Sonra, səndən olduq, Məlik - Ələsgər Əhmədin şeiri

Tarix:8-01-2019, 13:30 Baxış Sayı:202

Sonra, səndən olduq, Məlik  - Ələsgər Əhmədin şeiri
İntiharın 1 yaşı


100 yaşa dediyimiz adamlar,
80 il tez ölür, Məlik
Şeirlərindən balaca,
atasının ağ saçlarından qoca
adamlar üçün nə deyilir?
Bir ağız quru tərif,
bir ovuc sulu hələlik.

Hələlik, Məlik,
hələlik.
Əvvəl tez- tez görüşürdük
Sonra aramıza
ağ ləpələr,
mavi damcılar girdi
Masamızda çaydan başqa şey olmurdu
Qəpiklərimizdən
" birgün varlı olacağıq" səsi gəlirdi
Biri birini anlayaq deyə,
dəyişirdik
Dilimizdəki ilk sözü,
qulağımızdakı sonuncu səsi,
Anadan olduğumuz yurdu.
Sonra, səndən olduq, Məlik  - Ələsgər Əhmədin şeiri
Sonra, səndən olduq, Məlik
son tikəmizi 9 canlı pişiklər,
ilk qonorarımızı
qondarma itlər yedi
Bircə taleləri dəyişdirmirdik
eyni idi.

Səninlə görüşəndə bizi razı salmırdı
bu şəhərin parkı,
sevgisi, cütlüyü
Sən, o parkın, o cütlüyün sevgisizliyindən getdin
Amma, bir dəfə də
unutqanlıq damcılamadı
Yaddaşımın sadiqlik örtüyü.

Bakının mərkəzdəki binaları,
küçələrdəki duaları,
uşaqlarının əlləri,
şairlərinin heykəlləri böyüdü
Eynəkli qızlarının gözləri böyümədi

Xoşbəxtliyi cibimizə yerləşirdi
Susurduq,
biləyimizə qandal yaraşmaz deyə, susurduq
Hamı səsini udmuşdu
Ya da,
bizi görüb nə dəyecəyini fikirləşirdi
Apteklərin önündə dərman qusurduq.
Gecə heyif deyənlərin hamısı
səhər səni unutmuşdu.

Hardan gəlim, Məlik?
yolların yarısı dənizdi,
yarısı daşdı

Deyərdin ki;
filan adlı parkın,
filan unudulmuş hissəsində gözləyəcəyəm
Deyərdim ki, hər yerdə, o var
hansındakına gələcəyəm?
Heç bilməzdin
sevdiyin, bu ölkənin
soyadları əkizdi,
parkları adaşdı

Yavaş - yavaş öyrənərdin,
böyüyərdin
domino daşlarından bina düzəldib
birgün, burdan yıxılacam deyərdin

Nəsə fikrini dəyişdin
çiynimdən yıxılıb,
doğum evindən, ölüm evinəcən ağlayan,
xalqın gözlərinə düşdün.

Ələsgər ƏHMƏD

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ