir.

Nə qədər belə gedəcək?
Burada Ay yuxusuzdur,
Günəş üzü kölgəlidir.
Artıq ürəyim partlayır,
bir çevriliş olmalıdır
və gedənlər gəlməlidir..

İndi qəlbimdə hər şeyə,
süpürgəçi xanımların ürəyində
yerə zibil atanlara
saxladığı qədər kin var.
Bundan sonra artıq məni
iki sual düşündürür:
Bu gün ayın neçəsidir?
Çevrilişə neçə gün var?..



* * *
Axsayan tərəfim sənsən,
sənə tərəf çox getmirəm.
Gizlətməli nə qalıb ki?
Darıxıram,gizlətmirəm.
Sən məndən nələr apardın?
Öz-özümə bəs etmirəm.
Sözlər dilimin ucunda,
ruh bədəndə girinc qalıb.

Necə bəxti qarayam mən,
necə əlacsız insanam.
Bilirəm ki,dərdlərimi
gizli-gizli çəkir anam.
Anam məndən nigarandı,
mən də səndən nigaranam.
Keçdiyin tin dalanlarda
kim bilir neçə bic qalıb..

Sənsiz qala bilmək üçün
özümə dərman verirəm.
Damarımı doğramışam,
ümidimə qan verirəm.
Biz ayrılsaq ölərəm mən,
yavaş-yavaş can verirəm.
Məndən tamam qopmağına
neçə dənə kərpic qalıb?...



* * *
Elə vaxtsız ölərəm ki,
susub məzarımın üstə
qalacaqsan lallar kimi.
Dəfələrlə uca səslə
qışqırarsan “Ölmə,diril!”
xarab olmuş vallar kimi..

Yaşamaq istəməyənə
ölüm ən şirin loxmadı.
Mənim canımdan can çıxdı,
səndənsə bir səs çıxmadı.
Mən gedirəm haqq evinə,
bu yol da mənə doğmadı,
sənə gedən yollar kimi..

Qapımın kandarındadır
Əzrail; - ölüm mələyim.
Bir-bir qəlbimə gömülür
arzum,istəyim,diləyim.
Məndə xoş gün görmədi ki,
yazıq,qaragün ürəyim,
çırpındı hey qullar kimi.

Ölüm qabağı yazılır
şairin ağrılı sözü.
Allah haqqı heç nə keçmir,
aldatmayaq özümüzü.
Bilirsən,bundan o yana
daha yaşamağın özü,
imkansız xəyallar kimi

İndi yaşın nə fərqi var,
cavanam ya, qocalmışam?
Allahdan bu bədəni də,
bu canı da borc almışam.
Bir də gördün borcu verib,
mən də mücərrəd qalmışam
cavabsız suallar kimi..

Ömür bir qum saatıdır,
bir gün qumlar qurtaracaq.
Dərd eləmə,zaman bütün
yaraları onaracaq.
An bu andı,sarıl mənə,
bir də səni kim saracaq
bu çürüyən qollar kimi?

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ