Yaşamağa sevgi bəsdi - YENİ İMZA

Tarix:13-03-2018, 20:11 Baxış Sayı:2369

Yaşamağa sevgi bəsdi - YENİ İMZA
Manera.az yeni imza Əli Əsgərin şeirlərini təqdim edir:

Gedişat

Mənim də səbəbim daha qalmayıb
Yaşamaq nədir ki, ölümə birdi
Mən çoxdan gedərdim, sadəcə məni
Bir qadın sevgisi gecikdirirdi

İndi nə sevgi var, nə o, qadın var
Varlığım xoşbəxtlik deyilsə əgər
Yoxluğum xoşbəxtlik gətirəcəksə
Bax bunun eşqinə, ölməyə dəyər

Qapımı döyən yox, gedəcəyim yer
Bir küçə, bir otaq, bir də ki, mənəm
Xəyanət etməyən iki nəfəs var
Göydəki Allahdı, yerdəki mənəm

Gedirəm, bağışla, sağollaşmadıq
Gedirəm, sonuncu məktubu yazıb
İt belə halımı görəndə hürmür
Mənim bu həyatda nə itim azıb?

Kainat

Qocalara sillə dəyir
körpələrə güllələr
Mənsə buna sakit durub baxıram
Çək silahı, sən də məni güllələ
Daşdan yumşaq nəsə yemir
Daş da yeyir
Altında da üstündə də adam olan bu torpaq
Yaşamağa sevgi bəsdi
Kim sevirsə başqa bir şey istəmir
Bəs can nədi?
Qanadını çırpan ruha qəfəsdi
Bəhanədi- Qida, hava, su, torpaq

Bomba düşən səngərlərdə
Əsgərlərin ahı var
Düşmənimin körpəsinin
Ölmək üçün günahı var
Torpaq geri qayıtmasın
Onu geri qaytaranı udursa
Başqa yerə qaçmaq üçün döyüşürlər
Yer dəyişən əsgərlər də
Bax, onları əvvəl özün vurmalısan
Müharibə budursa
Namusumdur deyən yerdən qaçırsan
Qəribədi Qəribə
Sənmi nəsə dəyişəcəksən?
Ta Adəmin dövründən var Müharibə

Bir gün babam danışırdı:
-İndi pisdi, əvvəl belə deyildi
Hamı yaxşı yaşayırdı
Hamı deyib gülürdü'
Bunu deyəndə gülmədi
Qollarını qucaqladı
Susdu.
Danışmaqdan yoruldu
Soruşdum ki,
Baba, sonra bəs nə oldu?
Hamı niyə ağladı?
Cavab verə bilmədi
Bilirdim ki, yalan deyir
Bilirdim ki, elə o vaxt da tıxaclarda əsəbləşib
Müdürünün iş vaxtını əzbər bilən sürücü
Və kainat dediyimiz yer budur da
Sığalları yalançıdır, zərbələri öldürücü

Bu havanı necə udum?
Susuz qalan bir uşağın iyrəndiyi havanı
Axı niyə niyə öldürməyim?
Hər gün qida yardımından
Uşaqları qovanı
Əfsuslar ki, kainatda yoxdur insan sevgisi
Gərək mən də olanları unudum
Ya da fikir verməyim
Yox, alınmır
Mən intiqam istəyirəm
Mən qarşı çıxırsansa sən də qaldır əllərini
Qoy daşlaşım
Qoy məni də torpaq yesin, eybi yox
Mən indidən düşmənlərin təzə açan güllərini
Güllələyin deyirəm
Qoy oğlum da gül sözünə güllə desin, eybi yox

Ailədən getmək

Bir qapı döyəsən körpə qız aça
Yaşıl gözlərinə baxasan bir az
Öpüb qoxlayasan buruq saçını
Soyuq əllərini sıxasan bir az

Üzündən öpəsən salam demədən
Atanam deməyə üzün olmuya
Birdən soruşasan atan hardadı?
Nə vaxtı axtarıb tapmırsan güya

Qayıdıb deyə ki, atam? nə bilim
Bilməzdim haçansa yanımdan gedər
Mən yenə atamı çox istəyirəm
Nə qədər?
- Anamın nifrəti qədər

Anası mətbəxdən soruşa kimdir?
Deyə ki, atamın dostudur ana
Ana da əsəbdən qışqırıb deyə
Qapını bağlayıb keç otağına

Bu sözü eşidib, ayağa qalxıb
Gedəsən son dəfə, gedəsən- asan
Nə qızın bilə ki, atası gəldi
Nə də yoldaşınla sağollaşasan


***
Sevgilim, məncə sən də
Çağırsam belə gəlmə
Mənə görə üzülmə
Anam kimi

Axı ən pis günümdə
Atam da gedəcək,sən
Təsəlli edəcəksən?
Anam kimi

Çox vaxt ac qalacayıq
Razısanmı mənimlə?
Razısansa dinlə,
Anam kimi

Bir gün çörək tapanda
Buna sevinəcəksən?
6il bir paltarı
Yuyub geyinəcəksən?
Anam kimi

Evin hər bir yanını
Əlin göydə gəzəcən?
Göz yaşına dözməyən
Uşaqlara dözəcən?
Anam kimi

Əllərin gözlərinə
Qırışacaq çatanda?
Qeybət edən qohumlar
Hər gün ara qatanda
Sussun istəyəcəksən?
Bir susun deyəcəksən?
Anam kimi

Cibi boş bir kişini
Ömrünün sonunacan
Sevəcəksən?
-nə bilim
Anam kimi,sevgilim,
Anam kimi

Təsəvvür et bir qadın var

Təsəvvür et, bir qadın var
Səndən ümidin kəsib
Şaxta kəsən əlləri
Sənə çörək kəsir
Bir tərəfdən uşaq ana çağırır
Bir tərəfdən sənin anan
Onu işə yubadmağa tələsir
Bir qışqırıq səsinə fikirləri dağılır
Hərdən elə düşünür ki,
Evlənməyə tələsib
Əsəbləşib səndən küsüb
Təmizləyir otağı
Siqaret tüstüsündən
Gözəlliyini istəyir
Gəlinlik güzgüsündən
Baxır nişan üzüyünə
Bir zamanlar verdiyin
Sözlər düşür yadına
İndi danışanda sus deyirsən
Söz verdiyin qadına

Sözü qalır yarımçıq
Sınır yuxa ürəyi
Susub sənə süfrə açır
İki ədəd qab-qaşıq..
Bir bu yolla səndən qaçır
Bəyənmirsən bişirdiyi yeməyi
Korlayırsan halını
Nahar vaxtı çirkinləşmək səndə gözəl alınır
Demə unut bu günü,
Unutsa da yada düşər dünənki
Elə dəyişmisən ki,

Səni artıq tanımır
Gəncliyində sevdiyi
Həmin adam deyilsən
Amma onun hələ də
Ən sevdiyi şeirsən
Sevgiliykən görüşəndə
Əllərində olan əllər
Çırpıldıqca üzünə
Sən vurduğun sillələri
Yaraşdırmır özünə
Sənsə bunu anlamırsan
Ya da elə bilərəkdən
Hər gün kobud davranırsan
Bir özünə sual ver ki
İlk görəndə gözlərini sevdiyinin
Göz yaşından utanırsan?
Cavabı tap, bir ah çəkib ürəkdən

Onu çağır yanına
Oxşa ipək saçlarını, çək üzündən
Neçə dərdin tozun udan tellərini
Üç sözündən- ikisi onu sevdiyini salsın yada
Və Sonra da
Sıx ovcunda möhkəm-möhkəm
Şaxta kəsən, çörək kəsən əllərini
Elə bu dəm, qürur, əsəb cəhənnəm
Gözlərinin içinə bax
Bir Bağışla desən belə
O, hər şeyi unudacaqБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ