Elmar Hüseynov: Bir ömürlük xatirə

Tarix:3-03-2018, 11:29 Baxış Sayı:234

Elmar Hüseynov: Bir ömürlük xatirə

Manera.az yazıçı-jurnalist Elmar Hüseynovun "Katarsis" adlı şeirlər kitabında yer olan şeirlərini təqdim edir:

VƏTƏN

Dəniz dalğaları kimi,
Dalğalanan bayrağını sevdim, Vətən!
Yay gələndə gur suları quruyan
Balıqları rəngdən-rəngə boyanan
İrmağını sevdim, Vətən!
Xəzrili, Giləvarlı,
Küləklərini sevdim, Vətən!
Gur Xəzərin fırtınadan tufanlananda
Sahillərini döyəcləyən,
Ləpələrini sevdim, Vətən!
Xoş günlər keçirdiyim
Dolanbac küçələrini sevdim, Vətən!
Hər dağında, hər daşında
Qayğısız uşaqlığımın izi var.
Dərələrini, təpələrini sevdim, Vətən!
Böyümək, bütövləşmək
Ümidlərini sevdim, Vətən!
Cəbhədəki igidlərini, ərənlərini,
Həyatları xatirəyə çevrilən
Şəhidlərini sevdim, Vətən!
Bağrı dəlik evlərinin
Boynu bükük damını sevdim, Vətən!
Darmadağn fikrim kimi
Yaz həsrətli dumanını,
Ürəklərdə qubar tutmuş,
Ağdamını, Qarabağını sevdim, Vətən!
Uzaqlarda olsam da,
Yaxınlarını sevdim, Vətən!
Bircə kiçik uğurunçün
Yoluna baş qoyanların
Gözlərindən süzülən
Sevinc yağışını sevdim, Vətən!
Sənlə xoşbəxtliyimin həsrətini çəkirəm,
Ağrılarını sevdim, Vətən!
Həsrətli, nisgilli baxışların
Səndən bircə diləyi var -
Bütövlüyünü görmək.
Parçalarını sevdim, Vətən!
Bir gün qürbətdə ölsəm,
Başdaşıma yazın: "Vətən!"
Məzarımın üstə gəlib:
"Qərib öldü" - deməyin,
Torpağını, daşını sevdim,
Şəhidin olum, Vətən!
Yenə darıxıram Sənsiz,
Çox-çox uzaqdayam, Vətən!

BİR ÖMÜRLÜK XATİRƏ

Biz çöllərdəki boz dovşanlardan,
Kəndimizin kənarında
Hər gecə ulaşan çaqqallardan,
Babamın üstü açıq tövləsinə bağladığı
Alnı qaşqa kəhər atdan xəbərsiz
Atıldıq döyüş meydanlarına…
Həmin gündən
Nə sübhlər xoruz banını,
“Namaz qılır” dediyimiz,
Balalarını yeməyə səsləyən Leyləyin
Dimdiklərini şaqqıldatmasını,
Nə də ki, kəndin ən uca yerindəki
Məscidin minarəsindən gələn
Azan səsini eşitdik...
Zamansız -
Öldü nənələrimiz, babalarımız,
Yerini aldı analarımız, atalarımız,
Ərə getdi bacılarımız,
Evləndi qardaşlarımız,
Böyüdü məhləmizdəki tifillər,
Ayrıldı sevgililər...
Bizsə -
Odlar-alovlar içində
Bəzən səhərə qədər göylərə göz dikib
Ulduzları sayardıq
Evə gedəcəyimiz günlər kimi.
Yox, yox səhv etdim,
Nə vaxtsa düşmənin
Bircə gülləsindən öləcəyimiz günü gözləyərdik!
Ehhh!
Səncə,
Düşmən mühasirəsindəki əsgər
nə ilə yaşaya bilər?
Əlbəttə,
sönməyən ulduzlar kimi
bitməyən ümidlərilə…
Yaralı əsgərin bir ömürlük xatirəsini
gözlərində canlandırar
Meşədəki bülbüllərin nəğməsi,
Babasının alnı qaşqa kəhərinin nazlı baxışı…
Bir də,
Ayrılıq günü
Gözlərindən bir damla yaş gilələnən,
Hər kəsdən gizlin görüşdüyünün son dəfə -
"Allaha səninçün dua edəcəm..." deməsi.
Mən yaralananda,
Bizdən ürküb qaçan boz dovşanlar
yanıma gəldilər.
Babamın kəhər atı üstü açıq tövlədə
Necə şahə qalxdısa,
Dirəyə bağlanmış yüyəni qoparıb
Mənə doğru qaçdı...
Kəndimizin kənarındakı çaqqallar
Səs-səsə verib ulaşmağa başladılar,
Leyləklər dimdiklərini şaqqıldadıb
Namazlarını qıldılar...
Hər gecə dəfələrlə saydığım ulduzlar
Bir-bir sönməyə başladı...
Dan ulduzu öz işığını itirəndə
Uzaqdan xoruz banladı...
Və…
Kəndimizin ən uca yerindəki
Məscidin minarəsindən
Azan sədaları göylərə ucaldı –
"Allahu Əkbər"...
Bu vaxt
Məhləmizdəki hansı tifilsə
Evimizə tərəf qaçdı...
İlk dəfə evimizdən
Fəryad səsləri eşidildi...
Ayrılıq günü
Gözlərindən bir damla yaş gilələnən
Hər kəsdən gizlin görüşdüyümün son dəfə
"Allaha səninçün dua edəcəm" ifadəsi
Lal bir naləyə çevrildi...

MƏN ÖLKƏMİN AZAD RUHLU İNSANIYAM

Mən ölkəmin azad ruhlu insanıyam:
Nə qollarıma taxdığınız qandallar,
Nə boynuma keçirdiyiniz zəncirlər,
Nə ömürləri çürütdüyünüz zindanlar,
Nə də vicdanınızı asdığınız
O dar ağacları batırar səsimi!
Mən yeddi rəngli göy qurşağı altında,
Qan qırmızı lalələr diyarında,
Yaşıl otlar üstündə
Dünyaya göz açmışam...
İstisinə qızındığım
Atam - Oddur!
Sinəsində uyuduğum
Anam - Torpaq!
Döşlərindən süd əmdiyim,
Meşələrin aslanıdır,
Dəstəsində səf tutduğum
Bu çöllərin boz qurdudur!
Qurd oğlu qurd -
Türk oğludur!
Qartalların qıy vurduğu
Əl çatmayan, ün yetməyən qayalarda,
Şimşəklərin çarpışdığı
Kəhkəşanın doğuşunun
Sancısından yaranmışam,
Quzğun kimi şığıyaraq
Min düşməndən can almışam,
Qələbələr xəbərini yaymaq üçün
Küləklərlə yarışmışam...
Haqq yolunda canlarını
Qurban verən aşiqləri
Mübariz tək azadlığa çağırmışam...
Mən ölkəmin azad ruhlu insanıyam:
Burnumda -
Yaz ətirli
iydə çiçəklərinin,
qızılgülün, yasəmənin qoxusu!
Qulağımda -
axşamlar örüşdən gələn
Qoyunların, quzuların mələrtisi,
İldırımın nəriltisi,
Boz ayğırın kişnərtisi,
Ahəng ilə damcılayan
Yağış səsi...
Dodağımda -
Azadlığın gur nəğməsi!
Özüm azad, ruhum azad,
Yolum azad!
Azadlıqçün çarpışmasam
Olmaz mənim sonum azad...
Parıltılı gözlərimdən şimşək çaxar,
Hürr yaşayan bu dünyaya azad baxar!
Baxışı od,
Polad bilək,
Sözü bütöv,
Aslan ürək...
Məni eşit -
Azadlıqçün çarpışanlar
Olur şəhid!
Seçim sənin:
Ya cismində öləcəksən!
Ya cisminlə öləcəksən!

UZAQDAKI KƏND

Orda bir kənd var - uzaqda,
O kənd bizim kəndimizdir.
Getməsək də, görməsək də,
O kənd bizim kəndimizdir.
Ahmet Kutsi Tecer
Biz gedəndən sonra
Ot basıb yollarını.
Orda daha sübh açılmır,
Banlamır xoruzları.
Qoyunlarını kəsdilər,
Mələşmir quzuları.
Meşəsini odladılar,
Çiçəkləmir ağacları.
Quşları yasa batdı,
Cəh-cəh vurmur bülbülləri.
Göllərini, çaylarını qurutdular,
Oynaşmır sularında balıqları.
Atalarını vurdular,
Deyib-gülmür yetim qalmış uşaqları...
Biz hamımız o kəndə xəyanət etdik -
Quşları da, ağacları da, insanları da…
Öncə gözəl cəh-cəhiylə
Hamını heyran qoyan quşları uçdu, getdi,
Sonra ağacları bar vermədi…
Nəhayət,
Uşaqları da böyüyüb o kəndi tərk etdi.
Bizimlə birlikdə böyüyən
Ağaclara, quşlara, quzulara…
Xəyanət etdik.
Biz böyüdük uzaq-uzaq diyarlarda,
Özümüzə yuva qurduq.
Amma xatirələrimizdə
Nə o ağaclar böyüdü,
Nə o quşlar, quzular,
Nə də o tərəfə, bu tərəfə qaçışan uşaqlar...
Beləcə, körpəcə,
Saf, məsum qaldı uşaqlığımız
O uzaq kənddə...
Böyüdükcə, uzaqlaşdıqca
Öncə kəndimizin gözəlliyi
Uzaqlaşdı gözlərimizdən.
Sonra saf, məsum
Təbəssümümüzü itirdik
Uzaq-uzaq diyarlarda.
Biz böyüdükcə
Başqalarının gözündə
Balaca görünən
O uzaq kənd.
Böyüdü gözlərimizdə...
Ən dar, ən çətin,
Ən hüznlü günlərimizdə
Xatirələrimizin tutqacına çevrildi
Gecə uzaqdan işığı öləziyən
O uzaqdakı kənd.
Uşaqlığımızı, sevgimizi,
Sevdiklərimizi qoyub gəldiymiz
O müqəddəs yurd
Hislərimizi, sevgimizi,
Az qala yarım əsrlik
Xatirəmizi özündə əks,
Bizim gözlərimizəsə həkk etdirdi.
İndi ot basıb yollarını,
Orda daha sübh açılmır,
Banlamır xoruzları.
Qoyunlarını kəsdilər,
Mələşmir quzuları,
Meşəsini odladılar,
Çiçəkləmir ağacları.
Quşları yasa batdı,
Cəh-cəh vurmur bülbülləri…
Göllərini, çaylarını qurutdular,
Oynaşmır sularında balıqları,
Atalarını vurdular,
Deyib-gülmür yetim qalmış uşaqları...
Məsafəcə bizdən uzaq,
Mənəvi ruhumuzun qidalandığı,
Gedib-gələ, yaşayıb-ölə bilmədiyimiz
Xatirələrimizdən boylanan,
Amma dumandan çətin görünən,
O müqəddəs yerdə bir kənd var -
Bizdən çox-çox uzaqlarda...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ