Sənsizlik qədər ağrıyır canım... - Şeirlər

Tarix:12-07-2018, 15:34 Baxış Sayı:120

Sənsizlik qədər ağrıyır canım... - Şeirlər
Manera.az Sevinc Qəribin şeirlərini təqdim edir:

Sənsizləmişəm

Getdiyin yolların uzaqlığı qədər
çəkilir ürəyim.
Ürəyim çəkildiyi qədər darıxıram.
Darıxdığım qədər ölürəm...
Həsrətim qədər uzanır əllərim
getdiyin yolların sən olan yerinə.
Baxışlarım əllərimin izində
çəkir yolları özünə sarı...
Sənsizlik qədər xəstələnmişəm,
sənsizlik qədər ağrıyır canım.
Sənsizləmişəm...

Darıxmıram ki

Deyirsən ki, darıxma,
Darıxmıram ki...
Təkcə gözlərimdi
yollarda qalan.
Bir az da ürəyim
sözümə baxmır,
sıxılır, boğulur,
köksümə sığmır.
Bir az havam çatmır,
bir az nəfəsim,
bir az da ruhuma
qaranlıq çökür,
darıxmıram ki...
Yad oluram evimə,
əlim heç nəyə yatmır.
gəzirəm havalı tək,
heç nə başımı qatmır,
kipriyimdə yaş donur
üşüyür əllərim də..,
darıxmıram ki...
Könlüm intizar çəkir
sənə susayıram,
sənə acıram.
duyğular yetimləşir,
duaya əl açıram.
Qəribsəyir hisslərim
bir az xiffət edirəm,
darıxmıram ki...



* * *
Ovcumda üşüyən boşluq kimi
ağrıyır ürəyimin sən küncü...
Künc dediyim yumruq boyda
yaralının eni-uzunu..,
adlı-adsız cəhətlərin ünvanı...
Ağrıyır sənsizliyim,-
körpəsi ölü doğulmuş ananın
döşünü göynədən süd kimi.
Ağrıyır içim-çölüm,-
səhrada susuzluğa əsir düşən
qəribin çatlamış dodağı kimi.
Ağrıyır addımlarım,-
əsadan asılmış bədənin sızıldayan ayaqları kimi.
Ağrıyır ümidlərim,-
havanı qucaqlamaqdan
yorğun düşmüş qollar kimi
Ağrıyır sənsizliyim...
darıxmaq bu qədər
göynədərmi adamı?!.



* * *
...hardasa uzaqlarda bir ev
itmiş adamlarını gözləyir,
adamlar itmiş açarlarını
axtarır...
(açarlar bağlı qapıların
azadlıq ümidi,
itmiş adamların
tapılmaq sevinci...)
Həsrətin bətni dolub,
açar cingiltisi eşidilir
uzaqdan...

Kimlər getdi köçümüzdən

Eh.., vaxt o vaxta çatmadı,
illər bir igid yaşında.
Vəd verən vədin tutmadı,
yaşı ötdü yaddaşın da.

Qulaq yoruldu yalandan,
həsrət şişdi içimizdə.
Bir xəbər al sağ qalandan,
kimlər getdi köçümüzdən...

Ümid köz tutmadı, söndü
səbrin inadı çatladı.
Bu dərd zamandan yeyindi,
yenə bir ili haqladı.

Hər gün böyüdü, boy atdı,
pöhrə verdi, tər cücərdi.
Sevinci vaxtsız qocaltdı
el həsrəti, torpaq dərdi.



* * *
Ruhuma asılqandı gecə,
yatmazdan öncə çıxarıb
əynimdən
asıram ruhumu gecədən.
Ruhumu asdığım an gecə,
əyninə biçilmiş libas kimi
sərir üstünə ruhumun işığını.
Gecəyə günəş doğur...
şüaları misra-misra
İsidir ürəyimi...

Gülmür

Gülmür o qadının çöhrəsi
açılmamış qönçələrin
ləçəkləri tək kilidlənib
dodaqları...
Başı kəsilmiş canlının
dirilməsinə inanmaq
kimidi ümidləri...
Gövdəsindən olmuş
ağac kötüyünün
bar verəcəyi inamına
bağlıdı sabahları...
Suyu qurumuş
quyu kimidi gözləri,
dərinliyində cəsəd
varmış kimi
bulanıqdı baxışları...
Gülmür o qadının çöhrəsi,
dəfn olunmamış ölü kimi
ruhu başının üstündə.
Hisslərinə hasarlar çəkilib
tikanlı məftillərlə qorunur
özündən keçməyə
yolu da yoxdu...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ