Yazılan hər sətir ağrıdan betər - YENİ İMZA

Tarix:12-06-2018, 12:30 Baxış Sayı:331

Yazılan hər sətir ağrıdan betər - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Nizami Füzulioğlunun şeirlərini təqdim edir:

Xoşbəxtlik həsrətin kölgəsindədir

İnsan qəribədir, eşqə məzardır,
Sevəndə dəyişər arzu, istəyi.
Xatırlamaq üçün yaddaşı vardır,
Amma unutmaqçün yoxdur heç nəyi.

Sevərsən gül kimi zamanla solar,
Görərsən sevdiyin qəlbinə dəymiş.
Sevib xəta etmək təcrübən olar,
Axırda deyərlər qismət beləymiş.

Qisməti dəyişik düşdü ürəyin,
Taleyin işi də bir az qəlizmiş.
Mənim taleyimi yazan mələyin,
Bəlkə də, xətti çox səliqəsizmiş.

Yuxuda qovuşduq dedim çin çıxar,
Gördüm ki, sevginin ömrü üç ilmiş.
Darıxan bəhanə tapıb darıxar,
Qovuşmaq həsrətin sonu deyilmiş.

Uzun illər keçir, rollar dəyişmir,
Ayrılıq sevginin səhnəsindədir.
Acı çəkməyənə xoşbəxtlik düşmür,
Xoşbəxtlik həsrətin kölgəsindədir.

Mənim yazılmamış şeirlərim var

Elə ki, ayrılıq bitirər sözü,
Görərsən ruh ölüb ürəyin sağdır.
Əslində “unutdum” söyləmək özü,
Səni dəfələrlə xatırlamaqdır.

Bəzən şeirlərə nəzər salıram,
Ruhun sətirlərdən üzümə baxır.
Bəzən də elə bir halda oluram,
Səni xatırlamaq yadımdan çıxır.

Bir vaxt sevgi üçün yanan köz idik,
İndisə əlimdə yanan şəkilsən.
Səni gözəl qılan “ikimiz” idik,
Mənsiz o qədər də gözəl deyilsən...

Ayrılıq anından qalmısan təkcə,
Xoşbəxtsən, ya da ki, peşman olursan.
Səni sətirlərə dəfn elədikcə,
Hər gün bir az daha unudulursan.

Əridi sevgimiz söndü şam kimi,
Qəlbimi yerindən sökmək istədim.
Günah məndədir ki, kor rəssam kimi,
Sevginin rəsmini çəkmək istədim.

Yazılan hər sətir ağrıdan betər,
Yazmaqda olduğum sətirlərim var.
Susub gizlətdiyim hələ nə qədər,
Mənim yazılmamış şeirlərim var.

Bütün bu yollarda izin var sənin

Elə bir yerdəyəm,hiss edirəm ki,
Qəlbində bir azcıq hüzn var sənin.
İlk görüş yerində tək oturmuşam,
Bütün bu yollarda izin var sənin.

Gün çıxıb,amma ki sənsiz qaranlıq,
Gözümdən film tək keçdin bir anlıq,
Səni ilk görəndə bilirdim artıq,
Kiçicik qəlbimdə gözün var sənin.
Bütün bu yollarda izin var sənin.

Xəstəyəm,loğman da dindirə bilmir,
Eşq dedim, hissimi öldürə bilmir,
Yağış da isladır söndürə bilmir,
Qəlbimdə sönməyən közün var sənin.
Bütün bu yollarda izin var sənin.

Ayrılıq mənimçün olmadı asan,
Bilmirəm neynirsən daha,hardasan,
Yanımda deyilsən uzaqlardasan,
Amma xəyalımda özün var sənin.
Bütün bu yollarda izin var sənin.

Nə məni yaşatdın,nə də silmədin,
Sənsiz nələr çəkdim heç vaxt bilmədin,
Dedin ki gələcəm niyə gəlmədin?
Axı mənə verilmiş sözün var sənin..?
Bütün bu yollarda izin var sənin..

Vərəqə toxunan qələm

Sən mənim qəlbimdə müddətlik qonaq,
Mən sənin qəlbində yersiz sakinəm.
Qəlbimdə o qədər qaldın bilmədim,
Mən səni tanıdım bəs özüm kiməm..?

Yenə həminkisən,özündən razı,
Halbuki qəlb sevdi gözdən yaş gəldi.
Sənlə qarşılardım çiçəkli yazı,
İndisə ömrümə soyuq qış gəldi.

Məhəbbət nədir ki,ayrıldın bitər,
Geriyə xatirə,kədər,qəm qalar.
Bədənin tərləsə silərsən keçər,
Ürəyin tərləsə yeri nəm qalar.

Hər kəsin verdiyi gülü iyləmə,
Sənə verilənlər boş bir ümiddi.
İstər qəbul eylə istər eyləmə,
Yazdığım şeirlər sənə aiddi.

Bilirəm şeirimə vermirsən önəm,
Qürurun özünü sındıra bilər.
Onu bil vərəqə toxunan qələm,
Kibritdən daha çox yandıra bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ