Ölü səhra - Günel Natiqin hekayəsi

Tarix:7-11-2018, 10:57 Baxış Sayı:371

Ölü səhra - Günel Natiqin hekayəsi
Hər gün eyni yuxunu görürdü. Prospektə gedən yolun üstündəki mağazaya girir, gitaranı götürür və arxasına baxmadan qaçırdı. Təqib edənlər gecənin qaranlığında gözdən itir və o, qaranlıqdan əlində gitara sıyrılıb çıxır, asta addımlarla yoluna davam edirdi. Elə bil halal puluna almışdı gitaranı.

Qorxusuz-hürküsüz evə gəlir, mənzilin bir küncünə qoyub tamaşa edirdi. Bilirdi ki, götürüb çalmağa əli gəlməz. Ona görə yox ki, oğurluqdur, ona görə ki, o gitaradır, çünki dünyanın bütün uca musiqilərini onda çalmaq olar.

Adil qan-tər içində yuxudan oyanır, otağın küncünə baxırdı. Heç nə görməyib sevinirdi, “çox şükür”, deyirdi. Sonra birdən ürəyi sıxılırdı. Yenə həmin yerə baxırdı. Heç nə görməyib bu dəfə hönkürmək istəyirdi. Razıydı, səhərə qədər o küncdə bir ayağı üstündə dayansın, -necə ki, uşaqlıqda onu məcbur edirdilər,-amma səhər duranda həmin yerdə gitaranı görsün. Götürməyə qıymayıb tamaşa eləsin, sonra günlərin birində gitara dilə gəlib dünyanın ən uca musiqilərini çalsın. Necə ki, Vısotski çalırdı, “Biz ölü səhrada yaşayırıq,”-deyirdi.

Səhər hər ehtimala qarşı mağazaya baş çəkdi. Musiqi alətləri satılan bölməyə keçdi. Gitara qəribə bir kədərlə ona baxırdı. Gitaranın kədəri qəribə, izaholunmaz bir hiss idi. Məsələn, skripkanın kədərini uşaqlıq vaxtlarından onun içinə transfer etmək istəyirdilər, o isə bundan boyun qaçırırdı. Skripka ilə məşqlərə davam etmək istəməyəndə anası onu- yuxularında gitaranın olduğu yerdə- küncdə bir ayağı üstə durmağa məcbur edirdi.

Müəllimi deyirdi ki, Adil nadir istedaddı, böyük musiqiçi ola bilər, amma təəssüf ki, bütün böyük musiqiçilər kimi qəribəliyi var... Amma o, böyük musiqiçi olmaq istəmirdi. O, Vısotski olmaq istəyirdi, dünyanın ən sadə və uca musiqilərini ifa etmək istəyirdi. O, gitaranın bütün kədərini hiss edirdi, ona elə gəlirdi ki, ona yaxın olsa, gitara daha məzlum olmayacaq və tamam başqa cür danışacaq. Necə ki, atası onunla danışırdı, onu başa düşürdü, bax o da gitaranı o cür, ata kimi anlayırdı. 12 yaşlı uşağın özünü ata kimi hiss etməyi qəribə hiss idi. Amma o bu hiss üçün bütün başqa duyğularını qurban verməyə hazır idi.

Hər səhər anası onu o vaxtın son dəbiylə geyindirib musiqi məktəbinə aparırdı. Yolboyu qarşılarına çıxanlar sanki moda jurnalından düşmüş bu şıq, ədəbli, əlində skripka olan balaca oğlana maraq və rəğbətlə baxırdılar. O isə bu baxışlardan sıxılır, özünü ən ədəbsiz adam kimi hiss edirdi. Bir az köhnə, bir az modası keçmiş geyimlərdə olan adamların yanından suçlular kimi keçirdi. Həmin vaxt skripkanı daşa vurub sındırmaq, onun bütün füsunkarlığını və cazibəsini insanların önündə məhv etmək, onun qürurunu qırmaq istəyirdi. Özü də hamının gözləri önündə etmək istəyirdi bunu.
Sonra anasına baxıb aid olduğu yeri xatırlayırdı. Adilin ora aid olduğunu anası deyirdi. O özü buna inanmırdı.

...Yenə eyni yuxu. Eyni mağaza. Ondan başqa heç kim yoxdur. Onu götürüb qaçmaq olar. Heç kim bilməyəcək. Onun oğurladığını kim biləcək ki. Ağıllarına da gəlməz. Heç Milşteynin də ağlına gəlməz. Axı o skripka dahisidir. Gitaranın oğurlana biləcəyi onun belə ağlına gəlməz.

Yuxudakı sayıqlamalarını xatırlayanda dodağı qaçdı. Küncə baxdı. Bir vaxtlar bu küncdə bir ayağı üstə dayanardı. Skripka çalmaq istəməyəndə anası onu məcbur edirdi. O da bir ayaq üstə durmağa razıdı, təki... o təkəbbürlü skripkanı onun əlinə verib çalmağa məcbur eləməsinlər. Axı o sevmir onu. Heç vaxt da sevməyəcək. O Vısotskini sevir. Onun mahnılarıyla böyüyüb. O elə sadə və böyükdür ki. Vısotskini nəzərdə tuturdu. Onu sevməyə başlayanda lap uşaqdı. Həyatda sadə və gözəl olan nə varsa onları duymağı gitara ona öyrədib. Gitarayla yolları ayrılmayacaqdı, əgər həmin gün anası onu əlindən alıb çarpayının kənarına çırpıb sındırmasaydı.

Məşhur skripkaçının konsertindən yenicə qayıtmışdılar. Adil bütün axşam təkcə boynunu deyil, bütün düşüncələrini, duyğularını sıxmış kəpənəyi çıxarıb kənara atmışdı, təmtəraqlı axşamdan, nəfis geyimli adamlardan, onun saç düzümü, son dəbli geyimi və dik duruşu ilə axşamın qəhrəmanına çevrilmiş anasından xəbərsiz olan gitara sakitcə küncdə dururdu.

Ruhu azadlıq istəyirdi. Vısotskinin balaca qəhrəmanı kimi özünü müharibə uşağı kimi təsəvvür etmək istəyirdi. Özünü qəhrəmanların yerinə qoyur, düşmənin göz yaşının qurumasına imkan verməyən, gözəl xanımlara əbədi məhəbbət vəd edən və müqəddəs şeylər uğrunda döyüşən əsgər kimi hiss edirdi. O əsgərlər ki, səngərlərdə yatır, nahara boş sıyıq yeyir, amma əsl mübarizənin tamını bilirdilər. Axşamkı təmtəraq, insanların kübarlığı imitasiya etmələri pis qoxu kimi üstünə çökmüşdü. 12 yaşı vardı, amma hər şeyi hiss edirdi. Gitaranı götürdü. Gecəni köynək kimi əynindən soyunmaq istəyirdi.

Axşamkı təəssüratın təsiri altında olan anası onun skripkanı götürüb konsertdə eşitdiyi əsərləri təkrar edəcəyini gözləyirdi. Günlərin birində belə bir konsert zalında oğlunun çıxış edəcəyini xəyal edirdi. Gitaranın səsi onu xəyalların əlindən aldı. Yalnız almadı, qoparıb qaçdı. Dəli bir qəzəb bütün bədənini titrətdi. Xəyallarının intiqamını almaq istəyi varlığına hakim kəsildi. Gitaranı oğlunun əlindən alıb çarpayının kənarına çırpdı. Bir dəfə vurmaqla hirsi soyumadı. Onun lap kiçik parçalarını görmək istəyirdi. Onun alçalmasını, yox olmasını istəyirdi. Gitara onun xəyallarını qırmışdı, o da onu eyni amansızlıqla məhv etmək istəyirdi.

Oğlan keyimişdi. Əlini- ayaqlarını hiss etmirdi. Yoxsa o ağrıları o da yaşayardı. Ağlayardı, hönkürərdi, anasının əlindən tutub “Ana, nə edirsən? Axı o mənim hər şeyimdir”,- deyərdi.

Bir azdan hər şey bitdi. Artıq heç nə əvvəlki kimi olmayacaqdı. Artıq təsəlli olmayacaqdı. Ortada gitaranın və nifrətin qalıqları qalmışdı. Əslində çox şeylər qırılmışdı, məhv olmuşdu. Sonra şəhərin küçələrində dəli kimi qaçdığını xatırladı. Tövşüyürdü, bilirdi ki, qaçmasa gitara kimi parça-parça olacaq. Və əgər ayaq saxlasa, bir də nəyisə dəyişmək şansı olmayacaq.Küçələr tanış, yad, özgə, tanış olmayan qapılara çıxırdı, sonra yenidən arxaya çəkilərək səmti dəyişirdi. Olanlar beynində cürbəcür obrazlara çevrilirdi, bu obrazlar isə öz növbəsində qəribə məxluqlara dönür, onu təqib edirdi...

Sonrakı illər Vısotskinin nəğmələri olmadan keçdi. Arada o sözlərin anlamını da itirirdi, elə bil beyni deformasiyaya uğramışdı. İstəsəydi, gitara ala bilərdi. Amma onun taleyi artıq onun gələcək aqibətini bəlli edəcəkdi. Adil qəlbinin dərinliyində bu informasiyadan qorxurdu.
Milşteynin konsertində isə iştirak elədi. Anası xüsusi kostyum sifariş vermişdi, kəpənəkli.

“Bilirəm, o skripkaya sənin qanın qaynamadı”,-sonradan anası onun könlünü almağa çalışmışdı,- “Musiqi alətinin də insana yapışmağı var. Atana min dəfə demişəm ki, hər mağazadan almasın musiqi alətini. Elə material var ki, adama istədiyini vermir”. Anası lap mütəxəssis kimi danışmışdı. Bəlkə də bunun üçün bir neçə kitab vərəqləmişdi. Amma bütün bunlar daha Adil üçün önəmli deyildi.

O artıq özünün istədiyi kimi ola bilməyəcəkdi. Məsələ gitarada da deyildi. O özünü ifadə emək, öz gizli qabığından çıxmaq, ağlamaq, hönkürmək, dəli bir qəhqəhə ilə gülmək... istəyirdi. Və daha heç vaxt bunu edə bilməyəcəkdi.

Konsert möhtəşəm keçmişdi. Anası belə deyirdi. Adilin böyük istedadını görməmək sadəcə mümkün deyildi. Deyilənə görə, Milşteynin özü də bu ifadan duyğulanmışdı. Düzdür, anasının hər şeyi şişirtmək kimi vərdişi vardı, amma bu dəfə olanları qabartmağa ehtiyac yox idi. Alqışlar, gül dəstələri, evə gələn telefon zəngləri və s. Adilin ifasının baş tutduğunu deyirdi.

Musiqi məktəbini bitirədə onu xaricə təhsilini davam etdirməyə göndərdilər. Düzdür, bu göndərişdə anasının rolu da az olmamışdı. Amma tələbələrin içində ən perspektivlisi onsuz da o idi. Onda 18 yaşı yenicə tamam olurdu.Aeroportdan düşəndə qulaqları batdı. Bir an səslərdən məhrum elədi özünü. Sonra yavaş-yavaş səslər yerinə gəldi. Quşlar yuvaya can atan kimi səslər də qulaqlarına doluşdular. Konservatoriyanın qapısının ağzında ayaq saxladı. İçəri girməyə hazır deyildi. Anasının sərt üzü gözünün önünə gəldi. Tələsik pillələri qalxdı. Bilirdi ki, bir an belə geciksə, özünə mane olacaqdı.

İlk dərs günündə Klod Debyussinin “Ay işığı” əsərini ifa elədi. Həyəcanını gizləməyə çalışsa da, qoca yəhudi müəllim deyəsən onun zahirini deyil, bütün içini görürdü. Əsər bitəndən sonra müəllim yaxına gəldi:

“Cavan oğlan, bu möhtəşəm melodiyadır. Debyussi onu Pol Verlenin təsirli sözlərinə yazıb. Mən həmişə bu musiqinin öz içində gizlətdiklərini anlamağa çalışmışam. Sizdə belə bir cəhd yox idi. Amma melodiyanı özünüzün hiss etdiyi kimi ifa etməyiniz mənə xoş gəldi.”
Adilin nəfəsi daraldı. Elə bil onu tutub bu lənətəgəlmiş alətin içinə salmışdılar və hüç cür canını qurtara bilmirdi.

Özü bildiyi kimi ifa etməyə qərar vermişdi. Sən demə bu qüsur deyilmiş. O, isə akademiyadan qovulacağına ümid edirdi. “Mən heç nə hiss etmirəm bu alətə qarşı. Çıxarın bunu mənim həyatımdan”,-deyib bağırmaq istəyirdi.Yəhudi müəllimin- Albert Polonskinin bir suyu Milşteynə oxşayırdı. Polonski musiqi üçün nadir tapıntı idi. Musiqini nəfəsi kimi hiss edirdi. Ömrü təzyiqlərə sinə gərməklə keçmişdi. Yeganə “günahı” yəhudi olması idi. Əslində onun yeganə istəyi skripkanı öz ruhunda hiss etmək idi. Dünyadan yeganə təmənnası bu idi. Amma skripkanı ona çox görürdülər, ya da onun ondan ötrü çox şey ifadə etdiyi üçün əlindən almaq istəyirdilər. İllər öncə özünü təzə-təzə musiqidə tapan gənc istedad Albert Polonski konservatoriyanın qəbul imtahanına buraxılmamışdı. Nələrisə bəhanə eləmişdilər. O da skripkadan torpaqdan yapışan kimi yapışmşdı. Skripka onun üçün ana torpaq kimi idi. Həyatın ilki və sonu.

Polonski sanki hisslərini musiqiyə sərmayə qoyurdu. Başqa işlərdə məntiqə söykənirdi. Adama elə gəlirdi, o həmişə belə yaşlı, təcrübəli olub. Gəncliyini təsəvvür etmək müşkül idi. Bir fransız qadınıyla evlənmişdi. Paris Konservatoriyasına daxil olmuşdu. Ancaq imtahana az qalmış yatağının yanında skripkanın qırıq parçalarını tapmışdı. Qalıqları əlinə alıb gözünə yaxınlaşdırmışdı, elə bil skripka olmadığına özünü inandırmaq istəyirdi.
Qadınların intiqamı ağır olur- qadını belə hesablaşmışdı onunla.

Arvadının gecələr yatağın içində o yan- bu yana çevrildiyini, özünə yer tapmadığını xatırladı. Həmin vaxtlarda onun beyni Klod Debyussinin “Ay işığı” melodiyası ilə məşğul idi, imtahan mövzusu bu əsər idi. Elə ifa edəcəkdi ki, imtahan komissiyası ifadan başqa heç nə düşünə bilməyəcəkdi. Antisemitizm havası özü-özlüyündən buxarlanıb gedəcəkdi. O anların həzzi yanında gecələr onun yolunu gözləyən qadınının şəhvəti nə idi ki.
Dostunun skripkası ilə imtahana girmişdi. Əvvəl skripka sözünə baxmırdı, amma özgə skripka da məhrəm ifanı duyub doğmalaşmışdı usta əllərə.

İmtahandan çıxanda gözləri gülürdü. Xoşbəxtliyini bundan artıq biruzə verməyə sadəcə halı yox idi.İndi yad ölkədən gələn tələbə- Adil Cəfərzadə o melodiyanı ifa edəndə yadına öz itkiləri düşdü. Amma bu ifada qalıcı olan nəsə vardı. Maraqlıdır ki, ifada bu hisslər ağır basırdı. Musiqi o hissləri anlayır, hansısa anda o hisslər üçün yaşayırdı.

Bu çox qəribə bir təəssürat idi. Müəllim qəribə tələbəsiylə ikilikdə danışmağa çalışdı, amma tələbə özüylə bağlı olan bütün istiqamətlərdən qaçırdı.
Polanski onu ifalarından anlayırdı. Sonra heç nə olmamış kimi havadan-sudan söhbət edirdi. Adilə deyəcəkləri elə bu havadan-sudan olan söhbətlərin içində idi. Skripkanın möhtəşəmliyini Adilin görmək imkanları vardı, amma bacarmırdı. İstəsəydi, bacarardı, məsələ burasında idi ki, istəmirdi.

Bir dəfə Adil intihara cəhd etmək istədi. Açıq pəncərənin qarşısında dayanmışdı. 14-cü mərtəbədən həyata və ölümə baxırdı. Arxadan eşitdiyi səs onu bir addım geri çəkilməyə məcbur elədi.

“Cəfərzadə, bugün Fransanın Belçika ilə yoldaşlıq görüşü var. Bilirsən, nə matç olacaq?”
Dönüb Polanskinin boz-bulanıq gözlərinə baxdı. Polanski gözlərini çəkmədi:
“Mənə yoldaşlıq edərsən? Matça tək baxmağa vərdiş etməmişəm.”

Əslində Adil bilirdi ki, Polanski bütün həyatını tək yaşamağa vərdiş edib. Onun ən böyük vərdişlərindən biri bu idi. Yapayalqız həyata tutunmaq. Adil hörmətlə başını tərpədib auditoriyadan çıxdı.Həmin axşam Polanski ilk dəfə matça tək baxmaq vərdişini unutdu. Adillə ikilikdə Fransanın möhtəşəm oyununu izlədilər, sonra qələbəni bir şüşə viski ilə qeyd etdilər.Sonra Polanski məhəbbətdən danışdı. Dedi ki, imtahanqabağı skripkasını qıran qadını unuda bilmir. Ona görə yox ki, skripkasını sındırıb. Ona görə ki, onu sevən tək qadınıydı.O hadisədən sonra qadın başını götürüb getmişdi. Bilmişdi ki, Polanski onu heç vaxt bağışlamayacaq. Polanski doğrudan da onu bağışlamamışdı və bağışlamayacaqdı, amma bunun məhəbbətə qətiyyən aidiyyatı yox idi.

Sonra Polanski danışmışdı ki, o da o qadını sevirdi. Amma skripkanı qadına qurban verməyə qorxurdu. Çünki ürəyinin dərinliyində bilirdi ki, o, bu qadın üçün hər şey edər. Ona görə onu alçaldır, laqeydliklə həm onu, həm də özünü cəzalandırırdı. Polanski qəribə şeylər danışmışdı. Adil öz müəliimini ilk dəfə həmin gün anlamışdı- yenidən həyata dönəndə.

Adil axırıncı kursda oxuyanda Albert Polanski həyatla vidalaşmışdı. Adil onu ziyarət edəndə Polanski demişdi ki, ən çox onun diplom işini dinləyə bilməyəcəyi üçün təəssüflənir. Onun zənnincə Adil müəlliminə ən böyük sürprizi həmin gün edəcəkdi.

Polanskidən sonra Adili akademiyaya heç nə bağlamırdı. Amma məhz diplom işini hazırlamaq üçün bu məktəbin pillələrini hər gün qalxırdı.
Diplom işi klassik melodiyanın müasir musiqi parçası ilə sintezi idi. Adil Klod Debyussinin “Ay işığı” əsərini melodiyasını Polanskinin öz bəstəsi ilə sintez etmişdi. Bu unudulmaz ifa idi. İki dahinin əzabları bir müstəvidə qaynaşaraq böyük bir əsər ortaya qoymuşdu. Əsərin dərinliyini anlayanlar əmin idilər ki, Albert Polanski də bu ifanı eşidir və öz tələbəsi ilə qürur duyur...

Adil Parisdə akademiyada qalıb işləmək təklifini qulaqardına vurdu. Bakıya qayıtdı. Bakıya qayııtdığı gün qar yağmışdı. Nədənsə Paris qarıyla Bakının qarını müqayisə edir və qoyub gəldiyi yerə yağan qarlarda palçıqlı da olsa öz izinin də olduğunu düşünürdü. Amma hər şey üçün çox gec idi.
Akademiyanın 3-cü kursunda atası dünyasını dəyişmişdi. Artıq anası vəzifəli şəxsin kübar xanımı deyildi. Büzüşmüş, içinə yığılmışdı. Adamlardan qaçırdı. Elə bil kiminsə onu tanıyacağından qorxurdu.

Elə həmin qarlı qış günlərinin birində sadəcə ölmədi, bir az da içinə yığıldı. Onsuz da həyatdan təcrid olmuş qarı üçün bu qədər ölüm kifayət idi...
Adil şəhərin mərkəzindəki mənzilini əyalətdən gəlib uğurlu biznes sahibi olmuş bir ailəyə satdı. “Qadının gözlərindəki qürur hissi yəqin bir vaxtlar anamda da vardı”,- deyə düşündü. Və evi tərk etdi.

Şəhərdən bir az aralıda birotaqlı mənzil aldı. Pulların bir qismini sahibsiz heyvanlar üçün sığınacağa verdi, bir qismini də kimsəsiz uşaqların musiqi təhsili üçün ianə toplayan dərnəyə bağışladı. Təmtəraqlı tədbir keçirib ona xüsusi təşəkkür diplomu təqdim etmək istəyən dərnək başçısından xahiş etdi ki, onu narahat etməsinlər və heyrətli baxışlar altında məkanı tərk etdi.

... Yenə eyni yuxu. Eyni gitara. Uşaqlıq çağının kiçik ümidinə necə də bənzəyirdi. O vaxt ona elə gəlirdi ki, dünyanın ən gözəl musiqilərini onda çalmaq olar. Gitara çalmamaq üçün nə qədər otağın küncündə bir ayağı üstündə durmuşdu...

Hər dəfə yuxudan oyananda mənzilin küncünə baxırdı. Gitaranı orda görməyib sakitləşirdi. Kürkünü geyinir, kepkasını qoyur, inşaat yerinə yollanırdı.Əvvəl incə barmaqlarına baxıb onu işə götürmək istəməmişdilər. “Bu barmaqlar fəhlə barmaqları deyil”,-demişdilər. “Sizin üçün nə fərqi var, bu əllərlə mən işləyəcəyəm”,- demişdi. Onun ötkəm cavabı hamını susdurmuşdu.

Əllərinə cəza vermək istəyirdi. Musiqi məktəbinə, sonra isə akademiyaya bağışladığı həyatın intiqamını almaq istəyirdi. Amma bu yeganə intiqamı deyildi.Axşama kimi qum daşıyır, sonra paltarını dəyişib evə gəlirdi. Daş kimi yatırdı. Unutmaq üçün bundan gözəl vasitə ola bilməzdi.
Hər gecə yuxu ya reallıq olduğunu anlaya bilmədiyi dibsiz bir yolda ona oxşayan bir adam əlində tanış gitara var gücüylə Ölü Səhraya tərəf qaçırdı...
/Ulduz.-2018.-N9.-S.35-38/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ