Mənim həsrətimdə ayaq izin var - YENİ İMZA » Manera.Az

Mənim həsrətimdə ayaq izin var - YENİ İMZA

Tarix:6-08-2018, 17:15 Baxış Sayı:120

Mənim həsrətimdə ayaq izin var - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində Tural Xaninin şeirlərini təqdim edir:

***
Sənsizlik içimdə göynəyən yara
İtib sevgilərin ta yaraşığı
Səni xatırladır gecədən sonra
Təmənnasız yanan küçə işığı

Tək bircə xatirə qalbdı səndən
Evimdə qəm adlı bir cehizin var
Hər gecə ömrümdən gəlib keçirsən
Mənim həsrətimdə ayaq izin var

Biz necə yad olduq bu sevgimizə
Sənsiz gecələrə qəm olub şərik
Daha yadlaşmışıq bir-birimizə
Görüşsək ,siz deyə xitab edərik

Qulağım tutulur qəmin səsindən
Yoxluğun olmadı elədə asan
Kiçik bir pıçıltı məsafəsindən
Bağırsam səsimi duymayacaqsan

Yoruldun,mənzilin sonuna çatdıq
Birgə yol getməkdə yaman naşısan
Yadsan ,yadlaşmısan,özgəsən artıq
Ruhumun xarici vətəndaşısan

Təkrar yaşayıram hər gün bu halı
Xəyalda qonaqsan hər gecə mənə
Muzeydə qorunan əşya misalı
Baxıram,toxuna bilmirəm sənə

Yoxsan, xəyalların təkcə diridi
Daha xatırlanmır dilimdə adın
Ürəyim ruhunun məzar yeridi
Ölmüsən ,içimdə doğulan qadın


***
Bir zamanlar mən vardım
Sən olan küçələrdə
İndi durur üzümə
Sən olan küçələr də

İndi boşalıb qollar
Ruhumu həsrət biçir
O sən getdiyin yollar
Gəlib içimdən keçir

Soldu qönçə ümüdlər
Bu sevginin yazında
Qəribədir havası
Sənsiz bu payızında

Bir zamanlar sən vardın
Hər döngədə hər tində
İndi məni bəyənmir
Bu sənin həsrətində

Bir zamanlar biz vardıq
Zaman nə tez ötüşdü
Bitdik,şirin nağıldıq
Göydən üç alma düşdü


***
Bu payız insanlar qapanıb yenə
Bu payız hislər də üşüyəcəkdir
Hələ neçə payız gəlib keçəçək
Fəsillər yerini dəyişəcəkdir

Heyranam payızın donuqluğuna
Küləyi, yağışı güc verir mənə
Soyuq baxışların soyuqluğuna
Bu payız insanlar üşüyür yenə

Yenə dəyişəcək hədəflərimiz
Köhnə hədəflərsə sönmüş ocaqdır
Günah əvəzinə boz şərflərimiz
Bizim boynumuza sarılacaqdır

Bu payız islanmır çinarın başı
Bu külək həzindi ,heç nədi hələ
Hələ bu payızın yağışı naşı
Solan yarpaqları körpədi hələ

Yağış isladacaq bütün üst başı
Gör neçə yastığa nəm düşəcəkdir
Kipriyin altında neçə göz yaşı,
Qəlbdə necə nisgil gizlənəcəkdir

Yenə tutulacaq neçə künc, bucaq
Yağış bir yer tapıb tez süzüləcək
Kimlərin damları deşik olacaq
Yağış damlaları evə düşəcək

Payızın dərdi var gülüm bir ətək
Bu payız yarpaqlar çox tez solacaq
Nə qara gödəkcə ,nə uzun ətək
Bu payız ayrılıq dəbdə olacaq


***
Gücüm yox kədəri tapdayım,əzim
Dözmürəm həsrətli günlərə,aya
Ağla göz yaşını içim əzizim
Bəlkə qəlbimdəki yanğı soyuya
Bu nə ayrılıqdı yaşıyırıq biz?

Mən olan şəhərin işığı sönub
Qəmli bir küləkdi ömrümdə əsən
Sən orda ən yaxşı rəssama dönüb
Nəmli kipriyinlə hey dərd çəkirsən
Bu nə ayrılıqdı yaşıyırıq biz?

Heç nə başımızı tovlamır,qatmır
Dərdimiz dizdəndir,qəmimiz çoxdur
Ayrı yaşamağa gücümüz çatmır
Üz-üzə gəlməyə üzümüz yoxdur
Bu nə ayrılıqdı yaşıyırıq biz?

Bu nə həsrət idi içim göynədi
Bəlkə biz tutmuşuq şeytanın ahın?
Tanrının gözündən düşmüşük nədi?
Xətrinə dəymişik bəlkə Allahın?
Bu nə ayrılıqdı yaşıyırıq biz?

Gözlərim ağlayır qəlbə su damır
Hələdə içimdə sızlayır yara
İnsanlar öləndən sonra yaşamır
Biz axı ölmüşük, ölümdən sonra
Bu nə ayrılıqdı yaşıyırıq biz?


***
Sənsizlik ömrümə oturdu baha
Hislərim hər gecə xəyala dalar
Sənsiz bu şəhərin küçəsi tənha
Sənsiz bu şəhərdə yanmır işıqlar

Sənsiz bu şəhərin özəlliyi yox
Küçə işıqları közərən ümüd
Bakının əvvəlki gözəlliyi yox
Boynunu bükübdü o salxım söyüd

Sənsiz bu şəhərin sevinci gödək
Yoxluxun ruhumu talayır,didir
Keçirir boynuna həsrəti ip tək
Hislərim hər gecə intihar edir

Sənsiz bölünürəm mən bölüm-bölüm
Bir qəmdi qəhərdi yoxluğun sənin
Sənin sənsizliyin bir başqa zülüm
Bir ayrı kədərdi yoxluğun sənin

Sənsiz baş açmıram qəmdən,kədərdən
Sənsiz çoxalıbdı qəmim,qəhərim
Sanki hamı köçüb gedib şəhərdən
Yaman tənhalaşıb doğma şəhərim

İşıqları yanmır sənsiz şəhərin
Yoxluğun bağlıyıb bütün yolları
Başqa rəng tanımır sənsiz şəhərin
Qara rəngdə yanır işıqforları

Yenə də ruhumu kədər bürüdü
Mənə haram olub danışıb,gülmək
Sənsizlik ən ağır edam növüdü
Mənim günahımsa dəlitək sevmək

Qayıt gəl çözülsün qəm adlı düyün
Qayıt gəl açılsın daha bu tilsim
Gülüm mən cəhənnəm öləcəm bir gün
Qayıt ,bu şəhərə yazığın gəlsin


***
Daha həyatında yoxam bu andan
Yoxam həyatında bu gündən sənin
Ağır həsrətin var iki çamadan
Götürüb gedirəm ömründən sənin

Görən dözəccəmi bu istiraba
Sənsiz çətin olar həyat əzizim
Ağla göz yaşını doldur bir qaba
Gedəndə arxamca su at əzizim

Gedirəm içimdə göynəyim çoxdu
Bu gediş çətindir,bu gediş zülüm
Xatirə qoymağa heç nəyim yoxdu
Məni təmənnasız xatırla gülüm

Özüm öz əlimlə qəlbimi didib
Məcburən tək-tənha qoyuram səni
Nəsə qalıb deyə bəhanə edib
Qayıtsam nə olar qınama məni

Bu dəhliz nə uzun bu dəhliz bitmir
Bir ovuc ümüd var hər iki cibdə
Mən özüm getsəmdə ayağım getmir
Bəlkə ayaqlarım qalsın bu evdə

Gedirəm qapıda gözləyir kədər
Sevinc boynu bükük sıxlıb küncə
Bu evin dəhlizi qapıya qədər
Dünyanın ən uzun yoludur məncəБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ