Mənim uçuşlarım təkbiletlik eşq | Aysel Səfərlinin şeirləri

Tarix:8-01-2019, 12:07 Baxış Sayı:201

Mənim uçuşlarım təkbiletlik eşq | Aysel Səfərlinin şeirləri
***
Sən hardan biləsən mən necə təkəm,
Yaşarkən ölməyin nə olduğunu.
Cismimlə zamanın köksünə yükəm,
Bilməzsən sən ölüb doğuldugumu.

Uymaz istəyim də vaxtın nəbzinə,
Mənim ürəyimin döyüntüsü çox.
Əcəlin verdiyi ömür qəbzinə,
Imzasın atacaq bir gücüm də yox.

Ümidin əlindən tutmuşam zorla,
Sən hardan biləsən mən nə haldayam.
Qismətin bəxtimə hördüyü torla,
Lampası qırılmış çıxmaz yoldayam.

Həyatım dolabda xarab,zay olan,
Boğazdan keçməyən loxmaya bənzər.
Tənhalıq uçqunda xaraba qalan,
Bacası əyilmiş daxmaya bənzər.

Ruhumu tapşırıb yolladım sənə,
Söylədim düşməsin daha izimə.
Sən hardan biləsən nə çəkirəm,nə
Qara taleyimi çəkdim gözümə.



***
Göylərə əmanət elədim səni,
Təyyarə kölgəsi düşdü üzümə.
Arxanca su səpən gözlərim dedi,
"Gedənlər qayıdır bəzən,üzülmə."

Bir dəli uçuşla ucaldı ruhum,
Səni buludlarda gəzdi,tapmadı.
Eşqin ətəyindən üzülən əlim,
Hicrin yaxasından tutub qopmadı.

Səni uzaqlara daşıyan pilot,
Dönüşdə həsrəti qaytardı geri.
Qəzaya uğradı arzularım da,
Dərdim paraşütlə qurtuldu diri.

Mənim uçuşlarım təkbiletlik eşq,
Keçmişin daşıdı boz çemodanda.
Mənim uçuşlarım təxirə düşdü,
Ümidlər qəzada itən zamandan....



***
Ata,
Səni tanıdığım ilk gün
Aşiq olmuşdum varlığına,..
Anam
Sənə baxarkən
Gözlərindəki qürur və sevgi hissinə
Öyrətmişdi bizi...
Ötən illərimin əllərindən tutub
Baxarkən uşaqlığıma,
Bir həsrətlə qanayır
Arzularımın dizi....
Qardaşımın
Əsgərlik xatirələri-
İlk məzuniyyətində səni Uğurlamağa gələn göz yaşları,
Məzar daşından baxan
Şəklinə danışdığı
Acılarla doludur...
Bacım
Yoxluğunu sıxmışdı
Balaları kimi
Bərk-bərk
Köksünə...
Anam
Hər sabah
Onu gözləyən
Məzlum baxışlarını
Xəstəxana qapılarında
Buraxdığı ümidlərinə
Tapşırmışdı...
Kimsəyə deyəmmədiyi
Sözlərini
Danışaraq
Evimizdəki
Tək təsəlli olan
Əksinə...
Adımı
Güclə hecaladığın
O son gün
Yetimliyimi yorğan tək
Sarıdım
Uşaqlığımın qəhqəh çəkən,
Ən xoşbəxt yerinə....
Ata,
Sən gedən gün
Son nəfəsini
Bərk-bərk ovuclarımda sıxıb Saxlamaq istədim....
Son baxışlarındakı əlvida kəlməsi
Bir mərmi sıxdı
Uşaqlığımın
Xoşbəxt xatirələrinə...



***
İllər yaşa doldu
Köhnəlmiş Pəncərələrdən baxa-baxa
Kirayə evlərdə...
Xatirələrimiz-kasıblığın nimdaş köynəyi...
Soyuq otaqların
Nəm çəkmiş divar üzü
Daşıya bilmir hələ də..
Təklikdə əks-səda verir
Iki qəlbin son gorüşü..
Hıçqırıqla "getmə"deməsi...
Çörək pulu arzusuyla
Dərdlərini əyninə geyib,
Köhnə çemodanlarına həsrət yığıb
Gedən o adamın
Boş ümidlə
"Tez dönəcəm"səsi...

Bir də,
Dərdin bağrına basdığı
İki uşaqlı gənc qadının
Ruhundaki göynəyi..

Ömür sevincini yerə saldı
O kirayə,soyuq evdə....
Ümid-bəxtin itirdiyi
Yaxın-uzaq eynəyi....

Getdi o adam..,
İllər ötdükcə
Həsrəti də böyüdü o qadının,
Uşaqları kimi...
Dərdlər təzələndikcə
Köhnəldi evindəki nə varsa...
Toxunduqca evinə
Dərdin sehrli dəyənəyi...
İndi kimdi günahkar?
Zamanmı?
Kasıblıqmı?
Qismətmi?
Yoxsa o qadınmı???
Tanrıdan kirayə
Aldığımız ömürmü?
Yoxsa
qaranquş kimi
Cöp-cöp yuva qurmaqçün
Uzaqlarda
Həsrətin şair etdiyi o adammı???



***
Sıxıldım otağın küncünə yenə,
Oldum büzüşərək yumruğum boyda.
Sənsizlik dolanda ciyərlərimə,
Boğuldum təkliyə yağan harayda.

Ruhun bişirdiyi sevgim külləndi,
Içimdə doğrandı ürək bir dilim.
Sən bir külək kimi əsib yoruldun,
Qasırğam içində külək sevgilim.

Kükrədi həsrətim buz qollarına,
Dərdlər yumruqlandı başımın üstə.
Sinəmdə çalınan zəngli saatdır,
Qəlbimi oyadar bir son nəfəsə.

Aysel SƏFƏRLİ
AYB-nin üzvü, filoloq


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ