Bəkir Çobanzadə poeziyasında milli təəssübkeşlik

Tarix:24-06-2018, 21:35 Baxış Sayı:297

Bəkir Çobanzadə poeziyasında milli təəssübkeşlik
Şər, böhtan, faciə dolu 1937- ci illərin olaylarından yaxa qurtara bilməyən elm fədailərindən biri də görkəmli alim, şair Bəkir Çobanzadə olmuşdur.

1957-ci ildə Bəkir Çobanzadəyə bəraət verilərək “xalq düşməni” damğası üzərindən götürülür. Cəmi 44 illik həyat yaşamasına baxmayaraq, elm aləmində Çobanzadə imzasının xüsusi və önəmli yeri olmaqdadır. Ədəbiyyatşünas, şair, dilçi, mətnşünas olan alim geniş miqyaslı bədii və elmi fəaliyyət göstərmişdir. Böyük həmvətəni İ.Qaspiralının əsasını qoyduğu “ Türk birliyi” ideyası da Bəkir Çobanzadənin fikir və düşüncələrinə daha çox həyatının Budapeşt dövründə hakim kəsilmişdir. Buarada bir tərəfdən Avopa mədəniyyətinin təsiri,digər tərəfdən isə türk millətinin düşdüyü acınacaqlı vəziyyəti daha dərindən anlamasına kömək etmişdi.

Bəkir Çobanzadə öz şairlik yaradıcılığında da dövrün aktual problemlərini qabartmış,xüsusən, dil, millət, vətən, məsələlərinə diqqət etmiş, bu aspektdə şeirlər, hekayələr yazmışdır.

Bəkir Çobanzədənin “Anam harada?” adlı ilk şeiri 1913-cü ildə İstanbulda nəşr olunan “Yaş tatar yazıları” məcmuəsində çap olunmuşdur. 1955-ci ildə Abdulla Battal Taymas tərəfindən hazırlanan “Krımlı Bəkir Çobanzadə şeirləri” adlı kitabda şairin bəzi şeirləri verilmişdir.(1,8) Şairin geniş əhatəli kitabı İsmayıl Otar tərəfindən tərtib edilən “Krımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə” kitabıdır. Kitabda diqqət çəkən məqamlardan biri də əsərlərinin biblioqrafiyası, haqqında yazılan məqalələrin adları və şeirlərin ərəb əlifbası ilə orijinallarının surətlərinin verilməsidir. Şairin 84 şeiri elm aləminə məlumdur. Bundan daha çox şeirinin olması gözləniləndir. Ancaq repressiya qurbanı olduğu üçün tam yaradıcılığı bizə gəlib çatmamışdır. Ramiz Əskərin araşdırmasına görə 73 şeirində 99 dəfə Tatar sözünü, 56 dəfə yurd sözünü, 11 dəfə Krım sözünü işlətmişdir. ( 2,9) Buradan da aydın olur ki, Bəkir Çobanzadə bir şair kimi daima öz xalqını dərindən düşünmüş, türk-tatar millətinin daima qüvvətli olmasını, düşmənə əyilməməsini arzulamışdır. Onun şeirlərini mövzu baxımından bölmək çox çətindir. Ancaq nisbi yanaşsaq, ictimai-siyasi motivli şeirləri üstünlük təşkil etməkdədir.

Ədibin yaradıcılığında avtobioqrafik şeirlər geniş yer tutmaqdadır. Bu şeirlərində o, uşaqlığını, gəncliyini yada salır, öz şəxsiyyəti fonunda Tatar insanını yaradır. Türk olması ilə daim fəxr hissi keçirir. “Tatar deyiləm deyənlərə” şeirində özünü tatar saymayan vətən xainlərini tənqid edir, onları miskin, qorxaq adlandırır. Tatar xalqının tarixini qürur hissi ilə göstərir.

“Biz tatar deyilik” deyirlər bu gün,
Əlbəttə, deyilsən, ay kölə, miskin

Sənin bu inkarın qorxudan gəlir
“Biz tatar deyilik”-Avropa gülür.


Şair öz millətini,kökünü dananları cəsarətsiz, hünərsiz insanlar, öz keçmişini bilməyənləri vətən xainləri adlandırır. Çingiz xanın, Batu xanın qəhrəmanlıq tarixini, xalqın qəhrəman övladlarını yada salır.

Tanısan Batunu, Çingizi yaxşı,
Axsardı gözünün o qanlı yaşı

“Tataram!” deyərdin köksünə vurub,
“Tataram!” deyərdin dilini sevib.


Bəkir Çobanzadə türk xalqının əzilməsinə, ayaqlar altında qalmasına dayana bilmir, ürək ağrısını şeirlərində büruzə verir. Şanlı türk tarixini yada salaraq dərs çıxarmağı, qəhrəmanlıq, şücaət göstərilməsini dönə-dönə vurğulayır. Ümumiyyətlə B.Çobanzadə yaradıcılığında keçmiş, indi, gələcək konsepsiyası nəzərə çarpmaqdadır. Şair keçmişi yada salaraq fərəhlənir, Sovet dövrünü sətraltı mənalarla göstərərək təəssüflənir, gələcəyi göstərərək isə ümid hissi keçirir. “Zavallı türk” şeiri buna açıq-aydın sübutdur. Şeirdə tənqidi ruh hökm sürməkdədir. O, türkləri “zavallı”deyə tənqid edir. Fikrimizcə,bu kəlmə ikili mənada işlədilmişdir. Birinci olaraq türklərin daim ətraf millətləri özünə dost saymasını, ikinci Türklərin güc ilə deyil, hiylə ilə aldadılmaqlarını qeyd edir.

Sən ey zavallı türk, ey bəxtsiz millət,
Gün gələr ulduzun parlayar bir gün.

Ərəbi, əcəmi dost kimi seçdin,
Sən niyə onları yarışda keçdin?

Tanı düşmanını, bil düşmanını
Pivə tək içmədə qızıl qanını.


B.Çobanzadəni türk oğlu kimi düşündürən nüanslardan biri də dil məsələsi olmuşdur. “Zavallı türk” şeirində də bu məsələ nəzərə çatdırılmaqdadır.Şeirdə “Osmanlı dövləti! Nə yalan bir söz! Necə yanlış gördü hər şeyi bu göz”- deyən ədib Osmanlı sarayından bir xeyir gözləməməyi, yeganə və vacib çıxış yolunu ana dilinə, milli dəyərlərə, şanlı türk tarixinə dönməsində görürdü.

Yolundan etdilər, həm də elindən
Dilini aldılar zəif əlindən.
Bir gün sən yenə də oyanarsanmı?
Öz ana dilinə dayanarsanmı?


B.Çobanzadənin yalnız elmi deyil, poetik irsinin də əsas mövzusu dil idi. Dil birliyini reallaşdırmağın başlıca yollarından biri B.Çobanzadənin fikrində bədii söz sənəti olan ədəbiyyat idi. Şair “Ana dili” şeirində də dil problemini ortaya qoymuşdu. Türk-tatar dilini özünün həmdəmi, qərib ölkədə yoldaşı, sirdaşı kimi yüksəklərə qaldırır. Əzrayılla belə qarşılaşdığında ondan ana dilində soruşmağı tələb edən şair ana dilini məhzun dil adlandırır.

Bilməyirəm türkümüdür, tatarmı adın,
Şirinsən, dadlısan Tanrıdan adın.

Doğma dil, başqa şey ağlıma gəlməz
Ən böyük sirrimsən, düşmənlər bilməz.


Qürbətdə olduğu üçün vətən həsrəti motivi şairin yaradıcılığının əsas leytmotivini təşkil edir.

Oy, soyuq qürbət, nə çox burda qəm,
Qucağı bizlərə olmuş cəhənnəm.

Yağanda yağışı, çiskini, çəni.
Öpər gözlərimi oxşayar məni


Bu şeirdə şairin incə ruhu sanki gözümüz önündə canlanır. Xatirələri yada salan qəlb şeirləri kimi hər insanın qəlbinin dərinliyinə nüfuz etməyi bacarır.

Ya yurdu qoruyub sürərik ömür,
Ya yurd deyib, yanar, olarıq kül.


Haqsızlıq dünyasının mövcud olması, onu hüzn içərisində qoyur, qəlibini yaralayır. “Müsəlman balası” satirik şeirindəki tənqid Sabir tənqidi ilə oxşarlıq təşkil edir.

Keçmişi yalandır, bu günü bulud.
Gələcək qaranlıq, bir taxta tabut.
Bütün Şərq getmədə məzara canlı,
Bir uşaq doğulur, ovucu qanlı,
Müsəlman balası, İslam balası.


Müsəlmanların bir-birinə düşmən kəsilməsini, xarici düşmənlərini tanımamasını, İslam dünyasını içindən yeyən qurdlarının çox olmasını tənqid edir. Ovucu qanlı doğulan körpələrin təhsilə, elmə deyil, silaha, terrora yönləndirilməsini ürək ağrısı ilə qeyd edir. Bu gün İslam aləmində baş verənlər bu şeirin sanki yenicə yazıldığına əsas verir.

Şair türk insanına da öz arzusunu, məsləhətini bildirir. “Sən dəyişmə” şeirində bunun şahidi oluruq:

Sən dəyişmə, muradın millətsə sənin,
Vətənə, torpağa xidmətsə sənin

Sən dönmə, qardaşım haqqın yolundan
Çəkinmə sağından, nə də solundan.


Yenə də öz köklərini unutmamağı, gələcəkdə qalibiyyət və tarixdə qalmaq yolunun məhz vətənə xidmətdə, ana yurda cəfakeşlikdə görür. Dünyanın naz nemətləri üçün mənəviyyatı satmamaq ideyasını dəstəkləyir.

Görsən ki, dəyişmiş el-oba bütün,
Bir parça çörək, ya isti yer üçün

Sən sürün, yenə də dəyişmə ancaq,
Sonda qalibiyyət sənin olacaq!


Bəkir Çobanzadə poeziyasında “ İstək” şeirləri öz əksini tapmaqdadır. Bəşəriyyət üçün yalnız yüksək keyfiyyətlərə malik insanların yetişməsini arzulayır. İnsan arzuları tükənməzdir, lakin Çobanzadə şeirlərində yalnız bir arzunu ön plana çəkir: Bütün insanların birgə, bərabər yaşayacağı dünya... O dünya ki orada təbəqələr olnyacaq, hər kəs bir-birinin millətinə, dilinə, dininə hörmət edəcək, ədavət, kin, nifrət olmayacaq. Eynilə dahi Nizami Gəncəvinin romantik ruhla yaratdığı Xoşbəxtlər ölkəsi kimi.

Bir saray quracağam, xan olmasın içində
Qul, kasıb, aclıq, zülm, qan olmasın içində


Və ya:

Pulum olsa, çox şeydən vaz keçərəm,
Nə yalvarar, nə dəki əl öpərəm..


“Pulum olsa” şeirində, əlbəttə, “pul” simvol kimi işlənmişdir. Şair burada maddiyyat fonunda mənəviyyat axtarmaqda, onu təbliğ etməkdədir.

Əvvəldə qeyd etdiyimiz kimi, Çobanzadə yaradıcılığında pessimistliklə yanaşı gələcəyə ümid işığı sönmür, sevgi, məhəbbətin dünyanı xilas edəcəyi ideyasına inanır.

Neyləyim, qəlbimə dolur məhəbbət,
Bilmirəm bunda var nə sirr, nə hikmət
Qəlbimə sevginin işığı dolur,
Duyğular qaynayır, qayğı yox olur.


Türk xalqlarında mədəni inqilabın dərinləşməsinə yardımçı olan ziyalı Bəkir Çobanzadə böyük alim olmaqla yanaşı incə ruhlu şeirləri ilə ədəbiyyat aləminə öz töhfəsini vermişdir.Onun yazdığı şeirlər bi gün də oxunur,tədqiq edilir və gənc nəslə aşılanır.

Günel Quliyeva,
BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ