Kökləyib eşq üstə bu payız ömrü - Şəhriyar İbrahimovun şeirləri

Tarix:16-10-2018, 21:39 Baxış Sayı:241

Kökləyib eşq üstə bu payız ömrü - Şəhriyar İbrahimovun şeirləri
Manera.az gənc şair Şəhriyar İbrahimovun şeirlərini təqdim edir:

***
Bir də baxarsan ki,payızdı ömrün.
Solub çiçəkləri ömür bağının
Yox ucu-bucağı darıxmağının,
Bahara heç ömrün yetməz bəlkə də
Dodağında gülüş bitməz bəlkə də.
Bir də görərsən ki,tozdu yolların.
Bir də görərsən ki,donur qolların.
Qıfıl boğazından bir tikə getmir,
Hələ qulağından səksəkə getmir,
Gözlərin qapıdan umar bir ümid,
Qonar xəyalına xumar bir ümid.
Bir də baxarsan ki,payızdı ömrün..

Dolar göz yaşıyla sərxoş qədəhlər
Bir də oyanarsan dörd yanın kədər.
Xatirə yelkənsiz yol alan qayıq
Sağın intizardır,solun ayrılıq.
Ömür quruş-quruş xərclənib,bitib
Səadət xəzəltək ovulub,itib
Ürəyin soyuyub,baxışın donub,
Könlünə sap-sarı darıxmaq qonub,
Bir də baxarsan ki payızdı ömrün..

Doğma adamların yad baxışından,
O tənha evinin tək qalışından.
Köynəy qırışından, üz qırışından,
Gileyin çoxalar,əllərin əsər,
Yolunu bir kövrək darıxmaq kəsər.
Geyinməz dodağın isti bir gülüş,
Qonar otağına miskin görünüş.
Düşər bənizinə həsrət, bəmbəyaz.
Bəlkə gəlməyəcək görüşünə yaz?!
Təqvimdən seyrələr illər günbəgün.
Birdə baxarsan ki, payızdı ömrün....



***
Kökləyib eşq üstə bu payız ömrü,
Mən bəmə düşürəm,zilə çıxmıram.
Daha gizli qalan arzu kimiyəm,
Daha öz içimdən çölə çıxmıram...

Həsrətdən saralıb yolların üzü,
Eşqim xəzəllərin dilinə düşüb,
Mürgülü bəxtimin yumulur gözü,
Ömrüm sonbaharın əlinə düşüb...

Təqvim yola salır aylar,fəsillər,
Ömür də yarpaq tək soluxur axı.
Dəmləyib gözündə bir ovuc kədər,
Adam da adama yoluxur axı...

Axı tək qalanda üşüyür adam,
Nə mövsümə baxır, nə də geyimə.
Üst-üstə geyinib tənhalığımı,
Yenə üşüyürəm sənsizliyimə...



***
Bir gün üşüyərsən soba dibində..
Xəzan yarpağıtək qırışar üzün,
Pəncərə-pəncərə darıxar gözün.
Sonra gülüşün də qırılar səndən,
Sonra küçələr də yorular səndən.
Rəngli xatirələr nəğmə oxuyar,
Həsrət ilmələrdən ağrı toxuyar.
Ömrün yollarına sərilər sükut,
Ağacdan meyvətək dərilər sükut,
Tanrı da səsini eşidə bilməz,
Heçnə göz yaşını kiridə bilməz.
Oğul öz evində,qız öz evində,
Dünya öz kefində,yer öz kefində,
Bir gün üşüyərsən soba dibində....

Yuxusuz gözündə oyanar gecə,
Sonra göz yaşına boyanar gecə..
Dərdlər ocaq olub qalayar səni,
İllər bir oğrutək talayar səni,
Qəfil xatirinə bir işıq kimi,
İlk eşqin dolanar sarmaşıq kimi.
Xəyalın o qızı itirə bilməz,
Daha qatarlar da götürə bilməz-
O bahar gülüşün uzaqlığına,
O şirin öpüşün sıcaqlığına..
Ümidsiz atılan bir cüt zər kimi,
Anasın itirən körpələr kimi,
Şəkillər ağlayar kitab rəfində-
Bir gün üşüyərsən soba dibində...

Ağrılar canında birəbeş olar,
İntizar evində kirəkeş olar..
Kədərdən ömrünə çəkilər çəpər,
Şeirlər uşaqtək əlini öpər.
Dünya köçəköçdə,ömür yol üstə,
Kədər mərmi olar sinənin üstə,
İlkbahar havası udmaq-uzağdı..
Nübar meyvələri dadmaq-uzağdı..
Yatan durnaları oyatmaq....xəyal,
Bülbül yuvasına dən atmaq...xəyal,
Üfüqdən yelləməz yaylığını yaz,
Gözlər qışadamı,saçlar qarbəyaz.
Dualar ovcunda,əlin cibində-
Bir gün üşüyərsən soba dibində..



***
Təklik gəlib pəncərəni döyəcək,
Yanacaqsan bu həsrətin oduna.
Bahar ömrün payız donu geyəcək,
İlmə-ilmə düşəcəyəm yadına...

Baxışların soyuyacaq, donacaq,
Yetim qalıb üşüyəcək qucağın.
Gözlərinə xatirələr qonacaq,
Dodağıma susayacaq dodağın...

Buza dönüb titrəyəcək əllərin,
Rəsmlər də yad baxacaq üzünə.
Yarpaq kimi soluxacaq tellərin,
Səhər-axşam görünəcəm gözünə...

Dadacaqsan acısını yoxluğun,
Adım tez-tez dolanacaq dilində.
Yanaqların itirəcək şuxluğun,
Yuyulacaq gözlərinin selində...

Kədər,həsrət bədəninə hopacaq,
Ağ dən olub düşəcəyəm saçına.
Yaş gözündən gilə-gilə qopacaq,
Süzüləcək qədəh-qədəh ovcuna...

Alacaqsan qəm-kədəri qoynuna,
Deyəcəyəm xəyalımla get yaşa.
Bu sevginin ahı sənin boynuna,
Ömrünü sür təkliyinlə baş-başa...



***
Məhəbbətin hər cığırı daş-kəsək,
Bütün yollar xəzəl ilə örtülü.
Sinəm üstə ürək yanır ocaqtək.
Hər telimdə sığal yeri mürgülü..

Hər otaqda giley dolu daş səbir,
Gülən rəsmin gözlərimi ağladır.
Baxışların buz divarı isidir.
Yenə məni uşaq kimi aldadir...

Hər xatirə gülümsəyən bir xəyal.
Sızıldayır o küçənin səkisi.
Bu sevginin sevinc payı darısqal,
Ağır imiş həsrətinin çəkisi...

Məktubların saralıbdır bənizi,
Xəzəl kimi ovuq-ovuq arzular.
O küçədə bir məzarliq əl izi,
O küçədə dəfn olunan ümid var...

Hansı evdə gözlərinə göz gəlib?!
Hansı yollar ayağına sərilir?!
Bəlkə çoxdan ürəyinə yaz gəlib,
Dodağından busə-busə dərilir...

Gözü yolda pəncərələr darıxır,
Burda kədər ayaq açıb yeriyir.
Heca-heca,sətir-sətir sınıxır.
Şair ömrü şeir-şeir əriyir...



***
Gəl qucaqla payız vuran sevgini,
Yarım qalan arzuları bitir, get !
Xəyalımdan gülüşünün rəngini,
Bir də qara gözlərini götür, get !

Get deyirəm..taleyimə hönkürüb,
Ağ günümü apar qara saçında.
Saçlarının qoxusunu mən büküb.
Həbs edərəm barmağımın ucunda..

Get.. qəlbinin alışdığı ocağa!
Səndən heçnə istəmirəm...sağlığın..
Divarları qəm qoxuyan otağa,
Bundan sonra nə qalacaq...yoxluğun...

Get..Sənsiz də dəf edərəm payızı..
Biraz qəlbi döyəcləyər həsrətin..
Şeirlərim topa tutar kağızı,
Qələm qusar sətir-sətir nifrətin...

Yavaş yavaş unudaram bəlkə də..
Yavaş yavaş alışaram təkliyə..
Təsəllini axtararam içkidə,
Yavaş-yavaş az baxaram şəklinə..

Üfürərəm sənsizliyin həsrətin,
Səfil-səfil dolanaram gecələr.
Qaçıraram yuxusunu zülmətin,
Yorğun düşər ayağımda küçələr..

Eh...inanma...sənsizliyə dözüm yox,
Sən də getsən quruyarmı göz yaşım..
Bilirəmki unutmağa gücüm yox,
Gözlərinə əsir düşüb yaddaşım..

Kim dağıdar gözümdəki buludu?
Kimdi mənim gülməyimə xiridar?
Dil tökərəm..qürurumu unudub,
Bilsəm əgər qalmağına ümid var...



***
Bu sevgidə ikimiz də yarımcan,
Nə soyuqmuş ayrılığın qolları.
Ayağına gətirərmi yaradan,
Gözlərimlə suladığım yolları?

Vüsal çağı bəlkə elə yaxındı?!
Ömrümüzün payız keçir içindən
Əllərim də son dəfə sən sıxandı..
Bir ömürlük xatirə var..saçından..

Dərd eləmə ömrüm-günüm..uzaqlıq
Gülüşünü köhnəltmirki gözümdə.
Fərz elə ki,fərz elə ki uşaqdıq,
Eşq acısı yara imiş..dizində..

Uzaqların payız olur nisgili,
Ümmanında boğuluruq təkliyin.
Bu taledən gileylənmə,sevgili
Fərz elə ki,imtahandı çəkdiyin.

Dərd eləmə...dərd eləmə.ayrılıq-
Köç etməzki qəlbimizə, təməlli..
Hər könüldə ümid doğar bir qırıq,
Hər ürəkdə bir sevgilik təsəlli.

Dərd eləmə ömürdü də..ömürdü,
Hər sevgiyə hücum çəkər kədər-qəm.
Bir də gördük yaz özünü yetirdi,
Gözlərimiz çiçək açdı..birdənəm..



***
Azıb qaldıq məhəbəttin yolunda
Səngimədi bu payızın yağışı
Tez islandıq biz həsrətin yolunda
Tez soyudu sonbaharın baxışı..

Uçuq ömrün xoş günündən əl üzüb
Alov aldıq bu hicranın odundan.
Payız bizə göstərdikcə sərt üzün..
Heç doymadıq ayrılığın dadından

Xəzan düşdü,şimşək kəsdi önümü,
Tər çiçəklər yağmur altda boğuldu.
Ləngimədi yarpaqların ölümü,
Neçə-neçə quş yuvası dağıldı..

Boz çinarlar köynəyini soyundu,
Sarılığa tez yoluxdu təbiət.
Xəstə düşdü,tənha qaldı,yoruldu.
Durnalartək uçub getdi səadət..

Təbiətin əyniyalın günləri,
Eşqimiz də çiçək təki büküldü.
Çinar ömrün sevgi dolu günləri,
Yarpaqların qanadında töküldü...

Ağır oldu bu payızın ayağı,
Qucaq-qucaq arzular da saraldı.
Tənha qaldı ağacların budağı,
Eşqin vüsal cığırları daraldı...

Zaman ötər,bir də gördük yaz olub-
Bir də gördük xəzan yeli sovuşdu.
Payız xəmri ayrılıqdan yoğrulub,
Payız çıxar...Bəlkə yenə qovuşduq...





***
Yuxuma gəlirsən gecə yarısı,
Gətirir xəyalın dada yuxumu.
Səhər də xatirən batır gözümə.
Burax həm yaxamı,həm də yuxumu...

Sən qara gözlüsən, mən qara bəxtəm.
Qazı əllərindən izimi, qazı!
Bir yolluq qürbətin gir yatağına,
ki məni düşünmə, ölür bu yazıq...

Çiynimdə qəm dolu bir ömür yükü,
Ümidlər xəzəltək yox olur, ay qız.
Ruhum həsrətinə göz yaşı tökür,
Yoxluğun içimdə çoxalır, ay qız...

Bir sevda can verir,toxunma, boş ver,
Dəfn et tabutunu bu eşqimizin.
Süz mənə,süz mənə gözündən yaş ver,
Ataq arxasınca su eşqimizin...



***
Bu soyuq yoxuşun vüsalı yoxmuş,
Sənə gələn yollar gözümdən keçir.
Ta ömrüm ötürüb payız təqvimin,
Ta sənə gəlmirəm özümdən keçib...

Yandırdım bu bayat möhnəti, yükü
Ta bundan o yana yox olmaq olmaz,
Ovcumda bir qırıq son ümid büküb,
Həsrətin qoynuna yıxılmaq olmaz...

Daha dodagımda can verir adın,
Bu bədən eşqimin yorğun cismidir.
Sinəmdə döyünən ət deyil,qadın
Daş üstə çəkilmis ürək rəsmidir...



***
Yol uzaqdı səadətə,birdənəm..
Ürək eşqin zümzüməsin unutmur.
Sobaların daha canı cəhənnəm,
Buz bağlamış xatirəni ovutmur...

Könül daha fəsil-fəsil soyuyur,
Ürəyimin eyvanına qış düşür.
Baxışımda neçə bulud uyuyur,
Gülüşümün sahilinə yaş düşür..

Payız ömrün qürub çağı başlayır.
Üfüqlərdən əl yelləmir daha yaz.
Dərd qəlbimi uşaq kimi daşlayır,
Saçlarıma boran düşür,qarbəyaz..

Xatirələr soyuq olur birdənəm,
Yollarımı qucaqlayır intizar.
Gecələri qonaq gəlir kədər-qəm,
Bədənimə sığal çəkir ağrılar..

Bax beləyəm canım gözüm,bax belə,
Nə desən de :"payız adam" "qış adam"
Gözümdəki yağmur ilə,nəm ilə,
Bəlkə qışla, payız ilə yaşıdam..



***
Tənha evin bir küncünə qısılıb.
Xatirələr qırıntısı səpərsən,
Hərdən onun ətri gələn yastığı,
Qucaqlayıb miskin-miskin öpərsən...

Kədər gəlib tez-tez səni yoxlayar,
Bir cüt öpüş dəfn olunar yanağda.
Xatirələr ürəyini oxlayar,
Neçə gülüş lal dayanar dodağda...

Külək əsər,küçələri dağıdar,
Külək əsər,dərdi-səri dağıtmaz.
Xəyal dönər gözlərinə qayıdar,
Ancaq özü birdə geri qayıtmaz...

Hər küçədə bir xatirə, min dilək.
Ögey baxar o küçələr,səkilər.
Ağ saçların payız vuran budaqtək,
Çiyinlərə yarpaq-yarpaq tökülər...

Tək çəkərsən bu sevginin yükünü,
Hər döngədə bir iz gəzər baxışlar.
Xatirələr dolandıqca səkini,
Ürəyinə bir qəriblik bağişlar...

Qəmgin gözdən töküldükcə gilələr,
Ümidlərin göz yaşında boğular.
Otağında tək qalanda gecələr,
Eşq əzabı min çalarda doğular...

Nakam eşqin bu dilbilməz həsrəti,
Dodağından gülüşünü aralar.
Qara bəxtin qara geymiş qisməti,
Neçə yerdən ürəyini yaralar....

Həsrət yükü nə dözülməz,nə böyük,
Ağır olar,çətin olar daşımaq.
Gömülərsən bu əzaba ömürlük,
İndən belə lüzumsuzdur yaşamaq...



***
Payız tökdü gözümüzün yaşını,
Bulud-bulud eşq acısı daşıdıq.
Quru ömrün xəzanını,qışını
Ayrılığın qanadında yaşadıq...

Üşüyəndə qəm qaladıq kədərdən.
Sığal çəkdi saçımıza gilavar.
Boğazımız düyünləndi qəhərdən,
Pusqu qurdu yolumuzda intizar...

Kədər girdi axsaq bəxtin qoluna.
Hicran imiş ölümlərin betəri..
Hər sevginin cığırına,yoluna
Ayrılıqlar ayaq basır,ötəri...

Nankor həsrət yaxamızdan əl üzdü.
Tanrı bizi çıxarmadı yadından.
Bahar bizə göstərdikcə xoş üzün,
Nübar etdik səadətin dadından...

Boran getdi, hey isindi havalar,
Budaq-budaq pöhrələndi məhəbbət.
Ünvanına yetişdikcə dualar,
Ömrümüzü harayladı səadət..

Eşqlə birgə qəm də gəlir gələndə.
Nə mənası sevgilərin,kədərsiz
Gözlər güldü ürəyimiz güləndə,
Sevinc səptik təbiətə,xəbərsiz...

Ümid yedik : həsrət bitər, gün gələr.
Xoş xəyallar qəlbimizi ovutdu.
Gözümüzdən tökdüyümüz gilələr,
Ömrümüzə sevinc olub qayıtdı..

Bahar gəldi,çiçək açdı ömrümüz,
Üstümüzdən qara bulud sovuşdu
Qaranquştək qanadlanan eşqimiz.
Günəş olub səmalara qovuşdu...



***
Külək əsir..yağış yağır..otaq buz..
Hava elə darıxmalı havadır.
Zəng olunur telefona aramsız,
Mürgü döyən qaranlığı oyadır..

Deyinirəm öz-özümə arabir,
Telefonu qaldırıram tələsik.
Aman Allah bu ki onun səsidir?!
Yanağımda hiss edirəm nəfəsin..

Bir səs gəlir o üzündən dəstəyin..
Bir doğma səs qulağımı isidir.
Mən susduqca düşünürəm elə bil,
Her naləmi daha aydın eşidir.

Mən susuram,pöhrələnir suallar,
Kədər yağır ürəyimə,sazaqlı.
Gözlərimdə avar çəkir xəyallar,
Aramızda neçə şəhər uzaqlıq.

Yarpaq kimi titrəyirik sən və mən.
Telefona qısılmışıq bu gecə.
Hüzünlü bir kədər yağır üzümdən,
Ümidlərdən asılmışıq bu gecə.

Söz tapmıram, nə danışım səninlə?!
Nə danışım ölüm yağan üzümdən?!
Necə qovum bu sükutu dilimdən?!
Nəcə qovum xəyalını gözümdən?!

Necə deyim sol yanımda qəm-kədər,
Bənizimdə kök salıbdır qırışlar.
Pəncərəmdə uğuldayır küləklər,
Evim soyuq,dayanmayır yağışlar.

Beynim içrə neçə fikir hərlənir,
Sözlər yanır bu gecənin boyunca.
Öz-özümə deyinirəm ümidlə,
Yenə zəng et,yenə susaq doyunca.

Elə bu an körpə səsi duyulur,
Bu səs pozur boz sükutun aynasın.
Avazında qəmli nəğmə toxuyur,
Ağlayaraq çağırır öz anasın.

"Balam durub",pıçıldayıb tələsik,
"Sağ ol" deyib tez asırsan dəstəyi,
Ümidləri dəfn eləyib ömürlük-
Bəlkə bunu söyləməkmiş istəyin?!

Necə çəkim bu hüzünlü qəm yükün?!
Əcəl girir otağıma gizlicə.
Bədənimə ağrı dolur bir büküm,
Elə bil ki öləcəyəm indicə.

Külək əsir..yağış yağır..otaq buz..
Hava elə darıxmalı havadır.
Xatirələr məni qoyur yuxusuz,
Səni gecə körpələrin oyadır..

Payız yelləri

Yenə də təqvimi titrədir payız,
Sıralı bir durna qatarı gedir.
Köçən durnaların qanadlarında,
Ömrün bir çiçəkli baharı gedir...

Səmtini dəyişir gənclik küləyi,
Tarıma çəkilir ömür sim kimi,
Bu ömür nədir ki-göz qırpımında,
Uçur dodaqlardan təbəssüm kimi...

Enişli-yoxuşlu dolama yollar,
Çevrilir qırışa, oxunur üzdən.
Nə qədər doğmalar, nə qədər dostlar,
Bir də görürük ki, gen düşüb bizdən...

Dolur gözlərimə nə qədər giley,
Üzür xatirələr bir qayıq təki.
Ömrün bər-bəzəkli səhifələri,
Sürüşür əlimdən yaş balıq təki..

Sıxır əllərimi hüznlü payız,
Qəmli bir nəğməni zümzümə edir,
Bir vaxt dizlərində uyuduqlarım,
Bir də görürəm ki çiynimdə gedir...

Canlanır fikrimdə nə qədər insan,
Ağrılı,sevincli neçə dəm gəlir.
Bir payız yelinin quş qanadında,
Ömürdən bir bahar daha kəm gəlir...

Sərilir üstümə kədər yorğanı,
Könlümdə mürğülü min arzu qalıb,
Hələ bu dünyadan doymayıb gözüm,
Hələ bu dunyaya tamarzı qalıb...

Tale öz atını sürür payıza,
Hopur gözlərimə qəm də,kədər də.
Kövrək baxışların nəmişliyində,
İslanır boyalı xatirələr də...

Səndən sonra

Heç bilmirəm yaşayırsan nə sayaq.
Ömrün-günün ötüşürmü kədərsiz?
Ayrı şəhər, ayrı həyat, yad ocaq,
Bir birindən xəbərsizik,xəbərsiz...

Yanaqlarım gündə yüz yol yuyulur,
Ürəyimdə alovlanan ocağsan.
Bədənimdə ətrin hələ duyulur,
Gozlərimə üfüq qədər uzaqsan...

Həsrət yükü çiynimdədir ölüncə,
Boğazımdan bircə loxma getməyir.
Ümidləri cücərdirəm her gecə,
Göz yaşımla suvarıram, bitməyir...

Ayı-ilə,günü-günə satıram,
Sinəm üstə daş asıram gecələr.
Quru quru xəyallarla yatıram,
Yaş yastıqla oyanıram hər səhər...

Daşlara mı tuş gəlibdi eşqimiz?
İndi kimi qucaqlayır o qollar?
Gündə yüz yol görüşərdik axı biz,
Çarmıxamı çəkilibdi o yollar?

O yollara gözüm qalıb dikili,
O yollardan umacağım var hələ,
Şeirlərim qalıb boynu bükülü,
Bax beləyəm səndən sonra, bax belə...

Sənsizliklə yaşamağın adı yox

Səsim yetmir,uzaqdasan uzaqda,
Yad ocaqda çiçək açır gülüşün.
Mən də sənsiz bircə tənha otaqda,
Qəm çəkərək çürüdürəm ömür-gün...

Əlim yetmir əllərinə nə vaxtdır,
Saçlarında dəfn olunub əl izim.
Mənim ömrüm közərən bir ocaqdır,
Əsəcəksən,gözləyirəm əzizim...

Sənsiz inan,dözülməzdi ömür-gün,
Baxışını gözlərimdə saxlaram.
Qəribsəyib darıxanda səninçün,
Ətrin gələn yastığını qoxlaram...

İntizardan qəlbim dönüb daş olub,
Həsrət duztək yaralara basılır.
Ürəyimdən axan qanlar yaş olub,
Damla-damla kipriklərdən asılır...

Gözlərimdən axan qandır,yaş deyil,
Sənsizliklə yaşamağın adı yox.
Ürək dözmür, ürək axı daş deyil.
Heç sənsiz də ölməyin bir dadı yox...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ