Onu bağışladığım gün... | Hekayələr

Tarix:8-01-2019, 13:19 Baxış Sayı:78

Onu bağışladığım gün... | Hekayələr
MANERA.AZ gənc yazar Nihat Piriyevin 2 hekayəsini təqdim edir:

ONU BAĞIŞLADIĞIM GÜN

...bir yandan getdikcə daha da şiddətlənən yağış, o biri yandan isə işə gecikməyimin içimdəki məsuliyyəti tərpətməsi qanımı yetəri qədər qaraltmışdı. Əllərimi ciblərimdə birləşdirib, irəlidəki dayanacağa doğru addımlarımı sürətləndirdim. Təxminən, üç - dörd dəqiqəlik məsafə var idi. Bu üç-dörd dəqiqə ərzində paltomun ətəyi ilə süzülən yağış damcılarına baxa - baxa özümü danlamaqla məşğul idim. Həmişə özümdə günah axtarmaq hissi bu dəfə də məni lazımı yerdə yaxalamışdı.

"Onsuzda gecikmişəm, üst - başım su içində, bəlkə zəng vurum, bu günlük icazə alım" - fikri beynimi məşğul elədiyi bir anda....sanki yağış da dayandı, ətrafımda o yan bu yana qaçışan onlarca insan da qeybə çəkildi, yol boyu şütüyən maşınlar hərəkətsiz bir hal aldı....dünya durdu, dünya... Bu, o idi. O.

Bu balaca şəhər ötən beş il ərzində bizi qarşı - qarşıya gətirəcək dərəcədə cəsarət tapmamışdı özündə. Ya da fürsət. Hər gün gəldiyim dayanacaq, hər gün keçdiyim yol, hər gün məni ötürən onlarla maşın, insan və s. Hər şey olduğu kimi idi. Bircə ondan başqa. Və onun görüntüsündən başqa.

Gözlənilməzliyin mənə yaşatdığı şoku üzərimdən atandan sonra başa düşdüm ki, əslində, onun da görüntüsündə elə bir ciddi dəyişim yoxdur. Məni bu qədər təəccübə boğan və məni bu qənaətə gətirən yanındakı o balaca varlıq imiş. Bu, mənim üçün təsəvvürə sığmaz dərəcədə böyük bir dəyişim idi.

Yerimdə quruyub qalsam da onun iti addımları bizi beş il ərzində bir - birimizə ən yaxın məsafəyə doğru yaxınlaşdırırdı. Amma bunu da çox gördü mənə. Gözümü sadəcə mənə doğru atılan, onu mənə yaxınlaşdıran addımlarına dikdiyim vaxtı birdən o da yavaşladı. Və biz dünyanın ən dəhşətli mənzərəsi ilə üz - üzə dayandıq. Bir - birimizlə üz - üzə.

...balacanın çətirindən süzülən yağış damcıları ayaqqabılarının üzərinə düşür, o, bundan narahat bir şəkildə çətiri "necə tutma" yolunu axtaran bir vaxtda, sanki özünü mənə daha yaxşı, daha aydın göstərmək üçün başındakı "kapişonu" çıxardı. Üzünə düşən saçını astaca qulağının arxasına keçirdi. Əli ilə alnından süzülən su damcılarını sildi. Və o da mənim kimi bütünlüklə həyatdan təcrid olundu. Bir neçə saniyəlik...susdu, hər şey susdu, dayandı, hər şey dayandı....və başladı....başladı xatirələr danışmağa, başladı içimizi illərdi qovuran o dəhşət dolu həsrət, intizar danışmağa, başladı içimizdə yığılıb qalan və yalnız bir - birimizin cavab verə biləcəyi o suallar danışmağa...

Baxışlarımız ötən beş ili götür - qoy edir, bu beş il ərzində harada və necə yaşadığımızı sorğu - sual edir, biz isə hazırkı vəziyyəti və ondan doğacaq reaksiyanı düşünürdük. Sevinməli, ya üzülməli?

Bu, təxminən bir neçə saniyə çəksə də, biz illəri sığışdırdıq həmin o saniyələrə. Həm birgə yaşadığımız onca xatirəni, həm də sadəcə təqvim üzərindən ötüb - keçən bu beş ili sığdırdıq....

Balacanın onun ətəyini dartışdırması bizi bu "göz dialoqu"ndan ayırıb, yenidən həyata qaytardı. Və o, yoluna davam eləmək istədi, heç nə olmamış kimi, amma addımlarını heç cürə özünə tabe edə bilmədi. Sanki mənim baxışlarımdan qorxurdu, sanki onun üzərində bayaqdan bəri göz qırpmadan saxladığım nəhəng "NİYƏ" sualından qorxurdu. Ya da cavabının olmamasından.

"Saçına toxunmağa belə qıymadığım, əllərini iki ovcumda isidərkən belə inciməsindən ehtiyatlandığım qadınım indi başqasınındır" həqiqəti həmin o bir neçə dəqiqə ərzində mənə faşitcəsinə davranırdı. İçimi didib - dağıdan bu adsız hiss, ona sahiblənmək və qarşımdakı mənzərədən doğan sahiblənə bilməməyim həqiqəti mənim bu yaşıma kimi dizlərimi bükə biləcək bəlkə də ən vəhşi duyğu idi. Həmin anda həyatda çəkə bilməyəcəyim ən ağır yükü hiss edirdim çiyinlərimdə. Öz qadınım və onun başqasının olması həqiqətinin əyani mənzərisi idi çiyinlərimə çökən o yük.

- Röya, cəld ol...

Bu üç sözlük cümlə məndə bir şillə təsiri yaratdı. RÖYA. Bizim olmayan, doğulmayan, olası və doğulası qızımızın adı idi Röya. Onu doğum evindən ta ali məktəbə qəbul olduğu bir günə kimi xəyalımızda, arzumuzda və özümüzdə böyütmüşdük. İçimizdə böyütmüşdük Röyanı.
Sarı, qıvırcıq saçları olacaq deyirdim, gözləri də bir az fərqli rəngdə. Hər gün işdən yorğun gəldiyimdə bütün günün tamamının yorğunluğunu Röyamız bircə təbəssümü ilə, bircə qucaq açması ilə alıb, əvəzində indi daha olmayacağına qəbullandığım zamanda belə tüklərimi ürpədəcək bir xoşbəxtlik verəcəkdi mənə.

- biz axı heç birimiz sarışın deyilik....

Bu cümlə məhz bu gün üçün deyilmiş cümləymiş, əslində. Bu günlər üçün və bundan sonrakı günlər üçün. İllər əvvəl qurduğumuz bu xəyalı sənin bircə cümlən yerlə - yeksan edirdi. O cümləyə gör nələr qurban getdi, nələr. Mən, sən, Röyamız və biz.

Mənim Röyam elə "röya" olaraq qaldı. Həmin sarışın Röya.

İndi o sənindir. İndi bu gerçəkliyin xoşbəxtliyini yalnız sən yaşaya bilərsən. Və yaşa da, sən buna layiqsən, sən bizim birgə gerçəkləşdirə bilmədiyimiz bütün istəklərimizi yaşayacaq qədər böyük sevgiyə layiqsən.

Məhz bu fikirlə gözlərimi yumub - açdıqdan sonra daha onu qarşımda görmədim. Əvəzində arxama döndüyümdə məndən uzaqlaşan taksinin şüşələrindən dünyanın ən aciz baxışlarını gördüm. Hər şey var idi o baxışlarda, hər şey. Mənim indiyə qədər axtardığım sualların cavabı, bu beş ilin bütününün təsviri və o beş ildən öncəki yaşadığımız bütün sevinclər və yaşantı adını daşıyacaq hər dəqiqə, hər saniyə...

...bütün varlığımı qoyub, dodaqlarıma qondurduğum təbəssüm isə onu artıq bağışladığımı deyirdi. O, bunu hiss etdi, o, hiss etdi ki, bağışlanıb. İndi mən də özümə xoşbəxt deyə bilərəm...

TANRI İLƏ SÖHBƏT

...Nənəm atam öləndə deyirdi ki, atan cənnətə getdi...

Sonra eyni sözü anam üçün də dedi. Lap sonra isə özü getdi.

Qonşumuzda bir qoca qarı vardı. Kimsəsiz. Onun da arxasıyla eyni sözü dedilər. "Cənnətə getdi".

Hamı elə cənnətə gedir. Hardadı sənin bu cənnətin? Haradı sənin bu cənnətin? Gedənlər heç qayıtmır, qayıtması bir yana, niyə ən yaxşılar gedir ki? Atam, anam, sonra da nənəm. Açığı ən çox nənəmin cənnətə getməsinə sevinmişdim. Çünki nənəm həm atam idi, həm də anam. Əsl cənnətlik adam idi...

Yadında, bir dəfə yağış yağdırmışdıne, noyabr idi, deyəsən. Dörd il qabaq, hə , hə, dörd il qabaq. Bax həmin o qoca qarının evinin arxasında anamla oturmuşduq. Onda atam anamı döymüşdü, anam da yağışın altında ağlaya-ağlaya deyinirdi ki, onu heç vaxt bağışlamacayaq. Görəsən, bağışladı? Bağışlamayıbsa, onda nənəm yalan deyirdi hə? Elə olsa atam cənnətə gedə bilməz axı. Gedibsə, onda anam yalan deyirmiş, bağışlayıb atamı. Məndən olsa qoy anam yalan desin, mən anamı bağışlayaram. Heç olmasa orada mehriban olsunlar, bir də yəqin ki, sənin yanında atam döyməz anamı, hə? Qoymazsan dalaşsınlar....

O qoca qarı anamı çox istəyərdi. Arabir fikirləşirəm ki, yəqin anama çox yaxşılıq edib deyə, onu da aparmısan yanına. Amma sinif yoldaşım Rüfət deyir ki, o qarı nənə hamıya yaxşılıq edir. Amma həm də deyir, nənəm deyir ki, cavan vaxtı pis adam olub o. Yaman çox əri olub deyir onun. Nəbilim, adam baş açmır ki. Sən necə baş açırsan bu adamlardan?

Mənim nə yaşım var gör. Amma nə atam var, nə anam, nə nənəm, heç yaxşı bir qonşum da yoxdu. Dayımı da görürsən də. Qorxur arvadından. Bilirsən, istəmirəm dayımı yaxşı adam kimi tanıyasan. Birdən onu da apararsane. Bax , onu da aparsan day heç kimim qalmır. Əmimi cəmi bircə dəfə görmüşəm, indi , vallah, heç bilmirəm haradadı. Dayım da mənə görə elə hey dava edir evdə. Yaxşı, olmaz ki, bir dəfə də pis adam aparasan yanına? Dayım arvadını deyirəmee. Ya da yox, Gülərə görə ona da dəymə...

O gün gecə görürəm ki, mətbəxdə ət qızardıb, yeyir. Güləri də oyatmışdı. Gülər dayım qızıdı, çox istəyir məni. Həmin axşamı sup yemişdim mən. Dayım da dava eləyirdi ki, ət almışdım axı... niyə bişirməmisən?

Gülər həmin gecə otağıma gəldi, içəri girəndə ətin qoxusu gəldi burnuma. Özümü bilməzliyə vurdum. Sən demə mənim üçün gətiribmiş. Anasından xəlbət. Gülər mənə deyir ki, anası ilə mehriban olum, yoxsa bizi evlənməyə qoymaz. Yoxsa indiyə çoxdan qaçmışdım o evdən.

Ayaqqabılarım cırılıb, bu yağış zəhrimar da elə hey yağır. Xətrinə dəymir ki, yağışa zəhrimar deməyim? Bilirsən, niyə soruşuram? Nənəmdən o vaxtı niyə çox yağış yağdığını soruşanda, həmişə deyərdi ki, bala, yer onun, göy onun, hikmətinə şükür.

Lap dəysine xətrinə, nolasıdı ki, o qədər dəymisən ki, xətrimə. Amma küsməmişəm mən səndən, nənəm öyrədib mənə Allahı çox istəməyi. Həm də arada fikirləşirəm ki, mənim səndən başqa kimsəm yoxdu...

Hər gecə yatanda sənə dua edirəm, yəqin ki, eşidirsən. Birinci nənəmə, sonra anama, sonra atama, sonra da o qoca qarıya rəhmət oxuyuram. Amma ən çox nənəmə. Bilirsən niyə ən çox nənəmə? Çünki nənəm dayıma tapşırmışdı ki, Gülərlə məni evləndirər. Özüm eşitmişdim. Dayım heç nə demədi, amma yəqin, nənəmin sözündən çıxmaz. Həm də nolube mənə... Çimib hamamdan çıxanda güzgü qabağında saçımı min cür hala salıram, vallah, elə qəşəng oğlanam ki....amma yetiməm...

Heç ölmək istəmərəm, amma ölsəm içimdə yığılıb qalan bir sual var. Atama verəcəm o sualı. Görəsən, atam anamı döyüb evdən qovanda bilsəydi ki, anam yağışa görə sətəlcəm olacaq, yenə də qovardı onu?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ