Ceylan Mumoğlunun səssiz hekayələri - Taleh Eminoğlu yazır

Tarix:15-11-2018, 13:52 Baxış Sayı:76

Ceylan Mumoğlunun səssiz hekayələri - Taleh Eminoğlu yazır
Hansısa bədii mətni müəllifin imzası olmadan kimə məxsus olduğunu bilmək yazarın üslubuna, dilinə bağlıdır.

Yazar mətninin içində inancı, sosial mövqeyi baxımından görünməməli, mətnin içində müəllimlik etməməlidir. Ceylan Mumoğlu “Qurbağa öpüşü” hekayələr kitabında bunu bacarıbmı? Oxuyacağınız yazıda bunu bacarıb bacarmadığına bəzi hekayələr üzərində ətraflı gəzişərək toxunmağa çalışmışam. Amma yəqin ki, yazının girişi sizdə ilkin təəssürat oyatdı.

“Həvva”

Artıq hekayənin adı oxucuya çox şey deyir. Bu mövzu ədəbiyyatda kifayət qədər istifadə olunmuş, zaman-zaman yazarların öz təxəyyüllərini də qatdıqları dini əhvalatdır (Əslində isə Şumer mifidir. İnsanlar arasındasa daha çox yaradılışla bağlı olduğu üçün o prizmadan yanaşacağıq). Amma bu hekayədə sadəcə onun adı oxucuya nəsə deyir. Məzmunu, ifadə etdiyi yanaşma oxucuda onun ya başqa yerdən oxuduğu, ya da kimdənsə eşitdiyi əhvalatdan başqa heçnə vermir. Hətta bir baxımdan rəvayətin gücünü azaldır. Hadisələr olduqca sürətli davam edir (bunu demək olar ki, hər hekayədə görəcəksiniz). Sanki Həvva o almanı dərməyi yaradılmamışdan əvvəl istəyirdi və yaradılış ona bu şansı yaratdı. Eyni zamanda, hekayə quru əhvalatçılıqdan kənara çıxa bilmir. Yazarın təxəyyülü burada susur, arada baş verən hadisələr bədii təsvir gücündən istifadəylə çatdırılmağa çalışılsa da, bu heç bir effekt yaratmır, çünki danışılan hadisənin dini rəvayət forması bundan daha üstündür.

Bu hekayədən zövq almağın, nə isə hiss etməyin tək yolu hekayədə baş verənləri sanki birinci dəfə eşidirmiş kimi davranmaqdır. Bu zaman qarşınızda başqa qapı açılacaq. Öncə hekayədəki müəllifin bəzi sözlərdən faydalanaraq (özünüz oxuyub tapın) bilərəkdə və ya bilməyərəkdə hekayəyə mifoloji ruh qatmasıdır. İnsanoğluna məxsus “qan çəkir” ifadəsi bəlkə elə bu mətnə də aiddir. Yazı özü yazarı mifə doğru çəkir.

Bütün bunlarla yanaşı, hekayə hər kəsin bildiyi formada yekunlaşır. Sonluq da bizi təəccübləndirmir. Nəticə olaraq onu deyə bilərəm ki, hekayənin bədii həlli yoxdur, başqa cür desək, yazarın başlanğıcda toxunduğu “nəsə çatışmır” məsəli bu hekayə üçün də keçərlidir – nəsə çatışmır.

“Qurbağa öpüşü”

Bu hekayədə haqqında danışılmaq istənən məsələ psixologiya sahəsində olduqca dərin və geniş mövzudur. Hekayənin qəhrəmanının qəribə vərdişi var – o tez-tez yuyunur. Hamamdan yeni çıxdığı halda yenidən yuyunur. Bu psixologiyada obsessiv-kompulsiv pozuntudur. Daha aydın olması üçün hekayənin ümumi məğzini az da olsa açım.

Təcili kəndə getməli olan qəhrəmanımız yolda qəza törədir, maşın gölməçəyə düşür, içi palçıqla dolur, qəhrəmanımız bir də onda ayılır ki, artıq yuyunmaq mərəzindən canı qurtulub.

Bunu hər cürə yozmaq olar: Qorxunun, xəstəliyin üzərinə getmək və s. Amma heç nə bu hekayəni xilas eləmir. Çünki qabardılan məsələ olduqca sadə, bəsit, sürətli süjet xətti ilə verilir. Bəlkə də müəllif düşündüyünü çatdırmaq üçün artıq tez-tez eşitdiyimiz, görüdüyümüz maşın qəzalarından yola çıxmaq istəyib. Lakin süjet qabardılan məsələni kiçildib, cılızlaşdırıb.

Fəlsəfi tərəfdən baxsaq belə - yəni qəhrəmanın bir dəfə təpədən dırnağa çirkə (yalana, saxtakarlığa, cahilliyə) bulaşması onu bu yolun əbədi yolçusu edir, əslində burada qorxulu şey olmadığını görür. Lakin bu yanaşma belə verilən süjet xətti sayəsində puç olur. Bu hekayədə çatışmayan “nəsə” bəllidir – axıcı, dolğun və tutarlı süjet.

Ceylan Mumoğlunun səssiz hekayələri - Taleh Eminoğlu yazır

“Bogema dəsti”

Kitabda süjet xətti, informasiyası, bədii həlli olan yeganə hekayədir. Məsələ çox tez-tez qarşılaşdığımız rüşvətdən gedir, özü də təhsil sistemində. Başqa iş üçün bürokratiyanın qapısı ağzında gözləyən iki dostdan biri bu mənzərə qarşısında xatirində canlanmış əhvalatı danışır. Burada uzunçuluq edib əhvalatı sizə nəql etməyəcəm, ən azından rüşvət və məktəb sözlərini birləşdirib hadisənin nədən ibarət olduğunu xəyal edə bilərsiniz.

Qısaca onu qeyd edə bilərəm ki, əvvəlcə rüşvətə qarşı dirəniş göstərən gənc müəllimə sonda məğlub olur, bu kiçik dövrənin çarxlarından birinə çevrilir.

Hekayənin sonluğu çox az rast gəldiyimiz formada – şərin qələbəsilə bitir. Hekayəni oxunaqlı edən, digərlərindən fərqləndirən də elə budur. Əgər hekayə sonda o müəllimənin qələbəsilə başa çatsaydı bu qədər effektiv olmazdı. Bu mətn Kamyunun “Dünya bozdur” (ümid var) prinsipinə deyil, Kafkanın “Dünya qaradır” (ümid yoxdur) prinsipinə əsaslanır. Necə deyərlər, “Belə gəlmiş, belə gedər”.

“Qiyamət” və “Ümid”

Bunlardan birincisini oxuyanda hekayənin süjet xəttini, bədii həllini bir kənara qoyub verdiyi informasiyanı – elm hər şeydir - əsas götürərək hekayənin uğurlu alındığını düşünmüşdüm. Amma bir neçə səhifə sonra qəribə hekayə ilə rastlaşdım. “Ümid” adlı hekayədə hər şey əksinə cərəyan edir: Lamiyə adlı qəhrəman uşaq sahibi ola bilmir, ailəsi dağılma vəziyyətinə çatır. Getdiyi həkimlər kömək edə bilmir və günlərin bir günü getdiyi xəstəxanalardan birində işləyən tanımadığı həkim ona zəng edib görüşmək istədiyini deyir. Qəhrəmanımız həkimlə görüşür və həkim Lamiyəni dinlə, “Quran”la tanış edir. Lamiyə dəyişir, ibadətə başlayır, “Quran” oxuyur, uşaq sahibi olur. Siz inandınız? Mən yox. Bunu o zaman hekayə adlandırmaq olardı ki, bu hərəkəti savadsız qohumlardan biri edərdi və nəticəsi olmazdı. Amma bu cür ifadə olunmağı onu hekayə etmir. Bu mətn sadəcə yazarın tanrı qorxusu ilə yazılmış, tanrıya pərəstiş yazısıdır.

“Bəlkə sarkazımdır”, deyə bilərsiniz, amma deyil. “Bu cür həkimlər həqiqətən var”, deyə bilərsiniz. Bəli var, amma bu yenə də hekayəni batmaqdan xilas etmir. Elm soyuqqanlılıqla xurafatın, cahilliyin ayağına verilir.

“Qadın olmaq”

Bu haqda kifayət qədər yazılıb (istər qadın, istərsə də kişi mövzusunda). Mənim fikrimsə bütün bu yazıların boşluqdan, heçlikdən ibarət olmasıdır. Çünki cəmiyyət insandan ibarətdir, qarşımızdakı hər kəsə bu baxış bucağı altında baxmalıyıq. Cəmiyyəti qadın və ya kişi sisteminə bölmək, onlardan tərəzi daşı kimi istifadə etmək, birini şişirdib digərini kiçiltmək yanlış düşüncədir. Bunu nəticəsidir ki, toplumda bu iki sistem arasında soyuq müharibə var və hər kiçik problem qarşısında baş qaldırmağa başlayır.

Hekayənin süjet xəttində qırılma nöqtəsi var və bunu hiss etmək olduqca asandır. Bibisigildə qalan on doqquz yaşlı tələbə Selcan evə gəlib bibisinə deyir: “bu gün universitetimizə bir reklam şirkətindən nümayəndələr gəlmişdilər, mənə çəkiliş üçün rol təklif etdilər”. Hadisələr elə bundan sonra başlayır. Bibi birdən-birə içindəki filosofu azad buraxıb müdrik sözlər deməyə, aforizmləri ard-arda düzməyə başlayır. Bu yanaşmalar ailədən tutmuş cinslərarası sevgiyə qədər uzanır. Amma hekayəyə giriş verən hadisə (yəni Selcana edilən iş təklifi) arasında bağlılıq yoxdur. Qırılma nöqtəsi elə buradadır. Ən absurdusa bibinin dialoq sırasında “Quran”dan məsələyə heç aidiyyatı olmayan ayəni olduğu kimi deməsi, qardaşı qızına onu öyrənməyi məsləhət görməsidir. Bu ayədə “Allah yanında ən hörmətli olanınız ondan ən çox qorxanınızdır” deyilir.

Bu hekayədə cilov müəllifin əlindən çıxır. Yazarın hekayə, roman və s. yazması onun kütləyə nəsə çatdırmaq, səhv gördüyü, tənqid etmək istədiyi şeyi açıqlamaq istəyindən qaynaqlansa da, bu hekayədə daha çox öz düşüncəsini ortaya qoyur. Biz isə bu sualla qarşılaşırıq – “Hekayəyə giriş hadisəsi ilə baş verənlər arasındakı qırılma nöqtəsi aydın görünür. Bəs müəllifin qırılmanı daha da dərinləşdirən ayə misalı nə ifadə edir? Niyə bibi obrazı, məsələ başqaykən bu cür ağır mövzuya daxil olur və gənc qıza qorxunun qapılarını açır?” Bu sualların cavabı hekayənin sonunda bəlli olur ki, yenə də bədii həll yoxdur və əslində yazarın düşüncə məhsulur. Artıq neçənci dəfədir ki, müəllif oxucunun yadına dini salmağa cəhd edir. O zaman qadının dində böyük önəm daşıdığını deyən yazara bunu xatırlatmaq istəyirəm – “... Müştərək həyatla bağlı məsələlərdə itaətsizliklərindən qorxduğunuz qadınlara əvvəlcə nəsihət edin və sonra yataqda onlardan uzaqlaşın və əgər xeyri olmasa onları vurun”. “Nisa” surəsi, 34.

Bu hekayənin bir təccüblü tərəfi də “Qadın sirdir”, “Qadın ailədir”, “Qadın cənnətdir” və s. ifadələr işlədən yazarın hekayənin əvvəlində “... ceyran kimi səkə-səkə bibisigilə tələsirdi” ifadəsindən istifadə etməsidir. Bir tərəfdən qadın şişirdilir, bir tərəfdən bənzətmədə heyvandan istifadə edilir.

Selcan bibisindən reklamla bağlı qərar haqqında nəsə deməsini gözlədiyi halda o başqa şeylərdən danışır və deyilənlərin məsələylə bağlılığı yoxdur. Sonda elə Selcanın bibisinə dediyi cümləylə müəllifə müraciət edirəm – “reklamla bağlı qərar haqqında heç nə demədin”.

“Ekstrasens”

Dilimizdə belə ifadə var – “Yağışdan çıxıb yağmura düşmək”. Bu ifadə sözügedən hekayənin üzərinə biçilib. Ekstrasensliklə məşğul olan Səməd adlı qəhrəman daxilində ziddiyyətlər yaşamağa başlayır. Hər şeyi var, ətrafında məşhur insanlar toplaşıb, amma bu o çöldə olanda belədir. Evdəsə təkdir, heç kimi, heç nəyi yoxdur. Bu daxili ziddiyyətlə çarpışan insan bir müddət sonra bir gənclə tanış olur və bu tanışlıq şəraiti bu cür mənəvi əzab çəkən insanların başına filmlərdə və başqa romanlarda, hekayələrdə rast gəldiyimiz klişe hadisəylə reallaşır; gənc yolu keçərkən fikirli olan qəhrəmanımızı ölümdən xilas edir. Bu, xilas kimi görünür, amma daha sonra məlum olur ki, bu müəllifin fikrini oxucuya yeritmək üçün hazırladığı tələdən başqa nəsə deyil. Gənc ekstrasensi haqq yoluna dəvət edir. Yazar qurtuluşun bunda olmasında israrlıdır. Bu israr o qədər qüvvətlidir ki, daxili ziddiyyət, mənəvi sarsıntı olduqca zəif verilir. Onun yerinə yazar düşüncəsini ön plana çıxarır. Hekayənin süjet xətti, sonluq və digər şeylər yazarın düşüncəsini yeritməsi üçün işləyir.

Kitabda on iki hekayə toplansa da, onlardan altısı üzərində dayandım. Digərləri haqqında nə isə yazmamağım eyni şeylərin təkrarlanmasını istəməməyimdəndir. Amma “Bogema dəsti” və Cümhuriyətə həsr olunmuş “Quyu” hekayəsini bura daxil etmədən yuxarıda verilmiş hekayələri əhatə edərək ümumiləşdirmə aparmalı olsam, sadəcə bunu deyərəm: “Bu hekayələr nə isə deməyə çalışır. Amma səsləri çıxmır”.

Yuxarıda verdiyim sualın cavabını yəqin ki, artıq təxmin etmisiniz. Bəli, yazar hekayələrdə görünür, müəllimlik edir, özünün doğru bildiyi istiqamətə sarı səsləyir (İki hekayə xaric). Amma bəzi doğrular çox zaman yanlış olur.../parafr.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ