Saçlarından yol uzadıb gedərəm ağrılarına - YENİ İMZA

Tarix:10-10-2018, 20:56 Baxış Sayı:180

Saçlarından yol uzadıb gedərəm ağrılarına - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Şükür Əlinin şeirlərini təqdim edir:

***
Gecə səni sayığlayır,
Gözlərimin içinə.
Gecə özünə gəlir,
Mən özümdən keçirəm.

Bütün rənglər bürünüb,
Qaranlığın rənginə.
Xəyalını çəkirəm,
Otağın hər küncünə.

Bir ulduzda gecədən,
Özün atır aşağı.
Sənin gözlərin gülür,
Mənimkindən yaş axır.

Yatıram, oyanıram,
Hər şey yuxu kimidi.
Yenə ağrılar özün ,
Qollarımda kiridir.

Gecənin hər yerindən ,
Biraz hüzn tökülür.
Nə səndən xəbər gəlir,
Nə dan yeri sökülür.


***
İtirəm, yoxa çıxıram,
Yığan yoxdu sapa məni.
İtirəm, yoxa çıxıram,
Kim özündə tapar məni?

Dərd də ,sevinc də eynidi,
Hər nə varsa tərəzidi.
Mənim alın yazılarım,
Tanrının barmağ izidi.

Ən qorxaq adam da mənəm,
Qaçıram səndən qaçıram.
Ovcumu yerə buraxıb,
Mən öz əlimdən qaçıram.

Susuram daş-divar kimi,
Sarmaşığların dil açır.
Əslində yoxam , var kimi,
Bu sualları kim açır?


***
Bir əsrdi ayrılmışıq,
Lap elə bil dünən kimi.
Hər gecə görürəm səni,
Ruh gözə görünən kimi.

Hər gecə pəncərəmizə,
Xəyalların qonaq olur.
Yanında bir adam olur,
Böyründə bir uşaq olur.

Tək gəlməyində yoxdu ki,
Gedək boşluğa çəkilək.
Bu mənzərədən adamın,
Ruhu olur ələk-vələk.

Bu yoxluqdan qucaq açdım,
Buludlara , yağışlara.
Alın yazılarımdan,
Mənə qara qış qala.



***
Kimsə üfürür boşluğu,
Doldurur kürə şəklini.
Sonra insan bədəni,
Verir yerə şəklini.

Çəkir göynəyən göy üzünü ,
Sonra yalvaran insan əllərini.
Çəkir güzgünü,
Sonra üz cizgilərini,
Və vicdan əzabını.

Çəkir günəşi,
Yarpağ-yarpağ tökülür günəş
Ağacların üstünə.
Çəkir buludu,
Su damcıları rənglərlə rəqs edir
-budur payız tablosu.

Gecəyə çəkir darıxmağı,
Küçəyə çəkir tənhalığı.

Bir qadın şəkli çəkir,
Ovucumlarıma.

Yolları
Bu qadının ayaqlarına,
Uzaqları gözlərinə çəkir.

Ölüm qaşla-göz arasındadır.
Vurulur sonuncu fırça zərbələri.
Qaşla göz arasına.



***
O uşağın arzusu,
elə süd dişi boydadı,
Sevinci gündəlikdəki
aldığı beşi boydadı.

Hələ bu vaxtın harası,
Qabagdadi dərd sırası,
O uşağın diz yarası ,
Xalq dirənişi boydadı.

Yaşamaq öyrənir hələ
Sevincdir gözlərindəki,
Hə..hə birdəki,
Sənin verdiyin ümid
onun günəşi boydadı.

Qırma uşağın ümidin ,
Ağrısı hər şeydən iti,
Elə batar ürəyinə
Allahın işi boydadı.



***
Torpağın bağrı çatdadı,
Yarpağlar tir-tir əsdi.
Mən ölümə tələsmədim,
Ölüm mənə tələsdi.

Yer çıxdı orbitindən,
Elə mən ölən kimi.
Bu ömür kibritim də,
Söndü üfürülən kimi.

Baş aça bilmədim heç ,
Görünən qaranlıqdan.
İynəni hara qoydum ,
Görəsən samanlıqda?

Axtardım illər boyu,
Zaman illüziyasında.
Axtardım xoşbəxtliyi ,
Dərdlərin fəzasında.

Qara dəliklər kimi,
Təkliyimə büründüm.
Nə zamanım bəlli oldu,
Nə məkanım bilindi.

Hara qaçdım çatmadım,
Niyə qaçdım bilmədim,
Kimə çatdım? Çatmadı..
İynəni hara qoydum,
Görəsən samanlıqda?



***
Üfürdü külək üfürdü,
Payıza son nəfəsini.
Ağrılarım parçaladı,
Gecənin döş qəfəsini.

İçimdən divlər yeridi,
İçimin altında qaldım.
Ağacdakı almaların,
Üçünün altında qaldım.

Bu nağılın sonu mənəm,
Bəlkə sonun nağılıyam?
O dünyanın həqiqəti,
Bu dünyanın nağılıyam.



***
Hər şey tərsinə gəlir,
Özümə tərs çıxıram.
Ən dərin çuxur mənəm ,
Özümə yıxılıram.

Özümə qaldım uzağ,
Yarım ölü , yarım sağ,
Özümü torpaq-torpaq,
Daş altına yığıram.

Daha tərpənir qatar,
Ağzın açıq uzaqlar,
Ömrümü bahar-bahar ,
Qış altına yığıram.



***
Pəncərəmə qış yapışıb,
Alnıma qırış yapışıb,
Birdəki yağış yapışıb,
Gözümün çuxurlarına.

Məni bir təklik təkləyib,
Damarima yerikləyib,
Gəlib çatdım iməkləyib,
Ömrümün axırlarına.

Göy üzündə aylanıram,
Yoxluğuna boylanıram,
Sevgi-sevgi paylanıram,
Şəhərin fağırlarına.

Ümüdin dizi qanadı,
Yolunun üzü qanadı,
Bir kəsə yol yoxdu çatım,
Əlinin cığırlarına..



***
Susmaq ümid axtarışı,
Qulağını dörd şəklə.
Mən səni gözləyirəm,
Bax həminki ürəklə.

Sənə yollar cızıram,
Yollara göz çəkirəm.
Gözlərimin üstünə,
Dayanacağ tikirəm.

Qaranlığı göyündən,
Ağardıram, silirəm.
Sənə günəş çəkirəm,
Gülür sənin dilində.

Qollarımı havada,
Yelliyirəm gələsən.
Hansı dayanacağda,
Ləngiyirsən hələ sən?

Sönür ümid işığı,
Hardadı sənin gəmin?
Burda dibi görünür
Baxanda cəhənnəmin.



***
Məni də bağışla batan ömrümə,
Verdiyin ömrü də çürütdüm ,Allah.
Ürəyim altında yatan ömrümün,
Üstündə tikanlar böyütdüm ,Allah.

Hələ gözlərimdə göynəməmişdi,
Bir adam 'yaxşı yol' söyləməmişdi,
Mən belə yaşamağ öyrənməmişdim,
Bir qadın xəttindən köçürtdüm ,Allah.

Zaman ömrümüzü süpürdü getdi,
Bunu leş yeyənlər eşitdi, gördü,
Yaxşı ki, torpağın qonağpərvərdi,
Yoxsa ki, boşluğa çökərdim ,Allah.

Mən belə naşükür adam deyildim,
Məni də bağışla tükəndim , Allah.



***
Birdə nə vaxt görüşərik,
Gecənin xeyir vaxtı?
Əgər vaxtin yoxdursa ,
Ölümdən ayır vaxtı.

Nə gördük , nə götürdük,
Zamana daş atırdıq,
Özümüzü itirdik,
Ayrılığın şər vaxtı.

Uzandıq yol uzunu,
Ayrılıqlar qol uzunu,
Üzümə tut sol üzünü,
Sevginin seyir vaxtı.

Ölüm tələsir deyəsən
Vaxt uçub keçir deyəsən
Ruhumuz köçür deyəsən
Əzrail sayır vaxtı.



***
Bir azdan hər yerə sükut çökəcək,
Ölümün ipini çəkib gəlmişəm.
Bir ovuc xatirə qoymağdan ötrü,
Bütün keçmişimi töküb gəlmişəm.

Ehh...bu gördüyündə de harasıdı,
Başımın üstüdə dərd yuvasıdı,
Ovucum Allaha yalvarasıdı,
Qolumu üstümdən söküb gəlmişəm.

Bir ürək qoyacam əzəsən deyə,
Bir ağrı qoyacam dözəsən deyə,
Nə vaxtsa kölgəmdə gəzəsən deyə,
Özümü torpağa əkib gəlmişəm.



***
Bütün ağrılar birləşib ,
Bir mən düzəltdi məndən.
Yolların üzü göyərdi,
Sən bu yoldan gedəndə.

Sən bu adamı qoydun,
Öz başına, yiyəsiz.
Gedişin ani oldu,
Hara getdin niyəsiz?

Bilirsən çox tənhayam,
Ölüm qədər yalnızam.
Yalnızlıqda boy atıb,
Uzanıram sonsuza.

İncimişəm hər şeydən,
Bu ömürdən bu gündən.
İncimişəm bu yoldan,
Sən bu yoldan gedəndən.

"Dön geriyə nə olar"-
İndi durum yalvarım?
Yaşım o yaş deyil ki,
Səni geri qaytarım.

Nə isə daha yazma,
Uzandığca uzanır.
Hardasansa orda qal,
Gözüm görmür uzağı.



***
Həyat atdı küçələrə
ölüm yiyələndi bizi.
Heç kəs bilməsə də belə,
göydəki biləndi bizi.

Bu dünyaya söz yox idi,
Ağlamağa göz yox idi,
Vaxt var idi, biz yox idik,
Görən kim diləndi bizi?

Bu dünyaya fağır gəldik,
Bəxtimiz qara qır gəldik,
Dərdimizə ağır gəldik,
Dərdin təzələndi bizi.

Daha çatmışam cavaba,
Dərdi yır-yığış et qaba,
And olsun o, 4 kitaba,
Bu dünyaya məzə üçün
Kimsə məzələndi bizi.



***
Yenə bütün gedişlərin,
Addımı məndən başlayır.
Yenə bu quru bədən,
Torpağa can daşiyir.

Göylə yer arasinda
uzanib gedir dərdim.
Bədənimi soyunsaydım
xoş günləri görərdim?

Yenə tısbağa kimi
Çanağımın altdayam.
Bircə atdım arxanda
Ayağımın altdayam.

Birdə bu soyuqluğu
Soyuqluğun itirər.
Cismim üzü torpağa
Ruhumu kimi götürər?



***
Bir dənə də dərd sən gətir,ömrün nahamar səthinə,
Qırışlar yarışır indi,alnımın damar səthinə.

Göydən asılı əllərim sürüşüb düşür cibimə,
Bir sığalda yoxdu çəkim əlimin qabar səthinə.

Biz doğulandan qəm düşüb ,kədər düşüb bəxtimizə,
Tuş gəlmişik bəxtimizin hiyləgər ,qumar səthinə.

Biz ağ günlər yaşayırıq şaxta,sazaq, qar şəklində,
Bəlkə nə vaxtsa qovuşduq sevginin bahar səthinə.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ