Qəhrəman – Günel Şamilqızının hekayəsi

Tarix:21-11-2018, 15:48 Baxış Sayı:142

Qəhrəman – Günel Şamilqızının hekayəsi
Arvadı həmişə istinin cırhacırında uzunqol köynək geyinməyinə deyinib onu ələ salırdı. Heç kimə izah eləyə bilmirdi ki, bu ağlığını çoxdan itirmiş kəmköhnə, əslində, bütün qısaqol köynəklərindən daha sərin saxlayır bədənini. Axşamtərəfi küçəyə çıxıb məhlənin aşağısındakı çayxanaya sarı gedəndə də qollarını qatlaya-qatlaya bunu fikirləşirdi.

Həm də fikirləşirdi ki, beyninə gələn yeni ideyanı tezcə dostları ilə bölüşməlidir. Onda daha rahat yazırdı, məsuliyyət hiss edirdi. Çünki mətn tam hazır olana qədər yüz dəfə soruşurdular: nə vaxt bitirirsən? Amma bitirəndan sonra oxumaq, tərif lazım deyil, yaxşı-pis fikir bildirmək, cəhənnəm, heç olmasa paylaşmaq adı gələndə başlarına daş düşürdü. Soruşmaqlarının da səbəbi bəlli idi: əsəri hələ oxucu gözü dəyməmiş "yumaq". Axır ki, dəfə-dəfə deməklə də olsa, yazdırırdılar. Ona da indi elə bu lazım idi.

***

O, insanlara Servantesin məhv etdiyi gələcəkdən danışmaq istəyirdi. O gələcək ki, gəlmişdi də, getmişdi də. O gələcək ki, artıq özünün belə keçmişi idi. İndi özündən sonrakıların gələcəyi üçün Servantesin öldürdüyü qəhrəmanı - Don Kixotu diriltmək istəyirdi.

Yarım-yapalaq hekayələr quraşdıran, bir neçə müsabiqədə ölüm-zülüm üçlüyə düşən, nə vaxtsa yaşıdları arasında ən çox diqqət çəkmiş, indisə adamlı-adamsız yerində sayan yazıçı kimi buna gücü çatacaqdımı? Bilmirdi. Hərdən güman edirdi, ona meydan açsalar dağı-dağ üstə qoyar, sonra baxırdı ki, oturmadığı ocaq başı qalmayıb, amma ortada karagələn heç nə yoxdur. Ölkə ədəbiyyatı da elə gündəydi ki, o, üç-dörd yaxşı yazan nasirdən biri sayılırdı...

Çoxdandır yazmırdı, çünki keçmişdəki xırda uğurlarının sərməstliyi başından getməmişdi. Hələ onlar çörək də gətirir, gələcəklə bağlı arzulara tor atırdılar. Sabah dünənin təkrarı olmağa and içibmiş kimi, eyni dadda, eyni kəmşirinliklə bu günü nuş edirdi. Bu şəhərdə insanlar ya keçmiş, ya da gələcək ola bilirdilər. Bu günü yaşamaq heç kimin yadına düşmürdü. Əhalisinin yarıdan çoxunun paytaxta toplaşdığı bir ölkənin yazıçılarının mətnlərindən gizli-aşkar görməmişlik tökülür, ordan-burdan, dostdan-yaddan çırpışdırılmış ideyaların yamaqları qabarır, sözlərdən peyin qoxusu, mal-heyvan səsi gəlirdi. Ən yaxşı halda dağ havası, bulaq səsi hopardı yazılara, o da yalnız xatirə şəklində. Bu şəhərdə hamı, sadəcə, yaşamaq istəyirdi. Heç kim onu sevmirdi. Elə özü də... Sevsəydi, növbəti əsərinin qəhrəmanı elə bu şəhərin küsmüş, susmuş, yatmış qaraqabaqlarından biri olardı, Servantesin öldürüb üstündə də adı boyda başdaşı qoyduğu cəngavəri yox.

Servantes bir cəngavər öldürüb məşhurlaşmışdı. O da öz şəhərindəki cəngavərlərin şərəfinə Servantesin qəhrəmanını dirildib tanınmaq istəyirdi. Bir növ bu şəhərin cəngavərlərinə şans... Yox, o kim idi şans versin? Belə deyək: ümid vemək istəyirdi. Əslində, inanmırdı onlar bu ümidi görələr, oxuyalar, sonra özlərini tanıyalar... Sadəcə, nəsə yazmalıydı. Neçə illərdi yazıçılara verilən bütün imtiyazlara göz dikib, onun-bunun yazdığına mız qoyub ortalıqda düz-düz gəzməklə daha nə qədər aldada bilərdi camaatı? Ən azından, içindəki yazmaq tələbatını ödəməkçün klaviaturanı dınqıldatmalıydı. Uzağı, adını "importnusayaq" qoyub, yerli oxucular üçün ortabab kitab çıxardacaqdı da.

Necə yazacağını bəlirləməmişdi, amma nə yazacağını artıq bilirdi. Həmişə yığışdıqları çayxanaya yaxınlaşdıqca, səbri tükənirdi. Tez-tez beynində maraqlı cümlələr qururdu ki, dostları ona gülüb arzusunu qursağında qoymasınlar.

***

Çatan kimi elə birinci deyinməkləri ilə ağzını yumdular.

- Bu istidə yenə niyə yığmısan bizi bura? - Kürən deyib çağırdıqları yazıçı dostu dilləndi.

- Guya, belə də istirahətdəydin axı, güclə dartıb gətirdik səni, - o biri arıq, sısqa oğlan qımışdı.

Kürənlə bir çox cəhətdən oxşar idilər, amma özünü öldürsəydi də dostu onun kimi yaza bilməzdi. Bəlkə də, o elə düşünürdü. Arıq oğlan da Taxtabalaydı. Heç nə yazmırdı. Yeriyə də bilmirdi. Əlilliyinə görə dövlətdən müavinət alıb dolanırdı. Heç kim bilmirdi onun yazıçılara qoşulmağının səbəbi nədir: ədəbiyyatı həqiqətən sevməyi, yoxsa yazanları da özü kimi bekar bilib maraqlı söhbətlərinə qulaq vermək istəyi? Kimin ulduzu bu gün parlasa, sabahdan Taxtabala onun yanında olardı.

Kürəni də, Taxtabalanı da təəssüflə süzüb bu dəfə özü deyindi:

- İki cüt bir tək adamıq, həftədə bir dəfə yığışıb söhbət eləməyə ərinirik.

Kürənin dodağı qaçdı:

- Nə söhbət eləyəcəyik e? Yaydı, hamı bir tərəfə qaçıb. Danışmağa babat hadisə də yoxdu. Barı, bir mövzu ver, gedək yazaq. Əlim gicişir. Deyəsən, nəsə yazacağam. Amma isti yeyib beynimi. Mənim getməyə rayonum da yoxdu, baş götürüm qaçım şəhərdən, havam dəyişsin, zehnim oyansın.

- Sənin yenə ümidin var, gedəcəyin rayonlar nə vaxtsa... Mən həmişəlik bu şəhərin qucağına atılmışam.

- Əşşi qurtarın görək. İkiniz də hara istəsəz gedə bilərsiz. Ən azından, ayaqlarınız yerindədi.

Yenə söhbəti özü toparlamalı oldu:

- Elə indi gəlmişik ki. Hara gedirik? Hə, Taxtabala, bu Kürən nə deyir? Yenə nəsə yazmaq istəyir deyəsən?

- İstəməyən günüm var ki? - Kürən aman vermədi.

- Guya mövzun yoxdu?

- Yoxdu də.

- Yaxşı görək!

- Vallah yoxdu! Taxtabalanın canıyçün yoxdu! İsti yeyib beynimi.

Taxtabala həmişə ağıl verməzdən qabaq elədiyi kimi, iki-üç dəfə boğazını arıtladı. Kürənlə gülə-gülə baxışıb gözlərini ona dikdilər.

- Bəlkə, ora məktub yazasız, sizə nəsə sifariş versinlər? Həm pul qazanarsız, həm də yaradıcı işdən uzaq düşməzsiz.

- Hə... Yaxşı nəşriyyatdır. Amma orayla işləmək bizim istəyimizlə baş tutan deyil.

- Kürən düz deyir, gərək adamın olsun.

- Sizdən nə gedir e? Bir e-mail yazın, bəlkə, nəsə alındı.

- Bilirsən kimin nəşriyyatıdı?

- Noolsun?

- Bekara söhbətdi. Yazıb özümüzü biabır eləməyək.

- Siz yaxanızı çəkin. Odey, Məmmədqulunun gündə bir kitabını çap eləyirlər.

- Bilmirsən bəyəm o kimin şotuna qabağa gedir?

Üçü də bir-birinə baxıb güldülər. Söhbət əvvəl qadınlardan düşdü, sonra hansısa biznesmenin obyektlərindən. Həmin gün axşam düşənəcən boğazlarını acı çayla yaşlayıb ədəbiyyatdan başqa hər şeydən danışdılar...

Təzə ideyasını dostlarıyla bölüşə bilmədi. Taxtabalaya deyərdi, bəlkə də. Hərçənd, onun da dilində söz qalmırdı. Amma Taxtabala Kürən qədər "təhlükəli" deyildi. Yazmağa mövzu axtarırmış... Düzdür e, Kürənin mətnləri onun cümlələrinin yanından yel olub keçə bilməz, amma mövzu oxşar olacaqdı da. Sonra da qocaman tənqidçilər onun yaxşı-pis yazdığını bunun əsərinə quyruq qoşacaqdılar. "Bu mövzuya müasir ədəbiyyatımızda filankəs və bəhmənkəs müraciət edib" yazıb vəzifələrini bitmiş hesab edəcəkdilər. Day kim nə yazıb, necə yazıb oxuyan biləcəkdi. Oxuyan da tapılsa... Xülasə, təkbaşına ilkə imza atmaq istəyirdi. Amma təzə ideyasını dostlarıyla paylaşmamaqçün da özünü güclə saxlayırdı.

Əl verib sağollaşdıqları an, nəhayət, söhbət bitir deyə, dərindən nəfəs aldı. Taxtabalanı köməkləşib taksiyə mindirəndə qapını bağlamamış oğlan bir də tapşırdı:

- Sizdən nə gedir, bir e-maildi də. Yazın onlara. İstəyirsiz mən yazım?

İkisi də birdən qışqırdı:

- Nə danışırsan? Yadından çıxart o məsələni!

- Gülünc vəziyyətə salma bizi!

***

Evə gəlincə kompüteri açıb yazacağı əsərin ilk qeydlərini elədi. Facebookda yaşıl işığını "yandırıb" bir neçə paylaşıma ağız büzdü.

- Yenə zəvzəkləyib. Adam gündə şeir yazar?

Hələ buna bax, üç ildi eyni hekayəni abzas-abzas oxutdurur bizə. Ay qardaş, tükənmisən, yaza bilmirsən, qaxıl otur bir qıraqda da.

Bu da özünü göstərir elə, indi sənin yazını oxuyaq, yoxsa şəklinə baxaq?

Bunlar da ki... Yenə öz aləmlərindədilər. Eyni yazını bu da paylaşıb, o da. O biri hanı bəs, nə əcəb dəstədən geri qalır? Yəqin, aralarında inciklik var. Belə baxanda, niyə paylaşsın axı? Yazı bir şey olsa, yenə dərd yarı.

Heç birini oxumağa həvəsi yox idi. Daha bir "axşam oxuyaram"dan sonra önəmli adamların, üzü keçməyən tanışların paylaşımlarına bəri başdan "like" vurub facebookdan çıxdı. Sonra nə düşündüsə, bir də açıb Markın sualını cavablandırdı:

"İlk cümlələri yazmağın zövqü... Gözləyin, payızda yeni roman gələcək!".

İstədi son yazdığı esseni də paylaşsın, sonra fikirləşdi ki, status öləcək. O da sabaha qalsın, əsas odur özünü bu gün də yaddan çıxmağa qoymadı.

İnternetə girmişkən e-maili də açdı. Niyə açdı? Əvvəlcə etiraf eləmək istəmədi, sonra dodaqaltı mızıldandı:

- Yazım ora? Nə yazım? Kitablarından heç birini oxumamışam. Alıb vərəqləmək, yazanda da nöqsanlarından başlamaq lazımdı. Qoy bilsinlər, daha yaxşı mütəxəssislərlə işləmək olar, daha yaxşı yazıçıları reklam eləmək lazımdır. Onsuz da ölkədə oxucu azdı, olan-qalana da nə qədər eyni xörəyi yedirdəsən?

Saata baxdı. Deyinə-deyinə cibinə 50 manat qoyub metronun ağzındakı kitab mağazasına yollandı.

***

Axşam evə əliboş qayıtsa da ürəyi dolu idi. Mağazada ortababdan aşağı müəlliflərin belə bəh-bəhlə vərəqləndiyini görüb bir az da qeyzlənmişdi. İş orasındaydı ki, həmin müəllifləri yaxşı tanıyırdı. Onların heç biri nəşriyyata tənqid cığırından yol almamışdı. Fikri dəyişmişdi: "İşləmək istədiyin adamları ilk gündən hirsləndirmək axmaqlıq olar". Əsəbini boğub, sözə güc verdi:

Salam, dostlar.

Artıq növbəti kitabınızı bitirdim və qərara aldım ki, fikirlərimi sizinlə bölüşüm. Nəşrləriniz arasında özünüinkişaf kitabları çoxluq təşkil edir. Düzdür, müəyyən qədər ciddi ədəbiyyata da diqqət ayırmağa çalışırsız. Bu da xarici müəlliflərdən tərcümə elədiyiniz əsərlərin sayəsində mümkün olur. Amma mən sizə elə bir əsər təklif edirəm ki:

1) onu tərcümə etdirməli olmayacaqsız - ana dilimizdə yazacağam;

2) bir neçə özünüinkişaf kitabının verdiyi effektə bərabər olacaq;

3) ciddi ədəbiyyatsevərlərin də diqqətini cəlb edəcək. Hətta tərcümə etdirib ölkədən çıxartsaz, dünya miqyasında məşhurlaşacaq. Bu da həm sizin nəşriyyatın, həm də mənim uğurum sayılacaq.

Təklifim maraqlı gələrsə, görüş vaxtı təyin edin, nəşriyyatınıza gəlim, ətraflı danışaq.

Hörmətlə Q.

***

Səhərdən bəri gərgin idi. Nəticəsini əvvəlcədən bilmədiyi işlərə baş qoşmazdı heç vaxt. Ən azından, bir adam tapıb zəng elətdirərdi, geri çevrilməyəcəyini biləndən sonra qolunu çırmayardı. İndi özünə yer tapa bilmirdi. Birdən məni tanıyarlar, birdən gülərlər? Birdən oralarda köhnə tanışlardan kimsə işləyər, bilə-bilə haqqımda pis fikir formalaşdırar, işimə pəl vurar?

Kompüteri açmağa ərinirdi. Telefonla girib yoxlayırdı e-mailləri. Facebookda da bir-birinin ardınca maraqlı yazılar paylaşırdılar. Hamı acığa yaxşı şeylərini nümayiş etdirir, uğurlarını paylaşır, amma bu axmaq, boş-bekar oturub yekəxana bir nəşriyyatdan cavab məktubu gözləyirdi. Hər şey, hamı gözündən düşmüşdü. İstəyirdi girib facebookda bu gün uğurdan, istedaddan bəhs eləyən bütün virtual dostlarını söysün. Hamı mənəm-mənəm deyirdi, öz məni onların eqosuyla təkbaşına savaşmağa qadir deyildi. Nəhayət, növbəti yenilənmədən sonra e-maillər arasında qara zolağı görüb sevindi. İçində nə yazılmağından asılı olmayaraq, artıq sakitləşmişdi. Əsas odur məktubunu cavabsız qoymamışdılar.

Salam, dəyərli Q. müəllim.

Nəşrlərimizə dair fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdarıq!

Təklifinizə gəldikdə isə, bir neçə özünüinkişaf kitabının verdiyi effektə bərabər əsərin oxucularımıza maraqlı gələcəyini düşünürük.

Zəhmət olmasa, yazacağınız əsər, onun mövzusu və qəhrəmanları haqqında bizə ətraflı məlumat verərdiniz.

Bir də xahişimiz budur ki, sizinlə maraqlandığımız müddətdə heç bir nəşriyyatla əməkdaşlıq etməyəsiniz.

Oradan cavab gəlib deyə, elə sevinmişdi ki, oxuyan kimi barmaqları dinc durmadı. Amma qəfil nə düşündüsə, əl saxladı. Onlar bir gün sonra cavablandırmışdılar, bəs buna nə düşüb özünə əl qatsın? Bir də ki, yazdığı məktubda yalnız özünüinkişaf kitabları ilə bağlı hissə maraqlı gəlmişdi o boyda nəşriyyata? Əslində, dolayısıyla "bu janrda kitablardan başqa heç nə nəşr eləmirsiz" - deyib, mədəni dillə tənqid etmişdi onları. İşə bax ki, nəşriyyat da ondan məhz oxumaq istəmədiyi janrda əsər gözləyirdi.

Mətnləri heç vaxt ümidsiz olmazdı. Ciddi bir əsər yazıb, sonra onun içindən nikbin çalarları nümunə göstərib, əsərin həm də özünüinkişafa xidmət elədiyi fikrini bu anlamazlara sırımağa nə vardı ki?! Belə-belə planlar qurub dingildəyirdi yerində.

- Siz siz olun, mən də mən! - deyib, boş bir "word" səhifəsi açdı. Cavab məktubunu hələlik ora yazdı, sabah bir də oxuyub göndərəcəkdi.

Hər vaxtınız xeyir, dostlar!

Migel De Servantesin məlum, məşhur əsərini yenidən yazmaq istəyirəm.

Mən Servantesdən, Don Kixotun atasından, daha doğrusu, atalığından fərqli olaraq məhz elə "tapdalanmış yolla" getmək istəyirəm. Axı indi bütün dünyada bu, dəbdir. Əsərlər arasında fərq ondan ibarət olacaq ki, Servantesin qəhrəmanı lamançlı idi, mənim Don Kixotum isə dünyalıdır. Mənim qəhrəmanım bu karvansara dünyanı qəsr bilib əlində qılınc, gecə-gündüz onun keşiyində dura bilər.

Sizin təbliğ etdiyiniz özünüinkişaf kitablarının müəllifləri də daxil olmaqla indi bütün dünyada psixoloqlar insanları cəsarətli olmağa səsləyir. Çox ağıllı olmaq həm də çox tədbirli yaşamaq deməkdir. Bu da durğunluqla müşayiət olunur. Risklərdən qorunduqca, maraqlı macəralardan qaçdıqca həyat monotonlaşır, insanlar depressiyaya düşür. Bunun kökündə nə dayanır? Əksər əsərlər qəhrəmanlarının laqeyd, yerində sayan, daxili qorxularının məngənəsində boğulan, inancsız, ümidsiz, mənasız adamlar olması! Bu məqamda Servantesi bir yazıçı kimi qınayıram. Yazdığı əsər böyük bir epoxanın ədəbiyyatını məhv elədi. Bu, özündən sonrakı dövrlərin yazarlarının da əsərlərinə təsirsiz ötüşmədi və proses indi də davam edir. Bəlkə, bu dünya özü də romantik bir qız kimi qəhrəmanını gözləyirdi. Bəlkə, bu dünyanın qızlığına yaraşan qəhrəman elə Don Kixot idi? Amma Servantes, ifadəmə görə üzürlü sayın, dünya hər nə zibil olur-olsun, ona bu qəhrəmanı çox gördü. Təkcə birini məhv etmədi, ümumiyyətlə cəngavərliyin kökünü kəsdi. Ona görə Hüqonun Mariusu katorqadan çıxmış Jan Valjandan, Tolstoyun Knyaz Andreyi hansısa Pyerdən, Markesin Buendiyaları alovlar içində özünə yem daşıyan qarışqalardan, Ourellin Uinstonu Böyük Qardaşdan güclü ola bilmədi. Nəticədə qızlarımız özləri qəhrəman olmaq istədilər. Feminizmin yaranmasının, geniş vüsət almasının, bu gün cəmiyyətdə zərif cinsin nümayəndələrinin kişilik göstərmək istəyinin kökündə də bir yandan ibtidai dörvdən qalan nostalgiya, bir yandan da dünyanın kişi cəngavərlərdən məhrum olması durur. Ədəbiyyat, mədəniyyət, cəmiyyət artıq öz cəngavərlərini yetişdirmir, buna ehtiyac duymur. Tək-tük fərasətlilərin arxada qoyduğu ikinci dərəcəli adamlar daha çox diqqət mərkəzindədir, nəinki həmin cəsurların özləri. Qəhrəmanlıq öz kristal saflığını itirib. Bu gün hamı əsl qəhrəman olmaqdan çox, öz qəhrəmanı olmağı üstün tutur. Bəşəri hisslər məhəlli duyğulara uduzur.

Mən dünyamıza ona çox tanış bir adla, yeni bir cəngavər bəxş etmək istəyirəm. Düşünürəm ki, buna dünyanın da, bizim də, elə sizin də ehtiyacınız var.

Qaranlıq nəsə olsa, ofisinizə yaxınlaşaram, ətraflı danışarıq.

Hörmətlə Q.

***

Beləcə, salam-kəlam bitdi. Bir sonrakı e-maillər mesaj qutusuna ayrıca daxil olmadı, əvvəlkilərin davamı kimi ard-arda sıralandı. Bunun da adını artıq məktublaşma yox, sadəcə, "nəşriyyatın naməlum bir işçisi ilə yazışma" qoymaq olardı. Bədbəxtlikdən, ya xoşbəxtlikdən, mesaj göndərən adam sonda adını qeyd etmirdi. E-mailin yazılışı da nəşriyyatın adının qısalmış forması ilə məhdudlaşmışdı. Hərdən düşünürdü ki, hansısa operatorla yazışır, sonra özünə toxtaqlıq verirdi: "operator belə inamla yaza bilməz, yəqin, redaktorlardan, ən azından layihə rəhbərlərindən biridir". İstənilən halda, qarşı tərəfi özündən aşağı görürdü. Zehnini əziyyətə salıb qəşəng cümlələr qurmurdu, bilirdi lap yarım addım da "irəli" getsə, sonra gərək bir e-mail də yazıb həmin cümlələri izah etsin. Düzünə qalsa, hələ heç özü də bilmirdi müasir anlamda yolazdırandır, yoxsa klassik mənada yolazan? İddialarının haqlı-haqsız sərhədlərini çizməmişdi. Bircə onu bilirdi ki, uzun-uzadı yazışmaqdan zəhləsi gedir. Nəşriyyatın özünə getmək, o adamla, yaxud adamlarla üz-üzə söhbət eləmək, harda doğru, harda yanlış anlaşıldığını duymaq, cümlələrini ona görə qurmaq istəyirdi. Ömrü boyu ehtiyatı əldən verməmişdi. İndi isə kiminlə söhbət elədiyini bilmirdi. Sanki dalana dirənmişdi. Tuta bilmirdi hansı cümləsi qarşısındakına necə təsir edir? Bu, publisistik məqalə deyildi, eləcə yazıb getsin, "kim nə başa düşür-düşsün"lə üyüdüb-töksün. Axı həmişə özü deyirdi: "Sözləri harda gəldi, necə gəldi işlətmək olmaz, ümumiyyətlə sözlərə "volya" verməzlər, qulağından tutub istədiyin yerdə oturtmalısan, vəssalam!".

Hərdən elə bilirdi onunla yazışan qadındır, onda dilxor olurdu. Qadınları yaxşı tanımırdı. Buna cəhd də eləmirdi. Az ünsiyyətdə olurdu deyə, heç vaxt onların fikirlərini təxmin edə bilmirdi. Elə tənqidçilərin də onun əsərlərində zəif hesab elədikləri cəhət qadın qəhrəman yarada bilməməsi idi.

***

Servantesin və Don Kixot əsərinin özünüinkişafa nə aidiyyəti var? Sualımız sərt səsləndisə, üzrlü sayın. Amma nəşr edəcəyimiz əsərin oxucularımız üçün nə dərəcədə əhəmiyyətli olacağını bilməliyik.

Servantes illah da cəngavərlik romanlarını məhv etmək, kökünü kəsmək istəyirdisə, bunu Don Kixotu insanlara güldürərək etməməliydi. Don Kixot obrazı - hər birimizin içində yatan qəhrəmanlıq istəyinə vurulmuş böyük bir zərbədir, travmadır. İçimizdə yatan neçə-neçə ağ atlı oğlan əl-qolunu salladıb oturub ki, birdən məni də Don Kixot bilərlər. Onlar ömrü boyu xəyallarımızda susub qalır, risk eləməyə qorxurlar ki, birdən bizim də axırımız elə bitər.

Servantes yazıçı uğurunu yox, insanlığı düşünsəydi, dəliliyi gülüş hədəfinə çevrilməyəcək bir Don Kixot yaradardı və onun qəhrəmanlığı, öz səmimi, saf Don Kixotluğu elə bir zirvəyə çatardı ki, yazıçılar məhz bu əlçatmazlığı fəth edə bilməyəcəklərinə görə daha cəngavərlik romanı yazmazdılar.

Bu, yazıçının da, ədəbiyyatın da qələbəsi olardı. Amma Servantes cəngavərlik romanlarını məhv etməklə şəxsi qələbəsinə çatdı, ədəbiyyat + insanlıq isə iflic bir obraz və onun bizim beynimizdəki məğlub travmasından başqa heç nə əldə etmədi.

Bəlkə, necə ki, uçan xalçaları xəyal edib təyyarənin kəşfinə nail olmuşduq, eləcə də dünyada hansısa önəmli kəşfə imza atmaq üçün Don Kixotların yel dəyirmanları ilə döyüşməyinə gülməməliydik? Mən oxuculara qalib bir Don Kixot bəxş eləmək istəyirəm! Bəlkə, bir insanın qəribə düşüncələri elə bəri başdan onun qələbəsidir?! Bəlkə, o, təkbaşına da qalib gələ bilərdi? Özünüinkişaf kitabları da bunu deyir, uğur yolu bələdçilərini insanlara tanıdır. Mən, sadəcə, başqa bir əsrin qəhrəmanını bu əsrdə yenidən tanımağı təklif edirəm.

Bilirsiz, mən sizə daha tutarlı detallarla hər şeyi izah edə bilərəm. Gün təyin edin, ofisinizə gəlim, ətraflı danışaq.

Servantes nə vaxt neyləyib, bunun bizə aidiyyəti yoxdur. Bizə sizin necə bir əsər yazacağınız maraqlıdır. Don Kixot gülməli obrazdır. Çəlləyi deşib şərabı yerə tökür, deyir divi öldürdüm. Belə bir dəlidən uğurları hamıya nümunə olacaq qəhrəman yaratmaq, sizcə, çətin deyil?! Zəhmət olmasa, bu barədə məlumat verərdiz. Bir də yenidən xatırlatmaq istərdik ki, müzakirələrimiz konfidensialdır və ümid edirik siz də eyni jestlə qarşılıq verəcəksiniz.

Düzü, bu cür nəşriyyatdan belə yanaşma gözləməzdim. Ədəbiyyatda əyani şəkildə canlandırılan ən gözəl divöldürmə səhnəsidir bu. Qalan bütün hallarda yaradılmış əksər divlərin özü də, onların öldürülməsi səhnəsi də təxəyyül məhsuludur. Bir şərab çəlləyi dolayısı ilə, verdiyi ziyan baxımından elə insanları məhv edən div sayıla bilər. İndi özünüz fikirləşin, Don Kixotun onun qarnını yarıb qırmızı qanını yerə axıtmasında gülməli nə var?

O ki qaldı Don Kixotun dəliliyinə, əsəri diqqətlə vərəqləsəz, onun ağıllı söhbətlərini də oxuyacaqsız. Bu da yazıçının səhvidir. Mən Servantesin yerinə olsaydım, ona bir dənə də ağıllı xüsusiyyət verməzdim. Başdan-sona dəli edərdim. Bu mənada, Don Kixot yarımçıq obrazdır. Mənim yenidən bu obraza müraciət etməyimin bir səbəbi də onu yarımçıq görməmək istəyidir. Qismət olsa, sizin nəşriyyat vasitəsilə bu istəyimi reallaşdıracağam.

Aydındır. Amma bizi narahat edən məqam sizin elə hey yazılmış Don Kixotdan bəhs eləməyinizdir. Bizim köhnə Donla işimiz yoxdur. Siz nə yazacaqsız - maraqlı olan budur. Ümumiyyətlə, sizin Don Kixotunuzun məqsədi nədir?

Bu da dəlidən növbəti doğru xəbər. Sual yerində verilmişdi. Haqlıydılar da. O, qəhrəmanına məqsəd uydurmalıydı. Məqsədsiz obraz olmaz. Amma donkixotluq məqsəd ola bilməz axı. Ya da onun yazıçı beyni bunu qəbul edəcək mərhələyə keçə bilmirdi hələ. Bəlkə, sadəcə, təsvir etsin? Məqsədsiz-məramsız! Onu bizə, sadəcə, yazıçının təhkiyəsi, həm də öz qəhrəmanlıqları, dırnaqarası macəraları tanıtdırsın, vəssalam. Bəs onda Servantesdən fərqi nə olacaqdı? Servantesin yaratdığı Don onsuz da yarımçıqdı.

Bəlkə, Don Kixotu orta cinsin nümayəndəsi eləsin? Müasir dünyaya məhz bu cür əsər lazımdır. Dulsineyanın əvəzinə bir dənə xəyali kişi obrazı uydursa kifayətdir. Onsuz da əsərlərində qadın obrazlara yer verməkdən zəhləsi gedir. Roman əməlli-başlı tutardı. Tənqid olunsa belə, məşhurlaşardı. Belə bir Don Kixot Nobelə gedən yoldur, başqa cür ağlının ucundan da keçirdə bilməz o mükafatı.

Bəlkə, Don Kixot Sançoya vurulsun? Bütün qəhrəmanlıqları onun naminə, onun uğrunda eləməyə çalışsın?

Sonra bu fikirlərinə görə başını divara vurmaq istədi. O istəmirdi kimsə Dona gülsün, amma belə bir "qəhrəman"a, ən azından, öz ölkəsində hamı güləcəkdi. Başına dəysin bu cür qazanacağı Nobel!

Əsəbi-əsəbi heç özü də bilmədi nə yazır.

Əzizim, mən yazılmış mətndən çıxış edib yenisini qururam. Müqayisə etməmək mümkün deyil. Köhnə Don Kixotun məqsədi Dondan çox Servantesin məqsədi idi - cəngavərlik romanlarının kökünü kəsmək və buna görə də özünü cəngavər adlandıran qəhrəmanı əsrlər boyu insanlara güldürmək. Mən göstərmək istəyirəm ki, güldürmək çıxış yolu deyil. Əsas məqsədim də, tutarlı səbəbim də budur.

Qarşı tərəf də əsəbi idi, deyəsən.

Yazdıqlarınızı sadə dillə, necə anlamışamsa, elə izah edəcəyəm. Yəni demək istəyirsiniz ki, aramıza qatılan "çuşka"nı özünü nə elan edir-etsin, ələ salmaq ən asan yoldur. Amma biz ona kömək edib sabah-birigün ən kübar cəmiyyətlərə belə çıxara bilərik.

Bu dəfə bütün yorğunluğuna rəğmən, çaşqın bir halda e-maili düz beş dəfə oxudu. Nə yazacağını da çox götür-qoy eləmədi, bu, ona mənasız gəlirdi artıq.

Siz hansı əsərdən danışırsız, xanım? "Don Kixot"u oxuduğunuza əminsiniz?

Sizin kimi düşünsək, elədir, xanım. Servantes birinci yolu seçdi. Ona görə də bəşərin gözünün qarşısında özünü kübar cəngavərlərə bənzətmək istəyən bir "çuşka"nın həyatı məhv oldu. Hətta bir yox, ümumiyyətlə, çuşkaların kökü kəsildi.

"Göndər" düyməsini basıb kompüteri söndürmək, bu otaqdan, e-maillərdən, yazıdan, hərfdən, sözdən, hər şeydən qaçıb dincəlmək istəyirdi. Amma dabanbasma gələn növbəti cavabı açmadan siçanı "çıxış"a tuşlaya bilmədi. Bircə cümlə yazmışdılar.

Mən xanım deyiləm. Zəhmət olmasa, nəzakət qaydalarına riayət edin.

Heç nə anlamadı. Anlamaq da istəmədi.

Sevimli köynəyini geyinib şəhərə çıxdı. Meh də əsmirdi. Köhnə tikililəri mühasirəyə alan göydələnlər Bakı küləyinin də belini qırmışdı. Bilmirdi canını sıxan bu istidir, yoxsa bayaq oxuduğu "çuşka" sözü? Elə bil qaçdıqca daha çox boğurdu onu bu mövzu. İllər uzunu bu şəhərdə nə onu, nə də bu şəhəri sevə bilmişdilər onlar. Ürəyində belə "onlar" deyirdi, hər addımda toqquşduğu baxışların bundan duyuq düşəcəyindən qorxurdu. Düşünürdü ki, daha bu şəhərdə əsl "çuşka" yoxdur. Dünya, bəlkə, yenə də əsl Don Kixotlar görəcək, amma bu şəhər daha heç vaxt əsl "çuşka" görməyəcək. Əvvəllər "çuşka" olmuşlar da daha hiyləgər, daha ağıllıdırlar indi. Özlərinin belə olmadıqlarını sübut eləməkçün var qüvvələriylə silahlanıblar, özlərindən sonrakıları da cidd-cəhdlə çuşkalıqdan qoruyurlar. Amma xəbərləri yoxdur ki, daha buralarda onları belə çağıracaq əsl şəhərli qalmayıb; hamısı ölüb-qırılır, qaçıb başqa şəhərlərə pənah aparır. Anlamaq istəmirdilər ki, daha özlərindən başqa bu mövzunu dərd eləyən yoxdur. Hətta bu gün də həmin söz hansısa çuşkalıqdan qorxan birinin mesajından sonra yada düşmüşdü. Bu söz şəhərin də, şəhərlilərin də axırına çıxmışdı, amma hələ ölməmişdi. Bəlkə, vaxtikən onun saflığını qoruya bilsəydilər, sözün mahiyyəti dəyişərdi. Görünür, müasirləşə bilməmişdi, ona görə mahiyyəti dəyişmədi. Çünki müasir dünyada hər şeyi adı ilə çağırmaq dəbdir, hamı çəkinmədən, rahatlıqla "mən buyam" deyir, özünə bayraq düzəldir, meydanlara çıxır, haqlarını tələb edir, kimliyini dünyaya uddurur. Görünür, bu sözün özünün də bir məqsədi var, ona görə dəyişmir, hələ də yaşayır. Bəlkə, buranın sonuncu şəhərlisi ayağını son dəfə Bakıdan götürəndə o söz də öləcək...

Sonra yenə "Don Kixot" əsərini düşündü. Fikirləşdi ki, onu dərsliklərdən çıxartmaq lazımdır. Əsərə senzura qoymaq istəyinə güldü də bir az. Amma yenə də özünə söz verdi ki, övladları yeniyetməlik yaşını keçməyincə onlara bu kitabı oxumağa icazə verməyəcək.

Lampanı ovcunda axıracan sıxıb blokun işığını yandıra-yandıra dünyada qəhrəman hesab elədiyi adamları xatırladı. Yaxın tarixi vərəqlədi beynində. Nelson Mandellanı - irqi ilə qürur duyan, onu bütün dünyaya sevdirməyi bacaran adamı yadına saldı. Sonra nəyəsə görə Komandantenin mahnısını zümzümə elədi. Əmin idi ki, indi yadına saldığı cəsarətli adamlar Don Kixotu ya oxumayıblar, ya da əsərlə çox gec tanış olublar. Dünya artıq onların özlərini tanıyandan sonra.

Evə qalxan kimi düymələrini açıb həmişə zarafatla yoldaşına sarı tulladığı köynəyi bu dəfə var qüvvəsi ilə qadına tolazladı. Uşaqlar da gözlərini planşetdən ayırıb çaşqınlıqla atalarına baxdılar:

- Elə gizlət bunu, bir də gözüm görməsin!

- Bəs deyirdin sərin saxlayır, nooldu?

- Havaya bax! Adama "çuşka" deyərlər!

Qadın köynəyi ağzına tutub, uşaqlar da planşetdə nəsə maraqlı bir şey tapıblarmış kimi pıqqıldadılar...

***

Kitab rəfinə sarı tələsdi. Nəsə oxumaq, başını qatmaq istəyirdi. Beynində qaynaşan suallara cavab tapmağa qorxurdu. Niyə Don Kixotları düşünə-düşünə öz həmvətənlərini ürəyinə gətirmişdi? Onun Nobel barədəki xəyalları ilə Don Kixotun cəngavərlik arzuları arasında nə kimi əlaqə var idi? Niyə indi nəsə oxumaq istəyi baş qaldıranda əli rəfdəki ən axırıncı kitaba, Cəlil Məmmədquluzadənin "Ölülər"inə toxundu? Axı bu yazıçıdan da, onun əsərlərindən də zəhləsi gedib həmişə. Axı qorxurdu Cəlili oxumaqdan...

Həmişə fikirləşmişdi ki, Cəlili oxusa bir də azərbaycanlıları sevə bilməz, uzaqbaşı yazığı gələr onlara. Düşünürdü ki, Cəlili çox oxusa, özünü də dibəcən tanıyar, o dibdən bir də çıxa bilməz, ölər, qalar orda, dünyanın bütün Şeyx Nəsrullahları ilə Kefli İsgəndərləri barışsa, var qüvvələrini toplayıb onu səsləsələr belə dirilməz. Amma bu gün başqa gün idi. Dünyanın öldürən yazıçısını beynində susdurmaqçün, özünü öldürən yazıçısının ideyaları ilə silahlanmaq istəyirdi.

***

Üç gün sonra açdı kompüteri. Gələn mesajda yazılanlara görə, əslində, hirslənməliydi. Amma qəfil qəhqəhə çəkib güldü.

Düşünürük ki, əgər əsəri yenidən işləyirsinizsə, obrazlara əl gəzdirə bilərsiniz. Məsələn, Sanço Pansanı romanda ləğv etmək necə fikirdir? O, Dona özünü realizə etməkdə mane olur. Sanço olmasa, bizim cəngavər Donkixotluğa, sizin təbirinizcə desək, öz zirvəsinə daha tez çatardı.

- Bu nədi? Məni ələ salır bunlar, ya yerimə əsər yazmaq istəyirlər?! Daha onda məni niyə yorursuz, gedin özünüz yazın da nə istəyirsiz, - az qala elə belə də yazacaqdı. Sonra lənət şeytana deyib, qısaca ağıl verdi.

Yox, Sanço ölə bilməz. Mən düşünürəm ki, Sançonu Dona ən yaxın dost, silahdaş eləyim. Sanço bütün qəlbi ilə ona inansın. Bəlkə də, əsərin ən gözəl dönüş nöqtəsi Dona inanan, arxasında duran adamların olmasındadır. Bütün Don Kixotluğun xilası ona həqiqətən inanan heç olmasa, bir adamın mövcudluğundadır.

***

E-maili göndərib kompüter arxasından durdu. Sanço obrazı yeni hadisələr düşünmək üçün tapıntı idi. Bütün günü şəhərdə boş-boş gəzdi, evlərinin yaxınlığındakı gün-gündən balacalaşan parkları dolaşdı, uşaqlara baxdı. Anası yaxın skamyada tum çırtlaya-çırtlaya mesaj yazan dəcəl bir oğlan uşağı diqqətini cəlb elədi. Əlindəki yanıb-sönən oyuncaq qılıncını var gücü ilə Əliağa Vahidin bu balaca cəngavərlə meydanda tək qalmış kəlləsinə çırpırdı. Qaynayırdı uşaq, gah o tərəfdən, gah bu tərəfdən hücum çəkirdi. Axırda da şairin adı yazılmış bəyaz lövhəyə ayağı ilişdi, yıxıldı. Anasından əvvəl qaçıb ağlayan dəcəli qaldırdı, sıyrılmış dizinin torpağını təmizləyəndə uşaq onu itələdi. Qaçıb hələ yolu yarıyacan qət eləməmiş anasını qucaqladı.

Onlardan uzaqlaşıb bir az da İçərişəhərin dar küçələrində azmaq istəyəndə düşündü ki, dünyada əsl Don Kixotlar elə uşaqlardı. Özünü isə Sanço hesab eləyirdi bu gün. O, Don Kixota, öz Don Kixotuna kömək eləməliydi, yazmalıydı, hamıya tanıtdırmalıydı onu. Bəşəriyyət bir vaxtlar özünü böyük hesab edib balaca Don Kixota gülmüşdü. İndi o yekəxana bəşər bir yazçının timsalında nə qədər çalışırdısa, artıq dərs almış Donu əvvəlki saflığına, uşaqlığına qaytara bilmirdi.

Axşam bloka daxil olanda telefonun işığı ilə lampanı tapıb həmişəki kimi burdu. Yanmadı. Sola burdu boşaldı, sağa, axıracan burdu, yenə yanmadı. Qaranlıqda deyinə-deyinə pilləkənləri qalxdıqca ağlına gəldi ki, əsl yazıçı o kəsdir həm Don Kixot, həm Sanço Pansa, həm də yeri gələndə Dulsineya ola bilsin. Və elə həmin an başa düşdü ki, o özünü Sançonun, hətta məcbur eləyib Dulsineyanın da yerinə qoya bilər, amma Don Kixot ola bilməz. O, əsl Don Kixotu yaratmaq istəyirdi, özü isə yarımçıq Don Kixotdur. O anladı ki, "Lamançlı Don Kixot"dan sonra hədsiz dərəcədə çox kitab oxuyub, hədsiz dərəcədə çox qəhrəman tanıyır və hədsiz dərəcədə çox qəhrəmanların zərrələri, bulanıq-aydın xatirələri onu tam olaraq Don Kixot olmağa qoymur. O, başa düşdü ki, Kefli İsgəndəri tanımış bir adam heç vaxt qayıdıb Don Kixot ola bilməz.

Düşündüklərindən diksindi. Qorxdu, bir az da belə fikirləşsə, əli yazmaqdan soyuyar. Onu gic qoyduğu üçün Cəlili söymək istəyirdi. Ürəyində belə cürət eləmədi!

Evə daxil olan kimi otağına çəkildi. Kompüter açıq qalmışdı. Əsərin qeydlərini yazdığı "word" faylını açıb bir cümlə yazdı: "Elə yel dəyirmanları var ki, nəhəngdilər, çox nəhəngdilər, adamı üyüdüb toz eləyər, yelə verərlər".

Elə bu? Çox ara vermişdi, deyəsən. Yenə ürəyi istəyən vaxtda yaza bilmirdi. E-mail gəlmişdi. Candərdi açıb baxdı.

Əsərin sonunda Don Kixot ölür. Siz neyləyəcəksiniz? Bizə nikbin, sabahına inan, uğurlu qəhrəman lazımdır, Q. müəllim.

- Nəhayət, kitabı oxuyub bitirdin, xanım qız, - deyib elə bil, bu sualı gözləyirmiş kimi arın-arxayın cavab yazdı.

Mən Don Kixotu öldürmək istəmirəm. Əgər düşündüyüm kimi, Dona inanan bir Sanço yarada bilsəm, qoy əsas qəhrəmanın yolunda o öz canını fəda etsin. Donkixotluğu yaşatmaq istəyiriksə, bu yolda qurbanlar da verməyə hazır olmalıyıq. Axı bütün böyük idealların qələbəsi qurban tələb edir.

"Göndər"i vurandan sonra nələrisə düz eləmədiyinin fərqinə vardı. Bu səhv indinin səhvi deyildi. O, lap əvvəldən yolunu azmışdı.

- Bu da axırı... - bərkdən deyib, gözünü monitordan qaçırdı, əllərini qoynunda çarpazlayıb stula yayxandı.

Əvvəllər cəngavər olmaqçün öldürməliydin. Cismani. Elə indi də, bəzən inadkarlar kimlərinsə mənəvi cəsədlərini adlayıb qəhrəman olurlar. Don Kixota belə olmadığına görə gülmürdülərmi? O öldürə bilmirdi. Don bir insanın, ələlxüsus da Sançonun ölümünə səbəb ola bilməzdi. Ona gülən, ələ salan insanlar yaşasın deyə, özünü bu yolda qurban verərdi, ölərdi - necə ölmüşdü, amma öldürməzdi - necə ki, bilmədi.

İndi başa düşürdü ki, uğrunda hansı obrazları silir-silsin, yazısını necə inamlı, ümidli, nikbin cümlələrlə bəzəyir-bəzəsin, bütün ədəbiyyatvərəqləyənlərin beynində ölmüş və elə bu cür də yaşayan Don Kixotu heç vaxt dirildə bilməyəcək.

***

İnternetdən çıxıb əvvəlcə kompüterin iş stolunda əsərin qeydlərini elədiyi "Qəhrəman" adlı vord faylını sildi. Sonra rahatlıqla, "uf" da demədən zibil qutusundan da yox elədi. Elə axşam-axşam arvad-uşağı da götürüb kəndə, qayınatasıgilə getdi. Bir həftə qalıb dincəldilər. Səhəri sarı əncirdən yeyib, günorta xorna çəkib yatdı, axşamçağı dənizə qaçıb, gecələr qaynıyla nərd vurdu. Nə Don Kixotlar yadına düşdü, nə də Kefli İsgəndərlər.

Şəhərə də dostlarına görə qayıtdı. Taxtabala darıxdığından, Kürənsə vacib işi var deyə görüşmək istəyirdilər.

Hamıdan qabaq özü gəlib oturmuşdu çayxanada. Sonra Kürən gəldi, Taxtabalanı da o gətirmişdi. Qapıdan keçirdəndə Kürənə kömək elədi.

"Haralardasan, necəsən, neynirsən"lər səngiməmiş, hələ heç stulu altına çəkməmiş deyinməyə başladı:

- Bu istidə nə var, yenə yığışdıq bura tər tökməyə?!

Taxtabala boğazını arıtlayıb:

- Kürəndi də... - dedi, - neçə gündü dəng eləyib məni: "Gəl görüşək xəbərim var! Xəbərim var!".

Kürən Taxtabaladan çox onun reaksiyalarına göz qoyub gülə-gülə dilləndi:

- Uşaqlar, sizə əla xəbərim var!

Taxtabala:

- Bildik də. Qus görək!

- Düzü, Taxtabala, keçən dəfə sən deyəndə işə qol qoymasam da, nə deyim, evə gedəndən sonra bu barədə düşündüm.

Dostu xəbərinə sevinirlər fikirləşsin deyə, həvəslə stola dirsəkləndi:

- Nə barədə?

Taxtabala:

- Eh, sən də! Fikrin harda qarğa vurur? Nəşriyyat məsələsini deyir də. Tapşırmışdım axı sizə gedib e-mail yazarsız.

Qolları boşaldı, dirsəklərini masadan götürüb stula yayxandı.

Onlar susan kimi Kürən davam elədi:

- Nə yazacağımı bilmirdim. Getdim kitablarını aldım, oxudum. Neçə vaxtdı xətrim istəyirdi, amma nə yalan deyim, almamışdım. Birinci kitab bitəndə qərarlıydım tənqid məktubu yazmağa. Amma sonra fikirləşdim ki, acığa düşüb mənlə işləməzlər.

Taxtabala şaqqanaq çəkdi. Kürən də ona qoşulub gülümsəyə-gülümsəyə davam elədi:

- Təriflik də ortada bir şey yoxdu. İndi adamın üstündə Allah var, kitabları çox nəfisdi, amma "o deyil də". Heç nə! Bu gün yazaram, sabah yazaram, axır bu həftə e-mail göndərdim ki... Əşşi, sizdən nə gizlədim, yazdım ki, siyasət adamlarından, vəzifəli, imkanlı sənətkarlardan başqa istənilən şəxsiyyət haqqında, istənilən mövzuda əsər yaza bilərəm. Əsas odur, çapına razılıq verəsiz.

Udqunmağının səsini özü də eşitdi. Taxtabala dünyadan xəbərsiz bəxtəvər, söhbətin ardını gözləyirdi. O isə artıq bilirdi Kürən təxminən nələr danışacaq və daha nələri susacaq.

- Sırağagün axşam yazmışdım. Dünən açdım ki, cavab gəlib.

Taxtabala ağıl verməyə hazırlaşdı, adəti üzrə iki dəfə öksürüb başladı:

- Gördüz? Nə demişdim sizə? Bir e-mail yazmaq nə böyük işdi, ay kişi?! Həmişə qəribçiliyə salırdız sözümü. Yaxşıdır hələ sən bundan ağıllı çıxdın.

- "Don Kixot"u dekonstruksiya eləməyimi istəyir nəşriyyat.

Bunu deyib diqqətlə onun gözlərinin içinə baxdı. Sevinib-sevinmədiyini duymaq istəyirdi. O isə neyləsə də içindəki narahatlığı gizlətməyə gücü çatmırdı. Kürənə də elə bu lazım idi: paxılı var idisə, özü də o paxıl istedadlı bir adamdısa, deməli bu yükün altına girməyə dəyərdi.

- Xırdalıqlara varmaq istəmirəm. Nəşriyyat da istəməz bunu, çox güman. Həm də heç nəyi ətraflı danışmamışıq. Görüşə çağırıblar, sabah gedəcəyəm hələ. Amma istədim, bu fikir necə biz bir yerdə olanda yaranmışdısa, ilk xəbəri də yenə sizinlə bölüşüm.

Taxtabala birinci təbrik elədi.

Onun dodaqlarının qıfılı gec götürüldü:

- Nə var e onu yazmağa? Bir həftəyə skeletini quracaqsan, payızda da özünü bitirərsən.

Kürən zəhmətini moda mindirdi:

- Yo, nə danışırsan? Asan gəlməsin sənə. Don Kixotdur bu! Yazmağına yazacağam e, buna söz yox. Amma heç kimə zarafat gəlməsin belə bir mövzuya müraciət eləmək.

- Yenidən müraciət eləmək.

- Hə də. Axır ki belə... Sən də sentyabrda təqdimata çağıracaqsan?

Tutuldu! Əslində, nə deyəcəyini fikirləşirdi. Dostları elə bildi təqdimat məsələsinin elə kobud vurğulanmağı xətrinə dəydi. Taxtabala tez diqqəti təqdimat söhbətindən yayındırmağa çalışdı:

- Keçən dəfə yazdığın statusa görə soruşur. Sən nədən yazırsan?

Beyninə halaldı! Cavabı tez düzüb-qoşdu:

- Bir yazıçının həyatından. Yarımçıq yazıçıdır. Tükənib, amma bunu qəbul eləmək istəmir. Bax belə düşünmüşdüm təxminən. Çoxlu psixoloji məqamlar olmalıydı. Amma, məncə, yaza bilməyəcəyəm.

- Niyə? - ikisi də birdən soruşdular.

- Çünki özümü o qəhrəmanın yerinə qoya bilmirəm. O hissləri yaşamasam yaza bilmərəm axı.

Kürən boğazdan yuxarı mızıldandı:

- Heç yaşama da!

Taxtabala da Kürənə qoşuldu:

- Lazımdı sənə?

Özü də nöqtəsini qoydu:

- Hə də. Ona görə başın buraxdım.

Cibini qurdalayıb bir beşlik çıxartdı. İçdikləri çayın puluydu, bu gün onun növbəsiydi. Beşliyi Kürənə sarı itələyib birinci onunla əl verdi.

- Uğurlar! - deyib masadan qalxdı. - Məni bağışlayın, tələsirəm.

Kürən güya zarafat elədi:

- Gedirsən e-mail yazmağa?

Taxtabala yenə şaqqanaq çəkdi.

- Yox, kompüterin üzünü bir həftədi açmıram. Arvadağa toydadı, gedim, evə aparım onu.

- Həmişə toylarda!

- Şadlıq olsun!

- Sağ ol, balaca kişinin toyuna gələk! Taxtabala, səninçün olsun!

Qapıdan çıxa-çıxa telefonda saata baxıb yalanının işə yarayıb-yaramadığını yoxladı. Nə fikirləşdisə, bir də geri qayıtdı, Kürəndən siqaret alıb bir də sağollaşdı.

Nə vaxtdı çəkmirdi. Acı tüstü ciyərlərinə yayıldıqca gözləri yaşardı. Birbaş evə qaçmaq istəyirdi, amma yoldaşı bayaq mesaj yazmışdı, bəzi şeylər alınmalıydı. Yenə telefonda saata baxdı, elə bil iki dəqiqə bundan qabaq toy vaxtı hesablayan bu deyildi. Hə, binalarının qarşısındakı market açıq olardı hələ.

***

Aramla qüllab vura-vura addımlayırdı. Nə ideyasının əldən çıxması, nə yazışmalarının boşa getməsi, nə də son həftələrdə keçirdiyi həyəcanlara heyifsilənirdi. Beynində bircə sual dolaşırdı:

- Görəsən, düz deyirdi? Onu həqiqətən sabah görüşə çağırıblar, yoxsa goplayır?

Tini dönəndə telefonu bir də cibindən çıxartdı. Yoldaşının mesajını axtardı. Birdən gözü ayın tarixinə sataşdı.

Siqareti yerə atıb tapdalayaraq gülümsündü:

- Sabah bazardı ki!

Alacaqlarını dua kimi dilinin altında təkrarlaya-təkrarlaya mağazaya girdi../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ