Cavidanə təbəssüm..- Şəfa Vəlidən şeirlər

Tarix:27-02-2018, 21:09 Baxış Sayı:437

Cavidanə təbəssüm..- Şəfa Vəlidən şeirlər
Cavidanə təbəssüm

Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.

Hüseyn Cavid


1.Ölümlə sevişmək arzusu

İndi özümə yaddır
Dəli hönkürtülərim...
Güzgüdəki qadını
Ölümə sürüklədim...

Dünyada ən dəhşətli,
O çılğın ehtirasın
Yapışmışam əlindən...
Gülürəm...
Xısın-xısın...

Bilirəm
Uçurumun
Ruhuma aclığını...
Şahzadəsi deyiləm
Şirin, məsum nağılın...

Bu gecə sevişməyi
Dadmaq arzusundayam...
Ölümlə sevişməyin
Bircə addımındayam...

Əlim üzülüb tamam
Həyat adlı zalımdan...
Nə yarım, nə də anam
Hali deyil halımdan...

Edam olunur günəş
Ayın xəyanətində...
Ümidlərim can verir
Ölümü öpməyimlə...

Öpülmək istəyirəm
Gecəni səhərəcən...
Sevişmək istəyirəm
Ölümlə...
Ölənəcən...

Bu sonuncu arzunun
Qarşısında dik durdum...
Həzz alan qürurumun
Qucağında uyudum...

2.Mən göy üzü deyiləm...

İçim günahla dolu...
Çölüm günahla dolu...
Qətledilmiş arzular
Çiynimdə ömür boyu...

Qarışıb hisslərimə
Əbədi yuxu eşqi...
Günah yağır gecəmə...
Günahım yuyur eşqi...

Gözlərim qan çanağı...
Saat gecənin beşi...
Yenə zülmət bağırır...
Ürəyimlə sevişir...

Hardadı bu ayrılıq?
Gəlib döysün sinəmi!
Eşitmirmi, ağlayır
Zorlanan eşq mələyi!

Ah...
Yenə də özüməm
Həm qatil, həm günahkar...
Mən göy üzü deyiləm,
Sevə məni ulduzlar...

Axır dodaqlarımdan
Damcı-damcı kəlmələr:
-Tanrı, keç günahımdan!
Tanrı, qoyma ölməyə!

3.İblis üçün epitafiya

Çiliklənən güzgümü
Gözümə sığdırıram...
Qucaqlayıb özümü
Səhərə aparıram...

Tanrı bağışlayandı...
Bağışladımı məni?
Şeytanı daşlayanda
Alqışladımı məni?

Yoxsa...
Yaranışımdan
Şeytan özüm olmuşam?
Ölümlə yarışanda
Finişə tez çatmışam?

Ağarır damcı-damcı
Üfüqdəki dan yeri...
Doğuşdan betər sancı
Axtarır ölüm yeri...

Can verir ehtirasım
Üzü səhərə doğru ...
Ölümlü arzularım
Tək bircə ümid doğur...

Ümidə baş əyirəm...
Dərdə qəbir qazıram...
Qatil ehtirasımı
Ruhumda basdırıram...

Yazıram başdaşına
Ürəyimin qanıyla:
“Ömrümün yaddaşında
Ölüm də eşq sayılar...”

Həya baxışlarımda
Açıram bu səhəri...
Ah...
Narıncı dumanda
Cilvələnir şəhərim...

İblis də mən, mələk də...
İnsanam insan özüm!
Yaraşır hisslərimə
Cavidanə təbəssüm...

Həvva olanda nolur ki?!

Bir gün açıq qapıları
Bağlayıb da güləcəyəm...
Və sonuncu yalanları
Qucaqlayıb sevəcəyəm...

Bir gün göylər də qapısın
Açıb məni səsləyəcək...
Mən şeytanın öz doğması-
Mələk məni pisləyəcək...

Girəcəyəm qucağına
Axtalanmış ümidimin...
Deyirlər, İrəm bağında
Şənliyi var gedişimin...

Həvva olanda nolur ki?!
Getdim, sevin, alma bağı...
Guya almasız nolub ki?!
“Gəncə mənim İrəm bağım”....

başladı müharibə!

ən çətin zamanların
ən asan qələbəsi-
ruhuna hopmağımın
ən batil təntənəsi...

yenə siyrilmiş qılınc
eşqimin baş ucunda...
bir mənəm, bir də balınc-
yoxluğun ayrıcında...
adını gizlətmişəm
hər dində bir hədisdə...
sənlə mən- iki düşmən
xatirə ölkəsində...
çırpıb getdiyin qapı
cəftəsindən laxlayır...
stoldakı külqabı
əl izini saxlayır...
başımı balıncına
söykəmərəm... a tövbə!
sənə ehtiyacımdan
başlayır müharibə!
sənə demişdim axı:
ruhum sevginə möhtac!
evim yaman darıxır...
yığıram, zəngimi aç!



***
Bu qışın soyuğunda
Üşüməz.. əlin üşüməz,
saçlarıma dəyən vaxtı olub...
Bir yanvar səhəri
açılan pəncərələrin
küləyə küsən vaxtı olub...
Sənin barmağındakı bıçaq izi...
Sənin gözün üstündəki xal...
Mənim ürəyimdə sevda izi...
Könlümə qısqanclıqdan düşən xal...
Fərqlidi... Fərqli...
Bax...
İndi bu dəli
oturub Gəncənin soyuğunda
hələ sənə şeir yazır...
Dünyanı atıb çiyninə
Siz tərəfə bir yol gəzir...
Yollar da vəfasız oldu...
Üşüməz... əlin üşüməz...
üşüməz...
Bəlkə də üşüyər...
Saçlarımdan ayrılalı üç il oldu...

“Sən şagird ol, mən müəllim”...

Gəl, sənə bir dərs keçim...
“Sən şagird ol, mən müəllim”...
Bura Gəncədir...
Yeri-yurdu gencədir...
Bilirsənmi? İndi Gəncə düzündə
Lalələr tək-tək bitir?
Lalələrin yanıq bağrı
Şəhid məzarlarındakı
qırmızı-qaralı lentlər fonunda itir...
Bilirsənmi? İndi Gəncədə
universitetlərin qabağında oğlanlar dəstə-dəstədir...
Dərs qurtarınca bu dəstəyə al-əlvanlıq qarışır...
Xan bağı “sevgililərlə” coşur-daşır...
Bilirsənmi?
Gəncədə hündürdaban ayaqqabılar yaman bahadır...
Burda qızların çoxu boyu bəstədir...
Burda insanların xəstəxanası var,
Amma, bilən yoxdur ki, ağaclar daha xəstədir...
Gəl, sənə bir söz deyim...
“Sən şagird ol, mən müəllim”...
Burda “çoxbilmiş” biri var...
Ayrılıqdan qorxaraq
açmamış solan çiçəklərlə
Gözündəki yaşları silmiş biri var...
Bu gün axtardım onu...
Gəncənin ən romantik küçəsiylə getdim...
Getdim “Keçmiş Sabir küçəsi”ni...
Orda neçə xatirənin bahar nəfəsini duydum...
Neçə ayrılığın ayaq səslərini eşitdim...
Axtardığım “çoxbilmiş”i,
Arzularından itmişi
Çantamdan çıxardığım kiçik güzgüdə gördüm....

Şəfa Vəli (AYB, AJB, DGTYB üzvü, Gəncə)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ