Bəxtim gecələrin karandaşıdı... - ŞEİRLƏR

Tarix:22-04-2018, 20:20 Baxış Sayı:439

Bəxtim gecələrin karandaşıdı... - ŞEİRLƏR
Manera.az gənc şair Mücirəddin Mübarizin şeirlərini təqdim edir:

Çatılan qaşlarım qəza nişanı

Yoxdu varlığımdan daha bir soraq,
Silindi yollardan izlərim tamam.
His edib şüşəsin qaraldan çıraq,
Sapı özündən tez tükənən şamam.

Təbim də gen gəzir , ilhama gəlmir,
Canımdan qovmuşam can sağlığımı.
Ürəyim səsin də çıxarda bilmir,
Üstünə yıxmışam ağırlığımı.

Xəyalım arının bal dolu şanı,
Hərdən gətirirəm zəhəri dada.
Çatılan qaşlarım qəza nişanı,
Fikirli sürmüşəm ömrü , dünyada.

Mən harda gördümsə bir ayrılıq var,
İçimdə canüstə xəstə zarıdı.
Gözlər yanağlara düzən damcılar,
Tale qatarının vaqonlarıdı.

Şəklini qarşıma qoyub baxıram,
Könül verdiyimə , dərd açdığıma.
İndi gözlərimi qıyıb baxıram,
Bir zaman baxanda dörd açdığıma.


***
Ömür yoxuşunun sonu enişdi,
Zirvədən Göylərə uçurum da var
Qara torpaqların qəlbi genişdi,
Dünyaya sığmayan məzara sığar.

Əcəl ətəyini daşla doldurar,
Dərdlərə ömürdən zaman versələr.
Daşın da gözünü yaşla doldurar,
Əgər ürəyimə kaman versələr.

Göz yaşı gözlərə gözdağı olar,
Ağlın kəsdiyini hər ağıl kəssə.
Acılar içində bir qırğın salar,
Kimin yaşamaqdan iştahı küssə.

Fikir öldürəni göz yașı yuyub,
Hərə bir dərd ilə bașını qatar.
Hər gün arzuları gözümdə qoyub,
Canım yașamağın dașını atar.

Yaz günü əridər üșüyən qarı,
Mənim dörd fəslimin dördü də qıșdır.
Gözləri yol çəkən o baș dașları -
Hər dəfə görəndə dünyam qarıșdı.

Bir zaman zamanı tələsdirənlər,
Sabahı gözləmir , saata baxmır.
Həkimi , loğmanı tələsdirənlər,
Önündə ölürsən səsi də çıxmır.

Ümidlər sabahda dayanmasaydı,
Dünənə , bugünə yas tutar insan.
Bir körpə səsinə oyanmasaydı,
Ürəkdən gülməyi unudar insan.


***
Buludlar gününə ağladı Yerin,
Günəş də yazığın halına yandı.
Sanki, göyqurşağı yaradı dərin,
Elə bil, Göylərin köynəyi qandı.

Torpağın payını məzarlar udar,
Şəlalə dayana , zaman dayanmaz.
Hamını dünənin qarğışı tutar,
Bir sabah oyanmaq istər,oyanmaz.

Sabahı haçandı bu röya ömrün ?
Zaman-fəsillərin ayaq səsidir!
İsti yay günüdü bu dünya ömrün,
O dünya-soyuq bir qış gecəsidir!

Həyatda cənnəti anan var yəqin,
Qəbir dașlarının dodağı gülür.
Cəhənnəm odunda yanan var yəqin,
Torpağın çatından his iyi gəlir.


***
Ölüm qabağından qaçan deyildim,
Həsrətin önündə səkirəm indi.
Qəmimin qəmini qəm eləmişəm,
Dərdimin dərdini çəkirəm indi.

Sən məni nə axtar , nə soraqla ,tap,
Bir daha açılmaz eşq adlı kitab!
Ağ günü bez edib , qara günü sap,
Arzular kəfəni tikirəm indi.

Sən idin həmdəmim , sirdaş olduğum,
Yetişir o vaxt ki, bir daş olduğum.
Səninlə bir ömür yoldaş olduğum,
Qurduğum xəyalı sökürəm indi.


***
Uzatsam əlimi ulduza çatar,
Qazılsa su çıxar çökdüyüm qədər.
Ucalmaz saraylar Yer kürəsində,
Könlümdə qəmlərə tikdiyim qədər.

Dərd boyda dağların dașı yoxdu heç,
Göz kimi bulağın bașı yoxdu heç.
Bəlkədə dünyanın yașı yoxdu heç,
Gözümü yollara dikdiyim qədər.

Keçilməz olsa da taleyin səddi,
Vardır xəyalımda ișıq sürəti.
Ömürlük məhbus da çəkməz həsrəti,
Mən azad həyatda çəkdiyim qədər.

Gözləmir zaman məni

Saatımı ha çəkirəm geriyə,
Heç gözləmir zaman məni, ötür ,bax.
Sinəmdəki dağa qaçır alovlar,
Günəş gözdən dağ dalında itir , bax.

Ömür sürmə xatirəsiz , boș keçən,
Bir də geri qayıdaydı kaş , keçən.
Kövrələndə şəkil yoxsa xoș keçən-
O günləri xəyalına gətir , bax.

Ayrılmayaq , tən dolașaq, a dostlar,
Görüşməyə dağlar așaq ,a dostlar.
Gəlin , bir-bir halallașaq a dostlar,
Vaxt tələsir , ömür sona yetir ,bax.


***
Ömür yollarıma zülmətlər çökər,
Bəxtim gecələrin karandaşıdı.
Baxsan gözlərimə gözlər dil tökər,
Baxışım əlacsız yalvarışıdı.

Ver su qiymətinə qadanı, alım,
Könlümü alarsan üstündə payam.
Buluda bənzəyir bu dolmuş halım,
Boşluqlar içində yük altındayam.

Gəlmir səs - sorağın ,gözdən itmisən,
Təbəssüm üzümə ögeyləşibdi.
Sən mənim ağlımı işğal etmisən,
Könlümün başında dərd əyləşibdi.

Hər sənsiz keçən gün saçımın dəni,
Hər sənsiz keçən gün fələyə kömək.
Səni düşünəndə dindirmək məni,
Namazın üstündən qaldırmaq demək.

Ölər bu acımı çaldığı ilan,
Artıq zəhər dadır həyat adlı tam.
Mənim gözlərimdə qaranlıq hər yan,
Dünyadan köçənlər dünyası dünyam.

Arazın bir qolu gözümdən keçir

Məhkəmə qurubdu bașımda fikir,
Olmușam bir anlıq müqqəsir yenə.
Ürək düșüncəmin cəzasın çəkir,
Acılar hər gecə iș kəsir mənə.

Adam öz varlığın unudur hərdən,
Salanda yadına yox olanların.
Xəyal ayağını tez üzür yerdən,
Dərdi çəkisindən çox olanların.

Fikirli gecələr gec açılır dan,
Səhərin yolunu boran - qar alır.
O ötən günlərə qayıtmamıșdan,
Əvvəlcə canımın yeri daralır.

Baxıb gözlərimə ağrıları gör,
Həsrət zəmi kimi içimi biçir.
Qəlbimdə ümman var yanağımda Kür,
Arazın bir qolu gözümdən keçir.

Baxıșdan düșüb

Kim sorsa gözümün yașın deyirəm,
Yaș deyil, damcıdı, yağıșdan düșüb.
Sinəmin üstündə közərən köz də,
Bir odlu , alovlu baxıșdan düșüb.

Vüsalı tək oldum , həsrəti dəstə,
Mənim söhbətim də ən qəmli bəstə.
Atmayın günahı o qızın üstə,
Xallar ürəyimə doğușdan düșüb.

Gen dünya olubdu dar məzar mənə,
Yüz bəxt yazan olsa ,kəm yazar mənə.
Mən eșq xəstəsiyəm, bu azar mənə,
Bilmirəm heç hansı naxoșdan düșüb.

Șair dili
Məmməd İsmayıla


Demə istedaddı göstərsən gücü,
Sözlər göynüyərmi yanmasa ürək?
Sən şair adını qazanmaq üçün,
Gedib o dünyanı görəsən gərək.

Başında qaynaşan fikirlər dərin,
Araz sən olursan , Kür sən olursan.
Xəyala dalanda bilinmir yerin,
Dünyada bir Allah , bir sən olursan.

Uçanda səmada durna qatarı,
Hamsını barmaqla saya salarsan.
Havada vurulsa quş qanadları,
Bəlkə o yaralı tək sən olarsan.

Qanın da qaralar gecə düşəndə,
Fikirdən qaşını qoşa çatarsan.
Hərdən xatirələr yada düşəndə,
Gecə ürəyini tutub yatarsan.

Şair yansa belə, sevinməsin kül,
Șair əlifbası dağlar selidi.
Varsa, bu dünyada yetmiş iki dil,
Yetmiş üçüncü dil șair dilidi.

Böyüməyə tələsməyin ușaqlar

Böyüməyə tələsməyin ușaqlar,
Böyüyərsiz lələ köçər yurd qalar.
Evciklərdə çatdığınız ocaqlar,
Bağrınızın düz bașında köz salar.

Ağrılar da içinizdə dil açar,
Sızıldayar neçə yara ürəkdə.
Yaradana gözləriniz əl açar,
Sinənizə bașın çırpar ürək də.

Gecələri saatlar da səs etməz,
Sükutlara qərq olarlar elə bil.
Fikirlərin dəryasında bəs etməz,
Bașınızı tutmaq üçün iki əl.

Qaçarsınız ayaqları yalınca,
Büdrəyərək hərdən boșa düșərsiz.
Ağlayanda ötən günün dalınca,
Böyüməyin səhvin bașa düșərsiz.

BeyləqanБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ