Qəlbim sənə susadı - YENİ İMZA: Ümid Sadə

Tarix:5-12-2018, 17:12 Baxış Sayı:251

Qəlbim sənə susadı - YENİ İMZA: Ümid Sadə
Manera.az "Yeni imza" layihəsində gənc şair Ümid Sadənin şeirlərini təqdim edir:

Sənə ehtiyacım var

İstəyirəm mənim də
Gül olsun çəmənimdə
Ruhum sənsən tənimdə
Damarımda qan kimi
Sənə ehtiyacım var

Çimdim həsrət əşkində
Qaldım duyğu köşkündə
Mən bir dağam eşqində
Çən kimi, duman kimi
Sənə ehtiyacım var

Həsrət hicrin fəsadı
Qəlbim sənə susadı
Ömrüm olma! qısadı
Bitməyən zaman kimi
Sənə ehtiyacım var

Eşqinin qələmiyəm
Sənsizliyin şəmiyəm
Tənha saray kimiyəm
Şah kimi, sultan kimi
Sənə ehtiyacım var

Həsrətindən qaçmazam
Parlaq-parlaq saçmazam
Mələk oldum uçmazam
Parlaq asiman kimi
Sənə ehtiyacım var


***
Səni bil, ən dəyərli
Sözüm kimi sevirəm
Səni həqiqət bilib,
Düzüm kimi sevirəm

Qalım sonsuz yadında
Eşqi buldum adında
Səni həsrət odunda
Közüm kimi sevirəm

Sanki şirin bir qəzəl
Sən qışda ayrı gözəl
Səni... olanda xəzəl
Güzüm kimi sevirəm

Gün batdı illərimdə
Yük çoxdu əllərimdə
Səni müşküllərimdə
Çözüm kimi sevirəm

Bu böyük kainatda
Hər anda, hər saatda
Səni gülüm, həyatda
Gözüm kimi sevirəm

Gəl həsrəti tez ötək
Şirin günlərə yetək
Səni canım,qanım tək,
Özüm kimi sevirəm


***
Eşqinin sirrini aç mənə gülüm,
Qoy sənin eşqində sirr qucaqlayım
Onsuz da alacaq bu torpaq məni
Almamış qoy səni bir qucaqlayım

Yandırdı hicrinin qəfil gəlişi
Bu nə qəlb işidi, nə də əl işi
Mənə gərək deyil çaqqal gülüşü
Gəl ki mən bir ömür şir qucaqlayım

Gördüm sənsizlikdə durğun həsrəti
Bizim eşqimizə vurğun həsrəti
Köksündə bükülən yorğun həsrəti
Ver mənim özümə ver qucaqlayım

Darandı arzular söz darağında
Yaman pıçıldaşır qəm dodağında
Mən ki istəmədim eşq otağında
Boş qalan böyük bir yer qucaqlayım

Verdim Günəşimi Ay çırağına
Çıxdım dəli kimi mən sorağına
Gedib bu soyuqda çay qırağına
Elə istəyirəm Kür qucaqlayım

Sənə ithaf edirəm
(Böyük eşqim)

İki sətir sözün olum
Dodağına gəlimmi mən?
Qonub eşqin ağacına
Budağına gəlimmi mən?

Var ehtiyac köməyinə
Dönüm şirin diləyinə
Baş qoyummu ürəyinə?
Qucağına gəlimmi mən?

Heç doymaram surətindən
Bəxş et mənə ülfətindən
Üşüyürəm həsrətindən
Ocağına gəlimmi mən?

O incə düzülüş kimi
Gedilməyən gəliş kimi
Şirin-şirin gülüş kimi
Yanağına gəlimmi mən?

Uca-uca dağlar nəki
Sənsən sonsuz qəlbimdəki
Şüalanıb günəş təki
Otağına gəlimmi mən?

Söylə sənsiz qalım necə?
Düşüm yola gecə-gecə
Bax gülüm elə indicə
Sorağına gəlimmi mən?

Mən duraram sözüm üstə
Yerin vardır gözüm üstə
Canım, çöküb dizim üstə
Ayağına gəlimmi mən?

Məhşərəcən sevəcəyəm

Gözüm yenə yağmur töküb
Xəyalların belin büküb
Gecələri həsrət çəkib
Səhərəcən sevəcəyəm

Yazam bəlkə intizardan
Ayrı düşməz dağ vüqardan
Qorxum olmaz qəm-qubardan
Kədərəcən sevəcəyəm

Sənsizliyin qəddin əyib
Qəlbim qara bulud geyib
Lazım olsa zəqqum yeyib
Zəhərəcən sevəcəyəm

Əlbət bəlli yar olduğun
Dağ üstündə qar olduğun
Gülüm,səni var olduğun
Şəhərəcən sevəcəyəm

Mən Məcnunam , sən də Leyla
Gəzdim səni səhra-səhra
Eşqimizə yetməz dünya
Məhşərəcən sevəcəyəm

Ömrünə

Odlanmasın günlərin
Kül atmasın ömrünə
Bağla zamanın qolun
Əl atmasın ömrünə

Çox sevirəm mən səni
Qoyma boğsun qəm məni
Qov o dumanı, çəni
Sel atmasın ömrünə

Cəfalı həsrət yolu
Çalış o hicran kolu
Gövdəsi tikan dolu
Gül atmasın ömrünə

Tanı həqqin rahını
Götür eşqin ahını
Qazmasın qəm ruhunu
Bel atmasın ömrünə

Səni gördüyüm andan
Bənd oldum sənə candan
Saqın zəhri-ilandan
Dil atmasın ömrünə

Sevdiyim qıza həsr edirəm

Sənin ürəyinin döyüntüləri
Mənim məhəbbətdə həzin səsimdi
Qoyma aramıza girsin kimlərsə
Səni sevdiyimi sən bil bəsimdi

Kədərdən, qüssədən sil baxışları
Necə izah etsin dil baxışları
Bahar gözlərinin, gül baxışları
Dünyada ən gözəl şəkil, rəsmdi

De niyə xəyalın eşitməz məni?
Sanma od həsrətin üşütməz məni
Versən yoxluğunu yaşatmaz məni
Sənsizlik axrıncı, son nəfəsimdi

Hicrin zülmətləri sərib könlümdə
Eşqin həsrətimi dərib könlümdə
Sənin məhəbbətin qərib könlümdə
Hündür çinarımdı, şux vələsimdi

Ömür gedər gülüm, zamandır gələn
Gir isti qoynuma eşqimə bələn
Dağları zəbt edən, göyləri dələn
Qatı dumanımdı,çənim,sisimdi

İlk qış aylarında qarladım gecə
Sən gəldin ömrümə parladım necə
Qoyma məhəbbətim nisgillər içə
Məhəbbət səninlə uca isimdi

Sənin ürəyinin döyüntüləri
Mənim məhəbbətdə həzin səsimdi
Qoyma aramıza girsin kimlərsə
Səni sevdiyimi sən bil bəsimdi


***
Çıxarsa yollara götür
İzində saxla qəlbimi
Amandı salma yerlərə
Özündə saxla qəlbimi

Axanda həsrətin də gur
Sən ən şirin xəyalı qur
Bitərsə gözlərində nur
Gözündə saxla qəlbimi

Saçır sənin saçın ətir
Əs ey külək, gətir,gətir
Şeir-şeir, sətir-sətir
Sözündə saxla qəlbimi

Xəyal xəyala dönməsin
Kədər xəyala enməsin
Alışdır eşqi sönməsin
Közündə saxla qəlbimi

Sən istə mən dönüm aya
Sən istə mən olum qaya
Qucaqla , öp doya-doya
Dizində saxla qəlbimi


***
Qəlbində sozalan neçə nisgillər
Küləklə uçuşub, yağışla getsin
Pay vermə eşqindən özgələr kimi
Mənə gəl eşqini bağışla yetsin

Boşalır buludtək dolu duyğular
Zəbt edir yenə də yolu duyğular
Mən ki istəmirdim ulu duyğular
Yaşaran gözlərdə baxışla bitsin

Keçməz boğazımdan bir tikə çörək
Unutma sevgiyə cəsarət gərək
Sən özün istədin yorulsun ürək
Həsrət ləpirləri yoxuşla itsin


***
Ayaqlarım yorğun düşüb
Qollara bax, sənsizləşib
Görünməyir izin,tozun
Yollara bax, sənsizləşib

Könlümdə qəmlər ağlayır
Sonra da ürək dağlayır
Güllər səni sorağlayır
Kollara bax, sənsizləşib

Köksüm etdi aha təmas
Etdi qəmi qəmlə qiyas
Səma geydi qara libas
Quşlara bax, sənsizləşib

Yoxluğa məskən olubdu
Zirvəsi də dən olubdu
Dağlar duman, çən olubdu
Daşlara bax, sənsizləşib

Ruhum səni eşqə sorub
Qəlbim xeyli xəyal qurub
Baxışlarım dolub durub
Gözlərə bax, sənsizləşib

Qəm-qüssədir əsirlərim
Çoxdur dilimdə sirlərim
Misralanmaz şeirlərim
Sözlərə bax, sənsizləşib

Çaylar kimi bulanaram
Odlar kimi qalanaram
Xəzan olub dolanaram
Rəqsimə bax, sənsizləşib

Bu həsrəti bəlkə ötək
Yoxsa vurar eşqə kötək
Döyünməyir əvvəlki tək,
Köksümə bax, sənsizləşib

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ