Hər gecə bir boşluğa şeir süzürəm - YENİ İMZA

Tarix:8-03-2018, 17:16 Baxış Sayı:640

Hər gecə bir boşluğa şeir süzürəm -  YENİ İMZA
Manera.az yeni imza Aynur Mustafanın şeirlərini təqdim edir:

Köhnə şəhərin sakini

Hər gecə bir boşluğa
Şeir süzürəm,
Gözlərinin şərəfinə.
Mən onları sənə oxuduqca,
Dırnaqlarımla rəsmlərini
çəkdiyim divarlardan
boylanırsan kimsəsizliyin
içində boğulan birinə..

Hə, bilirəm, bir az, bəlkə də,
elə özüm kimi dağınıqdır evim.
Axı mən binaları uçulmuş,
Küçələri səliqəsiz,
pəncərələri qırılmış,
Evlərində ruhlar gəzən
köhnə şəhərin
sakiniyəm..

Mən gələcəyi olmayan,
indiki zamanı
məhv edilən keçmişəm..
Mən vərəqləri açılmayan,
Rəfdə qalıb tozlanmış
Kitab kimiyəm..

Bircə dəfə gəzsəydin şəhərimi,
Bircə dəfə oxusaydın kitabımı,
Bircə dəfə...
Bircə dəfə də olsun,
Yəqin ki, sevərdin məni..
Nə qədər yorulsam da,
tərk edə bilmirəm
xatirələri..

Bəlkə də, sənin kimi
qışı ötüb baharda
yaşaya bilərdim..
Amma mən payızın
Xəzanıyam, əzizim,
Bilirsən, burda bizə aid
divarlardan başqa
heç nə yoxdur..

İstəsən, divarları da
Özünlə apar.
Mən də səni yenidən..
Yenidən çəkim,
Başdan başlayım
Əzablar yetişdirməyə..

Darıxır adam

Gözlərindən darıxır adam.
Bir qucaqlıq qayğıdan,
Sözlərindən darıxır adam..
Bəzən də..
Bəzən də darıxmaqdan
darıxır adam..

Gəlirəm..
Əzizim, gəlirəm..
Artıq mən də gülüşlərin,
Arzuların, ümidlərin
yerə düşüb dağılmış,
Gələcəyin sönmüş,
sınıq halıyam.

Nə tez unudarsan
axı məni..
Mən ki sevginin bir tel
üstə taxılmış,
Tez qırılan kövrək,
qırıq halıyam.

Tanrım, yorulmuşam..
Gəl, keçmişimdən
bir ovuc yazaq,
Şeirlərdə ağlayıb,
gözlərdən axaq.

Yoxluqdan sovrulub,
varlığa qaçaq,
Nə olar, Tanrım, sən də
unutma məni..
Çünki mən,
bu dünyanın bir az uçuq,
sökük halıyam.

İlahi, tut əlimdən,
Gedək dənizlərə..
Ləpələri belə aciz qoyub
Üzək.. üzək uzaqlara.
Usanmışam yer üzündən..
EŞQ bazarından
mənə də qanad ver,
Uçaq buludlara..

Yorulmuşam..
Həyatın gah soyuq,
gah da ilıq halıyam.
Darıxıram, İlahi..
Məni də özünlə apar..

Xəyal dünyam

Getdiyin yollar
Ömrümün içindən keçir..
Hər addımında
Bir daş əksilir..
Gəlişini görə bilmədim,
Gedişini,
gözlərimdə saxladım..
Bilirsən, əzizim..?
Gözlərimdə qalasan deyə,
Ağlamaq üçün
Tanrı belə icazə vermədi..

Bir səhər
gözümü kitabdan ayırarkən,
Qarların əridiyini görərəm..
Artıq yaz gələr, qış gedər.
Sonra kitaba qayıdaram,
Cümlələrlə öz dünyama-
Fəsilləri yalnız qış olan
Dünyama gedərəm..

Hə, axı sənə heç bundan danışmamışdım..
İçimdə bir dünya var.
Çölləri dağınıq,
Havası dumanlı,
Nəfəsi şaxtalı,
Pəncərələri tozlu..
Hər gecə,
Səni düşünərək gəzərəm,
Fikirlərim qədər eybəcər dünyanı..

Uzaqlardan səsin gələr,
Qaçaram sənə doğru..
Mən yaxınlaşdıqca,
Sən uzaqlaşarsan,
Sonra yox olarsan..
Bir də baxaram ki,
Əslində səs elə
o biri dünyadan
gələn öz səsim imiş..
Yuxu imiş, əzizim..
Yuxu..

Cənab!
Artıq anla ki,
Yox olan birinin
yoxluğunu sevmək
qədər aşiq,
Olmayan bir dərdin
Dərdini çəkmək
qədər vurğunam hər şeyə..

Darıxıram..
O qədər çox darıxıram ki,
Bəzən..
Darıxmaqlarım üçün darıxıram..

Misralarım
məni boğsa da,
Hər şeir yazdıqca,
Daha da bağlanıram
Naməluma..
Şikayətçi deyiləm, Tanrım..
Etmə məni bu dərdimdən.
Səni sevdiyim qədər sevirəm onu.

Göylərdən yerlərə..

Səni sevmək..
Bilmirəm.. bəlkə də, gözəl idi..
Hər halda..
Hər halda məhrumiyyətlərin də,
Həyrətlərin də gözəl idi..
Hətta saatın əqrəbi kimi
gəlmədən gedişlərin də
gözəl idi..

Oralarda necə olduğunu bilmirəm,
Amma hər gecə halını Tanrıdan
xəbər alıram..
Dediyinə görə, yaxşısan..
Hətta ömrümün
payız üzü ola-ola
sən başqasında
bahar çağını yaşayırsan..

Hə, az qalsın,
yadımdan çıxmışdı,
Deyir işlərin də çox yoğundur,
Hələ məni fikirləşməyə
zamanın da yoxmuş..

Nə vaxtsa
saatının boş vaxtına düşsəm,
Baharı sevginə büküb
ərməğan edərsən mənə..
Darıxmışam..
Hə, bir də siz tərəflərə
Yağış yağsa,
Üzünü göylərə tutub
yumarsan gözlərini..

Qollarını
bacardığın qədər
açarsan göylərə..
Yağışla sənə göndərdiyim
Tanrının qoxusunu
çəkərsən ciyərlərinə..
Əgər..
Əgər birdən xatirələrimizi
oyatmaq istəsən,
Yağışı arzula..
Mütləq..
mütləq səni eşidəcəm.

Keçmişin məhvi

Qapımızın üstündə
yuva quran
Qaranquşlara bənzəyirsən.
Onlar da sənin kimi
Sevdirərlər özlərini,
Sevərəm..
Sonra qış gələr,
Vidalaşmadan saymazyana
Uçub gedərlər..

Hər gün
Eşitməyə öyrəşdiyin səs
Bir gecədə yox olar..
Sanki gedişləri ilə
Ürəyinin içini
qopararlar..
Nə musiqi,
Nə şeir,
Nə də ki, kitab
Fikirlərini toplayar..

Qəribsəyərsən evində..
İçdiyin su,
Gəzdiyin yer,
Oturduğun stol,
..hər şey..
Sevdiyin
hər şey sənə qərib olar..

Boğularsan dörd
divarın arasında..
Bəzən də darıxarsan..
Etməli olduğun
çox şey olduğu halda,
Heç nə edə
bilmədiklərin üçün..

Göz yaşlarınla solmuş çiçəyi
Həyata qaytararsan..
Sonra televizorun
qara ekranından
solduğunu görərsən..
İçində hayqıran
qoca bir ürəklə
Qaçarsan aynanın qarşısına..
Ruhun cismindən qorxar,
Cismin ruhundan..
Söyərsən keçmişi,
Söyərsən uçub gedənləri,
Söyərsən özünü də..

Saralmış albomu
qırışmış əllərinə alıb,
bulud gözlərinlə
yağışdan keçirərsən şəkilləri..
suallar verərsən özünə..
Cavabsız suallar..
Səninlə birlikdə
qocalmış fincanınla
Çay içərək ağır-ağır
Düşünərsən...
"Həyat dedikləri budurmu?"..

Açarsan televizoru,
Dərdlərdən acı çəkmiş
İnsanları dinləyərsən...
İnsanlar nə üçün yaşayar?..
Dünyaya dərd
gətirmək üçünmü?
Dərdlərini bir
xəstəlik kimi
yaymaq üçünmü?
Hanı o dedikləri xoşbəxtlər ölkəsi?..

"Ehh..Tanrım..
Sən əl izi olmayan bir qatilsən"
Deyib qışqırarsan göylərə..
Sonra üzr istəyirmiş kimi
Göstərərsən özünü..
"Axı, məni olmayan
dərdlərimlə
məhv edirsən.."

Tökərsən özünü
hüznlü vərəqlərinə..
Yazarsan içindəki fəryada
göz yaşlarının yağışında
Cümlələri islada-islada..
Qəhər zəncirlənib
Düyün salar boğazına..
Divar da üsyan edər üstünə..

Atarsan özünü çölə..
Baxarsan ki,
Buludlar da göylərdə
sənin kimi kədərdən
Hayqırarlar yerlərə..
Qaçarsan uzaqlara..
Çıxıb gedərsən buralardan,
Silərsən keçmişini,
Silərsən özünü..

EŞQ bazarından
qanad alarsan,
Səni dərdə qandallayan
quşlar kimi
Sən də uçarsan göylərə..

Buludların üzərindən
Atarsan dərdlərini
Yerdəki Sənlərə..
Bir də görərsən ki,
Cəmiyyət səndən və
Sən olmayanlardan ibarət imiş..

..“Ey insanlar,
siz də öz həsrətinizə
kədərmi dediz?
Mənim pəncərələrimin gözləri
Belə həsrətdən kor qalmışdı..”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ