Baunti şokoladı - Alpay Azərin hekayəsi

Tarix:19-12-2018, 12:21 Baxış Sayı:100

Baunti şokoladı - Alpay Azərin hekayəsi
Dostum Ataqama

Səhərlər çox vaxt dərsə ac gedən, günortalar universitetin bufetində ponçik və şirin çayla aclığını öldürən çeçen tələbənin bircə axşamlar yemək mərasimi başlayırdı. Tavaya azca su töküb kartof-soğanı içinə atırdı, su buxarlanıb qurtarana yaxın duz atıb kartofların bir az qızarmağını gözləyirdi. Hərdən də suda bişirdiyi makaronun, vermişelin üstünə ketçup tökürdü ki, ağzında dad hiss eləsin.

Həmin vaxtlar on beş min yarım kvadratlıq bir yerdə çeçenlər rus ordusuyla ağır döyüşlər aparırdı. Təyyarələrdən atılan bombalar evdə, küçədə, bazarda, humanitar dəhlizlər vasitəsilə qaçan belində yorğan, yorğanın içində uşaq daşıyan anaları balalarıyla bir yerdə öldürürdü, yaralayırdı, evləri, məktəbləri, xəstəxanaları yerlə yeksan edirdi. Gecələr qaldığı yataqxanda səksəkə içindəydi çeçen tələbə, - yerində o yan-bu yana çönürdü, elə bilirdi, Su-25-in atdığı raketlərdən biri də bu gün-sabah onların Qroznıdakı evlərinə düşəcək. "Növbəti bombardman nəticəsində Qroznı şəhərində onlarla dinc sakin həlak olmuşdur” xəbərini NTV-dən eşidən kimi cumurdu poçta. Üç dənə jeton alıb evə zəng edirdi, atası, ya anasıyla bir dəqiqə tez-tələsik danışıb, hamının sağ-salamat olduğunu biləndən sonra rahat yataqxanaya qayıdırdı. Valideynləri, iki bacısı humanitar yardımın hesabına güclə özlərini dolandırırdılar. Özü isə təqaüdün hesabına, günlərini yarıac yola verə-verə, bir kitab üzü açmaya-açmaya ümid edirdi ki, hüquqşünas diplomunu alana qədər Çeçenistan müstəqil dövlət olacaq, bunu Qroznının rayonlarından birinə prokuror qoyacaqlar, beş-altı ilə baş prokuror olacaq.

Hər ay toppuşsifət şotland tələbəyə isə atası Qlazqodan beş yüz dollar göndərirdi. Səhərlər alman yağı, holland pendiri, bazardan aldığı yağlı xama, cökə balıyla buterbrod düzəldib çay içirdi, günortalar universitetin yeməkxanasında doyunca nahar edirdi şotland tələbə. Axşam tavada zeytun yağında qızartdığı qoyun ətinin ətri mətbəxə yayılanda, suda kartof bişirən məğrur çeçen hirsindən dişlərini bir-birinə sıxırdı. Onu ən çox əsəbiləşdirən mətbəxdə yeməyin bişməsini gözləyən şotlandın hərdən Baunti şokoladı yeyə-yeyə kitab oxuması olurdu, az qalırdı yaxınlaşıb onun gözlüyünü çıxardıb yerə atsın və desin ki, eyy, açkarik (dördgöz), ya kitab oxu, ya şokolad ye. Müharibədən əvvəl çeçen öz vətənində olanda, içindəki kokos əzməsini ləzzətlə damağına sıxdığı bu şokoladdan istədiyi qədər ala bilirdi. İndi pulsuzluqdan nə Baunti, nə də Snikers almağı qıyırdı özünə. Ürəyində "Əclaf” desə də, əminiydi ki, şotland ona şokolad alıb versə, quruca təşəkkür edərdi, amma qüruruna salıb götürməzdi.

İkisi də Sankt-Peterburq Dövlət Universitetinin tələbəsiydi, yataqxananın üçüncü mərtəbəsində qalırdılar...

Bircə şeydən çeçen ruh və təsəlli alırdı, - bir milyonluq xalqı Qrad, tank, qırıcı təyyarələrlə silahlanmış yüz milyondan çox sayı olan rusun ordusuna qarşı avtomat, pulemyot, qranat və minaatanlarla gecə-gündüz vuruşurdu. Fəxr edirdi ki, dünyanın ən böyük ölkəsi, nüvə silahı olan Rusiyanın baş naziri Viktor Çernomırdin şəxsən özü onun həmkəndlisi, - vedenolu səhra komandiri Şamil Basayevə telefonla zəng edib Budyonovskda girov götürdüyü rusların azad edilməsi üçün dil tökmüşdü, söz vermişdi ki, çeçenlərin tələbləri nəzərə alınacaq və axırda Basayev yüzə yaxın döyüşçüsüylə sağ-salamat Çeçenistana qayıtmışdı.

Mücahidlər döyüşlərdə rus əsgərlərini pusquya salıb qıranda, çeçenin şotlanda qarşı təkəbbür qarışıq ikrah hissi daha da artırdı. "Hər gün ət, şokolad yeyir, amma vecinə deyil ki, vətəni yüz illərdi ingilislərin işğalı altındadı. Bunun donuz sifətinə adamın lap tüpürməyi gəlir”. Az qalırdı yaxınlaşıb sual versin ki, hanı sənin qürurun, bəyəm həyatın mənası tək elə dadlı yeməklərdədi? Heç cürə anlayammardı, sevdiyi "Cəsur ürək” filmindəki qəhrəman Uollesi olan bir xalq niyə indi öz azadlığı uğrunda vuruşmur, heç olmasa, qonşuları irlandlar kimi partizan dəstələri yaradıb ingilis polislərinə hücum eləmir. Axırda gəldiyi məntiqi nəticə bu olmuşdu: "Don geyinən, millətdən nə gözləmək olar? Bu, o deməkdir ki, vaxtilə qəhrəman sayılan bu xalq artıq başdan-ayağa arvad yığnağına çevrilib”. Şotland hiss eləmişdi çeçenin ondan xoşu gəlmədiyini, amma əsl avropalılar kimi, bunu vecinə almırdı, özünü soyuqqanlı aparırdı üz-üzə gələndə, bir də, onu ancaq öyrəndiyi tarix elmi, mənbələr, metodologiyalar, elmi monoqrafiyalardakı yeniliklər maraqlandırırdı.

1996-cı ilin avqustunda bir neçə günlük döyüşlərdən sonra 850 çeçen mücahidi atıcı silahlarla vuruşa-vuruşa 6 min rus əsgərinə qalib gəldi. Çeçen başqa universitetlərdə oxuyan yerliləriylə bir yerdə kafedə bu qələbəni qeyd elədilər, doyunca rəqs elədilər. Xasavyurtda Rusiya Çeçenistanla sülh müqaviləsi imzalayan gündən bir həftə sonra çeçen mətbəxdə şotlanda Bizim Basayevimiz, Məshədovumuz dünyanın gözü qarşısında tarix yazır, sizsə məğlubiyyətiyinizlə çoxdan barışmış bir xalqsınız demək ürəyindən keçdi. Şotland yenə çeçenin təkəbbürlü, bu dəfə qəzəbsiz, nifrətsiz baxışlarına fikir vermədi, əvvəlcə qızartdığı steykdən bir tikəni həvəslə qoxulayıb ağzına apardı, "good” (yaxşıdı) deyib tavayla bir yerdə mətbəxdən çıxdı. Çeçen istehzalı təbəssümlə "Blyaa,” - deyib başını buladı, fikirləşdi ki, axı mən niyə bunların müstəqilliyini özümə dərd eləmişəm, özləri bilər, əsas bizim qələbəmizdir, onu da əldə etmişik, indi qalır dünya bizi müstəqil dövlət kimi tanısın, o da inşaAllah yaxın zamanlarda baş tutar.

Üç il sonra prezident Məshədova tabe olmayan səhra komandirləri öz güclərinə o qədər arxayın oldular ki, silahlı dəstələriylə qonşu Dağıstanın üç kəndində şəriət qayda-qanunu yaratmış mücahidlərə hücum edən rus əsgərləriylə vuruşmağa cürət elədilər. Çeçenin sevinci aşıb-daşırdı, elə bilirdi, dağıstanlılardan sonra inquşlar, kabardinlər, qaraçaylar, dalınca tatarlar, başqırdlar cihada başlayacaq, ən əsası, birinci müharibədə şəhid olmuş prezident Dudayevin Qafqazda yeni yaranacaq müstəqil dövlətlərin öz aralarında birləşib ittifaq yaratmaq arzusu həyata keçəcək.

Bu arada xarici şirkətlərin birinin təhlükəsizlik xidmətində işə düzələn çeçen artıq kərə yağında ət-kartof qızardırdı, xiyar, pomidor, banan, portağal yeyirdi, çayı Baunti şokoladıyla içirdi, hələ iki ayda bir dəfə evdəkilərə də pul yollayırdı. Yataqxana komendantına artıq pul verib geniş, işıqlı otaq götürmüşdü, ağ-qara televizorunu qonşu otaqda qalan aspiranta ucuz qiymətə satıb rənglisini almışdı. Tox qarın, rahat yatdığı gecələr üstəgəl həmkəndlisi Basayevin, ərəb Xəttabın başçılıq etdiyi mücahidlərin Dağıstana yürüşü, eləcə də Çeçenistanın müstəqilliyini dünya ölkələrinin tezliklə tanıyacağına əminliyuş, bir sözlə, yataqxananın ən xoşbəxt adamıydı. Yerliləriylə yaxınlıqdakı kafedən alıb gətirdiyi dadlı yeməklərdən yeyə-yeyə, milli rəqslərini oynaya-oynaya növbəti qələbəni qeyd edirdilər.

Həmin günlər mətbəxdə rus, belorus, özbək, moldovalı tələbələrə imam Şamilin naibi olmuş, döyüşlərdə qolunu, gözünü, ayağını itirmiş çeçen Bəysunqurun qəhrəmanlıqlarından həvəslə danışa-danışa, şotlandın qıraqda dayanıb ona diqqətlə qulaq asmağından ləzzət alırdı: "Deməli, irəliləyiş var. Mel Qibson öz "Cəsur ürəyilə” bir şey edə bilmədi, bəlkə bizim mübarizəmiz bunlara təsir edər”.

Çox keçmədi, məlum oldu ki, qardaş dedikləri mücahidlərə kömək etməklə, sadəlövh çeçen döyüşçüləri zəifləmiş Rusiyanın xəstə prezidentindən hakimiyyəti təzəcə təhvil almış cavan, enerjili, hiyləgər siyasi varisin qurduğu tələyə düşüblər: Basayevgilə vəd olunan ümumDağıstan üsyanı baş tutmadı, bundan istifadə edən rus ordusu onları Dağıstandan vurub çıxardı, dalınca Çeçenistana daxil oldu. Balaca və məğrur xalqın birinci müharibəylə müqayisədə daha dəhşətli günləri başladı, artilleriya mərmiləri, qırıcı təyyarələrin atdığı raketlər öz işini görməklə yanaşı, bu dəfə "ölüm eskadronları” evlərdə gizlicə yaralarını sağaldan mücahidləri gecələr komendaturaya aparıb işgəncə verə-verə öldürdülər, onları gizlədənləri isə döyüb şikəst elədilər. BBC, CNN göstərməsin deyə, rus əsgərləri bəzən dinc, ya döyüşçüyə fərq qoymadan öldürdükləri çeçenlərin meyitlərini gecələr dərin quyular qazıb orda basdırdılar. Üstəlik, beynəlxalq təşkilatlar, Amerikanın Dövlət Departamenti əvvəlki kimi Rusiyanı insan haqlarını kobud şəkildə pozduğuna görə qınamırdı, tənqid etmirdi, bir sözlə, dünya artıq bu balaca xalqın yeni əzablarına biganəydi. Birinci müharibədə xalqı cihada çağırmış baş müfti vaxtilə qorxmazılığıyla ad qazanmış Yamadayev qardaşlarıyla bir yerdə Çeçenistanın iki böyük rayonunu döyüşsüz ruslara təslim edəndə, dalınca onlara qoşulub müstəqillik tərəfdarlarıyla vuruşanda, çeçen tələbə eşitdiyi bu xəbərlərdən elə sarsıldı ki, bir günün içində qüruru, təkəbbürü azaldı. Qara günləri başladı, yenə gecələr gözünə yuxu getmədi, yerində o yan-bu yana çevrildi, divara yumruqlar vura-vura ağrıdan və qəzəbdən bağırdı.

Əvvəlcə üsyan qaldırmadığına görə dağıstanlıları söydü. Məsələnin Rusiya kəşfiyyatının qurduğu tələ olduğu fikrinə gələndə, Basayevin, Xəttabın üstünə hirsini tökdü, ürəyində yamanladı onları: Axmaqlar! Sizə lazımıydı Dağıstana soxulasız?! Bizi hələ heç bir ölkə tanımayıb, bunlar başqalarına dövlət yaratmaq, şəriət hökuməti qurmaq istəyirlər.

O, on minlərlə həmyerlisinin öldürüldüyü müharibə hesabına əldə edilən və bir müddət əvvəl dünyanın tanıyacağına əmin olduğu müstəqilliyin sona çatdığını heç cürə qəbul edəmmirdi. Beş ildə ilk dəfəydi daha şotlanda üstdən aşağı baxmırdı. Göz-gözə gəlməməkçün əvvəlcə mətbəxə dəyir, şotland orda olmayanda, tez otağına qayıdır, tava, ət, yağ götürüb, təzədən mətbəxə gedirdi. Dəhlizdə onunla rastlaşanda üzünə baxmadan yanından keçirdi.

Semestr, dövlət imtahalarından güclə üç ala-ala, kursda qala-qala bir təhər diplomunu almışdı, viran olmuş Qroznıya qayıtmağın mənası yox idi deyə, işləyə-işləyə yataqxanada qalırdı...

Soyuq dekabr axşamı çarpayısında uzanıb tavana baxan çeçenin qapısı döyüldü, "Gəlin!” - qışqırsa da, heç kimi görmək istəmirdi. İçəri girən şotland idi, çəkinə-çəkinə cəld çarpayısında oturub təəccüblə ona baxan çeçenə ingilis ləhcəsiylə "salam-aleykum” deyib tərifə keçdi: "Sizin xalqa, onun azadlığı uğrunda vuruşmuş mərhum Cövhər Dudayevə, Aslan Məshədova, Şamil Basayevə, Ruslan Qelayevə hörmətim var, ümid edirəm ki, bu müharibəni də udacaqsız”. - "Sən ümid edirsən, mənsə əminəm ki, bu müharibəni də udacayıq,” - deyən çeçen soyuq, sərt baxışlarıyla şotlandın gözlərinin içinə baxdı. - "Hə, hə, əlbəttə, - şotland bu cür reaksiyadan çaşan kimi oldu. - Elə də olacaq... Əslində, biz çoxdan tanış olmalıydıq”. Tez əsas məsələyə keçdi, məlum oldu ki, şotland aspiranturanı bitirib Qlazqoya qayıdandan sonra 1991-1996-ci illərdə çeçenlərin milli-azadlıq hərəkatı haqqında kitab yazmaq istəyir, ona görə bəzi məsləhətlərə ehtiyacı var. "Mənə kömək edə bilərsiz?” - soruşdu. Çeçen əvvəlcə şotlanda şübhəylə baxdı, elə bildi, ruslara işləyən kəşfiyyatçıdır, sonra nədənsə, inandı ona.

Şotlandın otağında tək qalan çeçen sükutun, qəhvəyi rəngli saçaqlı pərdənin, oturduğu kreslonun yumşaq dərinliyinin, masanın üstündə yanan çəhrayı abajurlu lampanın yaratdığı harmoniyadan sıxılan kimi oldu. Otağa göz gəzdirəndə, jurnal masasının üstündəki şahmat taxtasını, dəmir fiqurları görüb ora yaxınlaşdı, - qılınclı-qalxanlı ingilis və şotland döyüşçüləri üz-üzə dayanmışdı. Hər iki tərəfdən beş-altı gediş elədi, şahmat taxtasının yanındakı qəzetlər diqqətini çəkdi deyə, oyunu yarımçıq saxladı. Vərəqlədiyi iki qəzetdə çeçen müharibəsinə aid məqalələrdə bəzi cümlələrin altından qələmlə xətt çəkilmişdi. "Yox, düz deyir, bu, bizdən kitab yazacaq”. Qəzetləri yerinə qoyanda, şotland əlində çaydan və çaynik içəri girdi, onları yerə qoyub şahmat taxtasına yaxınlaşdı, şəhadət barmağını burnunun üstünə qoyub diqqətlə fiqurlara baxdı: "Hə, vəziyyət bizimkilərin xeyrinədi ki. Siz ingilis kralını mat edin, istəsəz, sonra başını da kəsə bilərsiz,” - deyib güldü. Çeçenin qəribə baxışlarında sanki bu yazılmışdı: "Bu da öz mübarizəsini şahmat fiqurlarıyla aparır”. Nəhayət, çeçen üç-dörd gediş edib ingilis kralını mat elədi. "Əla, - şotland baş barmağını yuxarı qaldırdı. - Qlazqodan bunların şokoladlarını sizə gətirəcəm, çox dadlıdırlar. Hə, çay içək, sonra bizim milli yeməyimiz olan Haqqis bişirəcəm. Qoyun içalatından hazırlanır. Narahat olmayın, bazardan bir tatardan almışam, dedi ki, halal ətdir. Əslində, Haqqis qoyunun mədəsində bişirilir, amma burda qoyun mədəsi tapmaq çətin məsələdir, ona görə tavada bişirməyə məcbur olacam”. Yaxınlaşıb dolabı açanda qəfildən qışqırdı: "Damn!” (Lənətə gələsən!) Şokoladım qurtarıb. Mən indi aşağı düşüb marketdən alacam. Siz hansından alım, Baunti, Snikers yoxsa Tviks?” Çeçen istədi desin mənimçün fərqi yoxdu, sonra özünü elə bil, zorla məcbur edib dilləndi: "Baunti”.

Qeyd: 2014-cü ilin sentyabrın 18-də Şotlandiyada keçirilən referendumda əhalinin 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa, 44 faizi isə müstəqilliyə səs vermişdi. Uzun illər Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılıb İrlandiyaya birləşməsi uğrunda mübarizə aparan və ingilislərə qarşı terror aktları həyata keçirən İrlandiya Respublikası Ordusunun (İRO) siyasi qanadı "Şin Feyn” partiyası rəsmi Londonla 1997-ci ildə sülh müqaviləsi bağlayandan sonra İRO fəaliyyətini dayandırmış və terrora son qoyulmuşdur. Çeçenistanda isə müqavimət demək olar minimum səviyyədədir.

20 oktyabr - 22 dekabr, 2015,
iyul - noyabr, 2017
Bakı

MÜƏLLİFDƏN: Bu hekayənin ilkin variantı "Kaspi” qəzetində və "Kulis" saytında "Azadlıq və rahatlıq” adı altında çıxıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ