Ucalmaq necə olur ki? - Mövluda həsr edilmiş ŞEİRLƏR
Tarix:16-03-2018, 09:57 Baxış Sayı:503
Bu gün istedadlı nakam yazıçı Mövlud Mövludun anım günüdür. O, mart ayının 16-da özünü 17-ci mərtəbədən ataraq intihar edib.
Mövluda Aqşin Yenisey
Qocalmaq necə olur ki? Adını yazıblar balaca bir daşın üstünə. 28 il vaxt keçir, ürəyində oxuyunca. Ucalmaq necə olur ki? Şəklini vurublar balaca bir daşın üstünə. 17 mərtəbəli bina kimi görsənir, dayanıb baxınca.
Bu gen dünya başına Darıydı səbrin kimi Yadındamı mən Üzeyiri ağlayanda Demişdin məni də belə ağlayarsanmı Ondan da betər ağladım səni Soyudumu ürəyin Torpağın kimi, qəbrin kimi Kaş yara çıxaydı bu dilə, dodağa, Mövlud Beləmi gələllər Qazağa, Mövlud
Sənin kitabını yumaq yerinə Getdim cəsədini yumağa, Mövlud Bükülüb dönmüşəm yumağa, Mövlud Beləmi gələllər, Qazağa, Mövlud
Doğmaların qucaqladı məni İyini məndən alırmış kimi Mən sənə büründüm, sən ağa, Mövlud Beləmi gələllər, Qazağa, Mövlud
Düşmədin yarpaq kimi Enmədin bayraq kimi Ürəyim çat verdi Çırpıldığın torpaq kimi Həmişə gözümdə O atıldığın ucalıqda qalacaqsan Sanki hesab ödəyirmiş kimi Yenə düşdün hamımızdan qabağa, Mövlud Beləmi gələllər, Qazağa, Mövlud
Mövlud üçün ağı Elnur Astanbəyli
Gedən balam, dön bəri bax, Bircə söz deyim, elə get... Saçlarını qəşəng dara, Köynəyini ütülə get...
Taleyin sənnən qəsdi nə?! Belə ki, durdu qəsdinə - Zalım dərdlərin üstünə Bıçağını itilə get...
Həncəridi təzə yerin, - İstidi, soyuqdu, sərin? Darıxsan ya Əli Kərim, Ya Eldar Baxışgilə get...
Mövludum üçün Ehtiram İlham
Bu qəsdin, qərəzin nəydi – Bağrımı didəcəm,oğlum Gedəndə səni axtarıb, Qoynunda yatacam, oğlum.
Ta bu boyda dostu tapsan – “Bir əclaf oğlu əclafsan”. …Sən bir əfsanəsən, gapsan, Ölüncə ötəcəm, oğlum.
Yonun hayana getməli, Varıb hayanda itməli?.. Akif Səməd, Şaiq Vəli Yolunda bitəcəm, oğlum.
Bilsən, bu görüşü asan, Məni özün qarşılarsan. Göyün 17-ci qatından Yanına gedəcəm, oğlum.
Mövluda Elvin Bakiroğlu
sənin gülən gözlərinə baxıb gülümsəmək varmış. "ulan Rza"nın yerinə "ulan Mövlud" demək varmış.
artdı yoxa bürünənim, göy üzündə görünənim. ömür boyu sürünənin içində kəpənək varmış.
ötən günəm, ötən çağam, hər gün sınan oyuncağam. sən ölmüsən, mənsə sağam, məndə də nə ürək varmış...
Göyə bir Mövlud düşdü... Şəhriyar del Gerani
Uzağı - yolların, dənizlərin, adamların uzağı. Aşağı - günəşlərdən, küləklərdən, yağışlardan aşağı. Uşağı - şəhərlərin, kəndlərin, küçələrin uşağı. Bir gecənin qəfilində yoxa çıxdı bir şəhərin tifili. Yoxa çıxdı kişmişi gülüşlü, sevdalı-işıqlı, böyük həqiqətlərin nadinc səfili... Yoxa çıxdı yuxarı. Yuxarı - yalanlardan, zamanlardan, binalardan yuxarı...
De ki, zarafatdı, Mövlud Oğuz Ayvaz
əzab çəkirəm aşkım deyərdin anana, kimin günahkar olduğunu soruşardın gecənin bir yarısı əli qoynunda səni gözləyən anana... hər şey toxunardı sənə hər şey... filmlər, kitablar, insanlar bir atın sınmış ayağı üçün ağlayardın günlərlə taleyin ümidinə atılmış arabanı qucaqlayıb hönkürərdin mövcud olduğum üçün üzr istəyirəm deyib araq şüşələrinin arxasında gizlənərdin kəkələyərdin hərdən hərdən qəfil gülərdin dərddən güldüyünü anlamazdı heç kim sən hamının əvəzinə böyüdün geridə qalan adamlar balaca qaldı həm qoca idin sən, həm də uşaq böyük adamlarla böyük söhbətlər edərdin uşaqlara qoşulub çərpələng uçurardın hərdən Tanrını panoramalı kişiyə bənzədərdin hamı ilə dost olardın birdən, bir anda da küsərdin hamıdan uşaqlara baxıb kövrələrdin uşaq olardın onlarla gözünün qabağında canlanardı atanın ananın başını dəmir darvazaya döyməyi susardın o an, çox susardın bu haqda çox susardın... sən gedəndən insanlar çox ağlayır, Mövlud 17 mərtəbəli binalara baxıb ağlayır nifrət edirlər hündür mərtəbələrə söyürlər, qışqırırlar, Mövlud... sən gedəndən yurdsuz qalıb qucaqlar bütün qucaqların ünvanı sən... sən gedəndən anam da yuxularıma gəlib biləsən qaranlıqda səsi gəlir bircə səni soruşur deyəsən. sən hər gözümü bağlayanda, uçan Mövlud arada anamın yanına get sənə yemək versin, çay versin bir az danlasın səni niyə belə etdin deyə sən də onun əllərindən öp, de ki, zarafatdı, bir azdan qayıdacam...
Mövlud üçün Aybəniz Əliyeva
Bir gün yazacam sənə, Yenə də əngəlliyəm? İndi əlim də tutmur, Hələ çox kədərliyəm..
Bir gün yazacam sənə, Yazacam ki, necəsən..? Səni atan Tanrıyla Necə yola gedirsən..?
Bir gün yazacam sənə, Uçmaq necə hiss idi? Ucalardan Ucalı, Yerə vurmaq çətindi?
Bir gün yazacam sənə, Deyəcəm ki, darıxma... Qəbrin üstə su töküb, Danışacam başdaşına.
Bir gün yazacam sənə, Bağışlama istəsən, Qazaxda yağış yağır, "Çətirsiz" öyrəşmisən?
Bir gün yazacam sənə, Havadan şeh düşəndə, Məzarına gül düzüb, İstanbuldan dönəndə.
Bir gün yazacam sənə, İndi gedim, bağışla, Sən də özünə yer et, Mən gələndə qarşıla.
Darıxsan zəng elə Afaq Şıxlı
Darıxanda zəng elə, Səbəb oldu, olmadı. Dolub-boşaldı ürək, Sənin yerin dolmadı!
Yazıq sən uçan bina Donub qaldı yerində. O gündən yoxdu adın Evsizlər dəftərində.
Yazmadığın kitab da Kölgəsini sürüyür... Dərd böyüdür oğlunu - Uşaqlar tez böyüyür.
Hələ istidi yerin, Arada bir güman var, Bir gün üşüyəcəklər Səndən tez soyuyanlar.
Bir də, unutdum deyəm, Borcların da silindi. Daha azadsan yəqin, Öz başın, öz əlindi.
Xəbər almaq istəsən Mən də ki, elə-belə... Darıxıram, bilirsən, Arada-bir zəng elə!
Qurban doğur analar Namiq Hacıheydərli
Tanrı qurban istəyir; Qurbanlar yazar olsun! Yəqin, şərti belədi; Tər olsun, nübar olsun!
Hər evdə ocaq yanır, Ah çıxır bacalardan. Qoca, gənc, uşaq yanır, Görünmür, ucalardan?
Ümidi yox sabaha, Yazıq, fağır analar... Övlad doğmur ki daha; Qurban doğur analar...
Mövluda Hikmət Orhun
*** Soruşmuram niyə getdin, Gedən, ay gedən, ay gedən. Gedib bağrımın başını, Didən, ay gedən, ay gedən.
Nəyəsə qızdın - dözmədin, Kimisə qırıb üzmədin. Bir dənə məktub yazmadın, Nədən, ay gedən, ay gedən?
De, hələ təzə toyluyuq, Dəli olluq, düşsək duyuq... İsti köynək, sudan soyuq - Bədən, ay gedən, ay gedən.
Dilimizdə söz idin, danışırıq, bitmirsən aşığın sözü kimi. Gözümüzdə yaş oldun... Dalımızca baxırsan anasız quzu kimi... Bəxtəvər ola bilmədin, özün boyda daş oldun...
*** Soyuq dəyər, üşüyərsən. De, torpağın qalındımı? Qurtulmaq istədin dərddən, heç olmasa, alındımı?!
Yaman dəymədüşər idin, Xətrinə dəyənin yoxdu?! Sən ki dost-tanış sevəndin, qapını döyənin yoxdu.
Yenə elə gülürsənmi, əlini vurub əlinə?! Dərdli-dərdli susursanmı, əlini qoyub belinə?!
Kim mənə elə ərk edər?! Bundan belə, de, ay zalım. Necə çırpdın göydən yerə, daha düzəlmir əhvalım.
Mənə deməmiş getmisən, küsmüşəm, gəl, barışmayaq. Bircə kərə zəng elə, sus, Mən ölüncə danışmayaq…
Movlud yağacaq Çalğın Məhəmməd (İran)
Deyəsən ağrılar baş ağrı tutub Deyəsən acılar hududdan keçir Movlud intihardan keçə bilmədi Deyəsən intihar movluddan keçir Əziz oxucular,ana xəbərlər Hava qarışıbdır bulud yağacaq Bütün borcların axır qatından Sabahdan şəhərə movlud yağacaq
Mövludun mübarək, Allah! Eminquey Akif
öz-özünlə danışmağın sonu bu, sonu bu, Mövlud?! hələ lap başdasan, həm də hər şeyin sonudur, Mövlud.
körpə əllərində yoxsan, bir qadın üçün yuxusan. baş qoyduğun çiyinlərdən aram-aram yox olursan.
göydən atdın yerə ömrü, dartdı mələklər yuxarı. daha çin çıxmaz, çin çıxmaz, doğmaların yuxuları.
çırpılıb yerə dağılıb, közərmiş kül kimi getmək. məzara yox, bir görüşə olmazdı gül kimi getmək?!