Su sərgisi... - Romandan parça

Tarix:18-12-2018, 15:18 Baxış Sayı:87

Su sərgisi... - Romandan parça
Sərdar Amin

Qoca ülgücü başıma çəkib yerdə qulaclanan uzun saçlarıma gülümsəyəndə anladım ki, bu xahişim də ona oxşamaqla bitdi. Tər qoxumun da eynən qocanınkı kimi olduğunu fərq edəndə qərar verdim ki, artıq getməyin vaxtıdı. Günlərlə sürən qaradinməzliyindən sonra qocanın üzü başqa qırışlara kökləndi. Bu gün danışacaqdı. İkimiz də yaxşı bilirdik ki, mən indi onunla vidalaşacağam. Ta birinci gün əynimdə nə vardısa, yenə onları geyindim. Köynəyimdə qalan ölüm qoxusu da məni qorxutmadı. Bu nostalgiyanın içində qalan tək diri şey Sona idi.

- Keçən yay ki, qar əriyirdi, zövq alırdın, yadımdadı. Həmin zirvədəki qarın əriyib yox olmasına baxanda üzündəki təbəssümü gördüm. Səni başa düşürəm. Mən də illər əvvəl babama demişdim… "Demişdim ki, baba, niyə insanlar qocalır? Axı qocalıq insanlığın üzqarası deyilmi? Niyə insanlar sevərkən, sevilərkən, saçları gur, dişləri saf ikən heç kəsə əziyyət vermədən ölmür?".

O zaman babam mənə kömür kimi qaralıb, ovuc içi boyda daşa dönən insanlardan danışdı. Ölümün o zamanlar insanlardan gen gəzdiyini dedi. Babam dedi: "Adamlar daş bilib əllərinə aldığı o qurdyeməzlərin o biri üzündə solğun üz, əyilən ağız, narahat sima görüb onları yerə qoyarlarmış, qocalıb əldən düşən, ölümünü gözləyən insanlar olduğunu bilərlərmiş. Bu qocaları bəzən zındıq boyda uşaqlar guya bilməyərəkdən daş kimi qarşı qayaya çırpar, ömürlərinə son qoyarlarmış. Ayaq altda qalıb əziyyətlə qıvrılar, insana yaraşmaz bir halda ölərlərmiş adamlar. İndi şükür, damarımızda qanımız axır, üzümüzdə nur var, bunlar bitən kimi haqqa qovuşuruq. Bahadır, sən o gün zirvəyə baxıb gülümsəyəndə bura gəldiyin ilk gün mənə verdiyin sualı, cavabımı xatırladığını yaxşı bilirəm. Mən demişdim ki, o zirvədə qar həmişə qalır. Bir gün o qar ərisə, bil ki, mən ölmüşəm. Həmin gün gur meşələrin fərsiz sələflərinin, bax bu kolluqların üstünü toz basmışdı. Bomboz idi yarpaqları. Külək də yaxın durmaz belə kolluqlara" - bunu deyib gülümsündü.

Nəsə xatırlayıb davam etdi:

- Oğul, mən ölmüşəm. Həm də çoxdan. Su krantları icad olunanda. Mən sizi necə inandırım ki, o qarı əridən günəş deyil, o qarı insanların açıq qalan krantları sorub apardı. Bu gün insan çox güclüdür, övlad qüdrətli deyil. Kar olub, kor olub adamlar. Təbiətlə, ulu güclə bağları itib. İnsan azıb. Təbiəti tanımır. Övlad, içində bir az işıq qalıbsa, yaz. Yaz ki, hündür-hündür dağlarımıza uzun-uzun yollar çəkilir, bu yollara geniş-geniş asfaltlar döşənir. Uzaqdan karvan-karvan bahalı maşınlar gəlir. Olan-qalan beş-altı bulağı da onlar zəbt eləyəcək. Bulağın gözündə oturacaq, küsdürəcək bulaqları. Nə qədər gec deyil, bir neçə nəfər bu bulaqları qucaqlayıb otursunlar. Ağlasınlar, lazım gəlsə, ölsünlər o bulaqların üstündə. Yaz ki, bu yerlərdə az-maz hündür ağ ağaclar var. Qoşa-qoşa bitərlər adətən. Yarpaqları əlimiz kimi beşdilimli. Yaşlandıqca qabıq verərlər, yenidən cavanlaşarlar. Minillərdən sonra gücünü yanındakına verib qeyb olar o ağaclar. Bax o ağacları qucaqlasınlar. Ovuclarını, yanaqlarını o ağaclara söykəsinlər. Bəlkə, onlar pıçıldayar insanlara, həqiqətlərdən. Özlərini heç vaxt o ağaclardan mükəmməl saymasınlar - ağacların ki, kökləri daim torpaqdadı.
Su sərgisi... - Romandan parça
Qocanın sözünü bitirməsini gözləyirdim, içimdə böyük bir dünya yaranmışdı. Məni həyata qaytaran bu adamın indi yanımda belə cılızlaşması məni qürurlandırmırdı. Hərçənd özü elə düşünürdü ki, onun məğlubiyyətinə sevinirəm. Mənsə, onu qucaqlamaq, onunla keçirdiyim zamanda ötürdüklərindən muğayat olacağıma onu inandırmaq istəyirdim. Ən bəsitindən başlamalı idim bu işə. İçimi dinləyirdim, içim məni hələ ki dağa yox, aşağı çağırırdı. Sonaya qayıtmalı idim.

Qoca isə vəsiyyətini muncuq kimi sıralayırdı:

- Yaz ki, təbiət heç vaxt insandan səxavətini əsirgəmir. İnsan onu təslim etmək istəyəndə təbiəti bu səxavətdən usandırır. Yaz ki, ot yesinlər. Lap elə təbiətdən qoparmadan yesinlər. Yarısını udsunlar, kökünü torpaqda saxlayıb dursunlar, bəlkə, onda nəsə dedi bu təbiət. Yaz ki, siz onsuz da bu nizamı dəyişə bilməyəcəksiz. Bu nizamın sərgisini dəyişməkdir işiniz. Yaxşı olar ki, bu fürsətdə özünüzü sərgiləyəsiniz. Bu dağlardan uğultuyla daşan çaylar bir gün başqa cür də axa bilər. Amma siz o dəm heç nə eləyə bilməzsiniz. Min illər geri qayıdıb yenidən avamca, xoşbəxtcə yaşacaqsınız. Yaz, oğlum. Get, yaz. Sən də bir az şair, bir az şeir qəbrisən.

Son sözündən sonra baxışlarımız şimşək kimi toqquşdu. Tez gözlərini məndən çəkdi. Qabağındakının agah olduğu adamın rahatlığı və xəcalətilə başını aşağı saldı və parça torbaya qoyduğu gur səmənini, sirli məktubu mənə uzatdı. İlk dəfə qucaqlaşdıq. Ağlamadı, amma gözlərindən axan yaşı siləndə mənə nə qədər ümid bəslədiyini də anladım. Qalanını sirdən xilas olmuş bəndə rahatlığı ilə danışdı. Təbii, sirrini itirdi, adi bir babaya dönüşdü:

- Novruz gəlib. Yolunun üstündə Qudyalçaya səməni atan adamlar görəcəksən. Onlara qoşul. Üzünü axına qarşı tutub bu səmənini başından arxaya at. Amma elə et ki, səməni suya düşsün. Sonra istədiyin yerə get.

Artıq danışmağını istəməzdim, bilirdim. Ancaq o növbəti simasını ifşa etməli idi. Arxamca özü ilə danışırmış kimi davam etdi:

- Bəzən əlimizdəki su parçını unudub o biri əlimizlə hansısa iş görürük, ya da gözümüz yol çəkir, bu vaxt qab yavaş-yavaş əyilir, su yerə axır. Kimsə xəbərdar eləməsə, suyu lazımsız yerə dağıdırıq. Şirindi, hə? İndi o, yəqin, o biri əlilə başqa iş görür, ya da gözü yol çəkir, bu biri əlindəki kainat yan durur, olmamalı şeylər olur. Yanında da kimsə yoxdu ki, xəbərdar etsin.

Səyyada bax, səyyada
Torun qurub qayada
Toruna tərlan düşüb
kimsəsi yox oyada.

Bahadır, mən də əminəm ki, tezliklə bu yan durmuş kainatımız onun diqqətini çəkəcək və hər şey qaydasına düşəcək.

Üzümü ona göstərmədən gülümsündüm, onu əzən zərbədən xilas olduğunu anladım, yazacaqdı - içində daşlamış, heç nəyə dönüşə bilməyənləri şeirə çevirəcəkdi. Bundan o yana nə edə bilərdi ki? Mən uzaqlaşdıqca cılızlaşırdı; insan gözündən uzaqlaşan insan kimi yox, şimşək sürətilə, səsi kiçilir, öləziyirdi:

- Hə, düz deyirsən, indi mən yazacam. Şərin qələbəsilə bitən dastanlar yazacam ki, heç kəs bu fani dünyada davaların xeyrin qələbəsilə bitdiyinə güvənməsin, yoxsa bu güvənc onları davaya, mübarizəyə səsləyir. Axı özünə xeyir deyənlərin qabağındakılar da şər saymırlar özlərini. Şər dediklərimiz də xeyrin qələbəsinə təvəkkül vuruşur, qələbələrinə inanır. Şərin qələbəsilə bitən dastanlar müharibələrə son qoyacaq, inanırsan, Bahadır?

- Bilmirəm.

Şəlalənin ətrafa səpələdiyi toz kimi su hər şeyi ağuşuna aldı; həmin qoca kişini də, səsini də, mənə demək istədiklərini də, bəlkə də, hər şeyi. Dağdan göz qırpımında endim. Çayı yeddi dəfə keçmədiyimdən də əminəm. Səmənini qocanın dediyi kimi, arxaya baxmadan suya atdım. Uşaqlıqdan bu yana məni düşündürən həmin sual böyük bir cavab oldu, içimə toxtaqlıq gətirdi.

"İlahi... Hər zaman üstdən aşağı yumbalanan axar suları yenidən yuxarı qaldıran kimdir?". Mən o vaxt həyatda ən vacib şeylərin ən bol olanlar olduğunu anladım. Nəfəs almaq qədər gözəl hissin qabağında intəhasız havanın durduğunu, su içmək qədər ülvi və susuzluq qədər məşəqqətin qarşısında ümmanların dalğalandığını qəlbimlə hiss etdim. Qızıl, zinət gözümdə o qədər kiçildi ki, təbiətdə qıt olan hər şeyin, əslində, ən lazımsız olduğunu anladım. Bolluğun mənbəyi olan şəfqətin bunca dəyərsizlikdən zərrə sınıxmamasını hiss edəndə içimdəki bir ovuc havanı da yenidən bəşəriyyətlə bölüşməkdən zövq aldım. O bolluq isə eləcə axır, axır, axırdı.../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ