"Mərhəmət" - Jalə Əsgərovanın hekayəsi

Tarix:20-06-2018, 13:03 Baxış Sayı:268

"Mərhəmət" - Jalə Əsgərovanın hekayəsi
Jalə Əsgərova yazır...


Barmaqlarını aynada bozaran almacıq sümüklərinə toxundurdu. Gözlərindəki ümidsizlik axıb üz çökəklərində qeyb oldu. Bəbəkləri öz əksiylə rastlaşınca ümidsizlik yenidən qabarıb şahə qalxdı. Simasıyla göz təmasını dayandırdı və əlindəki dəyirmi çərçivəli güzgünü uzandığı çarpayıya sıxıb döşəməyə sürüşdürdü, çapalayan ürəyini halsızlığa təslim edib müvazinətsiz halda gözlərini yumdu.

Mürgünün dərin yuxuya keçməsini çarpayı yoldaşının adət halını almış iniltisi yasaqladı. Yorğunluq xəstə və zəif vücudunu tərk etməyə macal tapmamış yardım üçün tələsdi. Bir ildən artıq idi ki, öz dərdini unudub qaynanasının xərçənglə mübarizəsinə şərik olmuşdu. Bu evə gəlin köçdüyü gün ağlına belə gəlməzdi ki, başladığı yeni həyat ata ocağında çəkdiyi əziyyətləri pis mənada unutduracaq. Zavallı Pərişan yarımcan qaynanasının nəyə ehtiyacı olduğunu yəqin etmək niyyətilə dirçəldi. Qadın indi digər günlərdən daha qıvraq görünürdü. Yataqda yarıoturaq vəziyyət almışdı. Əvvəlki günlərə xas olmayan çeviklik qəribə hərəkətlərin müşayiətiylə gəlini ürpədirdi.Qaynanası gah yorğanı üzünə çəkib özünü gizlədirmiş kimi nəfəsini saxlayıb bir müddət gözləyir,gah da çarpayının ayaq tərəfinə doğru əyilib hay-küylə nəyisə qovurdu. Bir neçə belə cəhddən sonra qaynana taqətdən düşür. Və indi yalnız özünü müdafiəylə kifayətlənərək əllərini istehkam kimi üzünə çəkib qışqırır:

_Ay səni murdar heyvan! Rədd ol çarpayımdan! Pərişan, qov bu pişiyi! Necə də qaradır!

Qadın getdikcə daha çox qışqırır və ölüm mələyinin torundan qurtulmaq istəyən balıq kimi çarpayıda vurnuxurdu. Pərişan hədsiz heyrət və çaşqınlıq içində ətrafa nəzər salır, qarını dəhşətə gətirən vahiməli məxluqun siluetini öz gözlərilə təsdiqləmək istəyirdi. Fəqət “altmışlıq” elektrik lampasının zəif işıqlandırdığı “xruşovka” layihəli kiçik, alçaq tavanlı otaqda bu iki qadından savayı canlı gözə dəymirdi. Xəstənin belə qıvraq özünümüdafiəsi daha faciəvi sonluğa yol açacaqmış kimi görünürdü. Budur, çıxılmazlıq özünü yetirir:qadın əllərilə boğazından yapışıb bərk-bərk sıxır. Pərişan irəli əyilib qırtlağa kilidlənmiş barmaqları ayırmaq, mane olmaq istəyir. Fəqət alınmır, heysiz əlləri bunu bacarmır. Qaçaraq yan otağa xorultusu bütün evi bürümüş qaynatasını oyatmaq üçün keçir. Kişi donquldanıb laqeyd tərzdə gileylənir:

_ Niyə qoymursan yataq, ay bala! Onsuz da həkim dedi ki, bir-iki günlükdü.

Və digər yanı üstə çevrilib qış yuxusuna getmiş porsuq kimi fısıldamağa davam edir.

“Bu necə ər-arvadlıqdı?!”-gəlin fikirləşir. “Yaxşı bəlkə sevgi ölüb, bəs insanlıq?!” Geri döndüyündə qaynanası gözləri bərəlmiş halda ağzında köpüklənən suyun müşayiətiylə xırıldayır,canını tapşırırdı. Pərişan cikkə çəkdi, hər şey bitmişdi.

***
Hüzr mərasimində iştirak edənlər yenicə dünyadan köçmüş mərhumədən çox, aylardı onun başı üstə keşik çəkmiş gəlinə ağlayırdılar. Qaynanasının qayğısını çəkdiyi zaman kəsiyində iki ildir Baddi- kari sindromundan əziyyət çəkən Pərişanın xəstəliyi daha da irəliləmiş və sümüklərin vücudu nişan verəcək hala kimi onu arıqlatmışdı. İndi zavallı Pərişanı nəzərə çarpdıran yeganə əlamət soluxmuş simasındakı bir cüt yorğun ala göz və assit-qarnındakı bütün orqanları ağuşuna almış maye idi. Sağalmaz xəstəliyə düçar olması belə onun iradəsini qıra bilməmişdi. Həyatla baş-başa dayanmışdı və heç nədən qorxmurdu. Bu bədbəxtlik alın yazısı idi. Körpəlikdən onu boğazına bağlanmışdı. Hər doğum günündə mütləq xəstələnərdi. Nənəsi də deyirdi ki, ona ad günü keçirməyin,uşağa düşmür. Fevral ayının on ikisi, çovğunun qarla oynadığı şaxtalı bir qış günündə göz açmışdı dünyaya; ilk qədəmlərini basmışdı onu əzəl gündən soyuq qarşılamış ağrı-acılı həyata. Uşaqlıq xatirələrindəki ən unudulmaz doğum günü məclisi yalnız bu şəkildə donub yaddaşının bir küncünə həkk olunmuşdu:atası gecədən asdığı xaşı sirkə sarımsaqla bir az da dadlandırıb qaşıqlayır, araq dolu qədəhi qızcığazın burnuna toxundurub onun sağlığına içir və saçlarını sığallayaraq başından öpürdü. O saçları ki illər sonra yenə içkili halda bıçaqla kəsəcəkdi. Beləcə qızının tez böyüyüb qadın olmaq istəyini birdəfəlik köksündə qoyacaqdı. Özünə verdiyi yeganə təsəlli cərrah olmaq arzusu idi. O arzu ki bir gün silinəcəkdi yaddaşından. Yenə içkinin dağıtdığı daha bir dünya. Deyəsən, məktəbdən şikayət gəlmişdi. Ata cəza tədbiri olaraq bütün kitabları cırdı və həmin gündən etibarən onun təhsil arzuları yanaraq külə döndü. Gözləri qarşısında qalaqlanan cırılmış dərsliklər Pərişana dumanlı yuxu kimi gəlirdi və günlər keçdikcə yazdığı gündəliyin sətirlərində üzərinə göz yaşları damcılayaraq əbədiyyətə qovuşurdu. Hələ on yeddi yaşını yenicə tamamlamış bu qızcığazın qısa həyatında iz qoymuş yaralar öz davamını ər evinin qəribə qanunları ilə yaşayacaqdı. Bu həyatdan bezmiş məzlumun belə erkən ailə qurması da təsadüfi deyildi. Toyu da hamı kimi olmamışdı. Səssiz-səmirsiz çırağın başına fırladılıb yola salınmışdı ər evinə. Qavalsız zurnasız.

***

Qaynanasının qırxı çıxandan sonra həyat yavaş-yavaş öz əvvəlki axarına qayıdırdı. İndi Pərişan hamı kimi vaxtında yeyir,yatır və oyanırdı. Yuxusuz gecələr, dincəlməyən vücud,səksəkəli ürək,keşik çəkmək öz ömrünü geridə buraxmışdı. Yorğunluğun rəngi simasını hər gün bir az daha tərk edirdi. İki övladının gözləri önündə necə böyüdüyünə tamaşa etmək, onların gülüşlərinin səbəbi olmaq, ana nəfəsiylə məsumların həyatını rəngləndirmək Pərişanı ayaqda saxlayan daxili ehtiras-məlhəm idi. O məlhəm ki, həkimlərin qoyduğu “ən yaxşı halda üç il yaşaya bilər” diaqnozunu alt-üst edəcək və bu ömrün hələ illərlə uzanmasını təmin edəcəkdi. Şəfasının isə bir möcüzə olacağını gözləyirdi. Hamı onun sağalacağından əl üzdüyü halda Pərişan səbrli davranırdı və ümidini itirmirdi . Bu zaman kəsiyində əzrayıl bir neçə dəfə onu yaxalamaq istəsə də,tifil qadın təslim olmamışdı, ya da yaxasını qurtara bilmişdi.
***
Bu gün zöhr namazına gecikmişdi. İbadət vaxtlarını ötürmək və ya gec qalmaq Pərişanın xasiyyətinə uyacaq bir halət deyildi. Bu dəfə ağrıların ziyadəliyindən bədən ləngliyin əsarətinə düşmüş, itaətə razılıq vermişdi. Gecə yuxusunda gördüyü, ağzı ilə ətəyindən yapışıb onu harasa dartan,qovduqca daha da inadla özünə tərəf çəkən pişik də fikirlərinə rahatlıq vermirdi. Dəstəmaz alıb birtəhər ibadətinə başladı.Qabırğalarından tutmuş qığırdaqlarınadək bütün sümükləri sızıldayırdı. Ayaqlarının büdrəməsi səcdəyə getdiyi anla üst-üstə gəldi. Dizlərini döşəməyə atdı,alnını möhürə dirəyib bu ibadəti bitirmək üçün aman istədi. Başını qaldıranda gördüyü mənzərədən heyrətləndi. Canamazın başında gözləri par-par yanan, qətran kimi qapqara iri bir pişik dayanmışdı. Pərişan qeyri-ixtiyari bayaqdan arxasında oturub oyuncaqlar dünyasına səyahətdə olan oğlunu xatırladı, heyvanın ona zərər verəcəyindən qorxdu. Bu qaramat varlıqla üzbəüz, gözbəgöz dayanmaq vücudunu dəhşət libasına bürüdü. Pərişanın bədənində tüklər biz biz dayandı, dərisi güclü səhra küləyinin yaratdığı kiçik qum təpələri kimi qabardı. Bu təhlükəni susdurmaq lazım idi. Qadın qalxmaq istədi-taqət dizlərindən sürüşüb hardasa gizləndi. Qışqırmaq istədi-səsi sahibinə xəyanət etdi. Geri çevrilib uşağa nəzər salmaq keçdi ürəyindən- onurğası iflic vəziyyətdə hərəkətsiz qaldı. Nə etmək istədisə, onun tam əksiylə qarşılaşdı. Əcəl burulğanındaymış kimi bir göz qırpımında hər şey xaosa sürükləndi. Bu zülmət çaxnaşmada yalnız qara pişiyi görə bilirdi.Pişik susqun halda ona baxırdı. Sanki nəsə demək istəyirdi. Qaynanasının ölüm öncəsi qovduğu məxluqla Pərişan həftələr sonra görüşürdü. Deyəsən, artıq vaxt yetişmişdi. O dilinə gətirə bilməsə də ürəyində kəlmeyi-şəhadətini söyləməyə başladı. Ancaq yaddaşı buna mane oldu. Hönkürüb ağlamaq,ruhən bu ağır yükdən qurtulmaq ehtiyacına isə göz yaşları qarşılıq vermədi. Əvəzində pişiyin işıldayan gözlərinin birindən bir damcı yaş süzüldüyünü və heyvanın yavaş-yavaş uzaqlaşdığını, sonra çox kiçildiyini, nöqtəyə çevrilib boşluğa qarışdığını gördü. Bundan sonra ətraf öz əvvəlki vəziyyətinə qayıtdı. Qadın namazı necə bitirdiyini özü də bilmədi. Indi onun yeganə arzusu gün işığına çıxıb təmiz hava udmaq idi. Oğlunun qolundan yapışıb yarıbayğın halda özünü küçəyə atdı. Burda da hər şey əvvəlki kimi idi. Məhlə uşaqları həyətdə futbol oynayırdılar. Üzbəüz evin pəncərəsindən həmişəki kimi paltar asılmışdı. Onun yanındakı evin qarşısında sarı rəngdə taksi dayanmışdı. Sağ tərəfdəki evdən isə həmişəliyə xələl gətirən qəribə hay-küy eşidilirdi.

-Vaqif, orda nə olub ?-özündə güc tapıb dilləndi.

-Firuz baba öldü, hıııı- deyib uşaq çürümüş dişlərini göstərdi.

Pərişanın ayaqları heysizləşdi,maye dolu gövdəni daşımaqdan imtina etdi. Qeyri-iradi dizi üstə çöküb başını barıya söykədi və dərindən nəfəs aldı. Onun ruhu yalnız indi rahatlandı.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ