Sözün üstünə çiçək qoy - Allahşükür Ağanın şeirləri

Tarix:4-06-2018, 20:50 Baxış Sayı:220

Sözün üstünə çiçək qoy - Allahşükür Ağanın şeirləri
Manera.az Prezident təqaüdçüsü, gənc şair Allahşükür Ağanın şeirlərini təqdim edir.

Qayıdıram

Atılıb düşürəm
Qayıdıram torpağa.

Küləklər əlim,
Şimşəklər dilim.
Buludlar telim,
Gedirəm torpağa.

Bir az ağlamağımla,
Bir az oynamağımla,
Gedirəm.

Deyirlər torpaqlar azalıb
Qayıdıram torpağa.

Bir parça suyuydum,
Bir qalaq daşıydım,
Bir çəngə buluduydum,
Adam kimi qalxdım ayağa.

Buludlar,
Daşlar,
Sular azalıb
Qayıdıram yerimə...

Xəzər –Bakı

Göylərin balası,
Bakının anası-
Xəzər.

Dalğa – dalğa tumurcuqlar,
Dalğasından sevgi doğar,
Yayılar sahillərinə.

Göylərin balası,
Bakının anası-
Xəzər.
Göz qoyar şəhərin uşaqlarına,
Sevgi işarəsi qoyar
Yanaqlarına...

Günəş baxar Bakıya
Üzü gülər.
Xəzər bir mavi çiçək kimi
Küləklənər.
Ağ kəpənək kimi
Uçmaq istəyər
Alnından Bakı.

Ürək

Deyirlər göylə gedirsən,
Gör nə var göydən yuxarı?
Gedirsən güldən aşağı,
Gedirsən neydən yuxarı.

Buludlar düşüb aşağı,
Durnalar alçaqdan keçir.
Günəş qalıb aşağıda,
Kölgən başın üstə uçur.

Səni göylərə qaldıran,
Sözün üstünə çiçək qoy.
Ayaqlarının altına,
Sevən, duyan bir ürək qoy...

Daş qoyanda yıxılarsan,
Sınar gözlərin şüşətək.
Ürək qoysan ucalarsan,
Yaşayarsan yüz yaşadək.

Kədər haqqında sevinc şeiri

Etibarsız sevinc, vəfasız sevinc,
Dünən məndə idin, bu gün kimdəsən?
Gör kimə qoşulub çıxdın aradan,
Bəlkə ağladırlar səni hardasa?

Bəlkə çilik – çilik olub pəncərən,
Divarın uçuqdu, evin uçuqdu.
Bəlkə aldanmısan zərə, gümüşə,
Səni çağıran kəs bəlkə qaçıbdı.

Başına yağışlar döyəcləyir bax,
Içində sonuncu közü söndürür.
Dünyanın işinə fikir ver, sevinc,
Səni qəm soruşur, kədər dindirir.

Sən kimdə böyüdün, kimdə yaşadın,
Qədrini bildimi o soyuq ürək?
Sevincin qədrini bilməkdən ötrü,
Kədərin qədrini biləsən gərək.

SaatlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ