13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.. - Şeirlər

Tarix:13-06-2018, 20:52 Baxış Sayı:538

13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.. - Şeirlər
Manera.az Rəşad Nağı Mustafanın şeirlərini təqdim edir:

Günel

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,
Deməli, 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...

Ax bu yeniyetmələr!!!
Ax bu yeniyetmələr!!!

Məscidin hasarında
“Günel, səni sevirəm”
“Günel, məni bağışla”
“Günel, çox darıxmışam”
qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,
Alın yazılarını bura nahaq yazırlar...

Görəsən, minarədən
özümü yerə atsam,
mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:
"Günel, o səni sevir"
"Günel, onu bağışla"
"Günel, o çox darıxıb"

Səni görsəm, qorxuram Günel deyim karıxıb.

Hava da ki çox isti, ürəyim də sıxılır,
Eh bu darıxmaq da ki, yığıb məni boğaza.
Siqaret də qutarıb,
Tərsliyə bax mən çəkən siqaretdən də
satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər
bir ağaca söykənib, işığa gözün dikib,
itlər ilə danışır.
Dərindən nəfəs alır

Deyəsən, o Günel də sizin küçədə qalır...

Qiblələr

Doğulduq uşaq olduq, böyüdük adam olduq.
Sonra sevdik, sevəndə elə bildik tam olduq.
Bir az da uşaq olduq.. .
Bir az da avam olduq...

Xoşbəxtlik yuxumuzun şirin yerində gəldi,
Oyana bilmədik ki, bir yerindən qoparaq.
Bir ağır yükümüz var, elə bil, and içmişik,
söz vermişik Allaha, ölüməcən aparaq.

Bu sevgi çox böyüdü,
hərdən mənim gözümdə, hərdən sənin gözündə.
Gör e, ayrılanda da söz tapmadıq deməyə;
Nə biləydik, sən demə,
deyilməmiş bəhanə qalmayıb yer üzündə

Adamlar ayrılığı ürəyinə yük edir,
Sən elə yox olmusan,
verilən təsəllilər yoxluğundan yekədi.

Hələ də müqəddəsik, hələ də müqəddəsik;
İndi ayrılanların qibləsiyik, əzizim.
Bu qədər uzaq olmaq nəyə lazımdı axı?
Biz ki eyni Allahın bəndəsiyik, əzizim.

Sən yaxşı adamsan

Sən yaxşı adamsan, yaxşı adamsan,
bircə olmayaydı tez unutmağın,
bircə olmayaydı atıb getməyin,
bircə olmayaydı qayıtmamağın.

Say gör neçə oldu fələk saymamış,
Qatdala o incə barmaqlarını,
Qat ora üzüksüz barmağını da,
"Bircə"lər yığılıb üç oldu, gülüm,
"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,
Məni unutmağın ağ oldu, gülüm.
Sən yaxşı adamsan, yaxşı adamsan,
Sən yaxşı adamsan, başına dönüm

Bir də görürsən ki...

Bir də görürsən ki, yaxşıdır hər şey,
Əlində-ovcunda qalıb əlləri.
Birgə islanmısan yağışın altda,
Birgə adlamısan gölməçələri.

Bir də görürsən ki, yaxşıdır hər şey,
Duanı eşidib qurban olduğum.
Daha tək deyilsən Yer kürəsində,
Getməyə yerin var, tutmağa arzun.

Bir də görürsən ki, yaxşıdır hər şey,
Xoşbəxtlik səninlə başını qatır.
Bu dəfə görürsən başqadı hər şey,
Bu dəfə daha çox kişisən sanki,
Bu dəfə sevməyə ürəyin çatır.

Bir də görürsən ki yaxşıdı hər şey,
Hamı bəxtəvərdi sənin gözündə,
Xoşbəxtdir küçədə süpürgəçilər,
Səndən pul istəyən dilənçilərin
daha səmimidir duaları da.
Yalan danışmağın daşını atıb
ta bezib, yorulub yalançılar da,

Müştəri gözləmir sarı taksilər,
Qırmaqdan çıxarıb soxulcanları,
aldatmır balığı balıqçılar da.

Ana

Niyə belə tələsdin ki?
Bu qocalmaq hardan çıxdı?
Kimsə xətrinəmi dəydi?
Kimsə qəlbinimi sıxdı?

Yaman təsir edir mənə
qocalığı hiss etməyin.
Qara saçlar arasında,
Ağ saçları gizlətməyin.

Yanındayam,dözümlü ol,
Sən ki məndən güc alırsan.
Mən hələ böyüməmişəm,
Bəs sən niyə qocalırsan?

Gileylənmə qırışlardan.
Sənə yaraşır belə də.
Bişirdiyin yeməklərin,
Dadı yaxşıdır hələ də.

Heyif ki çox çarəsizik,
Məğlub oluruq zamana.
Yaşadığın hər gün üçün,
Sənə minnətdaram ana.



***
Salam həkim,
Necəyəm?
Ağrılarım necədi?
Bax gör unudulmağa
neçə döyüntü qalıb,
Bax gör nəbzim neçədi.

Unuda bilmək üçün,
Bütün ağrıkəsici
dərmalardan atmışam.
Götür fonendoskopu
ürəyimin üstə qoy,
Nəfəs alım, saxlayım.
Yoxla gör unutmuşam?

Həkim, necə olacaq
bu ağrıların sonu?
Səni mən and verirəm Hipokratın goruna,
Düzün de
Neçə qışa,payıza
unutmaq olar onu?

Leykoz

Yaramın üstü qopur,
Sağalıram deyəsən.
Mən, yıxan adamı da,
Yıxıldığım yeri də,
Untmuram biləsən.

Kölgən gəzir,dolaşır
yatanda dörd yanımı.
Nə yalan deyim sənə,
Çətin olur unutmaq
ən unutqan xanımı.

Qırmızı donunu gey
və götür ağ çantanı.
On üçüncü palata,
Gəl bax gör necə yeyir
ağ qan qırmızı qanı.

Məsciddə

Məsciddəyəm, kim var ki?
Bir Allahdı, bir də mən.
Susuram, danışıram,
darıxıram yerdə mən.

Bir küncdə oturmuşam
əllərimi yoruram.
Allah evindən göyə
duaları qovuram.

İnsan günah edəndi,
Tanrı bağışlayandı.
Bu gün yenə içirəm
dünən pozduğum andı.

Burda təqvim hicridir,
burda şəvval ayıdır.
Günahlar maneədir,
Dua dilimdən çıxır
minarədən qayıdır.

Bu evə gəlib-gedən
neçə milyon adam var.
Məscidin imamından
çox şey bilir divarlar.



***
Bu dəfə əllərimizi uzadıb,
iki yad kimi salamlaşdıq.
Qəribədir,
doğmalar kimi ayrılmışdıq.

Yad insanların əllərinin görüşü
daha səmimi olur,
Ürəydən isti,baxışdan dilli.
Gərək o vaxt səni qoymayaydım getməyə,
Əllərindən yapışaydım iki əlli.

Əllərimizdəki qırışlar kimi
qarışıq idi fikirlərimiz.
Əl ələ tutanda da
ayrı düşə bilirdik biz
Düşüncəmiz,baxışımız, ürəyimiz
ayrılırdı.
Əllərimiz ayrılmırdı,
Əlçatmaz idi əllərimiz.

Əllər ağrıyan yerlərə toxunmaq üçün ürəyin tapıntısıdır.
Toxuna bilmədiyim ən gözəl ağrı,
sənin üçün darıxmağın ağrısıdır.

Darıxmaq qürursuzluğum,
darıxıb zəng etməmək qürurumdur.
Bir qaldır ayağının altına bax!
Tapdalanmış haqqların arasından sağ çıxmaq,
ən böyük uğurumdur.

İndi bu "darıxmaq" əsarətindən
çıxa bilməmək kimi qorxularım da var.
Sırf "qanad qandalı" olmadığı üçün,
quş olmaq arzularım da var.

İndi səni, sən olmadığın
yerlərə baxaraq görürəm.
İndi ən şirin yuxularımı da
oyaq görürəm.

Bütün yollarımı bağlamışam,
çalışma qayıtmağa!
Unudacam...
Misal üçün ən sevdiyim şəklimizə
baxmağdan başlayacam unutmağa.

İndi xoşbəxt olacam,
Payızı sənsiz qarşılayacam,
Sən deməsən də əynimi qalın geyinəcəm bu qış.
Xoşbəxtlik sözündə belə ahəng qanunu pozulub,
Sən pozma!
Xoşbəxt olmağa calış.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ