Bir az sənin yoxluğun, bir az da qan azlığı - Emin Akifin şeirləri

Tarix:11-06-2018, 12:35 Baxış Sayı:374

Bir az sənin yoxluğun, bir az da qan azlığı - Emin Akifin şeirləri
Manera.az Emin Akifin şeirlərini təqdim edir:

***
çətini gedincədi,
hə,
sonra kim ölə, kim qala.

kimi uçulmuş ev kimi üşüyər,
xəbərin olmaz,
kimi qaçılmış ev kimi qapısı,
çəpəri olmaz,
bu sürünən tənhalığın öldürən
zəhəri olmaz,
qanını çəkincədi,
hə,
sonra kim ölə, kim qala.

kimi səhraya bənzərdi,
külək sovurar, sovurar,
çölü özgəni yandırar, içi özünü qovurar,
hürər itin əvəzinə,
nə bir kəlmə cavab alar,
karvanlar keçincədi,
hə,
sonra kim ölə, kim qala.

o da, bu da, sən də, mən də,
biz, demə, bir adammışıq,
biz yox imiş, o da, bu da, sən də,
mən də yalanmışıq,
qorxulu yuxu görmüşük,
ayrı-ayrı oyanmışıq,
bir qurtum su içincədi,
hə,
sonra kim ölə, kim qala.
çətini gedincədi....




***
gəl, öyrət mənə saymağı,
sənəcən nə qədər sayım?
de ki, neçə gecə sayım,
de ki, neçə səhər sayım.

sən də yaxşı bilirsən
ki,
titrək olur
tənhaların əlləri.
bu nazik barmaqlarımın,
dizlərimin ucu göynər,
saçlarından ötəri...

ürək elə, mesaj yaz,
darıxma, qayıdıram,
bu gün, sabah gəlirəm.
gələnəcən özünə
biraz da bax, gəlirəm.

qayıdıram, içəsən
əllərimdən isti çay,
isti kökə yeyəsən,
dayan, tapdım deyəsən,
deyim, neçə gecə say,
bu gün, sabah gəlirəm,

ürəklənim cavab yazım
tənhaların
bütün ili qış olur.
dönüb ana qarğışına,
tənhaların qarğışı da
tutmayan qarğış olur.

isti çay, isti kökə,
o sonranın işidi.
qayıtmaq istə, sonrası
ayaqların işidi.

qayıt, bayrama çevirək
bu təkliyi yıxmağı.
təkliyə barmaq yelləyib
qışqıraq ki, demişdik
bir gün devirəcəyik
bu zalım darıxmağı...

ikimiz yola verərik
ömrün bütün qışların.
Sonra sənə sayaram,
sevdiyim qarğışları.

gəl, ötüb gedək saatı
saatı öldürməyə.
hamını bir-bir yaşadıb
həyatı öldürməyə.

səni and verirəm, Günəş,
o kökə qoxusuna,
qol-qola, çiyin-çiyinə
gedək qış yuxusuna.




***
xərçəngə tutulanların eşqinə,
saçlarımı uzatmıram, biləsən.
dizlərimi göynədir bu soyuqluq hər gecə,
dizlərimə döyməsəm, dizlərimə yağmasam,
heç yatmıram, biləsən.

dodağımı çeynəyir içimdəki hirs mənim,
barmağımı saraldır siqaretlər, tüstülər.
mən hər şeyə dözərəm, bircə üşüməyəydim,
ya bir adam gələydi, sən olmasan da olar,
ya da ki, tez gələydi, tez gələydi istilər.

böyrəyimə dözərəm, ciyərimə dözərəm,
mən hər şeyə dözərəm, nə olsun ki, getmisən,
hamını incidirsə tale yaramazlığı.
yalanın ömrü azdı, düzünü deyim sənə,
əlimi, ayağımı bütün ili üşüdür,
bir az sənin yoxluğun, bir az da qan azlığı.



***
Bir gün fıstıq qabında siqaretlər yurd salar,
bir gün əlüzyuyana su axar gözlərimdən.
Daha günəşdən qabaq üzümə dəyməz əlin,
saçlarının ətrini alaram dizlərimdən.

Divar asılqanında zaman cəllada dönər,
hər gün o zəhrimar şey beynimi qamçılayar,
yoxluğunu səsiylə,
əqrəblərin iyirmi dörd saat hədəsiylə
salar yadıma hər gün.

İstisini itirmiş yastıq da “sən!” dillənər,
toz basmış güldandakı solmuş çiçəklər də sən.
Hər gün çirkli qab‐qacaq,
sərxoş olub sındırdığım çərçivəli şəkillər,
boğazımda ilişən dadsız yeməklər də sən.

Bu yol inadkar külək.
Səni axtaran zaman boşa çıxır əllərim,
Təklik üzümə qayıdır sırtıq tüpürcək kimi.
Bu boza dönmüş həyat
tor bağlayıb gözlərimin ucunda
arsız hörümçək kimi.

Ağlımı itirmişəm.
Gah qayıdanda evə bir dəstə gül alıram,
gah da ki, eşidirəm mətbəxdən gülüşünü.
Gah da hərdən telefonda yığıramsa nömrəni
‐ Bu insan mövcud deyil! İtirdin Günəşini!

Hə, yadıma düşdü axı, nəsə bir söz demişdin,
demişdin ki, bilmək olmur avandımı, tərsimi.
İşdir, bir gün mən olmaram, darıxar qulaqların,
Eşidirsən?
Lazım olar...
Yaxşı‐yaxşı qulağında sırğa elə səsimi.


Bu şeiri atamın xatirəsinə həsr edirəm

Allah zərbəsini vurub
dağıtdı ailə üçbucağımızı,
sevginin gözləri açıldı
ucsuz-bucaqsız yetimliyə
atam düşdü Yerin
biradamlıq dəliyinə,
səpələndik biz öz yerimizə,
doğma adamlar öz yerlərinə.

sən demə, Yerin cazibə
qüvvəsiymiş adamları
torpağa aparan
adamlar dünyadan Ozon
qatını dəlib gedirlər,
bir gün o dəlikdən böyük
tənhalıq düşəcək yer üzünə
laap, dünya boyda...
sən demə, milyon ildi
adamlar dünyanı dağıtmaq
üçün gəlib gedirlər.

ən çox da anam üşüdü
qucağı buz təklikdən,
hardan biləydim ki, demə,
qadınlar yetim qalırmış
ərlərindən.
anamın saçları boz
darıxmağın əllinci çaları,
gözləri su səpir yollara,
diksinir qapının zəngindən,
təəssüf ki, o yollar
qaytarmır, aparır.
demə, ana olmaqdan daha çətini
ata olmaqdır
bütün dul qadınlar üçün...

bütün dul qadınlar üçün
evinin qibləsidi
ərinin şəkilə dönüb asıldığı
o divar
anam atamdan danışır və
divarı göstərir...
bəs, Allaha çatmağa
görəsən neçə ev var?

indi bir-birimizə qısılıb
arzuladığımız şey,
gedənlərin sürətinə çatmaq
üçün
qu quşlarına bağlanmış
arabada Günəşə doğru
uçmaq...
gedənlər ayaqdan belə
itisə,
niyə belə ləng olur bu buz
darıxmaq?

daha sonra,
sonrası, çətin olur
doğmalarla aradakı hasara
dırmanmaq,
ürəyim, fikrim, gözüm qalır
hasarın o biri üzündə,
bəzən ayağımın altına
qoyuram arzuları,
boyumun çatdığı yerdə
şüşə qırıntıları kəsir
əllərimi,
iki əl saxlamışam
ağlamağa,
içimdəki adam deyir,
heç olmasa onları itirmə,
buz kimi saxladığın ürəyin
nə vaxt əriməyi bilinmir....

xoş günlərin tavasını
sıyırdım, doya bilmədim,
əvəzində yağdı yağışlar,
sevindi torpağın ətriylə
oynamaqdan ötrü buludlar,
indi bu yağış adamları
ovutmur, ilahi,
biz sənə möcüzələrlə
inanmışıq,
bilirsən ki, dünyanın
səkkizinci möcüzəsi –
xoşbəxtlikdir,
bundan sonra,
sonrası, bizə möcüzə
göstər...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ