Mobil telefonla yazılan “Çuğullar”

Tarix:8-01-2019, 16:36 Baxış Sayı:122

Mobil telefonla yazılan “Çuğullar”


Azər Qismətin "Çuğullar" kitabını oxuyuram. Azərin qələmi iti, sözü kəsərli, fikirləri gecələr parlayan ay kimi aydındır. Böyük mütaliə bazası ona imkan verir ki, sözlərlə tanqo oynasın. Fikirlərinə düzüm vermək onun üçün iki vur ikidir. Cümlələr qəliz, eyni zamanda təsirli, oxucudan xüsusi diqqət tələb edəndir. Azərin "çuğulları" ölkə boyu səpələniblər. Müəllif romanda Azərbaycanı qarış-qarış gəzib. Müxtəlif xasiyyətli insanların həyatı sadəcə vərəq dolsun deyə təsvir olunmur. Hər birinin həyatını danışarkən yazıçının məqsədi hansısa bir fikri anlatmağa yönəlib. Sanki ibrətamiz məsəllər oxuyursan və ya dağ başında qoca rahib sənə hadisələrin mahiyyətini anladır.
Çuğul sözünün mənasına nəzər yetirək. Ərəbcə olan şaqul (rusca: отвес) sözünün təhrifindən əmələ gəlib. Ustalar hörgü zamanı ondan istifadə edirlər ki, divarda əyrilik alınmasın. Söz bizdə mə¬cazi məna da kəsb edib: “xəlvət işi xəbər verən” anlamında işlədilir (çuğullamaq). Müəllif əsərdə qeyd edir ki, mənim ölkəmdə əksəriyyət çuğulları sevmir. Hətta quldura, başkəsənə yaxşı münasibət bəslənilir, nəinki çuğulara...
Fikrimcə hər ölkənin, dövlətin, hakimiyyətin, imperiyanın ayaqda qalması üçün çuğullar böyük rol oynayır. Çingizxanın dünyanı fəth etməsində çuğulların bir başa əməyi var. Hətta Napaleon öz çuğullarından ordu üçün istifadə edirdi. Düşmən ərazisində xəbər yayırdılar. Guya, Napoleonun düşmən hökmdarından 3dəfə çox silah-sursatı, döyüşçüləri var. Bir növ düşmən gözünü qorxudurdular. Stalin isə çuğullarının hesabına ölkəni idarə edirdi. Kimin tövləsində neçə baş inək vardısa, onlar bilirdilər. Adətən böyük imperiyaların dağılması çuğulların azlığına və ya üstlərində idarənin itirilməsinə görə baş verir.
Çuğulların vicdanlısı da olur. Kartofun nitratı çox olduğu üçün kartofları müsadirə etmək istəyən çuğul kartof satan kəndlinin gözlərindəki bədbəxtliyi təsvir etdiyi məqam təsirli idi. Başqa bir hadisədə toyuqları yağlı etmək üçün milçəkdən qurd düzəldib toyuqlara yedizdirən kəndlini tutan çuğuldan danışılır. Oxucu özü qərar verməlidir. Çuğullar düzgün hərəkət edirlər, ya yox...
Rotterdamlı Erazm İtaliyadan İngiltərəyə dönərkən bir həftəyə qələmə aldığı, özünün ciddi qəbul etmədiyi, amma ona dünya şöhrəti gətirən əsas əsəri sayılan “Axmaqlığın tərifi” kitabında yazır:
“ Axmaqlar ən möhtəşəm hökmarlar üçün o dərəcədə əyləncəlidir ki, bəziləri onlarsız nə süfrə arxasına keçir, nə bir gəzintiyə çıxır, nə də bircə saat qərar tuta bilir.” Hətta müəllif qeyd edir ki, hökmdarlar axmaqları aqillərdən üstün tuturlar. Çünki acı həqiqətdənsə, bəzən şirin axmaqlıq daha hüzurlu təsir bağışlayır. “Çuğulları” oxuyarkən Erazmın sözlərini xatırladım. Axmaqların çuğullara oxşarlığı çoxdur…
Yazıçı əsərdə ürək yanğısı ilə nəinki çuğulları, eyni zamanda geridə qalmışları, cahilləri öz düşüncə ələyindən keçirir. Onun daha bir unikallığı yenilikçi olmağındadır. Təbiət təsvirlərini müasir stildə təqdim edir. Məsəlçün, kəndin təsvirinə baxaq: "Qədim kənd. Üstü kirəmitli evlər, çat-çat boyalı şüşəbəndlər. Bəlkə də, Renuar illərlə buradan çıxmazdı ki, hər evi çəkib gözünün qurdunu öldürsün. Van Qoq sapsarı günəbaxanları, neçə əsr əvvəl çökəklikdə yaranan gölü, sahilində tilovla balıq tutan kəndliləri çəkməsəydi əl çəkməzdi: and içirəm ki, bu, onun ən məşhur əsəri olardı. Meşəlik o qədər cəngəlliyə bənzəyirdi ki, Daniel Orteqa uzaq Nikaraquadan gəlib inqilab edərdi ki, sarmaşıq kimi bir-birinə dolanan nazik gövdəli ağaclar arasında gizlənə bilsin. Çörçil siqarın tütününü burda yetişdirər, içdiyi rus arağının spirtini burda çəkdirərdi. Tereza ana kəndli qadınlardan fərqlənməz, əyilib-durub göy-göyərti becərərdi."
Azər Qismət kitabı sadə telefonunun qeyd bölməsində yazdığını biləndə heyrətləndim. İnsanda bir səbrə bax. Hər gün evdən işə gələndə hissə-hissə yazdığı əsər sonda kitab halına gəlib. Hər gün yarım səhifə yazını işdə kompüterə köçürərək iri həcmli roman ərsəyə gəlib. Mendeleyevin sözü olmasın:-qeyd edilməmiş fikir, itirilmiş xəzinəyə bərabərdir.
Obrazların xasiyyətləri o qədər dərindən göstərilir ki, teatr tamaşası qurulsa, asanlıqla aktyorlar rolun öhtəsindən gələrdilər. Bir nəfəsə oxuyub bitirə bilmədiyim kitablardan olan "Çuğullar" çağdaş Azərbaycan romanları içində maraq oyadan tək-tük əsərlərdəndir. Hazırlıqlı oxucu üçün nəzərdə tutulan “Çuğullar” romanı hər dövrdə mövzu cəhətdən öz aktuallığı qoruyub saxlayacaq.

Nemət Mətin
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ