Ən güclü şeirlər bəstəboy olur - Xəlil Adıgözəlin şeirləri

Tarix:6-11-2018, 14:11 Baxış Sayı:236

Ən güclü şeirlər bəstəboy olur - Xəlil Adıgözəlin şeirləri
Manera.az gənc şair Xəlil Adıgözəlin şeirlərini təqdim edir:

ƏN GÜCLÜ ŞEİRLƏR BƏSTƏBOY OLUR

Ən gözəl şeirlər ‐ saçları buruq,
Dodağı qırmızı, gözü göy olur.
Ən yaxşı şeirlər ‐ hündürboy, arıq,
Ən güclü şeirlər bəstəboy olur.

Kasıbı, varlısı, xeyiri, şəri...
İndi şeirlərin nər kini olur.
Sərxoşu, dindarı, vətənpərvəri,
Özəli, gözəli, çirkini olur.

Yenə də başımı duman, çən alıb,
Məni şeirlərim dərdə salıbdır.
Şikəst şeirlərim bəxtəvər olub,
Gözəl şeirlərim evdə qalıbdır

Asandan başlamır çətin şeirlər,
Tarix soraqlamır, yiyəsi kimdir?
Ürəksiz yazılan bütün şeirlər,
Qüsulsuz qılınan namaz kimidir.

Ürəyim dinləmir ağlım deyəni,
Daha yuxularım ərşə çəkilir,
Zaman yetişib ki, şor torbasının
Ağzını açırsan, «şeir» tökülür.

Hecalar ayları, illəri gəzir,
Misralar gözümdə boğulub ölür.
Yüngül şeirlərim dilləri gəzir,
Ağır şeirlərim doğulub ölür.

Amandır, qoy susum ürək dolusu,
Onsuz, nə olursa, qoynumda qalır.
Razıyam, hər sözüm ağzımda qalsın,
Ağızdan çıxdısa, boynumda qalır...

Ən gözəl şeirlər ‐ saçları buruq,
Dodağı qırmızı, gözü göy olur,
Ən yaxşı şeirlər ‐ hündürboy, arıq,
Ən güclü şeirlər ‐ bəstəboy olur.

DÜNYA

Bu dünyanın lap əzəldən,
Qışı da yazı boydadı.
Nə böyükdü, nə balaca,
Çoxu da azı boydadı!

Axır yozdum bu yuxunu,
Tanıdım yadı, yaxını,
Hamının boyu‐buxunu,
Ağzının sözü boydadı!

Dünya‐başa qaxanların,
Dünya‐başa çıxanların,
Dünya‐ona baxanların
Kor olmuş gözü boydadı.

Həm «qarası», həm «ağının»,
Yatmışının‐oyağının,
Dünya‐insan ayağının
Torpağı, tozu boydadı.

Çox axtardım künc‐bucağın,
Həm o çağın, həm bu çağın,
Dünya‐yanan bir ocağın
Közərən közü boydadı.

Az ovcunda bük ürəyi,
Aç‐ çarmıxa çək ürəyi,
İnsanlar var tək ürəyi
Dünyanın özü boydadı.

QUM SAATI

Çoxdan tərk edilmiş guşədir dünya,
Bu ömür bir insan ömrü də deyil.
Tərsinə çevrilmiş şüşədir dünya,
Fırlanıb eləmir, yumru da deyil.

Bəlkə də, haçansa yupyumru olub
Fırlanıb oxundan çıxana kimi.
Ağzına, gözünə toz-torpaq dolub
Tanrı ortasından sıxana kimi.

Axıram zamanın qum saatına,
Neçədən keçibdir, neçəyə qalıb?!
Baxıram ömrümün kəm saatına,
Gündüzdən keçibdir, gecəyə qalıb.

Başladı dünyanın kədəri, qəmi,
Keçmədi nə yağış, nə qar boğazdan.
O gündən hamımız bir nəfər kimi,
Keçməyə məhkumuq bu dar boğazdan.

Hələ də göylərdən çəkilmir gözü,
İnsanın xəmiri qəmdən yoğrulub.
Niyə anlamırsız, şüşənin özü
Qızmar bir atəşdən, qumdan yoğrulub.

Sürünmək dizləri incidir ancaq,
Başın ağrısından dizə nə axı?!
Bizimki şüşənin içidir ancaq,
Dünyanın çölündən bizə nə axı?!

Çıxıb ağzınızdan ərşə çəkilən
Nə fayda var axı bu səsdə-küydə?!
Niyə anlamırsız, göyə dikilən
Gözlərin əksidir ulduzlar göydə...

Bu şüşə dünyadan qaça bilmərik,
Dünyanı su basmaz çox ağlamaqdan.
Biz qanad açsaq da, uça bilmərik,
Əl çəkin şüşəni cırmaqlamaqdan.

...Bir də ki, nə gələr əlindən sonra?
Qurduğun xəyallar dəymir, kal çıxır.
Niyə anlamırsız, ölümdən sonra
Torpağın altından göyə yol çıxır...

Ölüm kəsələyir çətin yolları,
Böyük balacadan, çox azdan keçir.
Bu şüşə dünyanın bütün yolları
Tanrının sıxdığı boğazdan keçir

ÜTÜLƏ ALNININ QIRIŞLARINI

Bu dərdin boyunu necə ölçmüsən?
Sən ki dərd çəkməyin tərsi deyilsən.
Bu donu əyninə necə biçmisən?
Sən axı tikişçi, dərzi deyilsən.

Üskük barmağına dar gəlmədimi?
Dünyada hər şeyin kiçilən vaxtı.
Gözlədin, gözlədin, yar gəlmədimi?
Ağ sap, qara sapdan seçilən vaxtı.

Bu don sənin deyil, kimindir, kimin?
Astarı bir yanda, üzü bir yanda.
Əlin əsmədimi adi sap kimi,
Uzun saçlarını qayçılayanda...?!

Qəlbinə qar yağıb, qara iz düşüb,
Ax, nəyi tikmisən nəyin yerinə?
Rəngarəng saplardan qara iz düşüb,
Çatma qaşlarının düyün yerinə.

Axı naxışın da gətirmir! Sapı
keçirə bilmirsən iynədən, nədir?!
Hələ də bilmirsən, iynələdiyin,
Parça ürəyini göynədən nədir!

Unudub əvvəli, unudub sonu,
Namusun gözünə ar calamısan.
Geyməklə əyninə o parça donu,
Əslində özünü parçalamısan.

O açıq yaxanı düymələ barı:
İtilə alnının qırışlarını.
Götür ismətinlə yaranı sarı,
Ütülə alnının qırışlarını...

BİR SƏNİ UNUTMAQ YADIMDAN ÇIXIB

Mənəm, tanış olaq, qəmin adamı!
Özün din, özün de, unutmusanmı?
Unut söylədiyin həmin adamı,
Görəsən özün də unutmusanmı?

İlahi, bu illər necə tez ötür,
İndi sənin üçün özgəyəm, yadam.
Mənəm- nöqtə-nöqtə, sətirbəsətir,
Səni misra-misra unudan adam.

Belə unudulmaq yandırar səni,
Yaddaşın bir anlıq donar həmin an.
Hardansa, kimisə andırar sənə,
Suyu şirin gələr, xatırlamazsan.

Daha bir naşıyam bu yola, izə,
Daha xatirələr dadıma gəlmir.
Necə qovuşmuşduq bir-birimizə,
Necə ayrılmışıq yadıma gəlmir.

Sözünü üstünə qoyub gözümün,
Gecəni gündüzə qatıb unutdum.
Əlim əsə-əsə alın yazımın,
Altına imzamı atıb unutdum.

Bir damcı su çıxmaz gözümü sıxsam,
Qurutdum sayəndə gözümün yaşın.
Allahdan yaddaşım zəifdi, yoxsa
Nə ilə qatardım qəlbimin başın?!

Başıma doladım hər günü, ayı,
Dayandım dərdimi bağrıma sıxıb.
Unutdum səninlə bağlı hər şeyi,
Bir səni unutmaq yadımdan çıxıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ