Gözlənilən bir xəyanətin tarixçəsi - Orxan Həsəninin hekayəsi

Tarix:10-12-2018, 13:50 Baxış Sayı:54

Gözlənilən bir xəyanətin tarixçəsi - Orxan Həsəninin hekayəsi
Düz yeddinci mərtəbədə, bir otaqlı köhnə mənzildə dünyada, bəlkə, bütün gözlərdən uzaq bir kişi yaşayır. Otağının pəncərəsi məzarlığa açılır.

Hərdən eyvana siqaret çəkməyə çıxır. Çox vaxt siqareti yarıyacan çəkir, səbirsiz halda külqabıya basıb söndürür, yeddinci mərtəbədən düz aşağı, məzarlığın həyətinə atır, – son vaxtlar qəbiristanlıq böyüyüb düz yeddimərtəbənin divarına dirənmişdi. Soruşan olsa, cavabı çoxdan hazırdır: "İndi siqaretə məndən çox məzardakıların ehtiyacı var”. Deyər və qımışar. Nə dediyinin fərqinə də varmaz. Amma heç bunu soruşan da yoxdu, hə, belə-belə işlər... Çünki evinə bir kimsə gəlmir. Gecələr gümüşü rəng buldoqunu gəzməyə çıxarardı. Ay işığında elə gözəl görünərdi ki it! Elə bilərdin, ay öz nurunu itin tüklərinə hopdurub. Sonra tüklərini tökməyə başladı it. Yavaş-yavaş. Ağac kimi "paltarını” soyundu. Bir-iki ayın içində tükünü töküb, qaldı lüt. Sonra yeməkdən ağzı döndü; qabağına nə qoydusa burnuyla itələyib kənara elədi. Bir gün də başını ayaqlarına qoyub, sonuncu dəfə gözlərini yumdu. Biryolluq. İtin cansız cəsədini xalçaya büküb çiyninə aldı, elə ehmalca düşdü ki pilləkənləri, elə bil, çiynindəki cansız bədəni incitmək istəmirdi. Qəbiristanlıqda, qəbirlərin arasında xudmani bir yer tapıb, hündür başdaşılarının kölgəsində, necə ki, adamı dəfn edərlər, dəfn elədi itini.

Taxtadan başdaşı da qoydu hələ! Ancaq bununla da kifayətlənmədi: gətirib həmin taxta başdaşına it şəkli asdı.
İndi hər eyvana çıxanda, tüstülü, boz-bulanıq fikirlərlə aşağıya – məzarlığa baxır, gözləri ay-gümüşü tüklü itini axtarır.
Qadın içəridən onu çağırdı. Elə bil, hardasa bir şüşə düşüb çilik-çilik oldu. Siqaretini yenə yarımçıq söndürdü, barmağının ucuyla məzarlığa vızıldatdı. Bir an sonra qadına yaxınlaşdı. ...fikirləşdi ki, görəsən qəbirdəki adamlar siqaretsiz necə keçinə bilir?

Təbii, qadının sarmaşıq qolları arasında başqa şeylər də düşündü. Bu gün işdən yorğun çıxmışdı. Zivədən asılmış paltar kimi avtobusda çəkisiz yellənirdi. Çantasını ixtiyarsız qucan qadındaydı gözü... Gözlərinin dərinliyində özünü tapmışdı əslində, – başqa bir cilddə, başqa bir qiyafədə. Elə həyat da, deyəsən, orda başqalaşmışdı; gündəlik görüb qavradığı həyat deyil, sirli bir aləm olmuşdu. Odur ki, qadının gözlərinin içindəki özünə diqqətlə baxmaq, yaxından tanımaq istəyirdi. Hə, gözlərin o üzündəki tilsimli həyatdakı özünü... "Bu gün Bakıda otuz iki dərəcə isti olacaq”, – belə xəbər verirdi avtobusdakı radio. Ona elə gəlmişdi ki, otuz iki dərəcədən o yana istilik ola bilməz və əynində nəyi var soyunub atmaq istəmişdi... "İndi isə övladı olmayanlara şad xəbər...” – radiodan gələn xışıltılı səs qadının dəmir sırğalarına toxunmuşdu, sanki və kişi dünyanın milyonlarla səsi içindən bu səsi seçib tanıya bilmişdi. Qadın da, o saat duyuq düşmüşdü, gözlərini qıyıb havada uçuşan milyonlarla səslərin içində məhz o səsi tutmaq, çantasının saxlancına qoymaq, hifz etmək istəmişdi; uyğun bir künc-bucaq tapan kimi yenidən və yenidən dinləmək üçün. Yalnız bundan sonra qadının gözlərindəki sirr sanki faş olmuşdu; hiss eləmişdi ki, qadının övladı olmur.

Qadın nəsə dedi və bunu elə tonda dedi ki, kişi etiraz eləsin. Etiraz eləməsə, cəhdi əbəs olacaqdı. İstəyirdi aralarında nəsə – qoy lap inciklik – olsun və kişi ona daha çox bağlansın.
Süst bədənini çarpayıdan götürdü. Kədərlə kişinin üzünə baxdı.
–Bəs indi necə olacaq?


***
Oğlumu uşaq bağçasına ötürdüm. İndi yəqin tərbiyəçinin qucağında şellənir. Onun saçları ilə oynayır. Balaca, toppuş əllərini tərbiyəçinin boynunda gəzdirir.
Gördüm ki, pəncərədən mənə baxır, əllərini yelləyir. Ürəyim də onun havadakı əlləri kimi sevinməyə başladı, Allaha and olsun. Gülümsədim. Elə gülümsədim ki, gülüşüm yaddaşına həkk olsun, darıxanda xatırlasın, başını qatsın.

Oğlumun adını özüm qoymuşam. Anamın adıdı, – hərdən belə də olur, – Turan. Hələ bir yaşı olmayıb. İndi necə deyə bilərəm ki, övladım yoxdu, var axı. Düzdü, dünyanı ölkə-ölkə, həkim-həkim gəzdik, min dava-dərman elədik, özümünkü olmadı. Naəlac Turanı övladlığa götürdük. Canımdan-qanımdan bir parça deyil, orası elədi, ağrısını bədənimdə daşımamışam, ancaq onun hər gülüşündə, hər məsum qığıltısında, lap adicə əllərini yellətməsində əvəzsiz bir doğmalıq hiss edirəm, özümdən asılı deyil. Amma hərdən mənə elə gəlir ki, başıbatmış ərim onu məndən daha çox istəyir, dəhşətdi. Düzdü, ərim məni də dəhşətli dərəcədə sevir, aya, günəşə tən tutur. Di gəl, maymaqlığı var, bircə dəfə adama ürəyindəkini deməz. Qoyasan elə susa. Susa, susa, susa... Bütün günü qoyasan televizorun qabağında qala. Heç olmasa bircə dəfə ürəyindəkini dilinə gətirə, gözümdə dünyalar qədər qiyməti olar. Eləmir. Hərdən düşünürəm ki, dünyada nə qədər insan var, yəqin hərəsi bir cürə diqqət istəyir, gərək adamın damarın tutasan. Şirin dilə salıb, xoş sözlər işlədəsən. O zaman beş qat artığını alarsan. Ancaq bu?! Gör neçə vaxtdı bir yerdəyik... Özü də bilir ki, Şekspirdən xoşum gəlir, lap elə Şekspiri də qoyaq bir qırağa, dünya-aləm doludu şairlə, Allahın ikicə kəlməsinə nə söz! Deməz! Bir də gördün əlində tort, qapını ayaqla döyür. Guya, kişinin oğlu evə əli dolu gəlib. Yaxşı, tortu başa düşdük, ad günümdür, sağ ol. Arvadın olduğum heç olmasa ildə bir dəfə yadına düşür, bəs, sən allah, qapını ayaqla döymək nədi? O biri əlindəki çanta nədir? Sən nə vaxtdan axı çanta gəzdirən olmusan? Deyirəm də, hamısı maymaqlıqdı. İstəyir ki, gəlib qapını açım onun üçün. Kişinin oğlu sürpriz etmək istəyir. Eybi yox, bu da qənimətdir, qoy eləsin, amma içimdə yekə bir təəssüf də peyda olur axı, özümdən asılı deyil. Ona qarşı ixtiyarsız soyuqluq hissi yaranır. Görəndə ki, hətta bu soyuqluğu da eyninə almır, hiss eləmir, qollarım lap düşür yanıma. Özümü boş, kimsəsiz ev kimi hiss edirəm; varsan, dörd divarsan, döşəməsən, tavansan, pəncərəsən, dibçəkdə gülün, qəfəsdə bülbülün var, amma insan hənirinə, insan nəfəsinə, istisinə möhtacsan. Bax belə...

Onu tanıdım. 59 nömrəli avtobusda. Orta yaşlarında, şux, yaraşıqlı kişiydi. Bilmirəm, tamahım düşdü ona, nəydi? O da tərs kimi gözlərini zilləyib mənə baxırdı. Necə baxırdı, Allah! Elə bil, içindən içimə anlaşılmaz bir yol – tunel çəkilmişdi, gözlərini yumsaydı, o yol uçulub dağılacaqdı. Amma, yox, yummurdu... Mənsə, yer tapa bilmədim özümə. Fikrimi, hissimi dağıtmaq üçün nə yollara əl atmırdım! Avtobus şüşəsindən geriyə qaçan maşınları, ağacları, binaları sayırdım... Radionun səsi məni bir az toxtatdı, diqqətimi toplamağa, hisslərimi cilovlamağa kömək oldu. Hava proqnozu sələndi, kişi yaxasından bir düymə açdı. Elə bil od götürmüşdü onu. Daha sonra həmin xəbər... Sanki bu xəbər məni durultdu. Varlığıma anlaşılmaz bir kədər çökdü, hə, ağır, çox ağır kədər. Elə kədər ki, səndələdim yerimdə, ayaq üstə güclə saxladım özümü. Bax o vaxt halımı soruşdu, hə. Mən də, yaxşıyam, dedim. Nə deməliydim ki? Hiss elədi ki, düz demirəm, nədənsə danışıb məni ovutmağa çalışdı, nəsə zarafatlar elədi. Mən də nəsə dedim, hə, amma nə dediyimi, deyəsən, özüm də eşitmədim. Sonra nəsə vədələşdik...
İndi eyvanda dayanıb siqaret çəkən adama baxıb düşünürəm:
–Görəsən, bundan sonra nə olacaq?


***
İşimi sevirəm. İş yoldaşlarımla bir ailə kimiyik, çox mehriban. Bir oğlum var. Adını Turan qoyduq. Anası belə istədi. Dedi, bu ad rəhmətlik anamdan yadigardır, arzumdu, əhd eləmişəm. Anasına da onun nənəsindən keçib, ona da onun ulu nənəsindən, ya ulu babasından, bilmirəm, nə isə... Ürəyi istəyirsə, qoy olsun. Özü var, bəsimizdi. Hər dəfə səsimdən tutub harda olsam tapır məni. Balaca, toppuş qollarını boynuma sarmağa can atır. Bədənimin bir parçasıdı, – canım! Tez isinişdim ona, tez sevdim: bir qucaq doğmalıqdı, yaşamaq üçün gücdü, nəfəsdi. Deyirdilər, övlad ailəni bir-birinə bağlayır, anlamırdım. İndi içimdə inanılmaz bir mərhəmət var. Təkcə öz övladıma qarşı yox, elə hamıya qarşı. Əvvəllər belə deyildi, yox. Küçənin başında dilənçi uşaqları görəndə iti qovan kimi qovurdum onları. Onlar da uzaqdan pis-pis söyüşlər söyürdülər. İndi yox. İndi elə deyil. O vaxtlarımı yada salanda indi özümdən zəhləm gedir. Utanıram. Öz Turanımı gətirirəm gözlərimin önünə. Fikirləşdikcə məni dəhşət bürüyür: axı o dilənçi uşaqların da ailəsi, isti yuvası ola bilərdi! Bəlkə də, olub! İndi mən qucağımda öz oğlumun xoşbəxt qığıltısını dinlədiyim kimi, bir ata da, yəqin, nə vaxtsa o uşaqları sevib. Ya bəlkə, əksinə, indi mənim xoşbəxt qığıltısını dinlədiyim oğlum da, bəlkə, bir gün, iraq-iraq, əl açıb küçələrə düşəcək, onu da kimsə iti qovan kimi qovub yola salacaqlar! O da uzaqdan söyüşlər söyəcək... – adam belə şeyləri fikirləşdikcə dəli olar.

İndi mənə desələr ki, xoşbəxtsən, ya bədbəxt, cavab tapa bilmərəm. Düzdü, evim, işim, ailəm, uşağım, hər şeyim var. Amma, nə olsun. Bəyəm belə şeylərlə adam tam xoşbəxt olur? Xoşbəxtlik üçün gərək dəli olasan, vallah. Götürək elə arvadımı. Denən, nəyin çatmır sənin, ay zalımın balası, nədən narazısan? Onu elə eləmədin, bunu belə demədin...

"Heç olmasa aç bir kitab oxu” – işə düşmüşük də. Bax gör dünyada nələr olur, camaat bir tikə çörək tapmır qarnına, sən də romantika davasındasan. Şekspir vaxtıdı indi?

Amma bir tərəfə baxanda, o da düz deyir, onu da qınamaq olmaz. Ünsiyyət istəyir yazıq, diqqət tələb edir, başqa şey istəmir ki. O da məndə yoxdu, hə, belə-belə işlər... Yox, sevməyinə dəli kimi sevirəm onu, özü yaxşı bilir. O məsələdə də heç bir problem yoxdu. Di gəl, lənətə gəlmiş romantikam yoxdur da. Odur ki, dilimi qarnıma qoyub susuram, yəni ədəb-ərkanla mumlayıram.

İki həftədi gözümə yaxşı dəyir. Nəsə dəyişib. Nə? Bilmirəm. Tamam başqa adam olub. Gözəlləşib. Saçları çiynindən şəlalə kimi axır. Onu belə görmək məni sevindirir. Kim istəməz arvadı gözəl olsun? Baxdıqca axan saçlarının arxasında gizlənən sifətini, muncuq kimi par-par yanan gözlərini görürəm və onu necə şiddətlə sevdiyimi başa düşürəm. Amma bu sevgini sözlə izhar etməkdə acizəm. İstəsəm də edə bilmirəm. Bir gün özümü əməlli-başlı biabır eləmişdim yanında. Elə yaxşı edir mənə "maymaq” deyir, hə. Maymağam, özü də yekəsindən. Guya Şekspirdən nəsə şeir əzbərləmişdim ad gününə. İnternetdən tapmışdım bir parça, əlaydı. Bilirdim ki, xoşuna gələcək, sevinəcək. Yaxşı bir tort da almışdım. Üzərinə zərli hərflərlə adını yazdırmışdım. Amma neynirsən, maymağam da. Ən son məqamda şeirin sözləri yadımdan çıxdı. Demək istədiyim şeylər beynimdən tamamilə silinmişdi. Üzümdə təəssüfqarışıq mənasız bir ifadə yarandı. O gülümsədi, sevincək oldu; deyəsən, mənim bu axmaqqulu cəhdim belə onun xoşuna gəlmişdi. Çox güclü qadındı. Çox sevirəm onu, çox.

Həmin gün evdən tez çıxsam da, işə getmədim. Onu şəhərdə gözlədim. Turanı uşaq bağçasına aparmalı idi. İzlədim onu. Yüz metr irəlidə, insan axınına düşüb gedirdi. Sarı paltosunu geymişdi. Bir yerdə seçib almışdıq bu paltonu. Sarı rəngi sevir. Adamın üstə Allah var, yaraşır da ona sarı. Onu bu sarı paltoda görəndə elə bilirdim günəşdir, ayaq açıb yeriyir. Uşağı bağçaya qoyub qayıdırdı. Kənardan yad adam kimi izləyirdim onu. "Onu ilk dəfə burda görsəydim, dəli kimi aşiq olardım ona”, – ağlımın ucundan keçən bu fikir dəhşətli dərəcədə qorxutdu məni. Özümə həmin yerdə yad bir gözlə baxdım. İçimdəki adamın yerinə utandım. O başqa adam isə hər şeydən xəbərsiz idi: "Qucağında uşaq var. Deməli, ərdədir. Ərli qadına isə aşiq olmaq ağılsızlıqdı”. Bəli, yaramaz. Elə bu səbəbdən o fikri tələsik başımdan atdım. Atmalı idim. Atmasaydım növbəti addımı atmalıydım. Gəlib duracaqdım düz qarşısında: "Bağışlayın, elə indicə Sizə aşiq oldum. Yox, yox, getməyin. Rica edirəm, heç olmasa bircə dəqiqə... Öl deyin, durduğum yerdə keçinim. Heç olmasa bir söz deyin, bircə söz...”

Avtobusa mindi. Mən də mindim. Yəqin bazara gedir. Ərzaq alacaq. Hə, axşam tapşırmışdı axı. Siyahı da yazmışdı hələ. Bir kilo pomidor, bir kilo xiyar... Badımcan, lobya da vardı hələ. "L” hərfini elə yazmış ki, nidaya oxşayırdı. Elə bil, demək istəyirdi ki, başqa şeyləri almasan da, lobyanı mütləq almalısan. Almasan, evdə həngamə qopacaq.

Bəli, yəqin bilib ki, siyahını evdə unudacam. Elə bu səbəbdən bazara özü çıxıb. Məni yaxşı tanıyır. İliyimə qədər bilir. Səhər işə yola salanda kostyumumun yaxasını elə düzəldir, çiynimin tozunu əlinin arxası ilə elə alır ki, elə bilirsən, günün bütün uğursuzluğunu üstümdən atmaq istəyir.

Bazarı da keçdik. Düşmədi. Avtobusun tutqun şüşəsindən, – bəlkə də, elə şüşənin özünə, – etinasız baxışlarla baxır. Deməli, bazara getmədi. Deməli, rəfiqəsi gilə gedəcək. Afaq? Yox, Afaq Əhmədlidə yaşayır. Sona da şəhərdə yoxdu, əriylə Türkiyədədilər. Deyirdilər, həkimə gedirik, amma hər gün şəkillərini paylaşırlar Feysbukda; o şəkillərdə nə Sona xəstəyə oxşayır, nə də gəzdikləri yerlər xəstəxanaya. Əksinə, rəngi-ruhu açılıb, yaxşılaşıb... O zaman dəqiq Elnarəgilə gedir, hə. Düzdür, onların ünvanını bilmirəm. Əslində, heç üzünü də görməmişəm. Onunla qrup yoldaşı olublar, neçə il sərasər eyni ünvana təpik döyüblər. Dünən də telefonda onunla danışırdı. Deməli, onlara gedir, hə, dəqiq onlara gedir.

Yeddi mərtəbəli qırmızı bina. Pilləkənləri sürətlə qalxır. Elə bil, özündən sonra od-alov qoyur, bir addımı o birindən qorxur. Sanki biri-birini tələsdirən ayaqlarının səsini eşidirəm. Dayandı. Əlini sinəsinə aparıb nəfəsini dərdi. Və yenidən götürüldü. Beləcə qaçdı-tutdu oyunu davam edir. Sanki pilləkənləri qalxmır, onların üstünə yüyürür. Yenə qəfil dayandı. Köhnə qapı cırıltısı bloku cənginə aldı. Tələsik mənzilə soxuldu. Heyf, qapını açan adamı görmədim, bilmədim kim olduğunu. Bəlkə, heç görmək istəmədim? Amma niyə istəməməliydim ki! Bilməli deyiləm arvadım hara gedir? Adam dəli olar, vallah, bu sualların qabağında.

Amma dəqiq bilirdim, bu, Elnarəgilin mənzilidir, yüz faiz. Əri yazıçıdır Elnarənin. Orxan. Mənim kimi fağırın, dilsiz-ağılsızın biridir. Eşitmişəm, son vaxtlar otağından çölə çıxmır. Havalanma dərəcəsindədi, dəliliyin bir addımlığındadır. Yəqin, yazmaq üçün yalnız qalmaq, bir az dəli olmaq lazımdı. Amma belə həyatı heç düşmənimə də arzulamazdım. Təsəvvür elə, bütün günü yaz, yaz, yaz... Başın kitabdan açılmasın. Oğlun, qızın olsun, bilməyəsən necə böyüdü. Hərdən düşünürəm ki, ətrafımızda baş verənlər hamısı, bəlkə, bir yazıçının təxəyyülüdür. Vallah, düz deyirəm. Guya cənnəti, cəhənnəmi kim görüb qayıdıb? Heç kim. Həm də, nə bilmək olar, bəlkə, elə məhz Oxrandı, oturub bugünkü hadisələri uydurur. Biz də məsum-məsum yaşayırıq. Sadəlöhvcəsinə. Elə bilirik, özümüz səhv edirik, elə bilirik özümüz sevirik, sevinirik. Bəlkə, o dilənçi uşaqları məhəllədən qovduran elə Orxan olub? Bəlkə, heç mən ata deyiləm, oğlum da, arvadım da yoxdur. Eləysə nə itim azıb bu binada, nə düşmüşəm camaatın dalına... Yox, deyəsən, dəqiq başımı itirirəm.

Tutaq ki, Elnarəgilin mənzili deyil bura. Başqa kimin olacaq? Heç kimin. Blokun iri, işıqlı pəncərəsindən həyətə baxıram. Məzarlıq görünür... Hmm, gedib indi qapılarını döysəm, desəm, nə deyərlər mənə? Avaraqulu bir vəziyyətə düşəcəm, hə. Görsəm ki, çox çıxılmaz vəziyyətdəyəm Şekspirin o şerini salaram yada. Hə, qoy heç olmasa bircə yol Şekspir də bir işə yarasın. Ya da, sözləri tapa bilməsəm, bəd halda, Otellonun o məşhur sözlərini deyərəm, onu ki hamı bilir: "Dezdomona, mənim sənə verdiyim dəsmalı gətir...” Hamısı güləcək, hə. Orxanın da xoşuna gələcək. Bəs birdən desə ki, xeyir ola, izləyirsən məni, arxamca düşmüsən, güvənmirsən mənə? Camaatın yanında üzünə necə baxacam onun? Heç o da baxmaz axı üzümə. Baxsa, deməli, hələ onu yaxşı tanımamışam. Baxsa, deməli, içində bircə damcı da olsa mərhəmət var. Sevgi var, hə, bu sevginin qarşısında içindəki qürur tab gətirməyib, azalıb, sozalıb... Lap tutaq ki, Elnarəylə Orxana izah edə bildim ki, biz bir yerdə gəlmişdik, sadəcə blokda bir az gecikdim... Onda da, onun yanında yalançı olacam axı. Əməlli-başlı biabır olacam. Qaş düzəltdiyim yerdə vurub göz çıxaracam; bir ayıbım iki olacaq. Birincini yenə birtəhər bağışlamaq olar, ikincisinə hətta onun sısqa mərhəmətinin də gücü çatmaz.

Amma maraq zəli kimi qanımı sorurdu. Ayaq qoyduğum yer sanki od tutub yanırdı. Fikirləşdim ki, aşağı düşüm, heç olmasa bir siqaret çəkib toxtayım. Axşam evdə özüm söz ataram, deyərəm, Elnarə necədir? Orxanın işləri necə gedir? Nə yazır, nə pozur? "Bilirsən, bu gün nə fikirləşdim? Deyirəm, bəlkə, elə biz də bir nağılın içindəyik. Yəni, hamımız obrazıq...” Güləcək. Hətta uğunub gedəcək, hə. Bundan sonra eyni-kefi açılar. Hər şeyi danışar tökər, mən də özümçün rahat-rahat televizora baxaram.

Aşağı düşdüm. Məzarlığa yön aldım, – qəbiristanlıq böyüyüb düz yeddimərtəbənin divarına dirənmişdi, – ot basmış çığırla, hüzura batmış qəbirlərin arasıyla bir xeyli gəzişdim və birdən gözlərim heyrətdən böyüdü. Balaca bir məzara sataşdı gözüm, əvvəl elə bildim uşaq məzarıdı, ancaq üzərindəki şəkil it şəkliydi. Elə bil, məzar üstümə hürürdü.
İçimdə peyda olan qorxuya güc gəlib siqaretimi yandırdım və fikirləşdim: mənim burda nə itim azıb axı?!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ