Qapımdan əl izlərini dərirəm - Emin Pirinin yeni şeiri

Tarix:7-11-2018, 16:05 Baxış Sayı:115

Qapımdan əl izlərini dərirəm - Emin Pirinin yeni şeiri
Manera.az Emin Pirinin "13-cü gecə etüdləri" şeirini təqdim edir:

(Xınalı əllərin, xanım əllərin,
Gündüzlər qızının qara telini,
Gecələr yuxumu qarışdıracaq.
Sabir Yusifoğlu)


Evimə oğru girdi,
kimsə görmədi.
Qəlbimə sən girdin,
hamı gördü,
gördü, Leyla…

Mən qapımı döyən əzrailə
Otur çay iç, dincini al –
deyən adamam,
sənimi sevməyəcəm?!

Bilyard şarıtək düzüb planetləri
nə qədər ki, Tanrı
vurmayıbdı kilini,
əlini ver əlimə,
çıxaq taleyin süfrəsindən
qalxaq Allahdan yuxarı.

Daha mövsümüdü gəlişinin,
Qapımdan əl izlərini dərirəm.
Hansımız tez çatacaq sənə
yollar ayaqlarımla qaçır, yarışır.

Qulaqların dodaqlarımdan oğurlayar
hələ deyilməmiş sözləri
saçların əsir düşər darağıma.
Dodaqların təzə açmış yaz çiçəyi
mənsə bal arısı...

Ayaqlar getmək üçün yox,
Qayıtmaqçündü, Leyla.
Düşünmə qəlbə gedən yolları,
O yol bəlkə elə özünsən.

Səni qısqanan göyərçinlər
həyətinizdən
ayaq izlərimi dənləyir.

Bezər cüt çarpayılıq təklikdən
Hayqırar:
"Daha göyə baxanda ulduzları yox,
səni görmək istəyirəm”.

Sənin Adəmin mənəm,
inanmırsan bax...
Qabırğamdakı yerinə...
Daha sənlə yaşamaq yox,
səni yaşamaq istəyirəm.

Düşmən ölkələr arasındakı
səngərə çevrilər
aramızdakı adamlar.
Atlantik və Aralıq kimi
qarışmağa qoymazlar.

Yalnız bir var
iki birin kölgəsidi.
nifrət qəlbindəki boşluq,
sillə sığalın aqressiyasıdı.

Dünyanın ən qulaqbatırıcı səsidir
sevdiyin adamın sükutu.
Barmağındakı üzük də soğan kimi
dil açar gözlərində
xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

Nə fərqi var, Bakı
Ya da ki, Ərdəbil
indi sinəm bütöv Azərbaycandı,
Rahat qoy başını.
Vətəninə...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ