Qızılgül tənhalığı - ESSE

Tarix:2-12-2018, 18:51 Baxış Sayı:129

Qızılgül tənhalığı - ESSE
Xuraman Hüseynzadə

"Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır" - Çexov deyirdi. Tənhalıq yaradıcı adamlar üçün elə yaradıcılıqla assosiasiya olunur. Yazmaq üçün tənhalığa qapılmalı, inzivaya çəkilməlisən. Sonra yazdığının sevinci, yaxud təlaşı, narahatlığı, uğurlu alınarsa, ikiqat sevinci, sonra yenə... tənhalıq. Yəni tənhalıq, darıxmaq yaradıcı insanın bir növ alın yazısıdır, həyat tərzidir...

Evimizin qarşısındakı qızılgüllər solmuşdu. Tək biri dirəniş göstərirdi. Bir müddət qönçə kimi qaldı... Zaman onun da ləçəklərini ah-nalə insanın sinəsindən qopan kimi qoparıb atdı.

***
Mən də darıxmağı həyat tərzi seçmişəm, sanki. Noyabr havasının belə mülayim keçməsi təbiətin ərköyünlüyüdür. Onun istəyinə insan mane ola bilməz. Başını aşağı salıb sakitcə yoluna davam edən, "cızığından çıxmayan" isə yalnız zamandır, ömrümüzün əlindən balıq kimi sürüşüb düşən vaxtdır...

Həyat öz məcrasından çıxanda - səndən uzaqda olanda mən də darıxıram. Səninlə bağlı düşüncələrim "ah" kimi qopur ürəyimdən. Qışın astanasında günəşin bu cür səmimiyyətlə gülümsəməsi, buludların xəsisliklə yağış səpələməsi darıxdığın zaman ürəyinə dolan sevgiyə bənzəyir. Sevgi səni ordu xalqı düşməndən qoruyan kimi qoruyur darıxmaqdan.

Buludlar dolur, mən yazıram, sən darıxırsan. "Unut məni..." yazıram. "Bu yağışda səni necə unudum" sualını verirsən. Sual işarəsi çətirə oxşasa da adamı həmişə qorumur...

Bəlkə, elə bu narın yağış səni darıxdırmaq və səni mənə unutdura bilməmək üçün yağır. Buludlar göyün üzündə, mən monitorun arxasında məşğul ikən sən darıxırsan. Əslində, üçümüz də eyni məqsədə, amala xidmət edirik. Göy üzü buludları, mən sətirləri, sənsə mənli xatirələri, düşüncələri qovursan - üçümüz də zamanı qaranəfəs etmişik. Sabah hava dəyişəcək, bəlkə də, günəş daha mehriban, istiqanlı olacaq, mən yazmayacam, sənsə məni xatırlayacaqsan. Həmişə aramızda bir məsafə olacaq - Zaman. Məsafələrin ayrılığı ayrılıq deyil, intizardı...

Adam sevdiklərindən uzaqda olanda vaxt keçmək bilmir. Rayona, kəndə, xarici ölkəyə üz tutanda saatları, dəqiqələri qovmaqla məşğul olursan. Sevdiklərinlə eyni məkanda yaşayıb, eyni havanı udub, eyni sudan içəndə isə vaxt səni qovur. İş-güc, yazı-pozu, sevdiklərinlə baş-başa vaxtın bivaxt keçməsi... bir də görürsən ki, şər qarışıb, axşam düşüb. İtirdiyimiz bir dəyər var ki, onu da heç vaxt tapa bilməyəcəyik - bu, vaxtdır...
Qızılgül tənhalığı - ESSE
Zamanı qabaqlamazdan öncə onunla ayaqlaşmağı bacarmalısan. Zamanın nazı ilə oynamalısan və eyni zamanda, həyatını boşuna keçirməməlisən. "Çax-çaxın baş ağrıtmamalıdır, dəyirman bildiyini edəcək" - vaxt öz yolundadır, yəni. Bunun üçün tək ağıl və ya istedad bəs eləmir. Həm də cəsarətli olmalısan... Cəsarət çox vaxt zamanın xeyrinə işləyir. "Həqiqi cəsarət tək yuxarı qalxmaq üçün şar deyil, eyni zamanda, aşağı düşmək üçün paraşütdür" (L.Berne).

Bu dəfə cəsarət göstərib suallarımı Zamana ünvanlayıram:

- Həyatımız yaxşılığa doğru dəyişəcəkmi?

- Xəyallarımız gerçək olacaqmı?

Sanki qulağıma bir səs gəlir: "Yaşayarsan, görərsən". Yenə də zaman...

Bir yolumuz qalır: səbirli olmaq və xəyallarımızı gerçəkləşdirməyi bacarmaq.

Ümidimiz Allahadır, təbii. Amma özümüz də zamanın bizi düşünmədən sürətlə irəliləməsinin qarşısını ala bilərik. Zamana "stop" deməyi yalnız öz hərəkətlərimizlə bacara bilərik... Və... qələbə bizim olar. Bu isə...

***

Bəs ayrılıq oxuna tuş gəlsək, necə?

Ayrılıq top, tüfəng kimi partlayışla, səs-küylə deyil, ox kimi səssiz-səmirsiz, zərif uğultu ilə gəlir çox vaxt.

Ayrılanlar üçün təsəlli boş danışıqdan başqa bir şey deyil. Heç qulaq asmaq halında olmurlar. Kim bu dəhşətli mərhələni yola verməyi bacarırsa, həqiqətən, qəhrəmandı.

İstər torpağın altına getsin, istər başqa birinin qoynuna, istər dünyanın başqa guşəsinə. Mahiyyət dəyişmir - itki, elə itkidir...

Kamyunun "Taun" romanında yayılmış xəstəliklə əlaqədar insanlar Oran şəhərində sürgün həyatı yaşamalı olurlar. Epidemiyanın yayılmaması üçün şəhər darvazaları bağlanır. Bura gəlmiş jurnalist Ramber kimi qonaqlar Oranda, sanki əsir düşür. Şəhərdən harasa getmiş adamlar isə getdikləri yerdə sürgün həyatı yaşayırlar.

Zamanın nəbzini tutan fəndgirlər də olur. Məsələn, yaranmış böhranla əlaqədar köşklərdə qəzetlər azaldığı halda "Epidemiya xəbərləri" adlı bir qəzet dövriyyəyə buraxılır.

Xəstəliyin nə zaman bitəcəyini bilmədikləri üçün əhali ayrılığın vaxtını unutmağa başlayır. Və tədricən hər kəs xəyalında bir işlə məşğul olur: kimi dəmir yolunu bərpa edir, kimi qapı zənglərinin səsini gözləyir. Epizodik obrazlar belə sublimasiya nəticəsində özü üçün həyat tərzi seçir.

Yayılmış epidemiya insanların Zamanla davranışını qabardır... Oran şəhərində Zaman da epidemiyaya yoluxur, sanki. İnsanlarla bərabər ölür... bir neçə il öncə Afrikada yayılmış ebola virusu haqqında eşidəndə "Taun" yadıma düşdü. Düşündüm ki, yəqin orda da adamlar vaxtı, vaxt adamları öldürür. Orda da insanlar ümidsizlik içində çıxış yolu axtarır... Həyat gözəldir axı. Heç kim bu gözəllikdən ayrılmaq istəmir. Bu gözəllikdən ayrılmaq ölümdür. Ayrılıq isə ölümün alter-eqosudur.

***

Hər saniyəsi ömürdən gedən Zaman insanları özünə tabe edir. İnsanlar yaranmış vəziyyətə alışır. Buna ayrılıqla barışmaq da demək olar. Bu barışığın sonunda bir ümid işığı görünür. Bəlkə...

Taru xatirə dəftərində yazır ki, astma xəstəsi olan qocanın saatdan zəhləsi gedir. O bunu saatın həm baha, həm də əhəmiyyətsiz əşya olması ilə əlaqələndirir... Qoca vaxtı və ələlxüsus özünün yemək vaxtını küpələrdə saxladığı noxudlarla hesablayır. Yuxudan oyananda küpənin biri noxudla dolu olur. Sonra noxudları bir-bir dəqiq hərəkətlə başqa küpəyə atır və vaxtı hesablayır. Küpə on beş dəfə dolanda yeməyinin vaxtı çatırmış. Qoca vaxtı hesablamağın çox asan olduğunu deyir...

Ekstremal şəraitdə vaxtı hesablamaq həm də baş qatmaq üçün bir vasitəyə, bəlkə də, bəhanəyə çevrilir. Bu şərtlə ki, sonunda ümid görünə...

İstənilən ayrılıq mərhələsi elə ekstremal şəraitdi. Yaşamaq istəyirsənsə, necə deyərlər, bu sən, bu da çıxış yolu!..

Bəs qızılgül? Axı bir dəstə qızılgülün gözəlliyini tənha qızılgüldə görmək olmur?! Tənhalar birləşəndə necə gözəl bir ortam yaradırlar, amma... Eynən gül, çiçək dəstələri kimi...

Tənhalıq ayrılıqla identikdir. Həyətimizdəki tənha qızılgül də sonunda zamana məğlub oldu. Zaman onun ləçəklərini ustalıqla qopardı. Naşı anestezioloqa bənzədi zaman ... Və.../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ