Ovcumun içinə zaman yığıram - YENİ İMZA » Manera.Az

Ovcumun içinə zaman yığıram - YENİ İMZA

Tarix:7-08-2018, 18:02 Baxış Sayı:136

Ovcumun içinə zaman yığıram - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində Qüdrət Mürvətlinin şeirlərini təqdim edir:

***
Buludların üzərində yaşayıb
adamların arasında ölürəm.
Heç özüm də bilmirəm, haradayam,
bu dünyanın harasında ölürəm.

Həsrətimin heykəlini yonuram...
Gah quş olub xəyalına qonuram,
əllərinin istisində donuram,
ürəyinin yarasında ölürəm..

Saçın kimi dalğalanır dənizim..
Heç özümə oxşamadı bənizim.
Zaman-zaman ağarıram,əzizim,
saçlarının qarasında ölürəm...


***
Anam bizi əzizləyib öpərdi.
Atam elə "düzələcək "deyərdi.
Nağıllara inanardıq, saf idik,
Onda hələ yaşamağa dəyərdi.

Pəncərənin kənarında oturub
Küçədəki adamlara baxardım.
Bir oyuncaq saatım da var idi,
Tez-tez açıb biləyimə taxardım.

Onda səhər açılardı qapıtək,
Gözlərimiz yeni nəsə görərdi.
Mən həyətdə qum ilə oynayardım,
Bacım evdə saçlarını hörərdi...

Çox arzumuz ,diləyimiz yox idi,
Elə quru çörək ilə doyardıq.
Uşaq idik,özümüzü arada
böyüklərin yerinə də qoyardıq.

Sükutumuz danışardı həmişə ,
Bütün günü yuxu kimi susardıq.
Gecə günəş ağlımıza batardı,
Gözümüzlə ona qulaq asardıq.

Onda hələ yaşamağa dəyərdi,
Nə vardısa, bizimlə uşaq idi,
İçimizdə nəfəs ala bilirdi,
Ümidimiz ölməmişdi,sağ idi...


***
Bu ömür deyil ki dar ağacıdır.
Ruhumun havada quş yuxusudur.
Uçurum kimiyəm,uçurum kimi;
Gözümdən tökülən daş yuxusudur.

Sən mənə inanma,mənə güvənmə
Mən hələ özümə qəribəm,yadam...
Bir gözə görünməz divara düşən
Xəyali kölgədir gördüyün adam.

Səsim də yalandır, sözüm də yalan
Sarılıb durmuşam məzar daşıma.
Yaşamaq dediyin nə iş imiş..
Nəfəsdən nəfəsə ölüm daşıma.

Min ildir, nə gələn olub,nə gedən.
Mən sənin yadına düşən cığıram.
İçimdə qarışır keçən keçənə
Ovcumun içinə zaman yığıram...

Ayrılıq gözümün yaşını içib
Nahaq arzuladı su ömrü mənə
Deyəsən, günahım çox böyük imiş
Tanrı bağışlayıb...bu ömrü mənə...


***
Yaddaşın bir bahar axşamı düşüb
Yuxunun ən şirin yerində itə.
Səhər oyanasan yarıyuxulu,
Keçmişin gözünün önündən ötə.

Sanca xəyalını saat əqrəbi ;
Ovcunun içinə zaman tökülə.
Fəsillər dəyişə bütün dünyada,
Saatlar bir ömür geri çəkilə.

Bir anlıq donasan,qapı döyülə,
Sevinə-sevinə gedib açasan.
Dola otağına bahar küləyi,
Üz alıb günəşə tərəf qaçasan.

Saçları dağınıq,ayağıyalın
O günü beləcə vurasan başa.
Tozunu siləsən boz küçələrin,
Üzünə, gözünə kədər bulaşa.

Həyat gözlərindən yaş olub axa,
Buludlar halına susa,ağlaya.
Özünü itirib daşa dönəsən,
Bir ana bağrına basa, ağlaya..


***
Çox qəribə hava var;
Küçədə,şər qarışır.
Külək darvazaların
Yaxasına yapışır.

Ağacların üstünə
Yarasalar yığışır.
Bir qoca qarı yenə
Öz-özünə danışır.

Əlləri əsə-əsə
Sobaya yaxınlaşır:
-"Ağlama, qurban olum,
Bu dəqiqə.. alışır"

Zaman donub elə bil.
Saat da sərxoş olub;
Gah o tərəfə aşır,
Gah bu tərəfə aşır...

Havada qanad açıb
Dəqiqələr uçuşur.
Sükutu poza-poza
Saniyələr sarışır.

Küləyin vıyıltısı
Beşikdəki uşağın
Səsi ilə yarışır.
Sönük baxışlarını
Tavana dikən uşaq
Həyatı hərfləyir,
Oxumağa çalışır.

İlahi,sən kömək ol!
Adamın ağlı çaşır...
Deyəsən, bu uşağın
Üzü-gözü qırışır...

Bu qocanın kədəri
Bu balaca uşağın
Kiçik ovuclarına
Axı necə sığışır...


***
Əllərini göyə açıb
Öz içində batan adam,
Üzünü dərdinə tutub
Dənizə daş atan adam.

Yetərincə yaşa dolub,
Doğmalarına yad olub,
Gör necə gül kimi solub,
Küçədə gül satan adam.

Qəribədir, nəsə bu gün
Yenə yıxıldığı üçün
Kədərlənib... boyu bütün
Arzulara çatan adam.

Neçə fikirlə birləşir,
Düşüncəsində yerləşir,
Görəsən, nə fikirləşir
Qaşlarını çatan adam?!

Axı niyə ,nəyə görə,
Çalışırsan niyə görə,
Xəyali bir şeyə görə
Özünə əl qatan adam!

Yuvasıdır kədərinin,
Gecəsinin ,səhərinin
Qan ağlayır qədərinin
Yaxasından tutan adam.

Yağ ,Allah eşqinə ,yağış!
Yağ hər yerə qarış-qarış.
Dur ,yuxunu suya danış,
Ürəyimə yatan adam!


***
Bahar təlaşıdır soyuq baxışlarımda ayrılıq,
O həm də səndən ayrılıb qovuşduğum sıxıntıdır.

Həyat deyil bu doğrudur, desəm yanılmaram yenə
Zavallı könlümün sükutu möhtəşəm tapıntıdır.

Hüznlə bəslənər bu yerlərin xəyali quşları
Demək ki hər nəfəs səmada bir kiçik qırıntıdır

Yağan yağış buludların duasıdırsa, göz yaşım
Kədərli gözlərimdən ərşə yüksələn yağıntıdır.

Ölüm nədir, ölüm həqiqi rəng,axar su rəngidir
Ömür nədir, zaman zaman bütünləşən dağıntıdır.

Çözüldü şölə-şölə aləm, adladım vücudumu
Düşüncə çat verən divar, düşündüyüm sızıntıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ