Adı Leylaydı - Pərviz Arifin şeirləri

Tarix:25-11-2018, 14:16 Baxış Sayı:338

Adı Leylaydı - Pərviz Arifin şeirləri
MANERA.AZ Pərviz Arifin şeirlərini təqdim edir:

DARIXMAQ

Darıxmaq hissi başlar,
sözün şirin yerində.
Özünlə rastlaşarsan
şeirlərin birində.

Qəfil cılızlaşarsan
səadətin gözündə.
Ürəkdən ağlayarsan
xəyalların dizində.

İtirdiyin saf eşqi
gəzərsən hər qadında.
Baxışların taparsan
haçansa övladında.

Zamanla büdrəyərsən
əzablı dərd önündə.
Ömürdən əl çəkərsən
sonuncu ad günündə.

Әcəl son etirafdır
hər insanın dilində.
Ölüm hədiyyəmizdir
yaşam müqabilində.

BİR AĞAC ÖMRÜ

Bu qoca təbiətdə
cavan bir ağac idim,
su verdilər böyüyüm...
Amma susuz deyildim,
mən, əslində, “ac” idim.

Böyüdükcə böyüdüm,
artdı qolum‐budağım,
torpaq oldu çarığım,
bulud oldu papağım.

Böyüdü yarpaqlarım,
çoxaltdılar yükümü.
Boy atsam da yuxarı,
unutmadım “kökümü”.

Qorxdum ki, bu küləklər
budağımı sındırar.
yenə məndən zəiflər
“kölgəmə” sığındılar.

Dünən su gətirənlər
bu gün əzab verdilər,
“belimə” də çıxdılar,
“meyvəmi” də dərdilər.

Külək kimi başımın
üzərində əsdilər.
Gördülər büdrəyirəm,
doğradılar, kəsdilər

Bu taxta pəncərə də,
qapı da məndən oldu...
mənə dəyən “balta”nın
sapı da məndən oldu.

YAĞIŞIN SİMFONİYASI

Göylərdən ayrılan nur damcıları
Torpağı öpməyə çox tələsirdi.
Buludun hönkürüb ağlamağına
Külək də qorxudan tir‐tir əsirdi.

Bu yağışlı gecənin
səhərəcən yolu var.
Soyuğa dözümlü ol ‐
qarşımızda bir ömür
şaxta, sazaq, dolu var.

Әllərin dona bilər,
al, geyin əllərimi.
Soyuq olsa hazıram
yolunda bir ocaqtək
yandırım illərimi.

Arzumu buz edir hər soyuq baxış,
Közərmək üzrədir odlanan ürək.
Sən mənim gözümdən süzülən yağış,
Mən sənin saçına toxunan külək.

Kaş ki, fəsil dəyişə,
xəyallarım isinə.
Arzularım solacaq,
Qəlbin ehtiyacı var
günəşin istisinə.

Yağış yağır hələ də,
hava yenə sıxıcı.
Nə soyuq şeirdi bu?!
Dəftəri örtürəm ki,
üşüməsin oxucu...

KEÇMİŞ KOMANDİR

Adı Leyladı
"Görüş bölgəsi"ndə qarşılaşdıq.
İlk həmləylə məni gözlərinin qaranlığında itirdi.
Kirpiklərinin əsarətində yaralandım əvvəl özümü,
Sonra qollarımı itirdim.
Beləcə ilk dəfə sarıldım o müqəddəs gecəyə.
İlk dəfə sevincdən ağladım.
Sonra "kişilər ağlamaz" deyən o adam yadıma düşdü güldüm.
İlk dəfə doyunca öldüm
müharibədə ölən bütün uşaqların əvəzinə.

Adı Leylaydı - Pərviz Arifin şeirləri

Adı Leylaydı
boyu xoşbəxtliyə çatmırdı.
Çəkisi məndən iki məğlubiyyət az olardı.
Baxışıyla öldürürdü
əli silaha yatmırdı.
Yerişi əsgər yerişi kimi mətin,
danışmağı həyəcan siqnalı,
susmağı səfərbərlikdən çətin.

Adı Leylaydı
qadınlar öz yaşını gizlətdiyi yaşa çatmışdı.
Bəxtinin itirdiyi rəngi hər gün saçlarında tapırdı
gəncliyi uşaqkən başa çatmışdı.
Qırmı dodaqları bir müddət ayırdı bizi.
Sonra mən hücuma keçdim
sərhədləri aşdım.
Hər ikimizin dili altında yüzlərlə söz şəhid oldu
İndi heç kim qürurunun tətiyini çəkmir ki, aramızdakı atəşkəs pozulsun.
Axı biz işğalçı deyilik
razılaşdıq, sülh olsun
Leyla, eşidirsən?
təki bircə biz savaşaq yer üzündə sülh olsun.

SONUNCU GÜNÜN DARIXMAĞI

Mən hələ bu qədər darıxmamışdım
Milyon il ayrılıq günündən keçib.
Lənətəgələsi bu qara pişik
Yenə taleyimin önündən keçib.

Bu nə darıxmaqdı, qurbanın olum?!
Mən hara,
bu qədər darıxmaq hara?!
Öpürəm gecənin qaranlığından
Yumuram gözümü Ay işığına
Deyəsən
gedirəm çox uzaqlara.

Siz ey uzaqlardan gələn adamlar
Siz ey uzaqlıqdan ölən adamlar
Orda da darıxmaq olurmu belə?
Orda da Günəşi qarşılayanlar
Gecələr əlacsız qalırmı belə?

Daş düşsün başına bu darıxmağın
Mən boyda adamın səsini kəsir.
Mən boyda adam da deyirəm,
amma
hələ də qonşunun qara pişiyi
Yanımdan ötəndə
dizlərim əsir.

BİR ANLIQ ŞEİR

Unutmağa vaxt itirdim
Yaddaşımdan sən itmədin.
İllər sonra qarşılaşdıq
Salam verdim, eşitmədin.

Ola bilər fikirliydin
Yanımdan düz keçib getdin
Bir sağalmaz yaram vardı
Sən gəldin, tez keçib getdi.

Baxıb, güldüm gedişinə
Bir az da ağladım, baxdım.
Utandım göz yaşlarımdan
Gözümü bağladım, baxdım.

Aramızdan yellər əsdi
Mən dondum, sən üşütmədin.
İllər sonra qarşılaşdıq
Salam verdim, eşitmədin.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ