manera.az
manera.az

Arzularımın əlləri misra - misra üşüyür... - ŞEİRLƏR

Arzularımın əlləri misra - misra üşüyür... - ŞEİRLƏR
Manera.az gənc yazar Leyla Namazovanın şeirlərini təqdim edir:

Nakam sevgilər

Köynəyi islanıb yuxularımın,
Ahımı əynimə geyib gəlmişəm.
Bəlkə çiçəklədi bu arzum deyə,
Bəxtin qapısını döyüb gəlmişəm.


Dəsmal tək atılıb o tənha yarpaq,
Məhəbbət qoxulu görüş yerinə.
Götür isti-isti bu ayrılığı,
Qoy gözün üstünə öpüş yerinə.

O qara saçların,qara gözlərin,
Bir həsrət qoxulu bənövşəlikdi.
Çiçək tək açılır,solur da sevgi,
Həsrət bu dünyada həmişəlikdi.

Alın yazımızı bir əlçim kimi,
Götürüb apardı Məcnun küləklər.
Mənim həsrətimi,sənin qəmini,
Soyuq gülüşlərdə dəfn edəcəklər.

Həsrət sevgilərin görüş yeridi,
Bir həsrət göyərir,bir dərd qocalır.
Nakam sevgilərin qəbri başında,
Küləklər hər axşam “Vağzalı” çalır.

Xatirələrin xatirəsi

Bir gün çiçək-çiçək xatirələrə,
Kəpənək yaddaşım uçub qonacaq.
Yaxası islanar kipriklərimin,
Harayım üşüyər,səsim donacaq.

Başımı bir sözün çiyninə qoyub,
Dünyanı gözümdə dəfn eləyərəm.
Ömrümün xatirə xalçası üstə,
Körpə uşaq kimi iməkləyərəm.

Haçansa ömrümün yaşıl dəsmalı,
Dəcəl küləklərin əlinə düşər,
Dalınca yüyürüb getmək istərəm,
Saçımda astaca tellər gülüşər.

Məktub

Bu gecə
gecənin varaq-varaq
qaranlığına
bəyaz misralar kimi
yazdım göz yaşlarımı…

Bu gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı

Bu gecə misralarımın
alnından öpdüm
anamın duaları
diksindi...

Gecənin qulağına
adını pıçıldadım
dodaqlarım isindi

tənhalığı
körpə uşaq kimi
sıxdım köksümə..

Və bu gecəni
məktub kimi
yolladım özümə..

Ümid

Dünən bir misra ümid
əlləri qoynunda
keçdi yanımdan...

Səssiz bir haray
damla‐damla
boylanırdı yanaqlarından...

Səbrim adam balası kimi laldı, lal.
İçimdə
üzü qibləyə durub
bir sual: ‐
Görən, kimi gözləyir,
bəxtimin uçuq divarı
dibində oturub,
son ümidini
yeyən acılar?!

Bu adamların
gözü görmür,
lütfən, bu şeirimi divarlara oxuyun,
qardaşım ağaclar...

Sonuncu nəğmə

İçimdəki suallar
daşa basır yaddaşımı...
Görən, hansı bədbəxt
oxuyacaq

dünyanın sonuncu nəğməsini?!
Tanrım, Səndən savayı
eşidən olacaqmı
onun səsini?!

O nəğməni
daşmı oxuyacaq,
ağacmı, sumu?!
Görən, kim oxuyacaq
mələklərin üzündəki son təbəssümü?!

İlan qabığı kimi
soymuşam içimdəki
təmkini, dözümü...
İkinci Həvva olmağa
halım yox, Tanrım,
ver ətəyini,
örtüm üzümü.

Göz yaşlarımın həniri

Sənsizlik qoxulu
ahım kölgə salır buludlara.
Nə vaxtdır
həsrətinlə məhbus olan gözlərim
kirpik çəpərlərdən
qərib‐qərib baxır yollara.

Xatirələrin
yaddaşıma düşən xəfif işığında
üzümü söykəmişəm
tənhalığın hənirtisinə...
Arzularımın əlləri
misra‐misra üşüyür.
Ürəyimdə yetim qalan sevgimlə
isinirəm
göz yaşlarımın istisinə...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930